post-title

Quran hardan gəlibdir? (sonu)

(Con Qilkristin (John Gilchrist) “Məhəmməd və onun Kitabı” əsərindən seçmələr)

 

Əvvəli

3. Xristian qaynaqları və onların təsiri

İsanın anası Mariya haqda rəvayət

Quranın bənzərsiz özəlliklərindən biri də onun İsanın anası Mariyaya xüsusi diqqət yetirməsidir. Müsəlmanlar onu Məryəm adlandırır. 19-cu Surə onun adını daşıyır. Məryəm Quranda adı keçən yeganə qadındır. Mətndən anlaşıldığı kimi, bu qadın Allah tərəfindən seçilmiş, təmizlənmiş və dünyada bütün qadınlardan yüksəyə qaldırılmışdı (Surə 3.42). Qurana salınan yəhudi rəvayətlərinin başına gələn yenə təkrarlanır: incil həqiqətləri apokrifik* xristian mətnləriylə qarışdırılıb Quranda öz zəif əksini  tapır. Burada Məryəmin həyatı və tarixi rolu ilə bağlı Məhəmmədin gətirdiyi dolaşıqlarla,  eləcə də gün kimi aydın xronoloji səhvlərlə qarşılaşırıq. 

İncildə bu qadının doğum günü ilə bağlı heçnə yoxdur, Quranda isə bu haqda bir tarixcə var. Məryəmin doğulmasından bir qədər öncə onun anasının  Tanrıya etdiyi duası da verilibdir:

İmranın arvadının Tanrıya üz tutmasını da yada salın: “Ey Tanrı! Qarnımdakını sənə söz vermişəm, fani dünyadan azad, yalnız sənin qulluğunda durmaq üçündür o, vədimi qəbul et, axı sən hər şeyi eşidən və bilənsən!” 

     Surə 3.35             

Sonrakı şeir bu qadının qız doğmasının təəcübünü yaşamaqdan bəhs edir. Qızına Mariya (Məryəm) adı verir və balasını qoruduğuna görə Tanrıya şükur eləyir. Mariya Zahariyyə adlı  bir keşişə tapşırılır. Qızın mehrabına  gələn  keşiş hər dəfə onun yanında cürbəcür yeməklər görür. Bunların haradan olduğunu soruşan Zahariyyə eyni cavab alırmış: Allah hər istəyənə həyatı üçün nə gərəkdirsə, onu verər (Surə 3.37). Mehrab məsçiddə Məkkə səmtinə baxan bir yerdir, Mariyanın mehrabı yəhudi məbədinin lap  mərkəzində  kiçik bir otaq da ola bilərdi. (İspaniyanın Kordova şəhərindəki məscidin mehrabı kiçik otaq şəklindədir.) Quranda deyildiyi kimi, Zahariyyə Mariyanın yanına girə bilən yeganə insan idi. 

Mariyanın anasının adı çəkilməsə də, müsəlman təfsirlərində o, Anna adlandırılır.  İş orasındadır ki, Quranda təsvir edilən bu əhvalatın Kiçik İakovun Protoyevanqeliyasıyla ortaq yerləri var. Bu apokrifik xristian əsəri Yeni Andlaşmadan bir qədər sonra yaradılmışdır. Kitabda deyilir ki, Anna tanrıya dua edib doğacağı uşağının — fərq etməz — oğlan ya qız olsun —  bütün ömrünü ona həsr edəcəyinə söz verir. Körpə qız doğulanda, adını Mariya qoyub kilsədə saxlayırlar. Qidasını məleykə gətirərmiş. Bu hekayənin Qurandakı rəvayətlə bənzərliyini və onun hardan gəldiyini  görməmək mümkün deyil. 

Məryəmin rəvayəti koptların “Bakirə qız haqda dastan” kimi küfr sayılan digər əsərlərdə də tapılıb. Bu dastana görə, kilsədə Mariya göyərçinlər yedizdirilən sayağı yedizdirilirmiş, yeməyi də Tanrı məleykələri gətirirmiş. Qız kilsəni heç vaxt tərk etməzmiş, məleykələr də ona səmavi Həyat Ağacının meyvələrindən gətirərmiş.  Bu rəvayətdə tədqiqata ehtiyacı olan bir çox xronoloji yanlışlıqlar var. 

Əvvəla qeyd etmək lazımdır ki,  özünü yalnızlığa məhkum edən, çörəyi və əti qarğalar tərəfindən gətirilən İlia adlı peyğəmbərlə Mariya səhv salınıb (3-cü Hakimlər 17.6). Buna baxmayaraq, Mariyanın anasının Anna adı bu hekayətin mənbəyindən xəbər verir. Gerçəkdən də, bir neçə əsr əvvəl Anna Tanrıya üz tutub uşaq diləmişdi, əvəzində evladının Tanrıya xidmət edəcəyini vədd etmişdi (1-ci Hakimlər 1.11). Anna Samuilin anasıydı. Doğumundan sonra bu oğlan Tanrıya verilmişdi (1-ci Hakimlər 1.28), Samuil də Davudun İsrailin şah taxtına oturdulmasında iştirak etmişdi. Bu hekayənin Qurana düşməsi anlaşılan olsa da, xronoloji səhvlərin haradan qaynaqlandığı qaranlıq qalır. Bunun cavabını başqa parçada tapmaq olar:

Burada Anna adında çox yaşlı bir peyğəmbər qadın da var idi.  Aşer soyundan olan Fanuelin qızıydı. Gənc ikən evlənib əri ilə yeddi il yaşadıqdan sonra dul qalmışdı. İndi səksən dörd yaşındaydı. Kilsədən heç ayrılmaz, oruc tutub dua edərək gecə-gündüz Tanrıya tapınardı.”                      

     Luka 2.36-37

Xronolojı səhvin haradan gəldiyinə indi işıq düşür. Yenidən  yəhudi qadın  Anna peyda olur, gecə-gündüz dua edib  oruc tutan, kilsəni tərk etməyən  də məhz bu qadındır. Görünən budur ki, Mariyanı nəinki İliya və Samuilin anası Anna ilə, qeybdən xəbər verən peyğəmbər qadın Anna ilə də  səhv salıblar. Daha sonra başqa bir oxşarlıq da izlənilir, bu da Tanrı qüdrətiylə hamilə qalan Anna və Mariyanın sevinc alqışlarıdır. Hər iki  alqış  güclüləri taxt-tacdan salıb kasıbları yüksəldən, diləyənlərə verən, zənginləri əliboş buraxan Tanrıya ünvanlanır. (1-ci Hakimlər 2.1-5; Lukadan 1.46-53). Diqqətli oxucu Annanın  Mariyanın modeli, Annanın oğlu Samuil də Mariyanın oğlu İsa Məsihin  modeli olduğunu dərhal sezə bilər. 

Bir qədər diqqətsizlər isə iki əhvalatı qarışdıraraq birləşdirib. Nəticədə Əski və Yeni Andlaşmalardakı (başqa variantlarda: Əhdi-ətiq və Əhdi Cədiddəki, yənı Tevrat, Zəbur və İncildəkı—tərcüməçi) iki Anna dəyişik salınıb, İliyanın həyatından xronoji yanlışlıqları da artırıb qəribə apokrifik rəvayət yaradıblar. Ən maraqlısı isə bu rəvayətin əsas hissələrinin Quranda gerçəkdən də baş vermiş hadisə kimi özünə yer tapmasıdır. Şübhə yox ki, Məhəmməd əski əfsanələrdən çox asılı olmuş və İncil həqiqətlərini apokrifik əsatirlərdən ayıra bilməmişdi.

Quranda başqa bir xronoloji yanlışlıq  da Mariya ilə bağlıdır. O, Musa və Aaronun bacısı Miriamla səhv salınıb! Mariyanın adına həsr olunan surədə deyilir ki, Mariya nigahsız olaraq oğlu İsanı doğandan sonra qonşular ona irad tutmuş: 

Ey Məryəm! Sən görünməmiş bir iş gördün. Ey Harunun bacısı! Nə atan, nə də anan əxlaqsız deyildilər. 

     Surə 19.27-28

Bu beytdə qadını “uhtə Harun” (Harunun bacısı) adlandırırlar. Musanın da Haruna “Harun aki” (Harun qardaşım) deməsi onların  qardaş olduqlarına təsdiqdir. (Surə 20.30).  Bundan başqa, Harun Quranda adı çəkilən yeganə Harundur, ona görə də Musanın qardaşı olmasına şübhə yoxdur. Məhəmmədin səhvi Anna və Samuil əhvalatındakı kimi apokrifik yazılara aid deyil. Bu dəfə o, hər şeyi  özü  qarışdırıb. Maraqlıdır ki, Harun və Musanın əsil bacısı Miriam İncildə gerçəkdən də “Harunun bacısı” adlanır (Çıxış 15.20). Yəhudi dilində bu hər iki qadının  adı eyni cür səslənir: Miriam (ərəbcə -- Məryəm).

Məhəmmədin yaşadığı dövrdə bəzi xristianlar bu səhvə görə onu danlayırmış:

Muqira b. Şuba söylədi: “Nacrana yetişdiyimdə onlar (Nacran xristianları) məndən soruşdu: Sən Quranda belə oxumusan: ”Ey Harunun bacısı (yəni Hadrat Məryəm)”, Musa isə İsadan çox-çox öncələr yaşamış. Allah elçisinin yanına dönəndə (s) bunu soruşdum, o da belə cavab verdi: “(Qədimlərdə) insanlar adətən özlərindən qabaq yaşamış imam və möminlərin adlarını verərdi (öz evladlarına).”

     Səhih Müslüm, 3-cü Cild, səh.1169 

İslam peyğəmbərinə olan hörmətə baxmayaraq onun bu izahını qəbul  etmək asan deyil. Quranda bu adı daşıyan başqa birisinə rast gəlinmir. Hər halda Quranda bir neçə dəfə keçən “uhtum” sözü  doğma bacı haqda söhbətlərdə işlədilibdir. (Sura 4.12, 23, 176). Məhəmmədin izahlarını yozmağa çalışan müsəlman təfsirçilər deyir ki, bu ifadə “Harunla qohumluq bağlarında olan insan” deməkdir. Bu belə olsa da, dəlillərdə mə´na yoxdur. Musa və Harun müqəddəs Levililər nəslindəndi. Mariya Davud tayfasının İuda boyundan idi (Luka 1.32). Deməli, o, Harunla qətiyyən qohum deyildi, onun nəslinə, kökünə də aidiyyatı yox idi. Maraqlıdır ki, İsanın (deməli anası Mariyanın da) Levililər nəslindən olmaması İncildə çox aydın göstərilir. Yəhudilərə Məktubda deyilir ki, İuda boyuna məxsus olduğu üçün İsa, Harun rütbəsiylə deyil,  Məlhisədək rütbəsiylə əbədi keşişliyə yüksəldi. İsanın keşişliyi “cisim qanunlarına tabe olmayan” idi (Yəhudilərə 7.11-16). Ona görə də Mariya üçün Musa və Harunla uydurulma qohumluğu əsassız və yersizdir.

Mariyanın atasını Məhəmməd yanlış adlandırır, bu yanlışlıq Mariyanı Harunun bacısı saymasından görünür. İncildə yazılıb ki, İohaveda “Harunu, Musanı və onların bacısı Miriamı doğdu” (Rəqəmlər 26.59) İsanın anasının atası Quranda İmran adlanır, Amram adının ərəb formasıdır (Avraam adının ərəb şəkli İbrahim olduğu kimi). Maria Məryəmabnata İmran adlanır, yəni “İmranın qızı  Məryəm” (Surə 66.12) Beləliklə, bu qadını nəinki Harunun bacısı, hətta İmranın qızı adlandırırlar. Bu bir daha sübüt edir ki, Musa və Harunun əsil bacısı  Miriamla Mariya səhv salınıb. Bu yanlışlığın səbəblərinə işıq sala biləcək əsaslar azdır. “Yəhudilərə məktub”dan  gətirilən sitat da bu səhvin yersiz olduğunu göstərir.

Digər apokrifik xristian mənbələri

Quranda başqa əfsanə və rəvayətlərə rast gəlinir ki, onlar kafir sayılan xristian mətnlərindən qaynaqlanır. 18.9 - 26 Surədə qəribə bir əhvalat nagıl edilir: Tanrıya urəkdən inanan  gənclər  təqiblərdən canlarını qurtarmaq üçün bir mağarada gizlənib  orada bir neçə il yatmış qalırlar. Onları “aşabal-kaf” (mağara yoldaşları) adlandırırlar (Surə 18.9). Rəvayətdə deyilir ki, yuxudan oyanan bu oğlanlar  uzun müddət yatdıqlarına çox təəcüblənir.  Bu hadisənin “Acta Sanctorum” kimi apokrifik xristian yazılarıyla bir çox paralelləri, bənzərlikləri  var. “Acta Sanctorum”u  Suriya yazıçısı İakov Saruqski öz ölümündən öncə b.e.  521 ildə tərtib etmişdi. Beləliklə, bu rəvayətin ən ilkin yazılı nümunələri  İsanın doğumundan dörd əsr sonra qeydə alınıb. Bu rəvayət Teodosi və Dionisiya Tel Marski də V əsrin Suriya əlyazmasında da nəql edilir. Xalq arasında bu “yeddi yatmış kişi” hekayəsi olaraq tanınmışdı, çünki müəlliflər məhz yeddi rəqəmində israrlıydı.   

Rəvayətə görə, bu mağara Efes şəhərinin yaxınlığında yerləşirdi, yatmış gənclər isə b.e. 251-ci ildə vəfat edən imperator Desiyin dönəmində təqiblərdən qaçan yeddi xristian imiş. Mağaraya sığındıqdan sonra oranın girəcəyi qapanmış, amma II Teodosinin hökmranlığı dövründə, təxminən 200 il sonra, mağara açılmış, gizlənənlərdən biri oyanıb şəhərə getdiyində xristianlığın zəfər çaldığına heyrətlənib. Sonra gənclər Tanrının onları necə qoruduğunu imperatora söyləyib ölmüşlər. Bu rəvayətin qaynağı məlum deyil, lakin İncil materialı əsasında yaranmış bir əfsanə  olsaydı da, bu yalnız Matveydən 27.52-53 qaynaqlana bilərdi.

Həmin rəvayətin Quranda keçməsi bir daha sübut edir ki, bu kitabın əksər təlimi mifik material üzərində qurulub. Qurandakı əfsanələrin şərh azlığı bu qənaəti təsdiqləyir. Hadisələrin harada və nə zaman baş verdiyi, eləcə də gənclərin xristian olması haqda Quranda məlumat yoxdur. Mağarada gizlənənlərin sayını da Məhəmməd bilmirdi. Quranda deyilir ki, bəziləri oglanların sayını üç, bəziləri beş, digərləri isə yeddi sayır, amma bu haqda Məhəmməd özü heç bir fikir yürütmür (Surə 18.25). Bu qeyri-aydınlıq Quranın əl-Alim, “Hər şey Bilən” Tanrı tərəfindən göndərilməsinə qarşı yönəlir.  Bütün bu kiçik yanlışlıqlar  Məhəmmədin biliklərinin  məhdud olduğunu sübut edir, oğlanların sayının da onun öz fərziyyəsi olduğuna guman verir. 

Bir başqa əfsanə də var ki, onun da mənşəyi bəlli deyil. Quranda deyilir ki, İsanın davamçıları ondan soruşur: 

Ey Məryəm oğlu İsa! Sənin Tanrın səmalardan bizlərə yemək göndərə bilərmi?

     Surə 5.112

Bu möcüzənin baş verməsi üçün İsa dua edəndən sonra Allah bütün kafirlərə gələcək aqibətləri haqda qorxunc xəbərdarlıq edən lövhəciklər göndərir. Maraqlı budur ki, Quranda “masa” anlamında keçən maydan sözü bənzər efiop sözündən əmələ gəlib. Bu söz ilə abissin xriastianları xristian kilsəsinin əsas müqəddəs məfhumunu —Tanrı lövhələrini adlandırırdı. Ola bilsin ki, bu süjet Gizli Axşam Yeməyi hekayəsinin təhrif variantından qaynaqlanır. Göylərdən yeməklərlə dolu süfrənin, masanın göndərilməsi istəyi isə, ehtimala görə, Misirdən çıxış zamanı İsrailin xahişlərindən irəli gəlir:

Və Tanrının əleyhinə danışırdılar, deyirdilər: “Tanrı səhrada  bizə yemək verə bilərmi?                                                                                    

     İlahilər 77.19

İsanın anası Mariya Musanın bacısı Miriamla səhv salındığı kimi, bu əfsanədə də  İsa yuxarıdakı sözlərin ünvanı olan Musa ilə qarışdırılıb. 

Apokrifik xristian yazılarının qeyri-real və ikinci dərəcəli mətnlər olmasına baxmayaraq Quranın böyük hissəsi Məhəmməd  tərəfindən məhz buradan mənimsənilib. Missiyasının lap başlanğıcından bu adam xristianlarla söhbət edərdi. Onun ilk qadını Xədicənin dayısı oğlu Varaka xristian idi. Aşağıda onun haqda bir parça verilir:

Varaka hələ islamdan öncəki dönəmdə xristianlığı qəbul etmiş və ərəb dilində yazmağa vərdiş etmişdi. Allahın istəyi ilə də  ərəb dilində İncili yazmağa alışmışdı. 

     Səhih əl-Buxari, 6-cı Cild, səh.452

Yəqin, onun yazdıqlarının əksər hissəsi İncil yox, çox guman ki, apokrifik xristian yazılarında qalmış və Ərəbistan ərazisində əldən-ələ gəzən mistik əsərlər idi. Bu əlyazmalara bənzər materiallardan Məhəmməd həddindən artıq tez-tez istifadə edirdi. Bir çox bənzərliklər və üst-üstə düşmələr Quranın hər şey bilən Tanrının deyil, müəyyən məlumatlarla məhdudlaşmış  insan əsəri olmasını sübut edir.

4. Zərdüştlük və buddizm qaynaqları

Zərdüşt Avestasına aid konsepsiyalar

Məlumdur ki, Məhəmməd farslarla sıx ünsiyyətdə olmuşdu. Onlardan biri İsfahan ətrafındakı kənddən gəlmiş Salmandır. Ona görə də Quran konsepsiyalarının böyük hissəsinin zərdüştlük nəzəriyyəsiylə, xüsusilə də qədim əfsanə və praktiki biliklər toplusu  Avesta  ideyalarıyla üst-üstə düşməsi təəcüblü deyil. Zərdüştlük müsəlmanların işğalından öncə  Persiyanın üstün dini idi. İranın uzaq bölgələrində bu dinə indi də rast gəlinir.

İslamda Allahın doxsan doqquz ismi var. Onlardan yetmiş beşi Avestanın baş tanrısı Ahura Mazdanın adına bənzəyir (“Hürmüzd Yast” bölümündə). Məsələn, Ahura Mazda da, Allah da həm Quranda, həm də Avestada “Görən” (Əl-Bəsir, Surə 22.75, Hürmüzd Yast 8,12);  “Müdrik” (Əl-Hakim, Surə 4. 158, Hürmüzd Yast 15); “Bilən” (Əl-Alim, Surə 15.25, Hürmüzd Yast 12); “Qüdrətli” (əl-Kavi, Surə 22.40, Hürmüzd Yast 7); “Yaradan” (əl-Xaliq, Surə 6.102, Hürmüzd Yast 8,13); “Tərifə layiq” (əl-Həmid,Surə 34.6, Hürmüzd Yast 12); “Nəzərə alan” (əl-Hisab Surə 5.5, Hürmüzd Yast 8). Bunlar bu kitablarda rast gəlinən və göründüyü kimi, Avestadan Qurana keçən oxşar adların yalnız bir qismidir. 

Quranın hər surəsinin başladığı (9-cu Surədən savayı) ənənəvi “Bismillah” düsturu da zərdüştlüyün yazılı qaynağı olan on beş traktatlı“Dasatir və Asmani” ilə paralleldir. Bu traktatların hər ikinci şeirinin “Verən, Bağışlayan, Rəhmli, Ədalətli Tanrının adıyla” düsturu var. Buna bənzər şey Bundahişnidə də rast gəlirik: “Hürmüzdün, Yaradanın adıyla”. 

Yayğın olan “sirat” sözü Quranda qırx beş dəfə rastlanır və Allahın “yolu” anlamını verir.  Çox vaxt “sirat” “müstəkim” sözünə bağlıdır və həqiqi dinin doğru yolu deməkdir (Surə 1.6). Bu ərəb sözü deyil. Əs-Suyyuti kimi müsəlman alimlərin fərziyyəsinə görə, bu söz Yunandan keçib və latın sözü “strata”dan əmələ gəlib. Lakin sözün kökündə  həmçinin “körpü” mənasını verən  fars sözü “çinvat” da ola bilər. İslam rəvayətinin zərdüştlüyə gedib çıxması  fars mənşəyi ehtimalını artırır. Hədis ədəbiyyatında Axirət günü cəhənnəmin üzərindən salınacaq  əs-Sirat  körpüsü  haqda  əfsanəvi bir hadisə qələmə alınıb. İstisna olmadan bütün adamlar  mütləq bu körpüdən keçəcəyindən söhbət edilir. Sınaqdan  yalnız möminlər sağ-salamat çıxacaq, kafirlər isə körpüdən cəhənnəmə yuvarlanacaq. Körpü haqda rəvayət belədir:

(Cəhənnəm) Odunun üzərindən bir Körpü salınacaq.” Allahın rəsulu (s) əlavə etdi: “ O körpüdən mən birinci keçəcəyəm. Əshabələrin  yalvarışları da o gün belə olacaq: “Allahumma Sallim, Sallim (Ey Allah, bizi xilas elə, bizi xilas elə!), körpünün altında isə əs-Saadan (tikanlı ağac) tikanlarına bənzər  mizlər olacaq. 

     Səhih əl-Buxari, 8-ci Cild, səh.375

Bu ideya Mazda inancından qaynaqlanır: bütün ölənlər Çinvat adlanan nəhəng körpünün üstündən keçməli olacaq. Avestada  isə bu, “Çinvato-peretus” adlanır (xeyir və şər əməlləri sayanın  körpüsü”). Avestada deyilir ki, bu körpü  Alburz dağından Çaqat Deytiyə qədər dibi görünməyən cəhənnəmin üstündədir. Xeyirxahlar cənnətə, bədxahlar isə körpüdən cəhənnəmə yıxılacaq.

Qədim  “Dinkart ” kitabında bir xeyirxah adamın duasından danışılır: “Məni cəhənnəmin qəddar cəzalarıyla  qarşılaşdırma, Çinvatı keçib bərəkətli, gözəl ətir və sevinclərlə dolu, daimi o parlaq yerlərə yetişdir” (Dinkart, 2 Hissə, 81-ci fəsil). Avestada Hürmüzd təmiz əməlli kişi və qadınlara vədd edir: “Sizi əmin-amanlıqla çinvat körpüsündən keçirəcəyəm” (Avesta Yasna, 46,10). Qədim fars əlyazmalarında körpüyə istinad edən bir çox başqa mənbələrə də rast gəlinir və əs-Sirat müsəlman konsepsiyası da məhz buradan qaynaqlanır.

Bir başqa Quran konsepsiyası — haqq dünyasında min cür ləzzətlərin,  gözəl, irigözlü “hurilərin”, cənnət qızlarının möminlərə bəxş edilməsi – heyrətedici dərəcədə zərdüştlük  qaynaqlarına oxşamaqdadır.

Və onlar yan-yana düzülmüş yataqlarda dincələcək. Və onlar üçün irigözlü, nurani köməkçilər verəcəyik...

     Surə 52.20

Buradakı cənnət təsvirləri otaqlarını heçvaxt tərk etməyən, istənilən an şeyxə ləzzət verməyə hazır olan gözəl, qaragöz kənizlərin saxlanıldığı ərəb hərəmxanalarının təsvirinə olduqca çox bənzəyir. Heç bir şübhə yoxdur ki, bu ideyanın da mənşəyi zərdüştlükdür. Maraqlıdır ki, ərəb sözü “huvr”, guman ki, pəhləvi ədəbiyyatında  cənnət gözəllərini təsvir etmək üçün işlədilən qədim İran sözü “hurust” (“gözəl”) kəlməsindəndir (Arda Viraf, 4.18). Bu kitablardan birində həmin söz səma qızları, ağ əlli, güclü, qeyri-adi sifət və gözəl döşlü qızları təsvir üçün işlədilir (Hadost Nask, 2.23). Zərdüştçülərin inancına görə, bu qızlar havada yaşayan, ulduz və işiqla təmasda olan qadın ruhlarından ibarətdir.

Quranın böyük hissəsi nəinki yəhudi və xristian apokrifik ədəbiyyatdan, eləcə də bir çox zərdüştlük əfsanələrindən gəlir.

İsa haqda bəzi Quran mətnlərinin buddizm qaynaqları

Quranda İsa haqda  iki konkret  məsələdən söhbət edilir. Onlar buddizmdən qaynaqlanır, İncillə əlaqəsi yoxdur. Birinci mətn İsanın gerçək doğumu haqdadır. Quranda bu hadisə belə təsvir edilib:

(Məryəm) artıq hamilə oldu və  bətnindəki uşaqla uzaq bir yerə xəlvətə çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur elədi, və dedi: “Kaş ki mən bundan əvvəl ölüb qurtaraydım ya da tamamilə unudulardım!” Dərhal (yerin altından) belə bir nida gəlir: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının altından) bir irmaq axıtdı. Başının üstündəki xurma ağacını da silkələ, təzəcə yetişmiş meyvələr tökülsün, ye, iç, sərinlə...”

     Surə 19.22-26

“Mariyanın Uşaqdoğma tarixi” adlı başqa apokrifik xristian kitabının on ikinci hissəsində Quranda yazılan bu hadisəyə çox bənzər əfsanə var. Bir fərqlə ki, bu kitabdakı olaylar Mariya və İosifin körpə İsayla  Misirə qaçdığı zaman baş verir. Mariya uzun yolçuluqda haldan düşüb bir müddət xurma ağacının altında dincəlmək təklif edir. Ağacın başında yetişmiş xurmaları görən Mariya ac olduğunu İosifə deyir. Lakin İosif cavab verir ki, meyvələr çox hündürdədir, onları dərmək olmur. Qəflətən körpə İsa  xurma ağacından Mariya üçün budaqlarını aşağı sallamasını xahiş edir. Xurma dərhal budaqlarını aşağı əyir, bundan sevincək Mariya da  xurmalardan yeyib özünə gəlir. Sonra İsa ağacdan budaqlarını qaldırıb yerin altındakı irmağı açmasını xahish edir ki, susuzluqdan yanmasınlar. Xurma öz budaqlarını  qaldıran kimi, yerdən sərin su çıxmağa başlayır. Yolçular Tanrıya şükürlər oxuyub yollarına davam edir.

Bu hadisə Misir yolunda baş verməsindən savayı Quranda söylənilənlə, demək olar ki, tamamilə eynidir. İncildə analoqu olmadığına görə bu əfsanənin ilkin qaynağını tapmaq  məqsədiylə bir qədər arxaya dönmək gərək.

“Pali” adlı buddizm təlimində Quranda yer alan  İsanın doğum rəvayətini çox xatırladan  iki hekayə var. Persiyaya  və indi Əfqanıstan adlanan əraziyə buddist keşişlərin gəldiyi dəqiq məlumdur (o yerlərdə indi də Buddanın yarımçıq dağıdılmış bütlər var**). Bundan dolayı bu rəvayətin xristianların apokrifik əlyazmalarına necə keçdiyini izah eləmək çətin deyil. Buddist Maxa-Vamso iddia edir ki, Vattaqamaninin hakimiyyəti  dövründə  Seylonda  e.ə. 80-ci illərdə“Pali” kitablarını yazmaq qadağan idi. 

İlk dəfə bu rəvayət  “Nidanakatxa Catakam” da (I Hissə, səh.50-53) üzə çıxır. Məhz burada deyilir ki, Qautama Buddanın anası Mayya  doğmaq vaxtının yaxınlaşdığını  hiss edib atası evinə getmək üçün ərindən icazə alır. Qulluqçularıyla birgə Mayya  gözəl bir meşəyə girir. Orada sal ağacının  gözəl güllərini görüb onları dərmək istəyir.  Birdən ağac aşağı əyilir, güllər hamilə qadının əllərinə yaxınlaşır. Buradakı məlumatın Qurandakıyla əlaqəsi onunla təsdiqlənir ki, İncildə uşaq Misirə gedən yolda doğulursa, Budda ağacın altında doğulur.  Amma Quranda söhbət Buddanın yox, İsanın doğulmasından gedir. Buna baxmayaraq tamamilə aydındır ki, bu iki hekayə Quranda eyniləşdirilib. İsanın doğumuna Məhəmməd belə detallar daxil edib: xurma ağacı və İsanın tələbiylə anasının doğuş sancılarını azaldan irman.  İsanın  doğulma hekayəsinin davamı kimi Quranda apokrifik xristian əlyazmalarına əsaslanan  ikinci parça peyda olur, bu da öz növbəsində buddizmdən qaynaqlanır. Nigahda olmaya-olmaya  uşaq doğmasına təəcüb edənlərə Mariya cavab olaraq  beşikdəki  İsanı göstərir. Soruşurlar: yenicə doğulmuş uşaqla danışmaqmı olar? Ana cavab verir ki, bu körpə Allahın qulu və gələcəyin peyğəmbəridir, ona hər zaman dua edib zəkat vermək tövsiyə edilib.  O, həmçinin anasına və hər kəsə  qarşı olduqca nəvazişkar olacaq (Surə 19.29-32) Bu  hekayədə beşikdə olan İsanın dil açması təkrarlanır, və Allah dedi:

Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...

   Surə 5.110

Bu hekayənin mənbəyi səciyyəvi apokrifik xristian yazısı olan, yalnız ərəb mətnindən tanınan və guman ki, kopt mənşəlli olan Uşaqlığın Ərəb İncilidir.  Kitabın lap əvvəlində deyilir ki, İsa beşikdə olarkən bəşəriyyətin xilası üçün atası tərəfindən göndərilən Tanrı oğlu olduğunu söyləyirmiş. Məhəmmədin Misir hökmdarından hədiyyə kimi iki qız uşağı alması, onlardan birinin də, Miriamın,  Məhəmmədin yaxın silahdaşı və sonralar qadınlarından biri olması    yaxşı bəllidir. Bu qadın ona  İbrahim adlı bir oğul doğmuş, amma o evladları hələ uşaqkən  vəfat etmiş. Misirlə olan bu əlaqə Məhəmmədin apokrifik xristian materialına yol açmışdı.

Lakin bu hadisənin ilkin qaynağı “Budda Karita” (I Kitab, 34 qisim) və “Lalita Vistara”da nağıl edilən Budda haqda bir rəvayətdir. Bu rəvayətə görə, elə doğulan kimi Budda dörd tərəfə yeddi addım atıb, hər yeddinci addımından sonra ayağının altında lotos gülü açılırmış. Güllərə baxıb “Mənəm dünyada ən əsas!” deyirmiş. Sanskrit dilində yazılmış başqa Çin əlyazmasında Buddanın doğulan andan dil açıb danışması ətraflı nəql edilir. Rəvayətə görə, Budda çevrilmələrinin son mərhələsinə çatmış və bəşəriyyəti xilas etmək üçün həyata son dəfə gəlibmiş.  

Quranın müxtəlif əfsanə və əsatirlərdən qaynaqlanmasının bir çox sübut- dəlillərinin mövcudluğu onun Allah izharı, bütün bəşəriyyətə göndərilən sonuncu müqəddəs kitab olması iddialarını kökündən sarsıdır. 

Çevirən: İlahə Ucaruh

*apokrif - İncilə daxil edilməyən di´ni məzmunlu əsərlər

**Əfqanıstandakı  Budda bütləri talibanlar tərəfindən hal-hazırda  tamamilə məhv edilib.— İ.U.  

Yuxarı