Beynəlxalq "Jurnalizm cəsarəti" mükafatı... Xədicə İsmayılovaya
Qalibləri elan edən IWMF yazır ki, hakim elitanın vəzi…
Dilqəm Əhməd`in Tiflisdən reportajı
Seçilmişlər
Tiflisdə hoteldəki otağımızın pəncərəsindən içəri düşən günəş şüası qalxma zamanını göstərirdi. Günəş şüasının aydınlığının izi ilə aydınlarımızın məzarını ziyarət edəcəkdik.
Seymur Baycan zəng edib Mirzə Fətəli Axundovun məzarını ziyarət edəcəyik deyəndə iki səbəbə sevindim: Tiflisdə ilk dəfədir ki, olacaqdım, həmçinin Azərbaycanda modernləşmə sürəcini başladan aydınımızın məzarını ziyarət edəcəkdim.
Və yola çıxdıq...
Sabahısı isə Bakıdan “Nida” və “Azad Gənclik” təşkilatlarının üzvlərininin qoşulması ilə ziyarətçilərin sayı xeyli artdı.
Tiflisi ilk dəfə görəndə, əgər müasir nəqliyyat olmasa idi, XX əsrin əvvəllərinə düşdüyümü zənn edərdim. Tarixiliyi qorumaq baxımından üstünlük sayılsa da, modern dünya ölkəsinin paytaxtı görünüşündən tamamilə uzaq idi. Amma belə qalması daha yaxşıdır. Çünki Tiflis Gürcüstanla yanaşı Azərbaycan tarixinin də parlaq səhifələrinin daşıyıcısıdır. Orta əsrlərin tarixinə getməyə gərək yoxdur, Tiflis Müsəlman Əmirliyi dövrü həddindən artıq uzaqda qalıb, bu gün o dövrə qayıtmaq, yunanların İstanbula qayıtması kimi absurddur.
Tiflis demək “Molla Nəsrəddin” jurnalı, Mirzə Cəlil və Ömər Faiq fədakarlığı, cumhuriyyət sevdası, M.Ə.Rəsulzadə deməkdir. Tiflis demək, Mirzə Şəfinin “Divani-Hikməti”, “Nəğmələr”i deməkdir.
Tiflis Qafqazın aydınlanma tarixinə əbədi yerini tapmış bir şəhərdir. Nə qədər qəribə olsa da, iki gün gəzdiyim şəhər həmçinin dünyanın ən dindar şəhərlərindən biri hesab oluna bilər. Bəlkə də, mən yanılıram, amma iki gün ərzində olduğum iki kilsədə, şəhərdəki digər kilsələrdə, dini mağazalarda gəldiyim qənaətlər belə düşünməmə vadar edir. Bəlkə də, Tiflis dini mağazalarında satılan müqəddəslərin şəkilləri, dini suvenirlər və digər dini əşyaları topladıqda kiçik bir şəhərcik düzəltmək olardı. Geyim tərzindən, yaşından asılı olmayaraq kilsəyə gələn insanların kilsə divarlarını öpməsi, freskalardan, xaçlardan mədəd diləməsi qəribə təsir bağışlasa da, restoranlarda da divara kilsə şəkillərinin vurulmasından sonra qətiləşdirdim ki, Gürcüstanda dini baxımdan şovinistlik var. Azərbaycanlıların yaşadığı ərazilərə bir müddət öncə xaçların tikilməsini xatırlayanda, buna daha da əmin oldum. Amma hər halda bunlar iki gün ərzində gördüklərim idi.
İndiyə qədər ancaq bir kilsədə olmuşdum. Bakıdakı katolikləin Məryəm Ana kilsəsi. Ora getməyimin əsas məqsədi hazırda redaktə ərəfəsində olan romanım üçün olduğundan xüsusi marağəm vardı. Məryəm Ana katolik kilsəsi istər xarici görünüşünə, istərsə də içəridəki insanların dünyagörüşünə görə, modernliyinə görə daha çox müsbət təsir bağışlayırdı. Məryəm Ana kilsəsində çox oldum, amma orada kilsə divarı öpənlər, ikonaya aşırı tapınanlar görmədim. Amma Tiflisdəki iki kilsə də aşırı melanxoliya, dünyadan qopma müşahidə elədim. Əgər Məryəm Ana kilsəsində insanlar duadan sonra bir-birilərinin əlini gülümsəyərək sıxırdısa, burada insanların fərdiyyətçi duyğulara sahib olduğu görünürdü.
...Gecə hər yerdə gecədir, amma aydnlıq şəhəri Tiflisin gecəsi bir başqadır. Hər il Bakıdan minlərlə insanın oraya axışmasının, xüsusilə yeni ili orada keçirməsinin səbəbini anlamaq olur. Tiflisdə iri binalar küləyin qarşısını kəsmir, küləyin enerjisini ciyərlərinə çəkə bilirsən, Kür çayının əzəmitinə baxaraq hayqıra bilirsən, gecələri sərbəstcəsinə dolaşırsan, sevgilinə şeir yazacaq vəcdə gəlirsən.
...Məzarlığın yerləşdiyi yeri təkcə Seymur Baycan tanıyırdı. Seymur ərazini belə tərif elədi ki, əgər Tiflisə qoşun yürüş eləsə, bu qədər geniş ərazini fərq etmədən geri dönəcəkdir, çünki insanın ağlına gəlməzdi ki, Tiflisdə gizlənmiş belə bir yer var. Gül aldıqdan sonra botanika bağına doğru getdik. Təbiətin yaşıllığının, quşların sədasının müşayiəti ilə məzarlığın yerləşdiyi yerə doğru qalxırıq, irəlilədikcə düşünürəm, görəsən Axundov yanılmışmıydı? Cənnət əslində var axı, onun uyuduğu bu qədər böyük bir yer, səfalı yeri başqa necə anlatmaq olar?.
Məzarlığın girişində kiril əlifbası ilə hazırlanmış bir daş lövhə var. Orada məzarlıqdakı şəxslərin kimliyi yazılıb. Ona yaxın məzar var, bəzilərinin üzərində əski əlifba ilə yazıldığında oxumaq olmur. Lövhədə isə hamısının adları yazılıb: Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Mahmud Zakir, Eynəli bəy Sultanov, Adilə Şahtaxtinskaya, Behbudağa Şahtaxtinski, Mehdiqulu xan Vəfa, Məhəmmədhəsən Hacinski, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qayıbov, Müzəffər Nərimanov, Fərəc Sultanov, Mirzəli Abbasov, İbrahim İsfahanlı, Abbas Qurbanov, Ənvər xudaverdiyev və digərləri...
Əsas olan dörd məzardan yazacam.
Mirzə Şəfi Vazeh- İlk olaraq ruhən özümə yaxın bildiyim Mirzə Şəfi Vazehin məzarını ziyarət edirəm. Zatən o olmasa idi, Axundov kimi şəxsiyyət olmayacaqdı. Axundov avtobioqrafiyasında yazır:
“Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:
- Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?
- Ruhani olmaq istəyirəm.
- Demək, riyakar və şarlatan olmaq istəyirsən....Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get.
Bu hadisə Vazehin böyüklüyünü anlatmırmı? Axundov da həmin dövrün şeyx nəsrullahlarından olmayacaqdmı?
Məsələnin digər tərəfi də var, hər halda, Vazeh bu sözü onlarla adama deyib, amma nəhayət ki, biri anlayıb, xalqın aydınlanması yolunu seçib. Vazeh o adamdır ki, sevgilisi haqqında bunu deyib: “Vaxt var idi, biri mənə hamını əvəz edirdi. İndi hamı mənə birini əvəz edə bilmir”.
İllər keçir, Axundov öz keçmiş müəllimini unutmur. 1840-ci ildə Şəfi Tiflisə köçür, Axundovun köməyi ilə Tiflis qəza məktəbinə türk, ərəb və fars dililəri müəllimi vəzifəsinə təyin olunur. Mirzə Şəfi 1852-ci ildə noyabr ayının 16-da Tiflisdə vəfat edir, botanika bağında Azərbaycan məzarlığında dəfn olunur.
Fətəli xan Xoyski- Azərbaycan Xalq Respublikasının başçısı. Bir daha oxumanız üçün bir daha yazıram: Azərbaycan Xalq Respublikasının başçısı.
Moskva universitetinin hüquq fakultəsini bitirib, Gəncə, Suxumi, Batumi, Kutaisidə məhkəmələrdə çalışıb, Gəncə quberniyasından II Dövlət dumasına deputat seçilib, AXC-nin ilk kabinəsini təşkil edib. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tutub, Azərbaycan Dövlət Universitetinin yaranmasının təşəbbüskarı olub. Cumhuriyyətin süqutundan sonra Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.
Həsən bəy Ağayev- AXC parlamentinin sədr müavini. Tağıyevin maddi köməkliyi ilə Moskva universitetinin tibb fakultəsini bitirib. “Difai”nin üzvü olub, Türk Ədəmi-mərkəziyyət firqəsi"ni yaradanlardan biridir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olub, dekabrda Parlament sədrinin müavini seçilib, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra edib, cümhuriyyətin süqutundan sonra Tiflisə gedib.
19 iyun 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olub.
Və Axundov.
Əllərimizdə güllər irəlidikcə Axundovun əsərlərinin üçüncü cildini xatırlayıram. Hansı ki, komediyalarından, povestindən daha çox üçüncü cilddə toplanan məktubları önəmlidir. Bu məktublar Axundovun ağrılarını anlamağa, fədakarlığını dərk etməyə səbəb olur. Din fərdi məsələdir, Axundov İslamı inkar edib. Bir nəfər də müsəlman olmasın,nə olacaq ki? Bunu özü bilər, Allah bilər. Cəhalət “Kəmalüddövlə məktubları”na görə Axundova düşmənçilikdir. O dövrün Azərbaycanını oxumaq üçün mənbələrə baxsanıza? Mənbələr yoxdursa, Axundovdan sonra da eyni həyat tərzi sürən azərbaycanlıların simasını görmək üçün Mirzə Cəlili, Üzeyir Hacıbəylini oxusanıza? Axundov Mirzə Melkum xana yazırdı: “Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir”.
Bu gün Bakıdan ilk dəfə olaraq çoxlu insanla onun məzarını ziyarət etməklə biz ona olan hörmətimizi göstərdik. Axundov və digər aydınların məzarına Bakıdan bir günə gedib çatmaq olur. Niyə, bu rəsmi səviyyədə olmasın? Axundovdan başlayan aydınlanma sürəcindən cumhuriyyətin süqutuna qədər olan dövrdə yaşayan aydınlarımız böyük zülmlər çəkdi. Sabir xəstəlikdən öldü, Mirzə Cəlilin gözü arxada qaldı, xalqdan nigaran köçdü, Yusif Vəzir ağır durumda Paris küçələrində çalışdı, Ceyhun Hacıbəyli didərgin düşdü, Rəsulzadə mühacirətə getdi, Nəsib bəy, Fətəli xan öldürüldü, Nərimanov Kremldə zəhərləndirildi və s....
Mirzə Şəfi Axundovu yetişdirdi, axundovçuluq cumhuriyyətlə sonuclandı.
Bu yaxınlarda tarixçi Altay Göyüşov “Facebook”da önəmli bir foto yayımladı. Azərbaycanın qaymaqları olan insanlar bir arada idi: Həmin şəkildə Azərbaycanın ən adlı-sanlı “Nicat” nəşri-maarif cəmiyyətinin üzvləri: Əbdürrəhim bəy Haqverdiyev, Mizrə Ələkbər Sabir, Həşim bəy Vəzirov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, Süleyman Sani Axundov vardı.
Üzeyir bəyin siyasi portreti ilə bağlı gələn ilin sentyabrında bir kitabım dərc olunacaq, çox hissəsi hazırdır.
Əminliklə deyirəm ki, biz Axundovdan cumhuriyyətin süqutuna qədər və ondan sonra 1937-ci ildə güllələnən şəxsiyyətlərin irsindən həddindən artıq az məlumata sahibik.
O insanların kimliyini anlasaydıq, bu gün Avropanın ən mədəni xalqlarından olardıq. Axundovun iki yüz illiyi ilə bağlı rəsmi fərman verilib, amma bunlar yetmir.
İnsanlara oxutdurmaq lazımdır. Oxutdurmaq üçün isə təbliğat gərəkdir. Təbliğat üçün isə Mədəniyyət TV var, İctimai TV var.
Tiflis çox uzaqda deyil. Gedib o məzarlığı çəkmək lazımdır, o məzarlıqda yatan insanları tanıtdırmaq lazımdır. Mirzə Şəfi XIX əsrin sonlarında Almaniyanı heyran qoyub. Fridrix Bodenştedtin xatirələrini oxumaq lazımdır.
Osmanlıya üz tutan Axundovun bir əsri qabaqladığına heyranlıq duymaq lazımdır.
Böyük bir bağın içində, Azərbaycanın unutduğu o dahi insanların məzarı rəsmi səviyyədə qorunmalıdır, insanların oraya getməsi ənənə halını almalıdır. Xalq böyüklərini tanımadığı təqdirdə kiçiləcəkdir. Millətə müsbət örnəklər göstərilməlidir.
Ulusa səsləniş
İldə yüzlərlə azərbaycanlı Tiflisə səfər edir. Tiflis istirahət edilməli, özgürlüyün dadını çıxarmalı şəhərdir. Meqapolis olmadığından insan çox rahatlıq duyur.
Oraya gedərkən, Tiflis hamamında bədəninizin yorğunluğunu çıxara bilərsiniz, Tiflis gecələrində restoranlarda yaşlı musiqiçilərin gürcücə oxuduqları “Sənə də qalmaz”, azərbaycanca oxuduqları “Tələbə” mahnısını dinləyə bilərsiniz, gecələr pub-larda müxtəlif rəqslər edərək, içki içərək əylənə bilərsiniz. Bunlar haqqınızdır, hüquqlarınıza daxildir.
Amma bunların yanında heç olmasa, botanika bağına da baş çəkin, bir az dikə qalxacaqsınız, ayaqlarınız yorulacaq, amma cəhd edin. Orada o böyük kişilərin məzarlarını ziyarət edin.
Tiflisə ilk dəfə ayaq basan azərbaycanlılar görsəniz, məzarlığın yerini nişan verin.
Elə edin ki, bir azərbaycanlı Tiflisdə taksiyə minərkən, “məni Axundovun məzarına apar” dedikdə sürücü gözünü döymədən onu oraya apara bilsin. Bunu etmək olar. Əmin olun ki, olar.
Dilqəm Əhməd
“Gündəlik teleqraf”