post-title

Məni söyən uşaqlar

Azərbaycan ailələrinin problemləri çeşid-çeşiddir. Ailələrdə nə qədər problem varsa, cəmiyyətdə də o qədər problem olur. Bunun əksi də mövcuddur, cəmiyyətdəki eybəcərliklər də qayıdıb ailələrə təsir eləyir. Bütün problemlər ailələrdən cəmiyyətə, cəmiyyətdən isə ailələrə daşınır.

 

 
 
Məsələn, bir kişi əlindəki telefonla ucadan danışaraq söyə-söyə kimdənsə öz borcunu istəyir. Əlbəttə, öz problemini qışqırıb ətrafa püskürən adamdan heç kim xoşlanmır. O kişinin heyvərəliyindən hərə öz payını evinə aparır. 
 
Yaxud, ailədə mübahisə eləyib çıxan insandan müsbət enerji ummaq düzgün olmazdı. 
 
Xoşbəxt ölkələrin ailə və məktəblərində insanların bir-birinin üzünə gülümsəməyinin vacibliyi haqda həmişə xatırlamalar edilir. İnsanlar bir-birini təbəssümlə qarşılamalıdır. İnsanların bir-birinin üzünə gülümsəməsi, təbəssüm əta etməsi cəmiyyətdəki aqressiyanın əmsalını kifayət qədər aşağı salmaq gücündədir. Təkcə rus saytlarında təbəssüm haqda minlərlə aforizmlər sərgilənməkdədir. 
 
İngiltərədə turist səfərində olan bir dostumuz söyləyirdi ki, Londonda ilk dəfə liftə minəndə baxdım ki, insanlar tanımadıqlarını da yüngülcə salamlayaraq gülümsəyirlər. Azərbaycandan gedən bir adam kimi yazıq dostum oradakıların üzündəki təbəssümdən əvvəlcə çaş-baş qalıbmış. 
 
Təsəvvür eləmək istəyirəm, bizdə, məsələn, metroda gedərkən bir xanım kişinin üzünə gülümsəsə onun axırı necə olar? Sözsüz ki, kişinin ürəyindən tamam ayrı şeylər keçəcəkdi. “Bu, mənim üzümə gülümsəyirsə, demək, torbada pişik var! Arxasınca çıxacam, görüm, nə demək istəyir!” Bizdə bir insanın üzünə gülümsəmək durduğun yerdə sənə əlavə problemlər yarada bilər. 
 
Bir dəfə özüm şahidi olmuşam. Metro vaqonunun küncündən anasının qucağındakı şıltaq körpəyə gülümsəyən bir oğlanı uşağın atası ilan kimi necə çaldı: “Uşağın üzünə nə baxırsan əə?”
 
Qəzetimizdə gedən bir yazıda deyilir ki, Salyan rayonunun Marışlı kəndində 15 yaşlı oğlan həyətlərindəki ağacdan özünü asıb. Yeniyetməni intihara sürükləyən səbəb narkotik və spirtli içkiyə aludə olan atasının ailədə özünü aqressiv aparması imiş. Demək, ata hər fürsətdə içkili vəziyyətdə evə gələr, həyat yoldaşını övladlarının gözü qarşısında döyüb təhqir edərmiş. Ailə münaqişələrinə tab gətirə bilməyən böyük qardaş başını götürüb Bakıya qaçır. Hər dəfə anasının müdafiəsinə qalxmaqdan bezən 15 yaşlı yeniyetmə qardaş isə dəfələrlə atasına xəbərdarlıq edərək valideynlərini intihar edəcəyi ilə qorxudur. Nəhayət, təkrar olunan növbəti ailə münaqişəsi günü yeniyetmə ölüm kəndirini boğazına keçirdir. 
 
Övladının intihar xəbərini eşidən 51 yaşlı ana evdə əlinə keçən bir şüşə sirkə turşusunu başına çəkərək intihara cəhd edir. Həkimlər bir neçə gün komada qalan ananın həyatını xilas etsələr də, onun qəlb yarasına heç vaxt əlac eləyə bilməyəcəklər. Başını götürüb Bakıya qaçan böyük qardaşın isə sonrakı taleyi haqda heç nə bilinmir. Sözsüz ki, bizim cəmiyyət beləcə bezmiş və atılmış insanlarla doludur. Ziddiyyətli ailələrdə böyüyüb cəmiyyətə atılan insanlardan təbəssüm gözləmək, xeyir güdmək, əlbəttə, absurddur. 
 
Ailələrdə, məktəblərdə düzgün tərbiyə almayan uşaqlar aqressiyadan başqa cəmiyyətə nə verə bilər? Balaca uşaqların it döyüb, pişik daşlamalarını çox görmüşük. Əlbəttə, evdə həmişə atasının anasını təhqir edib döyməsini görən uşaq mütləq aqressiya ilə dolmalıdır. 
 
Bu yaxınlarda zibilli bazar küçəsinin birində qalaqlanmış kisələrin üstündə yatan bir milli “bomj”un başına balaca uşaqların necə oyun açdıqlarının şahidi oldum. Sərxoş vəziyyətdə həyatın ən qaranlıq dibində yatan o bədbəxtə uşaq qəlbi qətiyyən rəhm eləmək istəmirdi. Onlar özündə olmayan bomjun ətrafında kağız yığıb od vurmaq istəyirdilər. O bic balaları güc-bəla ilə oradan mən qovdum. “Xoş məşğuliyyət”lərini əllərindən aldığıma görə onlar qaça-qaça məni söyüşlərə qərq elədilər.
 
Murad Köhnəqala
"Gündəlik Teleqraf"
Yuxarı