post-title

Şakir Şəkəroviç problemi

Azərbaycanda hələ imperiya vaxtlarından gələn, Sovet dövründə möhkəmlənən, günümüzdə isə inkişafını davam etdirən "Bədbəxt sabiq" obrazı var. Bir ara ANS-də bu mövzuda veriliş də gedirdi. Bu insanlar - keçmiş məmurlar, direktorlar, nazirlər, hətta prezidentlər özlərini istifadə olunmuş prezervativ kimi hiss edirlər.

 

Amma bununla belə ümidlərini itirmirlər. Nə vaxtsa, 1 telefon zənginin onları yenidən o gözəl günlərə qaytaracağına ümid edirlər. Səməndər Rzayev bu obrazı yaxşı canlandırırdı tamaşalarda.

Amma bu psixotipi daha dərin araşdıranda görürsən ki, əslində bir şəxsiyyət kimi belə adamlar kifayət qədər keyfiyyətsizdirlər. Onlar bacarıqsızdırlar.

Adətən savadsız, aşağı intellekt və özünütənqid keyfiyyətli insanlar, onlar daha çox idarə etmək üçün deyil idarə olunmaq, özü də kortəbii idarə olunmaq üçün mövcuddurlar.

Mən belə adamları həyatda görmüşəm. Bir tanışım uzun illər bütün bir regionun apteklər idarəsinin rəisi işləmişdi. İşdən çıxarıldıqdan sonra şəkər xəstəsi oldu. Ömrünün axırına kimi o, ən vacib zəngi gözləyirdi. Keçmişindən danışırdı, cavanlıqda İlhaməylə yüz oyundan çıxdığını xatırlamağı xoşlayırdı. Necə adamlarla yeyib-içdiyini danışırdı.

Hətta bir dəfə qohum əqrabadan pul da borc almışdı ki, guya bununla vəzifəyə qayıdacaq. Sonra öyrəndik ki, o bu pulu sadəcə eyş-işrətə xərcləyib. Məlum oldu ki, bu onun sonuncu ən böyük eyş-işrəti idi. Bir müddət sonra şəkərin ağırlaşması, korluq, ətrafların amputasiyası və son.

Bizdəki kimi xəstə quruluşlara belə fiqurlar lazımdır. Onlar təşəbbüsün günah olduğunu bilir və özləri heç bir təşəbbüs göstərməməklə yanaşı, sərəncamında olan işçilərin də təşəbbüslərini beşikdəcə boğurlar. Əsas işləri vaxtında işə gəlib getmək və personalın da buna riayət etməsinə nəzarət etməkdir. Heç nə etmə, amma yerində ol prinsipi.

Əyləncələri həmişə çox banaldır. Yeyib-içmək, bazlıq.

Bir tanışım məsələn məclislərdə İlham Əliyevin sağlığına tost deməyi xoşlayır. Özü də çox gülünc görünür bu zaman. Amma bu onu saxlamır.

Ümumiyyətlə bu adamlarda özünütənqid çox aşağı səviyyədədir. Sərəncamında olan işçisinin ona səhvini anlatması onun üçün yolverilməzdi, əksinə ondan yuxarıda olan rəisinin isə ən axırıncı söyüşlərlə təhqir etməsi problem deyil. Bu zaman da o təzimin iradlar hissəsini anlayıb qəbul etmir, sadəcə primitiv özünüqoruma instinktinə sadiq qalaraq baş əyir. Hətta içində kin də saxlayır.

Əgər ona belə şans düşsə, mütləq qisas alacaq. Bu insanların tutduqları vəzifədən başqa heç nəyləri yoxdu. Onlar heç nəyə qadir deyillər. Siz neçə nazir tanıyırsız ki, vəzifədən çıxandan sonra bir elmi iş yazsın, ya başqa işdə uğurlu olsun?

Hər zaman qorxu hissilə yaşayan gələcək sabiqlər çox erkən yaşlarda şəkərli diabet, ürəyin işemik xəstəliyi (gələcəkdə infarktla müşayət olunan), arterial təzyiq kimi sinir sistemilə bağlı xəstəliklərə tutulurlar. İşini itirdiyini öyrənən zaman infarkt, insult və intihar halları bu zümrə arasında geniş yayılıb.

Kreslo onlar üçün hətta ailə üzvlərindən də yaxın, doğma məhfumdur. Onların tutduqları vəzifədən dəyərli heç nəyləri yoxdur, çünki bu kreslosuz onlar heç kimdirlər və bu onların anladıqları o az şeylərdən biri və birincisidir.

Hacı Hacıyev

Kultura.Az

Yuxarı