post-title

BƏRDƏ – AMAZONKALARIN PAYTAXTI

«Amma o, bütün dünyadan Buynuzu olduğunu gizlədirdi…» Nizami Gəncəvi «İsgəndərnamə» poeması

 

Adətən sakit və qanuna riayət edən şəhər təsvirolunmaz bir həyəcan içində idi. Çar sarayından gələn mühüm xəbəri müzakirə etmək üçün bütün yaşlardan olan qadınlar şəhərin küçələrinə axışmışdılar.

Gələcəkdə bədii əsərlərdə Amazonkaların başçısı Falesteriya kimi tanınan, şəhərin və ətraf əyalətlərin hökmdarı Nüşabə «qadınların çariçası» titulunu daşıyırdı.

Müəllifin amazonkaların əfsanəvi macəralarını işıqlandırmaq niyyəti yoxdur. Bu barədə yetərincə məlumat vardır. Etiraf etmək lazımdır ki, amazonkaların mövcudluğu yaxşı həyatdan yaranmamışdı.

Görünür, güclü cinsin nümayəndələri zərif cinsdən olanları o həddə çatdırıblar ki, nəhayət, sonuncular öz rollarını dəyişmək qərarına gəliblər. Amazonkalara çevrilərək həyatın acı zərbələrini dadmış, nəticədə isə yenə öz funksiyalarına dönmüşlər.

Fürsətdən istifadə edərək oxucunu qısa yolla təsvir olunan hadisələrin cərəyan etdiyi coğrafi əraziyə və tarixin zaman kəsiyinə gətirib çıxarmaq istəyirəm.

Antik dövrün tarixçiləri amazonkaları savromat tayfasının qadın nümayəndələri hesab edirdilər. Onlar istər təsərrüfat, istərsə də hərbi məsələlərdə qadınlar tərəfindən idarə olunurdular. Basqınları gözlənilməzliyi və qəddarlığı ilə seçilirdi. Qadına məxsus qədimi hiyləgərlikdən istifadə edərək, onlar heç vaxt açıq-aşkar hücum etmirdilər. Çöllərdəki yarıac həyat onları daş dövrünün qanunları ilə yaşamağa vadar edirdi. Amazonkaların məişət əşyaları antik şəhərlərdən qarət yolu ilə əldə etdiklərindən ibarət idi. Məqsədləri qazandıqları qənimətlə ərzaq ehtiyatını artırmaq idi.

Amma savromat qadınlarının döyüşkənliyinə baxmayaraq, qadın «zəifliyi» onlara yad deyildi: muncuqdan düzəlmiş bəzək əşyaları, qolbaqlar, amuletlər. Gündəlik geyimləri dəri şalvardan və köynəkdən ibarət idi. Yunan müdriklərindən birinin dediyi kimi: «Onlar qanunla tanış deyillər, heç bir hökmdarı saymırlar, ürəklərində ədəbsizlik, kobudluq və qəddlarlıqdan başqa bir şey yoxdur. Onlar nizə atmağı və rəqiblərini qısa xəncərlə öldürməyi yaxşı bacarırlar». «Tarixin atası» Herodot «amazonka» sözünü «kişi qatili» kimi tərcümə etmişdir. Belə bir adətləri də var idi: qızlar ən azı üç düşmən öldrüməsəydilər, ərə getməzdilər. «Ərə getmək» - yəni nəsli artırmaq üçün kişiyə sahib olmaq demək idi.

Qadınlar ayrıca hərbi dəstəyə ayrılaraq, kişilərdən aralıda yaşayırdılar. Onlar yalnız iki aydan bir uşağa qalmaq üçün kişilərlə görüşürdülər. Oğlan uşağı doğulduqda, onu kişilərin dəstəsinə göndərir, qız doğulduqda isə aydındır ki, onu özlərinə saxlayırdılar.

Bu xasiyyətnamə ilə «amazonka» sözünün romantik şöləsi tamamilə yox olur.

Savromatlar Don çayı və Azov dənizi sahilində məskunlaşmışdılar. Buradan onlar Kiçik Asiyaya hücumlar edirdilər. Uzun müddət amazonkalar Anadoluda yaşamış və hətta, Troya müharibəsində iştirak etmişlər. Əvvəl skiflərin, sonra isə yunanların birgə səyi nəticəsində amazonkalar Qafqaza sıxışdırıldılar. Yaxınlıqda isə onların patoloji ərləri sayılan qarqar sülaləsi yerləşirdi. Güman edilir ki, qarqarlar qədimdən Qarabağın Qarqar adlı düzündə, Qarqar çayı ərazisində məskunlaşmışdılar. Böyük Nizami Gəncəvi özünün «İsgəndərnamə» poemasında Bərdədən bir qədər aralı 30 min kişinin yerləşdiyini təsdiq edir.

Artıq banisi Nüşabə olan, lətafət və gözəllik saçan bu ölkənin paytaxtına – Bərdəyə qayıtmaq vaxtıdır. Şəhər hər şeydən əvvəl əhalisini yadelli işğallardan, kişilərin kələyindən qorumağa qadir bir müdafiə qalası şəklində inşa edilmişdir. Antik dövrün müdafiə üsuluna əsasən möhkəm və hündür qala divarları boyunca dərin və enli xəndəklər qazılmışdır. Lakin şəhərin daxili gözəlliyi və incəliyi ilə, enli, işıqlı küçələri, sarayları, çoxlu gözəl ağacları və qeyri-adi ətirli gülləri ilə başqa şəhərlərdən kəskin surətdə fərqlənirdi. Bu cür bərəkətli iqlimdə və coğrafi şəraitdə yaşayan amazonkalar təbii ki, füsunkar qadın cizgilərinə malik idilər, ən əsası zəhmətsevər idilər ki, bu da tez bir zamanda kişi tayfalarının qəlbini fəth etmişdi. Məhz bu andan etibarən amazonkalar Şərqin ən cazibədar imicinə sahib olmağa başlayırlar. İndi isə mən özümü təhlükəli şərhdən saxlayıram, çünki çariçanın verdiyi qərarın şəhərdə yaratdığı vəlvələni izah etmək məqamı çatmışdır.

Qərarda deyilirdi: «Camaat arasından 300 ən gözəl, eyni zamanda cəsarətli qız seçilib, Böyük sərkərdənin hüzuruna göndərilməlidir».

Əfsanəvi Hindistana yol axtaran Makedoniyalı İsgəndər bu əraziyə gəlib çıxmışdı. Bundan istifadə edən yerli hakimlər çoxsaylı şahlar, əmirlər, xanlar, çarlar, knyazlar və digər vassallar Böyük Fatehə xoşməramlı niyyətlə faydalı olacaqlarını bəyan etməyə tələsirdilər.

Nüşabənin nəzərdə tutduğu görüş tamamilə başqa məqsəd daşıyırdı. Amazonkaların məğrur hökmdarı heç də özünəməxsus hisslərini bildirməyə hazırlaşmırdı. Onun planı sadə və asanlıqla həyata keçən idi.

Əsasını «Cənubi Midiya» dövləti təşkil edən, Xəzərin sahili də daxil olmaqla, Zaqafqaziyanın cənub hissəsində, qonşu dövlətlərin kiçik torpaq sahələri işğal edilərək, zor gücünə yeni bir dövlət yaradılmışdı. Yerli qəbilələrin birindən olan Aptropatın yaratdığı bu dövlət elə onun şərəfinə Atropatena adlandırılmışdı.

Dünyanın yarısına (o zaman coğrafi müəyyənlik olmadığından, dünyanın o biri yarısı öz aqibətini gözləyirdi) sahib olan o Qəhrəman bu gün çar Atropatın qonağı idi.

Böyük sərkərdə yeni dostunun qonaqpərvərliyindən istifadə edərək, düşərgəsini Xəzərin sərin sahilində salmışdı. Makedoniyalı İsgəndər belə nadir istirahət saatlarında, müəllimi, filosof Aristotel (Ərəstun) tərəfindən ona aşılanan dünyanın varlığını əhatə edən fəlsəfi düşüncələrə dalırdı. O, 20 yaşlı gənc ikən, şiddətli ailə münaqişəsinin şahidi olduğunu xatırladı. Həmin münaqişə zəminində atası Filipp təsadüf nəticəsində, bəlkə də qəsdən öldürüldü. Atasının ölümündən sonra Makedoniyanın idarə edilməsi kimi ağır bir yük onun çiyninə düşdü. Hər şeyə qarşı marağı və bilmədiklərini öyrənmək arzusu ilə başqalarından fərqlənən bu cavan oğlan, özü və ölkəsi üçün belə bir deviz seçdi: «Dünyanı fəth etmək».

Uzaqdan görünən toz dumanı tezliklə çar çadırına yaxınlaşdı. «Yenə də nümayəndə heyəti», – deyə əsilzadə qonaqları qəbul etməkdən yorulan sərkərdə düşündü. Hörmət və ehtiram görməyə adət etmiş sərkərdəni heç bir yüksək titul təəccübləndirə bilməzdi.

Lakin yaxın silahdaşı Ptolemeyin «Sizi nəcib bir xanım görmək istəyir» deməsi onu təəccübləndirdi.

«Qoy gəlsin» – deyə o, marağını gizlədə bilmədi.

Lakin qadın tək deyildi. Çadırın qabağında üç yüz gənc, gözəl qız yığılmışdı. Sərkərdə qəribə müşayiətçiləri heyrətlə nəzərdən keçirdi.

Bu arada qadın özünü «Qafqaz dağları və Fazis çayı arasında yaşayanların hökmdarı – Çariça Falestris» kimi təqdim etdi. Lakin onun görkəmiylə tutduğu mövqe ziddiyyət təşkil edirdi ki, İsgəndər və onun əshabələri sarsılmışdılar. Təəccüblənməyə əsas var idi: dizdən yuxarı düyünlənmiş qısa tumanı, əlində isə aypara şəklində yüngül qalxan var idi. İsgəndər amazonkalar haqqında əfsanələrdən xəbərdar idi və ona görə də qarşısında onların çariçası olduğunu anladı. Çariça isə öz növbəsində qəhrəmanın xarici görünüşündən məyus olmuşdu. Onun haqqında yayılan şöhrət elə bir təsəvvür yaratmışdı ki, sanki o, əfsanəvi bir atlantdır. İsgəndər isə sadəcə möhkəm əzələli döyüşçü idi.

«Necə balaca və zəifdir», – deyə çariça təəssüf hissi keçirərək, hökmdarlara xas nəvaziş qaydalarına əməl etmədən, cürətlə sərkərdəyə meydan oxudu. Amazonkalar çarı yaxşı tanıyır və gəlişinin məqsədi… yox, qadın əyləncəsini təmin etmək deyil, məqsəd qadın şıltaqlığından daha alidir.

O, uşaq üçün gəlib! Məşhur sərkərdədən törəyəcək qız uşağı üçün! Belə ki, ali çar nəsli!

İsgəndər onun qeyri-adi xahişindən heyrətləndi, amma sarsılmadı – həddindən çox yüksək vəzifəli qadınlar onunla yaxınlıq etməyə can atmışdılar.

Güclü qadın coşqunluğuna malik olan çariça zövq verəcəyindən daha çox, vahimə yaradacağını vəd edirdi. Lakin buna baxmayaraq filosof-sərkərdə onun təklifinə razılıq verdi.

Çılğın yunan sevgisi ağıla üstün gəldi.

Makedoniyanın ən yaxşı döyüşçüləri və 300 amazonkanın iştirakı ilə şənlik quruldu. Əslində bu daha çox kef məclisinə bənzəyirdi: qarınqululuq, rəqs, sərhədsiz ehtiraslı sevgi – bütün bunlar bir-birinə qarışmışdı. Elə ilk gecədəcə süfrə sahibləri ilə qonaqlar arasındakı əvvəlki gərginliyi qaydaya salan hadisə baş verdi. İsgəndər bütün günü başında saxladığı dəbilqəni, yataqda nəhayət ki, çıxardı. Falestris gözlənilməz cəldliklə onun saçından yapışdı. Əl gəzdirib istədiyini tapmadıqda anlaşılmazlıqla gözlərini İsgəndərə dikdi.

İsgəndər hələ Yunanıstanda olduğu zamanlarda Şərqdə şayiə yayılmışdı ki, İsgəndər adi insan deyil, çünki onun buynuzları var. Məhz buna görə ehtiramla Böyük sərkərdəni «İkibuynuzlu İsgəndər» titulu ilə adlandırırdılar. Amma belə qəbul edilmişdi ki, bu İsgəndərin şəxsi sirridir. Bunu bilən İsgəndər Şərq əsatirinin davam etməsi üçün daim dəbilqə geyinirdi və buynuzsuz olduğunu gizləyirdi. Təbii ki, Qafqazın qızmar cənubunda bu böyük əziyyət idi. İmicinin qorunması, nailiyyətlər və müzəffər Makedoniya ordusunun yürüşü üçün vacib idi. Buna görə də amazonkalar çariçası İsgəndərlə yaxınlıqla özünü mükafatlandırmaq qərarına gəlmişdi. Ancaq o, həsrətində olduğu buynuzları tapmadıqda necə dəhşətə gəldiyini təsəvvürə gətirmək mümkün deyil.

Çariçanın erotik aktivliyindən yorulan İsgəndər özünü və «buynuzlarını» tamamilə unutmuşdu. Amazonkanın gözlərində donub qalmış anlaşılmazlığı görəndə öz səhvini dərk etdi. Özünü itirməyən qəhrəman gülümsəyərək izah etdi ki, gecələr rahat yatmaq üçün buynuzlarını çıxarıb xüsusi məhlula qoyur, bununla da onları güclü sehrə qərq edir.

Məgər sadə bir çariça «Makedoniya Apollonunun» ağzından çıxan bu heyrətamiz sözlərə inanmaya bilərdimi? Əlbəttə ki, yox. O, Cənubi Qafqazı keçərək bura ona görə gəlməyib ki, ona şəkk etsin. Üç yüz amazonka ilə keçirilən şənlik iki həftə davam etdi və bütün bu günlər ərzində zati-alilər qarşılarına qoyduqları məqsədi həyata keçirməyə çalışdılar. Amma üçüncü ölkədən gələn elçilər ərzaq ehtiyatları tükəndiyindən sərkərdə ilə görüşə bilməyib, qayıtmağa məcbur olduqlarını bəyan etdilər.

Onda Ptolemey İsgəndərə bildirdi ki, onun başlıca müvəffəqiyyəti əldə edilib, amazonkalarla vidalaşmaq olar. Amazonkalar dincəlmiş atlara minib, əks istiqamətdə gözdən itdilər. Geriyə isə artıq 200 atlı qayıdırdı. Çar Atropat Falestrisdən öz yanında xidmət etmələri üçün 100 amazonka verməsini xahiş edərək, əvəzində Bərdəyə bir sıra sərhədyanı əraziləri birləşdirəcəyini vəd edir. Artıq İsgəndər Parfiyaya yola düşərkən, hiyləgər Atropat ona həmin 100 amazonkanı hədiyyə edir. Məmnun qalan İsgəndər bu hədiyyələri yalnız təntənəli yürüşlərdə istifadə edirdi.

Vaxt-vədə yetişir və Falestris amazonkalar ölkəsini idarə edəcək çar nəslindən olan qız uşağı dünyaya gətirir. Çarlıq firavanlıq içində daha bir neçə əsr mövcud oldu. Sonuncu dəfə onların barəsində tarixçi Strabon bəhs edib. O, yazırdı ki, amazonkalar b.e. İ əsrində albanlarla müttəfiq olaraq Roma işğalçılarına qarşı müharibədə vuruşmuşdular.

Amazonkalar paytaxtı Bərdənin nadir tarixi var. Qafqaz Albaniyasının paytaxtı və alban xristian kilsəsinin başlıca şəhəri kimi, o öz ikinci çiçəklənmə dövrünü b.e.V əsrində yaşayıb.

Amma «İsgəndərin buynuzunun olmaması sirrinin açlıması» sual olaraq qalır.

Маrk  Verxovsky

Kultura.Az

Yuxarı