post-title

Hamama

Dəyərli oxucularımıza "Molla Nəsrəddin" jurnalından bir felyeton təqdim edirik.

 

– Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?

– Hamama.

– Yanınca gedən uşaq kimdir?

– Rəhmətlik Həsən əminin oğludur. Allah bağışlasın, çox fərasətli uşaqdır. Aparıram hamama canı təmizlənsin.

***

– Qulaməli, ustan hara gedib?

– Hamama.

– Bə səni nə əcəb aparmayıb?

– Bu gün Qurbanın növbətidir.

***

– Kərbəlayı Novruzəli! Mallara baxmaq istəyirsən, dur gedək bax, yoxsa satacağam, müştərisi var.

– Gedirəm hamama, indi baxa bilmərəm.

– Məgər dünən getməmişdin hamama?

– Əhmədin canı çirklənib. Gərək hamama aparam təmizlənsin.

***

Maşallah, maşallah, qardaşoğlu, əcəb oğlan olmusan! Gələsən mənə şəyird olasan. Sənə qırmızı arxalıq alaram geyəsən. Fındıq, kişmiş alıb dolduraram ciblərinə yeyəsən.

– Bəlkə anam qoymadı?

– Get anana de, razı olmasa, sənə məvacib də kəsərəm ki, aparıb verəsən anana.

– Qoy gedim anama deyim.

– Tez get, di xəbər gətir. Iki gündən bir səni hamama da apararam ki, təmiz olasan.

– Qoy gedim anama deyim.

– Get tez xəbər gətir.

***

Bu gün niyə dükanların çoxu bağlıdır? Kərbəlayi Oruc gedib hamama, Məşədi İskəndər gedib hamama, usta Əli, usta Sadıq, usta Həsən gedib hamama. Məşədi Nəbi, Məşədi İsfəndiyar, Məşədi Ümmətəli, Məşədi Heydərəli gedib hamama. Kərbəlayi Qasım, Hacı Məhəmmədəli, Hacı Ələsgər, Hacı Möhsün, Hacı Haqverdi, Hacı Qara, Hacı Namaz, Hacı Xalıqverdi gedib hamama.

Mozalan

“Molla Nəsrəddin”, 14 aprel 1906, №2

Yuxarı