post-title

Azadlıq, bərabərlik, qardaşlıq

Pyer Rişarın baş rolda oynadığı "Oyuncaq" filminin fəlsəfəsini zamanında başa düşə bilməzdik. Şəxsən mən Pyer Rişarın yıxılmasına, gülünc vəziyyətə düşməsinə gülürdüm. Az-çox Moskva qorxusu vardı. Qanunlar pis-yaxşı işləyirdi. Pulu olan adamlar belə, pullarını gizlətməyə məcbur idilər. Süni də olsa, ifrat təbəqələşmənin qarşısı alınmışdı. Məhz bu mənada biz "Oyuncaq" filmini başa düşə bilməzdik.

 

Zaman keçdi və pulun insanları necə harınlatdığını öz gözlərimizlə gördük. Eşitdik ki, adamları qul bazarından aparıb, əyləncə naminə onları bağ evlərində xoruz kimi dalaşdırırlar. Məhz əyləncə naminə yol keçən piyadanın üstünə maşın sürürlər. Adamların evini buldozerlə başına uçururlar.
 
Əlbəttə, bizim eşitdiklərimiz və gördüklərimiz, əslində, baş verənlərin yanında heç nədir. Əslində, biz reallıqda baş verənləri həzm edə bilmirik və şayiə kimi qəbul edirik. "Bu qədər də olmaz!",- deyirik. Bəli, zaman keçdi və başa düşdük ki, "Oyuncaq" əslində komediya deyil, əsl faciədir. Şəxsən mənim təminatım yoxdur ki, oliqarx balası dükanda məni görəcək... Nəsə, ardını yazmağa ehtiyac yoxdur. Nə desən ola bilər.
 
"Oyuncaq" kimi filmi almanlar, ingilislər çəkə bilməz. "Oyuncaq" kimi filmi azadlıq, bərabərlik, qardaşlıq naminə baş kəsən, qan tökən, barrikadalar quran, inqilablar edən fransızlar çəkə bilər.
 
"Oyuncaq" filmində dəhşətli bir səhnə var. Prezident öz işçisinə soyunmağı və otaqlarda gəzməyi əmr edir. Yaşlı kişi soyunmağa başlayır. Prezident onu dayandırır. Deyir: "Deməli, mən sənə dayan deməsəydim, sən axıra qədər soyunacaqdın. İndi özün denən, kim daha iyrəncdir, sənə bu əmri verən, yoxsa bu əmri yerinə yetirən? Bax, bütün problemlər də bundadır".
 
Dostumuz Yalçın İslamzadənin yaxşı bir sözü var. Deyir: "Ayaz Salayev "Retro" kinozalında tez-tez "Yeddi Samuray" filmini verirdi. Hər dəfə yuxu məni tuturdu. Yatırdım. "Yeddi Samuray" filminə sona qədər baxa bilmirdim. Əgər mən zamanında "Yeddi Samuray" filminə sona qədər baxa bilsəydim, bəlkə də həyatımı tamam başqa cür qurardım".
 
Bəli, bir çox romanları, filmləri tam anlamaq üçün insanın başı daşdan-daşa dəyməlidir. Yalnız həyat bizimlə ciddi məşğul olduqdan sonra yazıçıların, rejissorların nə demək istədiyini anlayırıq. Təəssüf ki, başa düşəndə də çox vaxt gec olur.
 
Bir vaxtlar Qorkinin yazdıqlarını adamlar sadəcə ədəbiyyat kimi qəbul edirdilər. Qorkini qiymət almaq üçün oxuyurdular. Qorkinin yazdıqları adamlara tam çatmırdı. Qorkinin yazdıqları adamlara çox uzaq görünürdü. Çünki az-çox dolanışıq vardı. Zaman keçdi və Rusiyada Qorkinin yazdıqlarına adamlar başqa yöndən baxmağa başladılar. Gördülər ki, Qorki əslində real həyatı, baş verənləri yazıb. Gördülər ki, əgər qanunlar işləmirsə, pulun insanı harınlaşdırması çox dəhşətli səhnələrə gətirib çıxarır. Biri pula arxayın olub hər şey edir, başqa birinin isə heç bir hüququ yoxdur. Gördülər ki, bir insan başqa bir insanı it kimi hürdürə bilər. Beləcə, adamlar Qorkini təzədən oxumağa başladılar... 
 
XXX 
 
R.Oldinqton yazır: "İngilislər həqiqətən də fransızlara nifrət edirlər. Fransada hər bir yenilikçi özünə asanlıqla tərəfdarlar tapır. Yenilikçilər fransız sərhədlərini aşıb, İngiltərəyə daxil olduqda mühafizəkar ingilislər yeniliklərin qarşısını almaq üçün xeyli enerji sərf etməli olurlar". Dəqiq fikirdir. 
 
Oldinqton həmçinin yazır ki, Oskar Uayldın aqibəti bütün ingilis sənət adamlarını qorxutdu... Doğrudan da hər bir avantürist, yenilikçi Parisi özünə məskən seçmişdi. Bütün idarəolunmaz, dəli, başdanxarab sənət adamları ya əvvəldə, ya da axırda Fransanı özünə məskən seçmişdi. Buna görə Paris haqqında yüzlərlə roman, esse, şeir yazılıb. Bir kafedə Hemenquey, başqa bir kafedə isə Ceyms Coys hekayə yazırdı. Bir çox yazıçılar, şairlər, rəssamlar Parisi ömürlərinin sonuna qədər şirin-şirin xatırlayıblar. Təsadüfi deyil ki, dünyanın bir çox məşhurları Parisdə uyuyur. Məzarları ordadır.
 
Almanlar Parisə girənə qədər Paris bütün dəlilərə, avaralara, dahilərə, öz zamanında həqiqi qiymətini almamış sənət adamlarına qucaq açmışdı. Müharibə bitdikdən sonra yenə də sənət adamları Parisə yığışmağa başladılar. Fransız nəsri, fransız yazıçıları əksər hallarda inqilaba haqq qazandırıblar. Gəlin, "Səfillər" əsərindən məşhur dialoqu xatırlayaq:
 
- Sizcə, 17 yaşlı bir yeniyetməni qətl etmək cinayət deyil? 
 
- Cinayətdir. Amma əgər 17 yaşlı yeniyetmə kralın oğludursa, mən bu haqda bir az düşünməliyəm.
 
Başqa bir məqam. İntihar etmək istəyən gəncə xəbər gəlir ki, inqilab baş verib və dostların səni barrikadalarda gözləyir.
 
Fransız tarixi dünyanın ən zəngin tarixidir. Fransız tarixi, eşafot, Qrev meydanı, gilyotin, barrikada, azadlıq, qardaşlıq, bərabərlik, terror, sui-qəsdlər, nəhayət, respublika deməkdir. Heç bir xalq ideya uğrunda fransızlar qədər bir-birinə bərk girişməyib.
 
Dünyanın ən yeni tarixi Bastilyanın alınmasıyla başlayır. Fransızlar bəşəriyyətin bütün tərəqqipərvər insanları üçün öz qanlarını axıdıblar. Fransız maarifçiləri bəşəri dəyərlərin boy atmasında müstəsna rol oynadılar. Fransız yazıçıları, şairləri, rejissorları dünyanın bütün xalqlarının sənət adamlarına öz təsirini göstərdi. Hər bir mədəni xalq fransız mədəniyyətindən öz payını götürüb.
 
Volter, Monyer, Hüqo, Stendal, Balzak, Russo... Nəhəng imzalardır. Hamısının adını yazsam, bir qəzet səhifəsi bəs etməz. Bu imzalar hər bir şüurlu insan üçün ölməz, əbədiyaşardır.
 
Seymur Baycan
 
"Reytinq"
Yuxarı