post-title

Bir tikə zəhər

Milan Kunderanın çox möhtəşəm bir sözü var. Diqqətli oxucular bu sözü dəfələrlə yazılarımda işlətdiyimi bilirlər. Bizim bu günkü vəziyyətimizi bir xeyli anlamaq üçün bu söz açar rolunu oynaya bilən sözlərdəndir.

 

Milan Kundera deyir: insanın ən böyük azadlıqlarından biri, onun işinin itirilmə qorxusunun olmamasıdır. Ağır sözdü. Çox dərin mənası var. İnsan əsasən iki halda işini itirməkdən qorxmur:
 
1. O, peşəkardır. Bilir ki, ona bir mütəxəssis kimi ehtiyac var. Burdan çıxacaq və az keçmədən başqa bir yerdə işə düzələcək. Ola bilsin ki, maaşı bir az aşağı olsun, hər halda ac qalmayacaq. Peşəkarlıq insanı axrayınlaşdırır. Peşəkar insan istər-istəməz diktə edir. Öz azadlığının qədrini bilir.
 
2. Daxilən azad olan insanlar işini itirməkdən qorxmurlar. Ola bilsin ki, onlar iş tapmaqda çətinlik çəksinlər. Maddi vəziyyəti qəfildən ağırlaşsın. Amma bütün bunlar daxilən azad adama zamanında və anında qapını çırpıb işi tərk etməyə mane olmur. Daxilən azad adamlar işin itirilməsindən sonra yaranacaq ağır vəziyyəti çox vaxt görmürlər. Onlar üçün azadlığın qorunması istənilən qınaqdan daha əhəmiyyətlidir.
 
Nəzərə alsaq ki, bizim ölkədə işini bilən və daxilən azad adamlar azdır, deməli, ölkədə adamların böyük çoxluğu daima işini itirmək qorxusu altında yaşayırlar.
 
Bəli, ölkədə peşəkarlar çox azdı, daxilən azad adamlardan isə danışmaq bir az yersizdir. Onlar artıq azad adam kimi görünmürlər, daxilən azad adamlar Azərbaycan reallığında qohum-əqrəbanın, qonşuların gözündə azad adam kimi yox, dəli kimi qələmə verilir.
 
Hər kəsin öz maraqlarından çıxış etdiyi bir vaxtda hansısa bir şansı dəyərləndirməmək bu gün Azərbaycanda ancaq dəlilik kimi qəbul olunur.
 
İndi Azərbaycanda insanın rüşvət alması yox, rüşvət almaması, yaltaqlanması yox, yaltaqlanmaması böyük təəccübə səbəb olur. Reallıq budur ki, ölkəmizdə insanların çoxu işini itirmək qorxusu altında yaşayır. Üstəlik, onların hüquqları qorunmur.
 
Həmkarlar ittifaqlarının adı var, özü yoxdur. İşini itirmək qorxusu olan adamlar hər gün işə edama gedirmişlər kimi gedirlər. Onlar sanki işə yox, edam olunmağa gedirlər.
 
Çünki onlar hər gün iş yerində təhqir olunurlar. Onlar zorla gülümsəməli, yaltaqlanmalı, quyruq bulamalı, bir tikə çörək üçün min hala və vəziyyətə düşməlidirlər. Onlar təhqir olunduqlarının fərqindədirlər. Onlar bilirlər ki, yaltaqlıq edirlər. Onlar bilirlər ki, gün ərzində alçalırlar. Və bu haldan-hala düşməyin şahidləri var. Öz iş yoldaşları. Sadəcə, ümumi bir daxili razılıq əsasında hər kəs başını aşağı salıb bir tikə çörəyini qazanır. Sadəcə, onların bir çoxu öz daxilində bilir ki, bu, belə olmamalıdır.
 
İstər özəl şirkətlər olsun, istərsə də dövlət idarələri, insanların iş yerlərində hüquqları qorunmur.
 
Müdirlər, rəislər, direktorlar istədikləri formada onlarla rəftar edə, istədiyi qədər işlədə bilər. Əgər rəhbər dindardırsa, onlar da dindar olmalıdır. Qurban bayramında bir kilo ət alıb rəhbərin ünvanına milyon dəfə təşəkkür bildirməlidir. Əks halda işini itirə bilər.
 
İşini itirmək qorxusu altında yaşayan adamlar həyatdan heç cür zövq ala bilmirlər. Onlar daima gərgin vəziyyətdədirlər. Daima içlərində zəhər qaynayır. Bir çox hallarda onlar bu zəhəri öz yaxınlarının üstünə axıdırlar.
 
Məsələn, işini itirmək qorxusu altında yaşayan bir insan gündə bir neçə dəfə rəis, direktor, müdir qarşısında alçalır, təhqir olunur, zorla gülümsəyir. Onun bütün ruhi halı rəhbərin halından asılıdır. Rəhbər gülümsəyirsə, onun ovqatı yaxşıdır. Rəhbərin qanı qaradırsa, onun ovqatı yaxşı ola bilməz. O, artıq öyrədilmiş it kimi hər an alçaldıcı sözləri öz üzərinə almağa hazırdı...
 
Daima bu vəziyyətdə yaşayan bir adamın ailədəki vəziyyətini təsəvvür edin. Onun sifətindən zəhrimar yağır. O, hətta öz ailəsində belə çörəyi rahatlıqla yeyə bilmir. Çünki bir insan kimi təhqir olunduğunun fərqindədir. Kim bilməsə də o, özünün bir fərd kimi bütün azadlıqlarının itirildiyini anlayır.
 
Özünün təhqir olunduğunu anlayan insanlar acıqlarını çıxmağa yer axtarırlar. Övladlarına qarşı isti münasibət göstərə bilmirlər. Bir insan kimi təhqir olunduqlarını anlayanlar həyatın başqa sahələrində özləri özlərinə insan olduqlarını sübut etmək istəyirlər.
 
Məsələn, hər hansı dövlət idarəsində saatlarla sakitcə dayanan, heç bir etiraz bildirməyən adamın işıqforda yaşıl işığın yanmasını gözləməyə səbri çatmır. Bir başqası da özü özünə insan olduğunu sübut etmək istəyir. Beləliklə, bu kölələr bir-birilərini didməklə özləri özlərinə insan olduqlarını, hələ də yaşadıqlarını sübut etmək istəyirlər. Buna görə də daima yollarda, toylarda qanlı davalar düşür.
 
Rəhbər qarşısında, özündən bir rütbə yuxarı adam qarşısında min vəziyyətə düşənlər toyda bir-birlərinə güzəştə getmək istəmirlər. Çünki kölələrin bir birinə nifrəti dərin olur... Metronun qapısı bir dəqiqə gec açılan kimi qapıya beş-altı təpik dəyir. Amma metro qapısına ətəpik vuranların sifətinə baxan kimi məlum olur ki, onlar kölədirlər. Sındırılıblar, alçalıblar və alçalmaqda da davam edirlər.
 
Başqa bir dəstə isə öz zəhərini azad adamların üstünə axıdır. Kölələrin düşüncəsinə görə, azad adam yoxdur. Pulu hər şeyə qadir hesab edən insanların düşüncəsinə görə, bir insan hər hansı yola təmənnasız xidmət edə və yaxud hansısa ideyaya inana bilməz. Onun düşüncəsinə görə, ortada mütləq pul haqq-hesabı olmalıdır.
 
Öz köləliyini dərk edən insanları azad insanlar qıcıqlandırır. Gündə bir neçə dəfə alçalan, təhqir olunan adamları azad insanlar əsəbləşdirir. Onlar bacardıqları qədər mübarizənin mənasızlığını sübut etməklə öz köləliklərinə haqq qazandırmaq istəyirlər. Əslində, onlar özləri özlərinə təsəlli verirlər. Ki, doğru olan yol budur, gərək siz də bizim kimi 500 manat maaşa gündə bir neçə dəfə hürməyə, miyoldamağa, kişnəməyə razı olaydınız. Öz rəhbəri qarşısında haldan-hala düşənlər özləri özlərinə bir insan olduqlarını sübut etmək üçün gücləri yazılara şərh yazmağa çatır.
 
İnsanın mənəvi çürüntüsü çox sürətlə baş verir. O, öz əməllərinə haqq qazandırmaq üçün bütün proseslərə həqarətlə baxmağa, mübarizəsini davam etdirən adamlara şər atmağa məcburdur.
 
Bizim ölkədə insanların böyük çoxluğu işini itirmək qorxusu altında yaşayır. İşini itirmək qorxusu altında yaşayan adam işini itirməmək üçün öz iş yoldaşından daha çox yaltaqlıq etməyə, rəhbərin daha çox xoşuna gəlməyə, rəhbərə başqalarından daha çox yarınmağa məcburdur. O, "suka"lıq etməlidir. Ona görə də ölkədə "suka"lıq geniş yayılıb.
 
Yaltaqlıq çiçəklənməkdədir. İnsanlar işini itirməmək üçün hər bir pis əməli həyat reallığı kimi qəbul edir. Və bu yaltaqlıq, alçaqlıq, xəbərçilik menyüsünün adını "başımı aşağı salıb bir tikə çörəyimi qazanıram",- qoyublar. Bu yolla qazanılan çörəyə çörək demək çətindi, bu, çörək deyil, zəhərdir.
 
Yaltaqlıq, alçaqlıq, xəbərçilik etməklə pul qazananlar öz övladlarını çörəklə deyil, zəhərlə yemləyirlər. İnsanlar işini itirmək qorxusundan hər gün rol oynamağa məcburdur. Xəbərçilik edirlər, inamsızlıq yaradırlar. Bütün proseslərə həqarətlə yanşırlar və ümumiyyətlə, həyata ciddi baxmırlar. Çünki onlar bir fərd olaraq öz ciddiyyətliklərini itiriblər. Düzdür, elə adamlar var ki, heç yuxarıda yazılanları başa düşmür və yaxud başa düşmək istəmir.
 
Biz bu yazıda öz köləliyini anlayan, özünün yaltaqlandığını, alçaldığını anlayanlardan söhbət açdıq. Bu mənada Milan Kunderanın sözləri çox möhtəşəmdir. Bəli, bir daha təkrar edək: insanın ən böyük azadlıqlarından biri, onun işinin itirilmə qorxusunun olmamasıdır!
 
Seymur Baycan
 
"Reytinq"
Yuxarı