post-title

Həkimin Allahı olmamalıdır!

Bu gün bir dəyərli yazarımızla söhbət əsnasında bu fikrimdə qətiləşdim ki, ən azı təbiət elmləri mütəxəssisi dindar olmamalıdır. Xüsusən də həkimlər. "Dindar həkim" nə həkim kimi həkim olacaq, nə də dindar kimi dindar. İş orasında deyil ki, bunlar rəqib təşkilatlardır. Məsələ başqa şeydədir.

 

Baxın, həkim nəyisə bilməyə bilər. Nəinki həkim, bütün təbabət hansısa xəstəlik qarşısında aciz qala bilər, amma o ki, həkim xəstəyə dedi, Allah özü kömək olsun, qismət Allahdan, biz kimik ki, o kişi (Allah) məsləhət bilməyən yerdə... vəssalam o həkimin kitabı bağlanıb demək. Bu adam heç vaxt özünün bilməsinin vacib bildiyindən artıq bilməyəcək, yeni bilgilər əldə etməyə can atmayacaq. Çünki onun həmişə "zapasnoy Allahı" var.

Belə həkim yaxşı halda riyakardır, çünki müalicə edə bilməməsinin əsl səbəbini boynuna almaq istəmir, pis halda isə səhlənkardır, çünki bu yolla o gördüyü işin məsuliyyətindən yaxa qurtarmağa çalışır.

Hətta müalicə etdiyi xəstəliyin çarəsi elmə məlum deyilsə belə, həkim onun qarşısında aciz qalmasıyla barışmamalıdır. Bu məsələni araşdırmalıdır, təcrübələr qoymalıdır, müşahidələr aparmalıdır, nəticələri təhlil etməlidir. Tibb elə bu yolla inkişaf edib axı.

Əgər Fleminq göbələklər üzərində təcrübələr aparmasaydı, biz bu gün də antibiotiksiz adicə bakterial infeksiyalardan öləcəkdik.

Forsman öz dirsək venasını açıb ora adi sidik kisəsi kateterini salaraq onu öz ürək qulaqcıqlarına qədər yeritməklə bu işin çox rahat, təhlükəsiz və ağrısız olmasını göstərməsəydi indi də bütün ürək əməliyyatları çox travmatik olan döş qəfəsinin açılması üzərindən ediləcəkdi.

Ceyms Marşal mədə xorasının hamının artıq çoxdan qəbul etdiyi kimi qida, stress faktoruyla deyil Helicobacter pylori adlanan bakteriya tərəfindən törədildiyini sübut etmək üçün bu bakteriyalarla dolu bulyonu içib xəstələnməsi bundan sonra isə qısa antibiotik kursu ilə sağalması olmasaydı, nə o nəticədə Nobel mükafatı alacaqdı (2005-ci il), nə də tibb aləmi bu kəşvi edəcəkdi.

Yeri gəlmişkən niyə sərvətini Azərbaycan neftindən qazanmış Nobel mükafatı bu vaxtadək bir azərbaycanlıya belə qismət olmayıb sualının cavabı da burada gizli ola bilər.

Qısası əgər Allah varsa belə, onun göndərdiyi kitablardan belə bəlli olur ki, o insanları elmə səsləyir. Bu məntiqdən yola çıxsaq onun üçün daha məqbul o olardı ki, insanlar ona təzim etməkdənsə, gedib bir elmi ədəbiyyat oxusunlar. Mən Allahın mövcudluğu təqdirdə onun bu qədər şöhrətpərəst, mədhiyyə xoşlayan olduğuna inanmıram. 

Dr. Hacı Hacılı

Kultura.Az

Yuxarı