post-title

İstirahət həngaməsi

Üç il olardı ki, yay aylarında iş yerindən istirahət üçün məzuniyyət vermirdilər. İşimiz çox və gərgin olduğuna görə bütün iş yoldaşlarımla Bakıda qalıb göydə yandırıcı günəşin, yerdə isə qaynar qırın istisində zənciyə dönənəcən işləyirdik.

 

Əsəbimdən televizora da baxmırdım: bütün kanallar dənizdə, hovuzda, nə bilim, kəhrizdə, bulaq başında çimişən lüt-ətcə adamları, öz bağ evində kabab çəkə-çəkə tamaşaçılar üçün bir ağız zümzümə edən müğənniləri göstərir, mənim kimi hamam suyunun umuduna qalan biçarələrə yanmışlıq verirdi. 
 
Hansı tamaşaçı buna dözər? Mən tamaşaçı ola-ola Bakıda qovurğa kimi istidən çırtlayıram, mənim müğənnim sərin hovuzda çimib kabab çəkir, hələ üstəlik, utanmaz-utanmaz zümzümə də edir; yəni ay tamaşaçı, yan-tökül, gördün, səsimi, geyimimi, saç düzümümü, ərimi, qızımı, oğlumu, oynaşımı, prodüsserimi, klarnetçalanımı, nağaradöyənimi, verilişimi, slikon döşlərimi, plastik əməliyyatlarımı bəyənmirdin. Gördün nə oldu? Mən burda kefdəyəm, sən isə orda ağcaqanad dərmanının tüstüsündə boğulursan. Di get, ağzın tökülsün. 
 
Hə, bacıoğlu, nəhayət, bu yay bir aylıq tətilə çıxıb fikirləşdim ki, başımı götürüb hara gedim. Başladım istirahət zonalarının qiymətləri ilə maraqlanmağa. Məlum oldu ki, Tanrı mənim alnıma belə bir xoşbəxtlik yazmayıb. Yəni mənim üstümdə olan pulla nəinki istirahət zonasında ov ovlamaq, quş quşlamaq, qız bişirmək olar, bu pula olsa-olsa kənd yerində qaz bişirmək olar.
 
Odur ki lənət sənə kor şeytan deyib mindim atı, ya Allah, birbaş kəndimizə. Elə təzəcə evimizə çatıb əl-ayağımın toz-torpağını yumuşdum ki, kəndə hay düşdü: elimizin “böyük” oğlu gəlib.
 
Əvvəlcə qonşuluqda yaşayan əmim, arvadını da yanına salıb mənə dəyməyə gəldi. Bir-iki xoş söz-söhbətdən sonra kişi hamının yanında məni qabağına qoyub danlamağa başladı ki, niyə evlənmirsən, sənin taylarının uşaqları məktəbə gedir, sən isə Bakıda veyil-veyil gəzirsən. Nə vaxt bu həyətə gələndə sənin yanında bir zənən görəcəyəm, nə vaxta qədər samovarı özün qaynadacaqsan, corabını özün yuyacaqsan? O boyda Bakıda özünə bir qız tapa bilmirsənmi? Tapa bilmirsən, gəl öz el-obamızdan birini vur qoltuğuna, apar qoy başının altına. Kişi deyilsən, bu nə həyatdı, tüpürüm belə həyata – deyib hirsini soyutmaq üçün siqaret yandırdı. Bu isə o demək idi ki, indi də söz verilir arvada.
 
Bəli, indi də əmimin arvadı başladı: “ədə, deyirlər şəhər qızları yava olur, gəl öz kəndimizdən evlən, Çaparxanın evində dörd qız var, dördü də su sonası. Bəyənməzsən, Ədlağanın kiçik qızına baxarsan. Xoşun gəlməz, rəhmətlik Gülavazın böyük nəvəsi elə sən yaşdadı, onu alarıq, razı olmazsan, məşədi Qəzənfərin ortancıl qızına elçi gedərik. Əmin də səni çox istədiyindən danlayır. Tüpürələr belə həyata”.
 
Günorta yeməyindən sonra hər ikisi son tapşırıqlarını verib getdi. Elə tut ağacını kölgəsinə uzanıb bir balaca yorğun beynimi dincə qoymaq istəyirdim ki, böyük bibim özünü yetirdi. Otuz beş dəfə o üzümdən, bu üzümdən öpəndən sonra başladı, nə başladı: “ədə, sən nə gündəsən, quruyub qartdanağa dönmüsən ki. O boyda Bakıda bir əlcə çörək tapıb yeyə bilmirsən? Yəqin içkiyə, siqaretə qurşanmısan. Biləyin sərçə ayağına oxşayır. Ay qız, buna nehrə yağından-zaddan verin, qoy bir az əmələ gəlsin. Nə vaxt sən bu həyətə girəndə qarnın özündən qabaq girəcək? Adı olsun ki, filankəsin oğlu Bakıda yaşayır. Sənin qabırğaların sananır, ədə. Tüpürələr belə yaşayışa”.
 
Bibim də deyinə-deyinə çıxıb getdi.
 
Təzəcə quyu suyundan içib uzanmışdım ki, dayım gəldi, qoltuğunda da yekə bir qarpız. Salaməleykdən sonra qarpızı sinidə doğraya-doğraya başladı: “O gün səni televizorda göstərirdilər. O nə köynək idi geyinib çıxmışdın ora. Daha yekə kişisən, əyninə-başına fikir ver. El-oba adamı söyər. Yetim deyilsən, çolaq deyilsən, bir kostyum geyin, qalstuk tax, biz də baxanda ürəyimiz açılsın. O saçını-başını da abıra saldır, qulyabanıya oxşayırsan. Adam sənə baxanda həyata nifrət eləyir. Nə vaxta kimi quru Hacıleylək kimi yaşayacsan?
 
Tüpürüm belə həyata”.
 
Dayım da qarpızı yeyib getdi. 
 
Fikirləşdim ki, daha dincələ bilərəm, odur ki yerimi rahatlayıb uzandım. Paho! Bu vaxt həyətə içi arvad-uşaqla dolu bir maşın girdi. Hər iki xalam, onların ərləri, uşaqları hay-küylə həyətə tökülüşdü. Yenə altmış beş dəfə öpüşüb görüşəndən sonra biri danladı, o biri məsləhət verdi, biri söydü, o biri ağıl öyrətdi.
 
Gecə fikirləşdim ki, yox, deyəsən, doğrudan da, mənim alnıma istirahət deyilən şey yazılmayıb. Səhər yuxudan duran kimi o biri qohumların gəlişini gözləmədən dabanıma tüpürdüm, haydı Bakıya!
 
Aqşin Yenisey
Simsar.Az
Yuxarı