post-title

Fars faşizmi uydurması

Hər şeydən əvvəl ifadə edim ki, mən Azərbaycan Türküyəm (əcdadım Təbriz və Borçalı mənşəlidir) və İran tərəfdarı deyiləm. Mövcud olan heç bir dövləti və hətta "xalq-dövlət" sistemini dəstəkləmirəm. Dövlət, millət və ya irq mənasını verməz, bərabər deyildirlər. Bu yazını siyasi fayda üçün yazmıram, yalnız həqiqəti göstərməyə çalışıram.

 

Bu yazını heç bəzəməyəcəyəm. Bu yazı lazım olduğundan uzun olmayacaq. Bir çox Türkiyə türkü və azərbaycanlı (ümumiyyətlə şimal azərbaycanlılar) hər fürsətdə farslara, İrana söyür, günahlandırır, və ümumi olaraq pisləyir. Cənub Azərbaycanda problem varsa farsların günahıymış.
 
Problem böyükmü, kiçikmi? Fərq etməz. Cənubi Azərbaycan xalqının farslaşması kimi ictimai məsələlər də (guya indiki İran höküməti farsları, fars mədəniyyətini çox yaşadır, inkişaf etdirirmiş!), Urmu gölünün quruması, hətta son zamanlarda Təbrizdə baş vermiş zəlzələlər kimi təbiət məsələləri də farsların günahıymış. Bu problemlər təbii ki, ağırdır, amma bu problemləri farslara bağlamaq çox səhv və "Fars faşizmi" kimi yalanlar əzik bir psixologiyanın əsərlərindən başqa bir şey ola bilməz.
 
"Fars" Faşizmi... ?
 
İran hökümətinin bəzi liderləri, gözə dəyən bəzi şəxslərini qısaca araşdıraq.
 
Seyid Əli Xamenei; atası Azərbaycan türkü (amma seyidliyi doğrudursa ərəb cəddlərinin də olduğunu göstərir).
 
Sadiq Xalxali; Azərbaycan mənşəli, Xomeyninin ilk dəstəkçilərindən. İranın ən qatı artıq İslamçıları, İran hökümətinin gəlmiş keçmiş ən zalım hakimlərindən.
 
İnqilabi-İslami öncəsi İran hökümətinin Fars milliyyətçiliyinə baxmayaraq, Pəhləvi xanədanının kraliçaları Azərbaycan türkü idi (Tac-ül-mülk Ayrumlu və Fərah Pəhləvi).
 
Əhməd Kəsrəvi; müasir İran höküməti ilə əlaqəsi yoxdur, amma çox mühüm bir şəxsdir. Təbrizdə doğulan bir Azərbaycan Türküdür, erkən Fars milliyyətçiliyin ən mühüm öncüllərindəndir. Azərbaycanın rəsmi dili farsca olmasını istər, müasir azərbaycanlıların çoxunun türklər ilə əlaqələri olmayıb İran soylu olduqlarını müdafiə edərdi. Səfəvi xanədanının soyu İran mənşəli olduğunu iddia etdi.
 
İranın ən rüşvətçi xanədanlarından biri, Azərbaycanı Rusiyaya verən xanədan olan Qacar xanədanı da Türk mənşəli idi.
 
Ayrıca, Seyid Ruhullah Musəvi Xomeyninin Türklük ilə əlaqəsi olmadığı halda, bəzi cəddləri Hindistan mənşəli idi və özü bəzən "Hind" adını ləqəb olaraq istifadə edərmiş.
 
Bu çox qısa bir siyahıdır, çox şəxs daha əlavə edə bilərəm, amma lazım deyildir məncə. Gördüyünüz kimi, İran hökümətinin ən mühüm və zalım şəxslərin bir çoxu Azərbaycan mənşəlidir. Çox "Fars" imiş bunlar!...
 
İndi sizə bir neçə sual verəcəyəm. "Fars faşizmi" güdən bir hökümət, Fars tarixinin ən mühüm şəxslərindən biri olan Böyük Kir'in (Kuruş-i Bozorg) qəbrini dağıtmaq istərmi? İranın və hətta dünyanın ən mühüm arxeoloji əsərlərindən biri olan Persepolisə (Təxti Cəmşid) laqeydlik göstərərək xarablaşmasına gətirib çıxararmı? Yerli Fars ənənələrini pisləyib təzyiq edərmi? 
 
Müasir İran höküməti "Fars faşizmi" filan güdmür, əsasən İslamçı, ümmətçi bir hökümətdir və türklərə də, farslara da zülm edir, zərər verir. Müasir Azərbaycan türkləri öz alçaq kompleksləri, yöndəmsizlikləri, səhvləri və bacarıqsızlıqlarıyla üzləşib inkişaf etmək istəmədikləri üçün farsları bir günah keçisi olaraq istifadə edir (təbii ki bəzi Fars milliyyətçiləri və pan-İranistlər də türkləri günah keçisi olaraq istifadə edir) və (bəli, deyəcəyəm) Amerikanın oyunlarına uyurlar. Bizim gələcəyimiz bizim əlimizdədir və xaricdəki qaranlıq əsri bitirə bilmək üçün əvvəl içimizdəki qaranlıq əsrini bitirməliyik, inkişaf etməliyik, təkamül keçirməliyik.
 
Aydınoğlu Yusif (ABŞ)
Yuxarı