post-title

Ramil Səfərov testi

Ramil Səfərovun ekstradisiyası və ölkə başçısının onunla bağlı əfv sərəncamı Azərbaycan və Ermənistan arasında tarixi ədavət və milli münaqişəni yenidən gündəmə gətirdi. Səfərovun Bakı aeroportuna enməmiş azad olunması isə Ermənistanda isterik və hədələyici bəyanatlarla qarşılandı.

 

Azərbaycanda isə toplumun böyük kəsimi bu hadisənin yaratdığı mənfi effektlər barədə ya düşünmək, ya da bunu təsəvvürünə gətirmək istəmədi; kimisi bunu məhkumun azadlıq haqqı, kimisi vətənpərvərlik nümunəsi, kimisi də prezidentin humanistliyi kimi dəyərləndirdi.
 
Duyğu istismarçılığı
 
Ötən bir həftə ərzində baş verənlərə əsaslancaq, Səfərovun dərhal azad edilməsiylə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə yetərincə həssas olan münasibətlər daha da gərginləşib. Artıq hər iki ölkənin gündəmini qızışdırıcı və millitarist açıqlamalar zəbt edib. Ermənistanla bağlı vəziyyət aydındır. Orada Səfərov qatil hesab olunur və onun azadlığı ədalətsiz hesab edilir. Ancaq bu qonşu ölkədə görünənlərin yalnız üz tərəfidir.
 
Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə nəticələnən müharibədə şəhid olan, itkin düşən və ya ağır yaralanan yüzlərlə qəhrəmanımız olub. Aralarında bəzisi yüksək hərbi peşə hazırlığına və həyatda olmasına baxmayaraq, zəruri diqqət və imtiyazları əldə edə bilməyiblər. Məsələn, Ermənistan ordusundan fərqli olaraq, bizim ordunun rəhbər heyətində hərbi əməliyyatlara rəhbərlik edən və ya yaxın iştirakçısı olan şəxslər azdır. Eyni situasiya daxili qoşunlar, daxili işlər nazirliyi və digər güc strukturlarına da aiddir. Nədir bu cür etinasızlığın arxasında gizlənənlər? Heç şübhəsiz ki, 18 il ərzində hakimiyyətə müharibə dövrünün stajlı qəhrəmanlarını populyarlaşdırmaq sərf eləməyib; aralarında yetərincə zəngin döyüş təcrübəsi olan keçmiş qəhrəmanlar siyasi hakimiyyətin avtoritar idarəçiliyi üçün təhlükə sayılıb.
 
Bununla belə ölkə münaqişə vəziyyətindədir və uğursuz sülh danışıqları müqabilində opponentlərə yeni qəhrəmanlar göstərilməldir. Qəhrəman olmaq istəyənlər isə həmişə var, indi qalır onlardan yararlanmaq və toplumun vətənpərvərliklə bağlı duyğularını istismar etmək. Bir qədər diqqət etsək, vətənpərvərlik duyğularının istismarçılığına dair çeşidli nümunələr müşahidə edərik. 
 
Hüquqi yoxsa siyasi akt?
 
Səfərovun Macarıstandan ektsradisiyası “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası, azad olunması isə ölkə qanunları əsasında həyata keçirilib. Buna baxmayaraq, əfv sərəncamı hüquqi konteksdə mübahisələndirilməyə başladı. Bəzi hüquqşünaslar sərəncamın Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə zidd olduğunu, daha çox siyasi səciyyə daşıdığını qeyd ediblər. Məsələn, Ədliyyə Nazirliyindən Macarıstanın sorğusuna cavab olaraq göndərilən müraciətdə Səfərovun azadlığa buraxılacağı barədə məlumat yer almayıb. Əksinə sənəddə ömürlük azadlıqdan məhrum edilmə cəzasının əfv qaydasında 25 ildən sonra şərti azadlıqla əvəz ediləcəyi qeyd edilir. Göründüyü kimi, hüquqi baxımdan bu sərəncam qüsurlu sayıla bilər və əsasən siyasi iradə nümayişidir. Elə sərəncamın qüvvəyə minməsiylə yaşananlar və ölkədə aparılan təbliğat da göstərir ki, niyyət siyasi hadisə yaratmaq olub. Əslində Səfərov ölkəyə gətildikdən sonra məhkəmin qərarı və ya bir neçə ildən sonra sərəncamla “sakitcə” azad oluna bilərdi. 
 
Sərkisyanın sevinci
 
Ermənistanda yeni seçki yarışına hazırlaşan Serj Sərkisyan bu hadisədən dərhal sonra hədələyici bəyanatlar verdi. Aydın məsələdir ki, Rusiya təhlükəsizlik orqanlarına bəlli olan ekstradisiya ermənilərə də öncədən məlum olub. Ancaq Sərkisyan Səfərovun Bakıya gətirlməsinədək “gözləyərək”, bizə səhv buraxmaq üçün göz yumub. Səfərovun azad olunması ilə Ermənistanda 2013-cü ilin fevralında keçiriləcək növbəti prezident seçkiləri artıq start götürüb; bu marafonun qəhrəmanı isə Sərkisyandır. 2008-ci ilin martında keçirilən son prezident seçkilərində Sərksiyanın qələbəsini şübhə altına alan müxaliflərə qarşı ölkə boyunca siyasi represiyalar başlamış, onlarla siyasi lider həbs edilmişdi. Sərkisyan həmin olayların təkrarlanmaması üçün siyasi kapital toplayır. 
 
Sülh danışıqları və ölkənin imicinə zərbə
 
Sülh danışıqlarında bizm Dağlıq Qarabağla bağlı təklif etdiyimiz – Azərbaycan tərkibində ən yüksək muxtariyyət statusu bölgənin erməni və azərbaycanlı icmaları arasında birgə yaşayışı tənzimləyən özünüidarə sistemini nəzərdə tutur. Bizim vədlərimizə baxmayaraq, ermənilər özlərinin təhlükəsizliyinə və yaşamaq hüququna təminata skeptik yanaşaraq, buna etimadsızlıq göstərirlər. İndi ermənilərin arqumentlərinin güclənməsi üçün yeni imkan yaranıb. Əgər nəzərə alsaq ki, hazırda Azərbaycan danışıqlar prosesindən çəkilmək niyyətində və iqtidarında deyil, o zaman sülh prosesinin illərlə uzanması üçün Səfərovun dərhal azad olunması ilə ermənilərə töhfə vermiş olduq. 
Bu il keçirilən Eurovsion-2012 mahnı müsabiqəsi ərəfəsində vətəndaş cəmiyyəti fəallarını ölkənin nüfuzunu ləkələməkdə ittiham edənlərə indi sual edilməldir - doğrudanmı bizim insanlarımızı vəhşi obrazında tanıtmaq belə vacib idi? Səfərovun əməlini psixoloji travmanın yaratdığı təsadüfi qətl hadisəsi kimi yozmaq əvəzinə qəhrəmanlıq kimi təqdim etmək və sonradan “milli qəhrəman” kimi qarşılamaq bizim mənafeyimizə nə dərəcdə uyğundur? 
 
Sonuncu təhlükə: iqtidar-müxalifət həmrəyliyinin fəsadları
 
Ekstradisiya ilə bağlı yaşanan olaylardan həm Azərbaycan, həm də Ermənistan iqtidarları 2013-cü ildə keçiriləcək seçkilərdə faydalanacaq. Bununla da ən azı bir il münaqişənin sülh yolu ilə həllinə inamlar sarsılacaq və danışıqlar tormozlanacaq. Səfərovun azad edilməsi nə indi iqtisadi durumu ağır vəziyyətdə olan Ermənistana, nə də torpaqlarını itirmiş Azərbaycana sərf edir. Əksinə Azərbaycan üçün informasiya müharibəsində daha çox itkilər olacaq. Və belə bir şəraitdə ölkə müxalifətindən daha soyuq və yumşaldıcı münasibət gözlənilsə də, əksər siyasi qüvvələr Səfərovun azad edilməsini alqışladılar. Bəlli oldu ki, illər keçsədə iqtidarla müxalifətin münaqişəyə və onun ətrafında güclənən urapatriotizmə münasibəti fəqrlənmir. Bu dəfə də müxalifətin iqtidarın düzənlədiyi “vətənpərvərlik” tamaşasına fərqli münasibət nəzərə çarpmadı. Ancaq bizdən fərqli olaraq, Ermənistanda Sərkisyanın hərbi xuntasından fərqli düşünən siyasi liderlər tapıldı. Məsələn, “Çiçəklənən Ermənistan” deputat fraksiyasının üzvü Qurqen Arsenyan parlamentdəki son çxışında bildirib ki, bir çox erməni Ermənistandan kənarda, bir çox hallarda azərbaycanlılarla yanaşı yaşayır, buna görə bəyanatlarda ehtiyatlı olmaq, ölkədən kənarda vəziyyəti gərginləşdirməmək lazımdır. Və dünən bir erməni bloqçusunun ölkəsindəki isterikanı tənqid edərək, əvəzində təhqirlərlə müşayiət olunan yazısına rast gəldim. Müəllif 2001-ci ildə terrorist Varujan Karapetyanın Fransadan İrəvana ekstradisiyasına istinad edərək yazır– Bu gün biz qışqırırıq ki, azərbaycanlılar sivil xalq deyil, vəhşidirlər, qatil və sairdirlər. Bir dəqiqə dayanın və düşünün ki, 10 il əvvəl biz də həmin şeyi eləmişdik...
 
P.S: Səfərov Bakıda jurnalistlərə ilk açıqlamasında 8 il öncə baş verən hadisə barədə danışmaq istəmədiyini bildirdi. Təbii ki, onu ittiham və mühakimə etmək haqqımız məhdudur. Əvvəla, insan istənilən emosional vəziyyətdə gözlənilməz addımlar atmağa qadirdir. İkincisi, o əməlinə görə cəzasız da qalmayıb. Ancaq o, indiyədək peşman olduğunu da bildirməyib. Və onun hərbi biliyinə şübhə etməyərək, nə vaxtsa ictimai rəyin basqılarından azad olaraq hərbçi təfəkkürü ilə baş-başa qalacağına və özünün “qəhrəman” obrazı ilə nələri itirdiyini kəşf edəcəyinə inanıram.
 
Anar Məmmədli
(Seçkilərin Montiqorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri)
 
Gozetci.Az
 

 

Yuxarı