post-title

Umberto Eco - Terror, yalan və onların televiziya effekti

Terror kütləvi informasiya vasitələri (KİV) dövrünün fenomenidir. Əgər KİV olmasaydı, onda yeni xəbər yaratmaq üçün nəzərdə tutulmuş hadisələr də baş verməzdi. Terrorizmin mahiyyəti, siyasi məqsədlərə çatmaq üçün terrorun yayılmasından ibarətdir.

 

 
Terrorizmi aşağıdakı üçbucaq yaradır: terrorçu, onun qurbanı (bu üçbucağın ən mühüm tərkib hissəsidir) və terrorçunun qorxu yaradaraq özünə tabe etməyə çalışdığı kütlə. İstifadə olunan metodlar və ideologiya dəyişə bilər, bu sadəcə fundamental strategiyanın detallarıdır. Məqsəd hər cür zorakı yollardan istifadə edərək, qorxu yaratmaq və qarşıya qoyulan məqsədə çatmaqdan ibarətdir.
 
Terrorizm hər zaman rasionaldır, çünki terroru hərtərəfli gəlir-xərc hesablamaları apardıqdan sonra tətbiq edirlər. Məgər kütləvi, ya da tək bir qətl törədərək cəmiyyətə mesaj vermək, sadəlöv düşüncənin məhsulu ola bilərmi? 
 
Aviauçuş zamanı partladılıb, insanları parça-parça edən bombanın cəmiyyətə verdiyi əsas mesajı belədir: “Qurbanları unudun, bu daha çox sizə aiddir, siz sağ qalmaq istəyirsiniz, yoxsa belə qəfil, dəhşətli ölümlə məhv olmaq?”
 
Terrorizm zorakılıq qarşısında gücsüzlüyü təbliğ edir, televizor və mətbu nəşrlər faciə haqqında məlumatı sonsuz sayda təkrarlayır, çarəsizlik və ümidsizliyi qabardır. Bu da öz növbəsində, dövlər strukturlarının zəifləməsinə, xalqın hədələnməsinə gətirib çıxarır, demokratik inkişaf yoluna zərbə vurur.
 
Birləşmiş Ştatlar öz cildinin içində terrorizmi hiss edib. Bu yaxınlarda terror zərbəsinin nəticələrini İspaniya da öz üzərində hiss etdi. Seçkilərdə PP (Partido Popular) gözlənilməz məğlubiyyətə uğradı, hakimiyyət başına keçən sosialistlər isə (PSOE) ispan hərbi kontingentini dərhal İraqdan çıxaracaqlarını elan etdilər. İspaniya üçün iqtidarda olan partiyanın dəyişməsi xeyirlidir, lakin buna görə çox böyük qurbanlar verildi: Madriddə təşkil olunmuş partlayışda 200-dən çox insan öldü, 1500 nəfər yaralandı. 
 
Seçkilərdə qalib gəlməkdə qismən də olsa “Qara Ölüm Küləyi”nin (Madriddə əməliyyat keçirən terrorçu qruplaşmanın ümumi adı belədir) rolu olduğunu demək artıq adi şey deyil. Əksinə məsuliyyətsizcə insan ölümündən istifadə edənlər qınağa layiqdir və PSOE tərəfdarlarının sevinci vəziyyətin ciddiliyi ilə heç cür uzlaşmır.
 
Qalibiyyəti bayram edən PSOE üzvləri və onlara rəğbət bəsləyən ispanlar yüksək səslə qışqırırdılar: “Burda hamı toplaşmayıb, daha 200 nəfər əksikdir!”. 11 mart qurbanlarına işarə vuraraq belə danışmaq yolverilməzdir.
 
İspaniyada əvvəlki iqtidar partiyası PP-nin seçicilərinin sayını artıracağına bel bağladığı terror aktı özünə qarşı yönəldi. PP –höküməti partlayışda bask separatçılarını günahlandırsa da, terror aktına görə cavabdehliyi üzərinə götürən Əl-Qaidə və “Mufridon Aslanları” (“Los Leones de Al-Mufridoon”), ispan sosialistlərinin qalib gəlməsinə şərait yaratdı.   
 
İspaniyada baş verən hadisələr bütün demokratik aləm üçün fəlakətli sonuca gətirir. Hansısa terror təşkilatının demokratik seçkilərin nəticəsinə təsir etməsi faktı, olduqca təhlükəlidir, həqiqətdə bu hərbi qiyam ya da dövlət çevrilişinə bərabərdir. 
 
İspaniya hadisələri Avropa hökümətlərinə, Birləşmiş Ştatlar hökümətinə və bütövlükdə dünya hökümətlərinə hakimiyyətdə qalmaq üçün pis örnək olacaq. Başlanğıc üçün isə onu deyə bilərəm ki, London elə indidən özünü gələcək hədəf taxtası hesab edir. . .
 
Nəhayət, hər şeydə baskları günahlandırmağa can atan Asnar və onun höküməti ictimai rəyi istədiyi tərəfə yönəltməyə çalışarkən həddini olduqca aşdı və ispanlar bunu onlara bağışlamadı. Yuxarıda bəhs olunan fakt demokratiyaya xas cəhətlərdən biridir: vətəndaşlar höküməti cəzalandıra, dəyərləndirə və etdiklərinin hesabını tələb edə bilər. 
 
Baxaq görək, öz növbəsində Rusiyada nə baş verib. Lap bu yaxınlarda Moskva metrosunda az qala beş yüz adamın canını alan partlayış baş verdi.
 
Aradan bir ildən çox vaxt keçdi və bu dəfə çeçen intiharçı-terroristləri Moskva teatrlarından birini tutduqdan sonra, rusiya höküməti qaz tətbiq etməyi qərara aldı, nəticədə həm terroristlər, həm girovlar, ümumilikdə 200 nəfər həlak oldu.
 
Rusiyada hökümətin əl atdığı yalan və zorakılıq, ispan hökümətinin başçısı Asnarınkından yüzlərlə, minlərlə dəfə çox olub. Bununla belə, dekabrda keçirilən parlament seçkilərində ən çox səsi Rusiyanın iqtidar partiyası topladı, Vladimir Putin isə seçicilərin 70% -nin səsini toplayıb, elə seçkinin birinci turunda dövlət başçısı postuna yiyələndi.
 
Eyni bir səbəb, heç də hər yerdə eyni nəticəyə gətirib çıxarmır. Asnar PSOE –nin dəstəklənməsi halında ETA terror təşkilatına son qoyacağına söz vermişdi, hətta məqsədinə yaxınlaşmışdı da, amma heç cür ona nail ola bilmədi.
 
Putin ilk dəfə 2000-ci ildə prezident seçiləndə çeçen müharibəsinə son verəcəyini vəd etdi. O bu məqsədə heç yaxın da düşmədi, lakin digər tərəfdən Asnar məğlubiyyətə uğrayarkən, o seçkilərdə ikinci dəfə qalib oldu. Fərq demokratiyadadır. Bu əla şeydir! 2003-cü ildə Əl-Qaidə qərar qəbul etdi. Qərar 15 martda bəlli oldu: “İspaniya və ABŞ arasında ittifaqı dağıtmaq üçün İspaniyada iki-üç bomba partlatmaq bəs edəcək. Bu ictimai rəyi öz hökümətinə təzyiq edib, İraqdan ordunu çıxartmağa yönəldəcək”. Deyildi və edildi, bu isə çox pisdir!
 
 (“El Universal” qəzeti, Meksika) 22.03.2004
 
Çeviri: Namiq Hüseynli
Yuxarı