post-title

Blues brothers (+18) (Hekayə)

Gecə yarıdan keçmişdi. Saatın əqrəbi yavaş-yavaş səhərə doğru sürünürdü. Dünən bütün günü ora-bura qaçdığımdan günorta yatıb dincəlməyə vaxt tapmamışdım və gecə növbəsinə çox yorğun gəlmişdim. Mühafizə köşkünün küncündəki qoltuqda oturub mürgüləyirdim. Növbə yoldaşım binanı yoxlamağa getmişdi, bir azdan qayıdacaqdı.

 

 
Telefon zəngi məni yuxunun lap şirin yerində yaxaladı. Diksinib atılanda başım arxamda divara pərçim olunmuş kondisionerin altına dəydi. Ufuldayıb başımı ovxaladım. “Sənin var yoxunu...” Telefonun dəstəyini götürüb kal səslə təlimata uyğun olaraq “Guesthouse security” söylədim. Dostum Gündüz Hunlar idi. Səsindən nə isə xoşagəlməz bir hadisənin baş verdiyini hiss etdim, dalağım sancdı.
 
- Əmi, gələ bilərsən indi?
- Nə olub ki?
- Mən emalatxanaya indi gəlib çıxmışam... gələndə sənin otağına baş çəkdim, gördüm ki, içəridən dama çıxan qapını sındırıblar. Deyəsən sənin otağını soyublar, magnitafon-filan gözə dəymir.
- O oğraş olacaq... gəlirəm indi.
 
Növbə yoldaşımı əl radiosu ilə çağırdım. Təcili işim çıxdığını söyləyib növbəni bu gecə mənsiz yola verməsini xahiş etdim. Tez-tələsik paltarımı dəyişib yeyin addımlarla yola çıxdım, əl edib  taksi saxladım.
 
İçəri keçən kimi sol tərəfdəki qapının sındırıldığını, üstündəki ayaqqabı izini gördüm. İçəriyə azacıq göz gəzdirmək yetərli oldu – otaqdan maqnitofon, fotoaparat, disklər, kassetlər yoxa çıxmışdı. Gündüz dilxor divanda oturmuşdu.
 
- Əmi, bu oğraş Elsevərin işidir.
- Mən də belə düşünürəm.
- Polisə xəbər vermək lazımdır, ancaq  gəl əvvəl bir baxaq, görək damdakı izlər hara aparır.
 
Çıxdıq dama. Qapı ilə damın arasında balaca, boş bir otaq vardı, o otağı damdan dəmir örtük ayırırdı. Yaxın günlərdə otaqda təmir işləri aparıb ayaqyolu tikmək istəyirdim, turbaları çəkdirmişdim, xırda tikinti işləri qalmışdı. Yer torpaq olduğundan oğrunun ayaqqabıları batmış və damda aydın izlər  buraxmışdı. İzlərin ardınca düşüb düz Elsevərin emalatxanasının pəncərəsinin yanına qədər gəldik. İz pəncərənin altında itirdi. Deməli o alçaq öz pəncərəsindən dama dırmanmış, gəlib mənim emalatxanamın dama çıxan örtüyünü ayırmış və oradan da içəriyə keçən qapını təpiklə vurub sındırmışdı, buna heç şübhə yoxdu, ayaqqabı izləri  hər şeyi söyləyirdi.
 
Göt oğlu göt! Sənin var-yoxunu çömbəltmək mənə borc olsun! Əmi, sən burda ol, mən gedib polis götürüb gəlirəm.
 
Bunları söyləyib aşağı düşdüm, üz tutdum birbaşa yaxınlıqdakı  22 saylı polis bölməsinə. İçəri keçəndə növbətçi çavuş telefonla danışırdı. Məni görüncə dəstəyi qulağından ayırdı:
 
- Nə məsələdir?
- Emalatxanamı gecə yarıblar. 
- Kim yarıb?
- Mən də elə bunu aydınlaşdırmaq üçün gəlmişəm.
- Gözlə...
- Arxasındakı otağın qapısını tıqqıldatdı:
 
- Rəis, hadisə var.
 
Otaqdan paltarı əzik-üzük, üzü tüklü bir polis leytenantı çıxdı. 
 
- Noolub?
- Rəis, bu oğlan deyir ki, onun emalatxanasını yarıblar.
- Nə emalatxanası?
- Mən rəssamam, burada, 28 May küçəsindəki binanın çardağında emalatxanam var, bu gecə qapımı sındırıb otaqdan bir şeylər aparıblar. Mən işdə idim, gecə növbəsində, dostum zəng edib xəbər verdi.
- Sabir, Rasimə de düşsün aşağı.
 
Birlikdə bayıra çıxdıq. Bir polis maşını yaxınlaşıb dayandı, içərisindən gülüşə-gülüşə iki-üç qadın tökülüşdü. Əyin-başlarından hansı yuvanın quşları olduqları bəlli idi.
 
- Rəis, deyərdiz özümüz gələrdik də, dalımızca polis maşını niyə göndərmisiz?
- Sabir, bunları sal içəri, hadisə yerinə gedirəm, gələndən sonra izahatlarını alacam. Rasim harda qaldı?
- Gəlir indi.
 
Rasim dedikləri çavuş qapıda göründü.
 
- Otur maşına, hadisə yerinə gedirik.
- Oldu rəis.
 
Uzun sözün qısası, gəlib çıxdıq emalatxanaya. Leytenant tez-tələsik içəriyə göz gəzdirdi, sındırılmış qapıya baxdı... Hiss olunurdu ki, fikri-zikri qalıb bayaqkı qızların yanında, hövsələsiz davranırdı.
 
- Kimdən şübhələnirsən?
- Qonşumdan.
- Niyə?
- Mənimlə ədavəti var, gözü götürmür məni. Daim problem yaradır, murdar işlər törədir burada.
- Nə işlər?
- İşəyir qapımın ağzına, dəhlizdə asdığım lampanı daim sındırır. Qısası yola getmir mənimlə.
- Bəs bu kimdir?
- Bu dostumdur, rəssamdır, onun da emalatxanası elə burdadır, bu koridorun axırında.
- Sənə hadisəni bu xəbər verib?
- Bəli.
- Nə bilirsən, bəlkə elə bu eləyib?
- Yox, Gündüz elə adam deyil, həm də ki, izlər Elsevərin otağına aparır.
- Nə izlər?
- Ayaqqabı izləri. Damda onun izləri qalıb.
- Özünüzdən hoqqa çıxarmayın, Şerlok Xolmsluq edirlər burda... qonşunuza niyə şər atırsız?
- Nə şəri? Rəis, çıxın dama, izlərə baxın, özünüz görəcəksiniz.
- Mən dama-mama çıxmayacam, idarədə işlərim tökülüb qalıb... Qonşunuza da şər atmayın. Sabah günorta gəlib şöbədə ərizə yazarsınız. Bizim indi vacib işimiz  var.
 
Deyəsən o arxa otaqda düzüb-qoşduqları yeyib-içmək və davamı onun fikrini daha çox məşğul edirdi, bizi tez-bazar yola verməl istəyirdi.
 
- Rəis, lazım olmadı, siz gedin işinizlə məşğul olun, biz özümüz aydınlaşdırarıq.
- Mənə sonra xəbər verin. Rasim, getdik.
 
Onlar tələsik çıxıb getdilər. 
 
- Gündüz, mən bunları bazdıqlarından ayırıb gətirmişəm, bunlar bir poxa yaramaz. Bir təklifim var, gəl gedək bu Elsevərgilin evinə.
- Bu vaxtı?
- Saat indi altının yarısıdır, biz ora çatanda olacaq altı. Evlərinin yeri sənin yadındadır?
- Hə, Sovetskidədir. Binanı görsəm yadıma düşəcək.
- İndi getməsək, əclaf hər şeyi gizlədəcək, sonra sübut edə bilməyəcəyik. İstəyirsən sən içəri keçməzsən, mənə qapılarını göstər, qayıt.
- Yox, gediriksə, bir yerdə gedirik.
 
Aşağı düşüb taksiyə oturduq. Hava artıq işıqlaşırdı, ancaq küçələrdə adamlar tək-tük gözə dəyirdi. Yollar da bom-boş idi. Gəlib binanın qarşısına çatdıq. Taksi ilə hesablaşıb qalxdıq üçüncü mərtəbəyə. Bu, köhnə stalinka tipli binalardan idi, uzun, yarımqaranlıq koridorlarda sağ və sol tərəfdən qapılar vardı. Elsevərgilin qapısı dəmirdəndi. Zəngi basdım. Səs eşidilmədi. Yenə basdım, bu səfər bir az uzun. İçəridən şap-şup səsləri gəldi, yuxulu qadın səsi “Kimdir?” deyə soruşdu.
 
- Xala, bağışlayın narahat edirik, Gündüzlə Ərhundur, Elsevərin emalatxana qonşuları.
- Bir dəqiqə.
 
Şap-şup səsləri uzaqlaşdı. İki dəqiqə sonra qapının zamoku şaqqıldadı. Elsevərin uzun, arıq atası əynində pijama qapıda dayanmışdı.
 
- Sabahınız xeyir. Bağışlayın, bu vaxtı narahat edirik, Elsevər evdədir?
- Evdədir, noolub ki?
- Bir hadisə baş verib, ona bir-iki sualımız var.
- Nə hadisə?
- Olar bunu içəridə danışaq?
- Keçin içəri.
 
İçəri keçdik. Bu evə gəldiyimiz ilk kərəm deyildi, bir neçə il bundan öncə, biz hələ yoldaşlıq edən zaman, Elsevər bizi buraya qonaq dəvət etmişdi. Ancaq həmin vaxtdan xoş xatirələr qalmamışdı, belə ki, Elsevərin atası ilə anası Gündüzlə mənə probka ilə dəmlənmiş çay verib bizimlə məzələnmiş, əziyyətimizdən (belə çaydan sonra adamı dəhşət işəmək tutur, 3-4 dəqiqədən bir tualetə qaçırsan) keyf alaraq bütün günü əylənmişdilər. Bundan sonra biz eşşək kimi araq içib gecəni bu evdə qalmalı olmuşduq. Məni gecə öyümək tutmuş, və  qaranlıqda əlinə keçən dəmir dolçanı qusub doldurmuşdum. Bu hadisədən sonra biz bir daha bu evə gəlmədik.
 
Foyedən qonaq otağına göz atdım. Kavrolit qaldırılmışdı, deyəsən içəridə təmir etməyə hazırlaşırdılar.
 
- Keçin otağa, ayaqqabılarınızı çıxarmayın, onsuz da otaq təmirdədir. Tükəzban, uşaqlara çay düzəlt.
- Yox, lazım deyil, mümkündürsə Elsevəri çağırın, bir şey soruşmaq istəyirik ondan.
- Axı nə olub? 
- Dünən Elsevər emalatxanada olub?
- Hə, olub.
- Özüylə yekə bir sumka aparmışdı?
- Aparmışdı... nə məsələdir?
- Gecə mənim emalatxanamı yarıblar. İstəyirəm soruşum, görüm Elsevər bu barədə nə bilir. O, emalatxanadan dolu sumkayla qayıdıb?
- Siz Elsevərdən şübhələnirsiniz?
- Açığı şübhələnirik. Damdakı izlər Elsevərin emalatxanasının pəncərəsinə aparır.
 
Otağın başındakı divanda Elsevərin atası oturmuşdu. İz məsələsini eşidəndə tutuldu, bir siqaret yandırıb damağına qoydu:
 
- Tükəzban, durquz onu görək bu nə məsələdir. 
 
Elsevərdən öncə onun bacısı gözünü ovxalaya-ovxalaya aşağı düşdü (bu tip evlər iki mərtəbəli olur, yuxarı qatda adətən bir otaq yerləşir. Elsevərgilin evində yuxarı qat yataq otağı idi, məhz həmin otaqda mən balkonun qapısının qabağına qoyulan dəmir dolçaya qusmuşdum), atasının yanında oturdu. Az sonra Elsevər pilləkənin başında göründü:
 
- Aa, uşaqlar, xoş gəlmisiniz. Belə tezdən xeyir ola?
- Elsevər, sən dünən emalatxanada olmusan?
- Olmuşam, necə bəyəm?
- Özünlə bir yekə sumka gətirmişdin emalatxanaya?
- Sumkam var idi... niyə soruşursan?
- Elsevər, sən geri nə zaman qayıtmısan və sumkanda nə var idi?
- Mən sənə açot verməliyəm? Noolub ki?
 
Mən onlarla üzbə-üz, taxta stulda oturmuşdum, solumda, qapının yanında şüşəli kitab şkafı vardı. Danışa-danışa kassetlər yığılmış kitab şkafına baxdım və bu an gözümə üzərinə “Blues brothers” yazılmış kasset sataşdı. Bu, bizim Gündüzlə emalatxanada son vaxtlar ən çox qulaq asdığımız kasset idi. 
 
- Bu gecə mənim otağımdan magnitofon, fotoaparat, disklər və kassetlər oğurlanıb və mən indi o kassetlərdən birini sizin şkafda görürəm...
 
Qurbağa gölünə daş atdılar... sükut bir neçə saniyə çəkdi. Tükəzbanın hönkürərək yuxulu səslə  “Elsevər, bizi rüsvay elədin” söyləməsi Elsevərin atasının fınxıraraq daha bir siqaret alışdırıb dodaqlarının arasına qoymasıyla əvəzləndi.
 
- Nə bilirsən sənin kassetindir? Belə kassetdən təkcə səndə var?
- İcazə versəniz videokassetlərin arxasına yığdığınız kassetlərə də baxardım.
- Bax...
 
Atasının icazəsi Elsevərin yerində qurcalanmasına səbəb oldu. Videokassetləri götürüncə arxada səliqə ilə yığılmış tanış kassetləri gördüm.
 
- Bunlar hamısı mənim kassetlərimdir. Bax bu Əzizənin zapisləri, bu Alimin kassetləri, bu Vaqifin kassetləri... Elsevər, buna nə deyəcəksən?
- ...
- Niyə eləmisən bunu?
- ...
- Day keçib, polisə-filan söyləməyəcəyəm... O biri şeylər hanı?
 
Atası siqareti sümürə-sümürə tərs-tərs oğluna baxırdı... Tükəzban ağlayırdı.
 
- Polisə deməyəcəksən?
- Dedim ki, deməyəcəyəm.
 
Elsevər yerindən durub pilləkənlərlə yataq otağına qalxdı, az sonra əlində mənim qırmızı maqnitofonum aşağı düşdü. Bacısı üzünü tutub hıçqıra-hıçqıra ağlamağa başladı, Tükəzban bərkdən hönkürdü. Təkcə atası sakitcə oturub döyükə-döyükə baş verənləri izləyir, siqareti-siqaretə calayırdı.
 
- Bəs fotoaparat hanı?
- Onu bir nəfərə vermişəm, bir-iki saatdan sonra alıb gətirərəm emalatxanaya.
- Elsevər, niyə belə elədin?
- Siz mənimlə day dostluq eləmirsiniz, mən də acığa düşmüşdüm, sizdən intiqam almaq istəyirdim...
- Biz səninlə dostluq etməyə borclu deyilik! Sənin bu hərəkətin də elə bunu sübut etdi. Biz indi durub gedirik, oğurladığın bütün şeyləri bir çantaya doldurub gətirərsən emalatxanaya... 
- Gətirəcəm, söz verirəm. Siz mənimlə yenə dost olarsınız?
- Elsevər, bundan sonra səninlə dostluqdan heç söhbət gedə bilməz! Sən bizim kruqun adamı deyilsən. Sadəcə oğurladıqlarını geri qaytar, biz də bu hadisəni unudaq getsin.
 
Qalxıb Gündüzlə foyeyə keçdik. Tükəzban ağlaya-ağlaya “Qurban olum, bunu heç kim bilməsin, biz özümüz onu cəzalandırarıq” dedi.
 
- Narahat etdiyimiz üçün üzr istəyirik. Polisə söyləməyəcəyik, söz verdik. Salamat olun!
 
Çiyinlərimizdən ağır bir yük götürülmüşdü.
 
- Gündüz, “Blues brothers” olmasaydı poxa düşəcəkdik, qalan kassetlərin hamısını tanınmasın deyə üzünü çıxarıb çevirmişdilər, içərisindən adlarını yazmışdılar. Özü də, xətt qız xətti idi.
 
- Qəhbələr!!!
 
Fərhad Yalquzaq
01 Avqust 2012
Yuxarı