post-title

Xortdanın cəhənnəm məktubları

Əbdürrəhim bəy Haqverdiyev. O, Azərbaycan maarifçi hərəkatının ən dəyərli nümayəndələrindən biridir. Və bilmirəm, mənəmi elə gəlir, yoxsa doğrudanmı belədir: sanki bir az başqalarının kölgəsində qalır - Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin...

 

Sanki digərləri ilə müqayisədə Əbdürrəhim bəyə bir az ikinci dərəcəli münasibət var, amma onun maarifçi hərəkatda, savadsızlığa, dini xürafata, toplumun tərəqqisinin önünü kəsən digər zərərli meyllərə qarşı mübarizədə rolu digərlərindən az deyil.
 
Biz tez-tez bunu yazırıq, təkrar yazmaqda da fayda var, məhz Əbdürrəhim bəy və dostlarının mübarizəsi, əzmi, fədakarlığı sayəsində bu gün Azərbaycan bir Avropa ölkəsi olmasa da, ən azından heç olmasa, Ərəbistan, yaxud Əfqanıstan da deyil.
 
Ümumiyyətlə, biz tez-tez mədəniyyət, dəyərlər, həyat və düşüncə tərzi, eyni zamanda da mövcud siyasi sistem haqqında danışarkən tez-tez özümüzü Orta Asiya ilə müqayisə edirik və müəyyən təsəlli tapırıq. Bu, bir çox hallarda doğrudur. Hərçənd, mən Azərbaycandakı siyasi sistemin dünyada analoqunun olduğuna inanmıram və əminəm ki, o özündə dünyadakı bu cür rejimlərin ən pis, ən iyrənc keyfiyyətlərini birləşdirib.
 
Amma bir tərəfdən, doğrudan da biz Türkmənistanla, Özbəkistanla müqayisədə xeyli irəliyik və bunun iki səbəbi var. Birincisi, məhz Axundovdan başlayan və sonradan yuxarıda adını çəkdiyimiz, çəkmədiyimiz xeyli sayda dəyərli insanlarla çox genişlənən maarifçi hərəkatdır. Ikincisi isə həm də məhz bu maarifçi hərəkatın məhsulu kimi ortaya çıxan Xalq Cümhuriyyətidir. Bu mənada biz maarifçi hərəkata və Cümhuriyyətə bir ömür borcluyuq, onların sayəsində Azərbaycan cəngəlliklərə ilişib qalan xalqlardan müəyyən qədər fərqlənir.
 
Qayıdaq Əbdürrəhim bəyə. Mən dünən onun “Xortdanın cəhənnəm məktubları”nı yenidən oxudum. Ilk dəfə 13 il əvvəl oxumuşdum, amma yenidən oxumaq yazıçının hansı nöqtələrə vurduğunu, anlatmaq istədiyi mətləbləri daha dəqiq tutmağa imkan verdi. Din xadimlərindən tutmuş neft milyonçularınacan - bu əsərin qəhrəmanları hələ də ölməyiblər, aramızdadırlar, öz pis əməllərini davam etdirirlər və Azərbaycanın inkişafa, sivilizasiyaya gedən yolunu kəsməkdədirlər.
 
Mənim fikrim əsla bu əsəri geniş təqdim etmək deyil, hər kəsə mütləq “Xortdanın cəhənnəm məktubları”nı oxumağı məsləhət görürəm. Kimlərsə bunu illər əvvəl, yeniyetməliyində, gəncliyində oxuya bilər. Onlar da yenidən oxumalıdırlar. Həm dərdlərimizin, bəlalarımızın hardan qaynaqlandığını, həm hələ də vəziyyətin nə qədər dözülməz olduğunu bilmək üçün “Xortdanın cəhənnəm məktubları” kilid əsərlərdən biridir.
 
Bədii cəhətdən də o, məni çox təəccübləndirdi. Ilk dəfə yaşım, ədəbi bilgilərim səbəbilə bu qədər fərqinə varmamışdım, amma bu dəfə həm Əbdürrəhim bəyin bədii texnikasına, süjet yaratmaq qabiliyyətinə heyran oldum, həm də bəzən mifik səhnələrlə reallığı ustaca sintez etmək bacarığına heyrətləndim.
 
Üstəlik, Haqverdiyevin bir çox müasirləri ilə müqayisədə bir üstünlüyü də var: dili çox şirin, axıcıdır. Təmizdir. Su kimi gedir.
 
“Xortdanın cəhənnəm məktubları”nın başlıca hədəfi şübhəsiz, xürafatdır, din tüccarlarıdır. Mən burada təəccübləndiyim bir məqamı da qeyd edim: Haqverdiyevin dini tənqidi əsla havadan asılı deyil. Aydın görünür ki, o, Islamı dərindən öyrənib, dini mənbələrə yaxşı bələddir, bu isə ona hədəflərini daha sərrast vurmaq imkanı verib.
 
Bir sözlə, “Xortdanın cəhənnəm məktubları” hər mənada Azərbaycanın ən qiymətli kitablarından biridir, həm bədii cəhətdən, həm ictimai əhəmiyyət baxımından çox əvəzsizdir. 
Bu gün onu bir daha oxumaq istəyirəm, hər kəsə də tövsiyə edirəm.
 
***
 
Yeri gəlmişkən, son vaxtlar Əbdürrəhim bəy Haqverdiyevi başqa bir libasda təqdim etmək cəhdləri var. Elə “Xortdanın cəhənnəm məktubları”ndan yola çıxaraq, yazıçını Sovetlərin çöküşündən sonra çox populyarlaşan bir şəkildə təqdim edirlər. Guya o, ancaq “dini nüfuzdan salan saxta dindarlara, mollalara qarşı” olub. Az qalırlar yazsınlar ki, Əbdürrəhim bəy bütün ömrü boyu Həccə getmək həvəsi ilə alışıb-yanırmış. “Quran”dan başqa da kitab oxumurmuş. Bu, əlbəttə belə deyil. Haqverdiyevin dinlə bağlı təsbitləri çox dərin və kəskindir. O, söhbətləri çox yaxşı bilib və aydın formada da yazıb. Hoqqabazlıq eləmək lazım deyil. Gözbağlayıcılığa ehtiyac yoxdur. Kor-kor, gör-gör.
 
***
 
Biz tez-tez vəziyyətin ağırlığından şikayətlənirik, durumun düzələcəyinə inamımızı itirir, bezir, usanırıq. Hər şeyi zamanın axışına, gələcək nəsillərin öhdəsinə buraxıb bir kənara çəkilmək istəməyimiz də az olmur. Amma baxırsan ki, yüz il öncə bu gün bizim topluma qazandırmaq istədiyimiz dəyərlərin davasını döyənlər necə ardıcıl, prinsipial, əzmkar mübarizə aparıblar, yazıblar, yaradıblar. Onlara daha çox çətin idi. Biz açılmış yolla, cığırla gedirik. Onlar üçün heç bu da yox idi, cığırı məhz özləri açmalı olmuşdular.
 
Odur ki, Əbdürrəhim bəy və müasirlərinin yorulmadan, usanmadan apardıqları mədəniyyət mücadiləsi, maarifçi mübarizəsi, çağdaşlıq davası bizə ruh verməli, bizi onların açdığı yolu toz-torpaq, qanqallar basmağa imkan verməmək üçün sonadək yürüməyə səsləməlidir.
 
Elnur Astanbəyli
Azadlıq qəzeti
Yuxarı