post-title

Milan Kundera şəxsi həyatın toxunulmazığı barədə

"Sapdırılmış vəsiyyətlər" kitabından parça

 

Mən üzbəüz pəncərəyə baxıram. Axşamüstüdü, orada işıq yanır. Otağa kişi girir. Başını aşağı salaraq otaqda vargəl edir; arabir əllərini saçlarının arasında gəzdirir. Sonra qəfildən o, otağın işıqlı olduğunun və kiminsə onu görə biləcəyinin fərqinə varır. Cəld hərəkətlə pərdələri bağlayır. 
 
Halbuki o, heç də saxta pullar hazırlamaqla məşğul deyildi; onun özündən - öz adəti üzrə otaqda gəzmək, öz adəti üzrə səliqəsiz geyinmək, öz adəti üzrə saçlarını sığallamaqdan savayı gizlədəsi bir şeyi yox idi. Onun xoşbəxtliyi göz önündə olmamaq azadlığı ilə təyin olunur.

 
Utanc - Yeni dövrün; bu gün hiss edilmədən bizdən uzaqlaşan fərdiyyətçilik dövrünün aparıcı anlayışlarından biri, utanc - şəxsi həyatı - pəncərədən pərdə asmaq tələbatını qorumağa yönəldilmiş epidermik reaksiya;  A-ya ünvanlanan məktubun B-nin oxumamasına təkiddir.
 
Hamıya məlum olan həqiqətdir ki, yetkinlik yaşına keçid valideynlərlə ilk münaqişənin başlanğıcıdır. Bu öz məktubların, qeyd dəftərçələrin üçün açarla bağlana bilən yeşiyə iddiadır. Biz, yetkinlik dövrünə utancdan üsyan edərək keçirik.
Köhnə inqilabi faşist və ya kommunist utopiyası: sirri olmayan, ictimai və şəxsi həyatın qarışıb qovuşduğu həyat. Əziz Berotonun sürrealist arzusu: İnsan hamının gördüyü, şüşədən və pərdəsiz evdə yaşayır. Ah, şəffaflığın gözəlliyi! Bu arzunun real həyata keçmiş yeganə nailiyyəti polis tərəfindən tam nəzarət olunan cəmiyyətdir.
 

Mən bu haqda "Varlığın dözülməz yüngüllüyü"ndə danışıram.
 
Praqa baharının böyük fiqurlarından olan Jan Procházka (Yan Proxazka), 1968-ci ildə rusların işğalından sonra gərgin izlənmə predmeti oldu. O vaxtlar o, tez-tez birgə içməyi və söhbətləşməyi sevdiyi muqavimətin digər görkəmli xadimi professor Václav Černý`ya (Vatslav Çernı) qonaq gedirdi. Onların bütün danışıqları gizlincə lentə yazılırdı: məncə onlar ikisi də bu haqda bilirdilər və bu onların vecinə deyildi.
 
Lakin bir gün, 1970 və ya 1971-ci ildə Procházka`nı nüfuzdan salmağa səy göstərildi, polis bu səsyazmanı radiodan felyeton kimi yayımladı. Bu, polis tərəfindən cəsarətli və misilsiz bir addım idi. Və təəccüblüdü ki, bu onlarda demək olar ki, alınmışdı. Procházka bir anlıq nüfuzdan düşdü: çünki təklikdə dostlardan qeybət etmək, söymək, ciddi olmamaq, şit zarafatlar etmək, eyni şeyləri təkrarlamaq, həmsöhbətini kobudcasına pərt edərək əyləndirmək, ictimaiyətdə qəbul olunmayan küfr fikirləri dilə gətirmək ve sair kimi ürəyinin istədiklərini danışmaq qəbul olunandır. Əlbəttə, hamımız özümüzü məhz Procházka kimi aparırıq: təklikdə biz dostlara böhtan atırıq, söyüş söyürük; təklikdə hamı özünü camaat qarşısında olduğundan fərqli aparır, bununla hamı və hər kəs qarşılaşır, ayrı-ayrılıqda hər bir insanın həyatları buna əsaslanır; qəribədir ki, bunun bəlliliyi təhtəlşüurda qalır, açıq etiraf edilmir, həmişə şüşə ev haqqında lirik arzuların arxasında gizlədilir, onu nadir hallarda qorunması vacib olan ən yüksək dəyər kimi başa düşürlər.
 
Və yalnız tədricən (amma elə hey artan qəzəblə) insanlar anladılar ki, əsl qalmaqal heç də Procházkanın cəsarətli sözləri deyil, əksinə onun həyatına edilən zorakılıqdır; onlar (əsl mənada sarsılaraq) anladılar ki, şəxsi və ictimai - bu iki dunya, təbiətcə müxtəlifdir və bu müxtəlifliyə hörmət, insanın azad insan kimi yaşaması üçün sine qua non (latınca "onsuz olmaz" - Kultura.Az) şərtdir; bu iki dünyanı ayıran pərdə toxunulmamalıdır. Pərdəni cıranlar - cinayətkardılar. Və madam ki, pərdələri cıranlar nifrət olunan rejimə xidmət edirdilər, onlar hər yerdə yekdilliklə xüsusi mənfur cinayətkar sayırdılar.
 
O zaman mən mikrofonla ağzınacan doldurulmuş Çexoslovakiyadan Fransaya köçəndə, bir jurnalın üz qabığında Jacques Brel`in (Jak Brel) xəstəxananın həyətində onu mühasirəyə almış fotoqraflardan üzünü gizlədərkən çəkilmiş böyük bir fotosunu gördüm. O, həmin xəstəxanada xərçəngin gecikmiş mərhələsindən müalicə alırdı. Və birdən-birə məndə belə bir təəsurat yarandı ki öz ölkəmdən qacmağıma səbəb olan bəla mənim qarşımdadır; zənnimcə, Procházkanın danışıqlarının radioda yayımlanması və ölən müğənninin üzünü gizlətdiyi şəkli, eyni dünyaya aiddir; öz-özümə dedim ki başqasının şəxsi həyatını ictimailəşdirməyin vərdişə və qanuna çevrilməsi bizi ən böyük mərcin şəxsiyyətin yaşaması və ya məhv olması arasında olduğu dövrə daxil edir.
 
***
 

İslandiyada demək olar ki, ağac yoxdur, olanlar isə hamısı məzarlıqlardadır; sanki ağaclarsız ölülər yoxdur, sanki ölülərsiz ağaclar yoxdur. Onları idillik Mərkəzi Avropada olduğu kimi qəbirlərin yanına deyil, mərkəzinə sancırlar ki qəbrin yaniyla keçən aşağıdakı - vücudu dəlib keçən kökləri təsəvvür etsin.
 
Mən Elvar D. ilə Reykyavik məzarlığında gəzişirəm, o, ağacı hələ çox balaca olan məzarın önündə dayanır, heç bir il olmaz ki burada onun dostunu dəfn ediblər. O, ucadan onu xatırlamağa başlayır: onun şəxsi həyatı - çox güman ki seksual xarakterli - sirr möhürü ilə yadda qalıb: "Sirlər insanda qıcıq qarışıq bir maraq oyatdığı üçün, mənim arvadım, qızlarım, camaat, məni əhatə edənlər bu haqda onlara danışmağım üçün israr edirdilər. Hətta israrlar o qədər güclü idi ki, o vaxtdan arvadımla mənim münasibətlərim pozulub. Mən ona bu aqressiv marağını, o isə mənə, onun üçün ona inamsızlığımı sübut edən susqunluğumu bağışlaya bilmirik." Sonra o gülümsəyir. "Mən heç nəyi satmadım - o deyir. - Mənim sadəcə satacaq bir şeyim yox idi. Mən özümə dostumun sirrini öyrənməyə çalışmağı qadağa qoymuşam. Və mən onları bilmirəm".
 
Mən bütün bunları heyrətlə dinləyirəm: uşaqlıqdan eşidirəm ki, dost - sirrini bölə biləcəyin adamdır və hətta dosluğa haqqı olanın israrçılıq göstərərək sənin sirlərini öyrənmək hüququ var. Mənim islandiyalım üçün dostluq - nəsə başqa bir şeydir: dostunun öz şəxsi həyatını gizlətdiyi qapının qarrşında gözətçi olmaqdır; bu qapını heç vaxt açmayan və başqa birisinin də açmasına icazə verməyən biri olmaqdır.
 
Ruscadan çevirdi
Leli & Izolda Ağayeva
 
Kultura.Az
Yuxarı