post-title

Rafiq Tağı Mükafatı təsis edildi

Dalğa Gənclər Hərəkatı Rafiq Tağı Mükafatı təsis edib

Bu barədə hərəkatın yaydığı rəsmi məlumatda bildirilir. Məlumatı olduğu kimi təqdim edirik:

“Azərbaycanın Demokratik Respublikasının qurulmasında XX əsrin əvvəllərindən başlayan maarifçilik hərəkatının böyük rolu olub. Bu hərəkatın əsas simalarından olan M. F. Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digər mütəfəkkirlər, həmçinin “Əkinçi”, “Molla Nəsrəddin” “Füyuzat” mətbu orqanları insanların maarifləndirilməsində, o cümlədən cahilliyin və xurafatın aradan qaldırılması istiqamətində müstəsna xidmətlər göstəriblər.

Biz Dalğa Gənclər Hərəkatı olaraq hesab edirik ki, o dövrün maarifçilərinin gördüyü işlər bu gün də bir çox şəxslər tərəfindən davam etdirilir. Əfsuslar olsun ki, XX əsrin əvvəllərində mövcud olan problemlər dövrümüzdə də həll olunmayaraq qalır. Bu isə Azərbaycan insanının intellektual inkişafı üçün Rafiq Tağı kimi mütəfəkkirlərin yaradıcılığını labüd edir. Biz əminik ki, Rafiq Tağıya qarşı edilən sui – qəsd Azərbaycanın feodal dövlət olmasında maraqlı olan qüvvələr tərəfindən həyata keçirilib.

Rafiq Tağı Azərbaycan ədəbiyyatında öz hekayələri və publisistik yazıları ilə böyük işlər görüb. Onun cəmiyyətin maariflənməsi istiqamətində gördüyü işlər Azərbaycan insanın inkişafında, ölkədə ümumbəşəri dəyərlərin yayılmasında müstəsna rol oynayıb.

Rafiq Tağının ölümündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, ona qarşı sui – qəsdi təşkil edən şəxs(lər)in hələ də tapılıb cəzalandırılmaması bizi narahat edən məsələlərdəndir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Dalğa Gənclər Hərəkatı Rafiq Tağının əziz xatirəsinə ithafən “Rafiq Tağı Mükafatı” təsis edir. Mükafat hər il Rafiq Tağının vəfat etdiyi gündə, hazırda Azərbaycanda maarifçilik istiqamətində fəaliyyət göstərən, ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən 3 nəfərə veriləcək.

Mükafatın qalibləri son 1 ildə Azərbaycan insanı üçün etdiyi fədakarlıqlara görə müəyyənləşdiriləcək.

Qaliblər aşağıdakı qaydada mükafatlandırılacaq:

Birinci yer – qalibin 1000 tirajla kitabı çap olunacaq

İkinci yer – pul mükafatı

Üçüncü yer – pul mükafatı

Qaliblər Dalğa Gənclər Hərəkatının İdarə Heyəti Tərəfindən seçiləcək”.

Qeyd edək ki, Rafiq Tağı keçən il 19 noyabr tarixində naməlum şəxs(lər) tərəfindən hücuma məruz qalmışdı, o, aldığı bıçaq yaralarından 23 noyabr tarixində xəstaxanada vəfat edib.

Kultura.az

Yuxarı