post-title

Mədəniyyət və azadlıq

Albert Şveyser deyir ki, “mədəni insan idealı istənilən şəraitdə insanlığını qoruyub saxlayan insan idealından başqa bir şey deyildir”. Doğrudur, deyilmi? Mədəniyyət insanı formalaşdırdığı kimi, onun insani keyfiyyətlərinin də qalıcı olmasında böyük önəm daşıyır. Yoxsa, cüzi çətinliklə üzləşən zaman bütün paxırlarını açıb ortaya tökən adamın mədəniyyətlə hansı əlaqəsi ola bilər?

 
 
Mədəniyyət tək bir fərdi yox, bütöv bir cəmiyyəti formalaşdıran zaman böyük dəyər daşıyır. Mədəniyyətsiz cəmiyyətdə mədəni olmaq qara qarğa dəstəsində ağ qarğa olmaqdan başqa bir şey deyil. Bəs bütöv bir cəmiyyətə mədəniyyəti necə aşılamaq olar?
 
Hər şey ailədəki tərbiyədən başlayır, deyəcəksiniz. Anlamla qarşılayıram. Ancaq bu ailə özü də elə həmin cəmiyyətdə yaşayan ailədir axı. Bu ailənin başçıları da xəstə cəmiyyətdə böyümüş adamlardır. Bunlar öz uşaqlarına hansı tərbiyəni verəcəklər?
 
Məsələ burasındadır ki, cəmiyyətimiz maddi əsaslar üzərində formalaşıb. Yəni mənəvi dəyərlər haradasa üçüncü planda qalıb. İnsan belə həyatda mövcud olmaq üçün özünü əvvəlcədən sığortalamalı olur: o, maddi aləmdə mənəvi dəyərlərin daşıyıcısı olaraq acından öıməmək üçün palaza bürünüb el ilə sürünməyə məhkumdur. 
 
Uşağa sual verirsən: böyüyəndə nə olmaq istəyirsən? Uşaq deyir müğənni. Nə bilim biznesmen, hakim, nazir. Bu gün heç bir uşaq həkim, müəllim, kosmonavt olmaq istəmir. Dəyərlər dəyişib. Bu gün həkim, müəllim, kosmonavt olmaq istəyən uşaqların arzusunu valideyinləri dərhal beşikdəcə boğmağa məcburdur. 
 
İnsanda mənəviyyatı da, mədəniyyəti də formalaşdırmaq üçün yetərincə resurslar vardır ki, həmin resurslardan məqsədyönlü şəkildə istifadə olunmur. Bəlkə də məqsədyönlü şəkildə istifadə olunur, ancaq məqsəd başqadır. Məqsəd mədəni, savadlı insan formalaşdırmaq deyil – məqsəd bütöv bir cəmiyyəti maddiyyat aləminin köləsi etməkdir. Məqsəd bütöv bir cəmiyyəti bir tikə çörəyə möhtac etməkdir. Məqsəd köləliyin sərfəli olduğunu insanlara aşılamaqdır. 
 
Uşaq desə ki, mən rəssam, yazıçı, müəllim olmaq istəyirəm, ona hamı birtəhər baxacaq. Ona deyəcəklər ki, rəssamlar, yazıçılar, müəllimlər acından ölür. Acından ölməyən rəssamlar, yazıçılar, müəllimlər də var, ancaq onlar mənəviyyat aləmindən uzaqlaşıb maddiyatın qucağında yuxu bişirən adamlardır. Mədəni, savadlı və mənəviyyatı, vicdanı təmiz olan rəssam, yazıçı, müəllim acından ölməlidir. Mədəniyyətin puç ideya olduğu cəmiyyətlərdə bu aksiomadır. Unudulur ki, cəmiyyətin mədəni cəhətdən formalaşmasında yuxarıda adlarını sadaladığım peşə sahibləri müstəsna rol oynayır. 
 
Palaza bürünüb el ilə sürünmək olar. O zaman çörək tapacaqsan. O zaman çörək özü gəlib səni tapacaq. Ancaq mədəniyyət sənin üçün əlçatmaz bir lüks olacaq. Buyur, seçim et. Seçim etməyə onsuz da məcbursan, çünki səni seçim qarşısında qoyublar. Sən olum, və ya ölüm labirintlərində dolaşmalısan. Sən mədəni, savadlı insan olmaq üçün, mənəvi dəyərləri daşımaq üçün mədəniyyətsizlik, mənəviyyatsızlıq bataqlığında çapalamalısan. Çünki səni çörəklə imtahana çəkirlər. Ac isə qılınca çapar. Ac adamı idarə etmək çox asandır. Ac adama çörəyin yerini göstər, ona mədəniyyət lazım deyil. Sən ona çörəyin yerini göstərincə onun Allahı olacaqsan. Onun qarnını kitablarla doldura bilməzsən. Ona Heggelin, Aristotelin, Nitsşenin fəlsəfəsini yedizdirə bilməzsən. Ona Knut Hamsunun, Volterin, Hüqonun, Sveyqin, Çexovun, Axundovun düşüncələrini aşılaya bilməzsən. O, sənin ağzına yox, əlinə baxacaq. Çünki o, hazırdır. O, köləliyin rahat olduğunu, sərfəli olduğunu bilir – bu ona hələ beşikdən aşılanıb. 
 
Mədəni insan yaltaq ola bilərmi? Mədəni insan rüşvətxor ola bilərmi? Mədəni insan cəllad ola bilərmi? Ola bilməz! Bəs yaltaq, rüşvətxor, cəllad olmadan bu cəmiyyətdə azad yaşamaq mümkündürmü? Mümkün deyil! Çünki mədəni olmayan insan azadlığın nə olduğunu bilməz. 
 
Klod Levi-Stross deyir ki, mədəniyyətin gəlişi intellektin yaranması ilə üst-üstə düşür. İntellekt isə mənəvi qida tələb edən bir nəsnədir. Mənəvi qida isə yalnız  azad adamın rasionunda olur. Bütün bunlar üst-üstə düşməyincə ortaya adamabənzər meymunun çıxması qaçılmazdır. 
 
Azad insan ağ qarğa olmaqdan qorxmayan insandır. 
 
Yazıma Osvald Şpenqlerin sözləriylə son verirəm: “Mədəniyyət nə qədərdirsə, əxlaq da o qədərdir - nə az, nə çox”.
 
Fərhad Yalquzaq
 
Kultura.az
 
Yuxarı