post-title

Kiçik insanın böyük arzuları

İnsanlara uçmaq xəyalından bəhs etmə. Yoxsa onlar səni yerə endirməyə çalışarlar. “Arizona dream”.

 

 
 
 
“Arizona dream” filminə təxminən 1 il əvvəl baxmışdım. Film ilk səhnələri mənə bir az sıxıcı gəlsə də sonradan baş qəhrəmanın arxa fonda danışmağa başlamasından sonra filmə sona qədər baxmaq qərarına gəlmişdim. Etiraf edirəm ki, bəlkə də bu qərar bu günə qədər film barəsində verdiyim ən vacib və düzgün qərarlardandır. 
 
Filmin rejissoru Serbiyalı kino rejissor Əmir Kusturitsadır. 1993-cü il istehsalı olan bu filmdə də rejissor öz üslubuna sadiq qalmışdır. Bu film də rejissorun digər filmləri kimi vaxt baxımında uzun bir filmdir. Təxminin 2 saat yarımlıq bir film olmasına baxmayaraq insan fikrimi filmdən 1 saniyə olsun belə ayıraraq, diqqətini dağıtmaq istəmir. Daha sonra bu filmi 2 dəfə də izlədim və bundan sonra da dəfələrlə, bezmədən izləyəcəyimə əminəm.
 
Filmi izləyərkən filmin hər bir saniyəsi sizi fərqli-fərqli duyğulara sürüklədə bilər. Film sizi həm güldürə, həm ağlada, həm də təsirindən saatlarca çıxa bilməyəcəyiniz düşüncələr girdabına sala bilər. Bəzən həyatınızın mənasızlığını başa düşüb intihar etmək istərsiniz, bəzən bütün varlığınızla həyata bağlanmaq. Film bitdikdən sonra isə filmin sizə bu qədər təsir etməsinə təəccüblənəcəksiniz. Bunda əlbəttə ki, Goran Bregovic-in inanılmaz dərəcə gözəl bəstələrinin də rolu böyükdür. 
 
Film haqqında çox uzun-uzadı yazmaq istəmirəm. Amma hamınızın bu filmə baxmasının şiddətlə tövsiyə edirəm. Bəlkə də insanların xəyalları, arzuları olmadan yaşaya bilməyəcəkləri haqqında çəkilən ən gözəl filmlərdəndir. Mütləq izləyin.
 
İnsanlar hər dəfə mənə gələcəyim haqqında nə düşündüyümlə bağlı suallar verəndə aldıqları cavablarımdan sonra həmişə deyirlər ki, sən hələ də göylərdəsən, xəyallar aləmində uçursan, nə istədiyini, hansı məqsəd üçün çalışacağını bilmirsən. Bu sözləri dinlədikcə düşünürdüm ki, insanlara fikrimi düz çatdıra bilmirəm və onlarda mənim haqqımda səhv təsəvvür formalaşır. “Arizona dream” filmini izlədikdən sonra bu məsələlər haqqında fikirləşdikcə anlayıram ki, xeyr, əslində onlar düz nəticəyə gəliblər. Hiss edirəm ki, mən həqiqətən də xəyallar, arzular aləmində yaşayıram, reallıq hissimi itirməsəm də, reallığın nə olduğunu bilsəm də bu reallıqları qəbul etmək istəmirəm. Ətrafımdakı insanlar isə bundan çox böyük narahatlıq keçirirlər.
 
Əgər siz də bu iyrənc reallığı qəbul etməyib, öz arzularınızın, xəyallarınızın olduğu dünyada yaşayırsınızsa deməli siz  də böyüməmisiniz. Buna görə də ətrafdakı böyük insanlar sizə nifrət edəcəkdir. Bəlkə də sizə qibtə ilə baxacaqdılar. Amma sizə xəyallarınızda yaşamağa, arzular qurmağınıza imkan vermək istəməyəcəklər. Çünki, onlar artıq böyüyüb, ata-babalarının yolu ilə gedirlər. Onlar doğub törəyir, çirkab içərisində boy atıq böyüyürlər. 15-18 yaşında işləməyə başlayırlar. Onların fiziki çiçəklənmə və seksual fəallıq dövrləri çox qısa çəkir. 20 yaşları olanda evlənirlər. 30 yaşa çatdıqda artıq  yaşlı adam kimi görünürlər. 60 yaşa yetişdikdə isə milçək kimi qırılmağa başlayırlar. Ağır fiziki əmək, ailə, və ev qayğıları, qonum-qonşularla fasiləsiz boğuşmalar, pivə, çayxana, domino və ən başlıcası toy məclisləri onların məhdud dünyalarının sərhədlərini müəyyənləşdirir. Onların artıq xəyal qura bilmirlər. Onların indi sadəcə və sadəcə məqsədləri vardır. Onların  bəziləri xəyal qurmağı  universiteti bitirdikdən, bəziləri işə girdikdən,  bəziləri ailə qurduqdan sonra unutmuşlar. Onlar artıq məqsədləri üçün çalışırlar. Həmin insanlar heç vaxt matros olub, dünyanı gəzmək və ya Haiti adasına gedib, yalnız başına yaşayıb, kitab yazmaq və ya Alyaskaya gedib eskimoslarla bir komada yaşamaq haqqında xəyal qurmazlar. Onlar maksimum  bu ay kiminsə “torbasını tikməklə”, müdirlərinə yaltaqlıq eləməklə, daha çox rüşvət almaqla bir az artıq pul toplayıb, Qubaya, Nabrana 3 günlük yeyib-içməyə, bazdığa getməyi qarşılarına məqsəd qoya bilərlər. Artıq onlar var olduqları insan deyillər. Artıq onlar məqsədlərinin çərçivəsində yaşamağa məhkum olmuş zombilərdir. Əgər qarşılarına qoyduqları məqsədə çata bilməsələr onlar qudurar, qarşısına keçən hər bir insana nifrət püskürə bilərlər. Onlar üçün məqsədlərin həyata keçməməsi ölümə bərabər bir şeydir.
 
Xəyal ilə məqsədin arasında incə bir fərq də məhz bundadır. İnsan xəyalının, arzularının reallaşmasından çəkinir. Arzusuna çatdığı an artıq həyat eşqinin ölməsindən, hər şeyin məhz onun xəyallarındakı kimi olmaması ehtimalından, bütün gözləntilərinin puç olmasından qorxur. Amma məqsədləri olan böyük insanlar isə məqsədlərinə çata bilmək üçün hər cür əclaflığı, iyrəncliyi etməyə hazırdırlar. Həmin insanlar bəlkə də sizi canından çox sevdiyini deyə bilər. Lakin, məqsədləri üçün onlar sizə hər cür, maddi, mənəvi, fiziki zərər vura bilər. Təki onlar öz məqsədlərinə çata bilsinlər.
 
Böyük insanların məqsədləri heç bir zaman bitmir. Bir məqsədlərinə çatdıqları an da bir və ya bir neçə məqsədləri yaranır və onlara da çatmaq üçün daima çapalayır, daima özləri ilə və ya başqaları ilə bir yarışmada olurlar. Bu yarış isə bütün həyatları boyunca davam edir. Heç bir zaman bitmir. 
 
Onlar artıq bir narkotik aludəçisindən heç nə fərqlənmirlər. Məqsədlərinə çatdıqları an böyük bir həzz alsalar da bu həzz hər zaman onlara az gəlir, doymurlar. Daima, özlərindən asılı olmayaraq  daha çox axtarırlar. Daha çox həzz dalınca qaçırlar. Biz, kiçik insanlar isə məsumcasına, uşaqcasına  xəyallar qururuq. Bu da böyük insanları çox qorxudur. Çünki, biz də onların məqsədlərinə çata bilmələri üçün oynadıqları oyunun bir parçası olmalıyıq. Onlar bizdən qorxmur. Amma xəyallarımızdan qorxur. Arzularımızı məhv edib, öz məqsədlərinin əsirinə çevirmək istəyirlər. Necə ki, narkotik aludəçiləri sağlam insanı öz tutulduğu xəstəliyə düçar edib,  həzzi daha da artırmaq üçün ondan istifadə etməyə çalışır, eləcə də böyük insanlar  kiçik insanların arzularını məhv edib, özlərinə bənzətməyə çalışırlar. 
 
Siz layiqli oğul, qeyrətli ər, namuslu qardaş, hörmətli əmioğlu, mehriban qonşu ola bilərsiniz. Nəinki ola bilərsiniz, hətta olmaq məcburiyyətindəsiniz. Amma ən əsası sizin xoşbəxt insan olmaq haqqınız yoxdur.
 
Qorxuram. Çox qorxuram. Qorxuram ki, təzyiqlərə  tab gətirə bilməyib, mən də bu zombi dəstəsinə qoşulam. Qorxuram onlar öz iyrənc məqsəd anlayışları ilə məni də zəhərləyərlər. Arzularımı, xəyallarımı itirməkdən, məhv olmaqdan qorxuram. 
 
Bilmirəm. Bəlkə də bu dünyanın ən xoşbəxt insanları məhz məqsədlərinin əsirinə çevrilmiş böyük insanlar, öz qandallarını sevməyə məcbur olmuş qullardır. Bəlkə də bizlər bu cür düşüncələrlə heç bir zaman xoşbəxt ola bilməyəcəyik. Amma mən inanıram ki,  kənardan nə qədər axmaq və bədbəxt görünməyimizdən asılı olmayaraq  öz arzularımızdan, xəyallarımızdan heç vaxt əl çəkməyən insanlar hər zaman var olacaqdır.
 
Vüqar Bəhmənzadə
 
Kultura.Az
Yuxarı