post-title

Milyonlardan qəpiklərə

Bizim ölkədə insanlar çoxlu utopiyalarla yaşayır. Demək olar ki, hər sahədə utopiyalar var. Reallıqları zəif qəbul edirik. İnkişafımız utopik, istəklərimiz utopik, problemlərimiz belə utopik.

 

21 dekabrda dünya dağılacaqmış. Sanki, bir tək biz öləciyik, qalan millətlər dünyada qalıb kef edəcək.Cəmiyyətdəki ciddi real problemləri, potensial təhlükələri qəbul etməyən, anlamayan insanlar 21 dekabr fobiyasıynan yaşayır. Sanki, tək problemimiz buymuş kimi. Azərbaycan cəmiyyətində,I qtisadiyyatında, tibbində,demək olar ki, bütün sahələrində ciddi problemlər var. Amma insanlar bunu yox, məhz dekabrın 21-ini dərd edir.
 
Bu yazıda Azərbaycanın məhz, iqtisadi problemlərinə toxunmaq istəyirəm. O problemlər ki, ölkənin gələcəyini ciddi şəkildə təhdid edir.
 
Bu mövzuda indiyə kimi çox yazılar yazılıb. Amma, çoxu sırf iqtisadi terminlərlə. Azərbaycanda insanların çoxunun iqtisadçı olmadığını nəzərə alıb nisbətən sadə dildə yazmağa qərar verdim bu yazını.
 
Öncəliklə inkişaf nağılları haqda. Azərbaycanda inkişaf yox, inkişaf imitasiyası var. Bahalı otellər, milyonluq avtomobillər, geyimdən ictimai iaşə sahəsinə kimi dünya brendlərinin açdığı butiklər, müəyyən sahələrdəki texnologiya, real dəyərindən dəfələrlə baha qiymətə tikilən infrastrukturlar inkişaf görüntüsü yarada bilər. Amma, yalnız görüntüsünü. Xarici brendlərin, bahalı avtomobillərin, bəziləri dediyi kimi, McDonaldsların olması sadəcə ölkədən maliyyə axınına səbəb olur ki, bu da iqtisadiyyatda yaxşı hal sayılmır. Reallıqda aşağıda sadalayacağım problemlər tərəzidə qat-qat ağır gəlir.
 
Azərbaycanın 2011ci ildəki iqtisadi dövriyyəsinin təxminən yarısı neft sektorunun payına düşür. Qalan yarısının da 60%-i maliyyə(əsasən,bank) sektoruna. Bəzi qlamur bank mütəxəssisləri bunu bank sektorunun inkişafı kimi bizə itələsələr də, siz inanmayın. Azərbaycan bankları neft töküləndə yanan torpaq kimidi, neft bitsin torpaq da yanmayacaq, bank da qalmayacaq. Neftin hal-hazırda artıq azalan qrafikə düşməsini və 2023-cü ilə qədər tam sümürülüb çıxarılacağını nəzərə alsaq neft sektoruna, bu sektorun fəaliyyətinə bir quş.
 
"100 illlik neftimiz var" deyənlərə, bu şəhər əfsanəsinə inananlara da bildirim ki, ABŞ-ın AMOCO şirkəti 10 ildi yeni yataqlar axtarışına milyonlar xərcləyir, lakin tapa bilmir ki, bilmir. SOCAR-da, BP-də işləyən, az-çox savadı olan, işini bilən insanlarla söhbət edin, yazdıqlarımı təsdiq edəcəklər.
 
"Zato qazımız var" deyən insanlara isə onu deyim ki, Azərbaycanın gəlirlərindən yalnız neft gəlirlərini çıxsaq, qaz, zırt-pırt və s. gəlirləri toplasaq belə, hətta, Ermənistan və Gürcüstandan da kasıb oluruq. Bunu hökümətin açıqladığı son rəqəmlər təsdiq edir. Xaricə sata biləcəyimiz ciddi bir kimyanı, texnologiyanı, maşınqayırmanı buraxın, heç yüngül və yeyinti sənayesi məhsullarımız yoxdu. Halbuki nefti olan ölkədə güclü kimya sənayesi qurulmalıydı. İxrac xammal hesabına olsa belə bu qədər enerji resursları olan ölkədə maşınqayırma sənayəsi inkişaf etdirilməliydi. Olmadı, etmədilər. Bunara da bir quş.
 
Ölkədə bircə azad iqtisadi sahə yoxdu. Korrupsiya sahələrində yeyilən və iqtisadiyyatda yuyulan pullar monopolist iqsitadiyyatının təməlini qoyur. Bunun zərərini sahibkarlar və xalq bilavasitə cibində hiss edir. Lakin, gələcək nəsillər daha pis hiss edəcək. Monopolist iqtisadiyyatın ziyanını biz 10-15 il sonra neft tükəndiyində rəqabətsizlikdən yaranan keyfiyyətli, beynəlxalq rəqabətə davamlı məhsulların olmamasının timsalında görəcəyik, ciddi şəkildə bunun ziyanını hiss edəcəyik.
 
Kvotayla olan kürünü, Jalə şirələrini, bəzi xarici və hökümətin soyduğu yerli sahibkarların istehsal etdiyi azsaylı məhsulları çıxsaq xaricə satacağımız ciddi bir məhsulumuzun olmadığını, ölkəyə pul daxil olmadıqdan sonra beynəlxalq miqyası keçin, hətta qonşu ölkələrdə belə möhkəmlənə bilməyən(əksəriyyəti yalnız daxili bazarda fəaliyyət göstərir,ən yüksək reytinqli Azərbaycan bankı Beynəlxalq Bank B+ reytinqinə sahibdi. Ki, bu da özünə beynəlxalq deyən bank üçün olduqca zəif göstəricidi) banklarımızın neft pulları bitdikdən sonra bir-bir çökəcəyini də nəzərə alın. Neft pulları dağıdılır, səpələnir, ayrı-ayrı şəxslərin xarici hesablardakı milyardlarına, ölkə daxilindəki və xaricindəki milyonluq villalara, avtomobillərə, kral həyatına, varlı və qudurmuş mafiya rejiminə çevrilir. O pullarla xaricdən mütəxəssislər dəvət edib dünya bazarına keyfiyyətli, rəqabətə dözümlü məhsullarıyla çıxa biləcək sənaye sahələri yaratmaq olardı. Yaradılmadı.
 
Belə düşünün:neftdən ölkəyə gəlməli olan pulun tam yarısı artıq gəlib. Ortada isə heç nə yoxdu. Nə sənaye var, nə də pul. Kənd təsərrüfatı məhsullarını belə xaricdən alırıq. Hökümətin parlamentdəki son büdcə müzakirələrindəki rəqəmlər də bunu təsdiq edir. İqtisadiyyatın enerji, maliyyə və qismən yüngül-yeyinti sahələrindən başqa heç bir sahəsi normal deyil. Turizm cənnəti sayıla biləcək, milyonlarla insan cəlb edə biləcək Göy Göldə rekreasiya infrastrunun qurulması təkliflərini təbiətin qorunması adı altında oliqarx qoyunların otladığı yaylağa çevirdilər.
 
Təhsildən, beyin kapitalından isə ümumiyyətlə danışmağa dəyməz. Halbuki, indiyə kimi ölkəyə gələn neft gəlirlərinin 20 faizini təhsilə yönəltsəydilər, ortaya iradə qoyub xaricdən mütəxəssislər gətirsəydilər indi mükəmməl mütəxəssislərə sahib idik. Bunlara da bir quş.
 
Keçək məsələnin ən ciddi tərəfinə. Əsasən, bahalı infrastruktur layihələri üçün xarici banklardan uzunmüddətli kreditlər alınıb. Neftdən gələn pullar azlıq edirmiş kimi. Və bu pullar ciddi korrupsiya , layihələrin dəyərinin dəfələrlə şişirdilməsi şəraitində xərclənib-dağıdılıb və bu proses davam etməkdədi. Burda qeyd edim ki, hal hazırda cənubi Avropanı-Yunanıstan, İtaliya, İspaniya və Portuqaliyanı- iqtisadi böhrana salan əsas səbəb məhz xarici banklardan(BNP Paribas, Credi Agricole, Sociate Generale-Fransa, Commerzbank-Fransa, HSBS-Britaniya) alınan və infrastruktur, yaxud az rentabelli sənaye sahələrinə investisiya edilən uzunmüddətli kreditlərdi. Və o ölkələr bizdən qat-qat güclü iqtisadiyyata, Avropa kimi iqtisadi gücün dəstəyinə sahib olsalar da bu iqtisadi böhrandan çıxa bilmirlər. Halbuki, onların normal sənayeləri, dünya bazarında tanınan onlarla ciddi məhsulları var. Və ciddi factor sayılabiləcək din faktoru. Biz isə onlardan dəfələrlə zəifik. Və böhran keçirəcəyimiz halda bizə yardım əlini uzada biləcək ciddi bir dostumuz yoxdu.
 
Ciddi iqtisadi arqumentləri, statistikanı, beynəlxalq presedentləri və hökümətin iqtisadi siyasətini bu tempdə davam etdirəcəyini nəzərə alıb Azərbaycanın 10, maksimum 15 ilə ciddi, dərin və sonu, çıxış yolu çətin görünən fəlakətli iqtisadi böhran gözlədiyini rahatlıqla proqnoz etmək olar. İqtisadiyyatda yüzlərlə modellər, minlərlə prinsiplər, formullar var. Amma onların əsasını sadə qanunlar, nəzəriyyələr təşkil edir.
 
Dünyadakı bütün iqtisadiyyatlara da ayaq üstə qala bilməsi üçün mütləq şəkildə pulun sirkulyasiyası lazımdı. Yəni ki, sən xaricə nəsə satıb pul qazanmalısan ki, sənə lazım olanları ala biləsən xaricdən. Xaricə sata biləcəyin bir şey olmadıqda, və ya tələbatı ödəmədikdə ölkə iqtisadi böhran keçirir. Bu qədər sadə. Üstünə də milyardlarla və tam ödənməsi mümkün olmayan xarici borclar gələndə olur kaşa. Bütün ölkə kredit borclarının ödənilməsi üçün çalışır və iqtisadi, dolayı yolla siyasi vassala çevrilir. Ən pisi isə odur ki, bu saydıqlarım bizə elə də uzaq görünmür. Və xüsusilə qeyd edim ki, Azərbaycanda normal iqtisadi böhran mümkün deyil. İqtisadiyyatın yalnız bir sahədən asılı olduğu halda (kollaps) əgər, həmin sahə çökərsə həmin ölkəni iqtisadi böhran yox, fəlakət gözləyir. İki vur iki kimi bir şeydi bu. Azərbaycan sürətlə uçuruma gedir. Neft gəlirləri səpələnir, sənaye yox, kadr yox, texnologiya, innovasiya yox. Neft qurtarandan sonra ölkəyə, iqtisadiyyatıa hava-su kimi vacib olan maliyyə axınını təmin edəcək bir sahə yox. Milyardlarla xarici borc var. Dayanmadan alınan yeni kreditlər, faizlər və millətin gələcəyinə yüklənən ödənməli borclar var. Xarici banklarda saxlanan, millətin belindən çıxan oliqarxiya pulları var.
 
İndi bir qarın çörək tapıb susan insanlar it kimi peşman olacaq, amma artıq iş-işdən keçmiş olacaq. İnsanlara vəziyyətin kritikliyini başa salmaq lazımdı. Həqiqətən, bu utopiya deyil. Pessimizim də deyil. Reallıqdı. Bunu görəcəksiniz hamınız, əgər dəişikliklər olmasa.
 
Ölkəyə xaricə məhsul satmadığı üçün xaricdən maliyyə axmayacaq. Banklar iflas olacaq. Dövlət çökəcək, özəl sektora dəstəyini çəkəcək, nəticədə özəl sektor da çökəcək. Çünki yaradılan iqtisadi sistemin bazaar iqtisadiyyatına, liberal iqtisadi dəyərlərə dəxlisi yoxdu. İnsanlar sürətlə iş yerlərini itirəcək. Pulu olan elita arxaya baxmadan qaçacaq xaricə. İsveçrədəki "çemodan"larla. Milyonlar qalacaq bu ölkədə. Bu gün TVdə, internetdə şəkillərinə baxıb yazığımız gələn afrikalıların gününə düşəcəyik. O ölkələr xaricə heç nə satmadığı üçün bu vəziyyətdədilər. Onlarla fərqimiz qalmayacaq.
 
Yuxarda qeyd etdiyim kimi, xaricə satacağımız ciddi bir məhsulumuz yoxdu. Aftafanı belə xaricdən alan ölkə səfil vəziyyətinə düşəcək. Kürüdən, qazdan və digər sahələrdən gələn gəlirlər borcların ödənməsinə gedəcək. İndiki kimi bahalı avtomobillər, restoranlar olmayacaq. İnsanlar yeməyə çörək tapa bilməyəcək. Batan ölkədə artıq nə hakimiyyətdə kimin olmasının, nə insanların mədəni səviyyəsinin nə də ədəbiyyatın,liberalizmin,fəlsəfənin bir önəmi olmayacaq.
 
Bunlar sizə mənim fantaziyam kimi gələ bilər. Amma bu yolla getsək sonumuz budu. Tarixdə bunun presedentləri olub. Bütün mənfiliklərə baxmayaraq bəzi müsbətlər də var. Qismən müsbətlər deyək. Məsələn, yuxarıda qeyd etdiyim kimi,hələ neft pullarının yarısı qalıb. Atalar demiş, ziyanın harasından sönsən xeyirdi. Hələ də, nəyisə dəyişmək mümkündü. Əgər istəsək.
 
P.S. Utopiya, pessimizm deyənlərə statistik və iqtisadi cəhətdən əsaslandırılmış,faktların fakt kimi yazıldığı daha bir yazı qələmə alacam.
 
İlkin Rüstəmzadə
 
Kultura.Az

 

Yuxarı