post-title

Milli elita və burjuaziya anlayışı

Bizim vaxtımızda “milli elita” anlayışından istifadə aktual olub, “dəbə mindi”. Bir çoxu özünü onun tərkib hissəsi kimi sayır, digərlərini isə onun tərkib hissəsi kimi sayırlar. Çox vaxtlarda onun bir hissəsi kimi, heç elitaya yaxın olmayan insanları da hesab edirlər. Bu yaxınlarda “Kaspi” qəzetində, sonrada “Day.az” tərəfindən tərcümə edilmiş və çap edilmiş məqalədə yazılmışdı ki, müasir Rusiyada yaşayan Azərbaycan burjuaziyası Azərbaycanın inkişafını dəstəkləmirlər və ümumiyyətlə heç cürə Azərbaycana kömək etmək istəmirlər.

 

 

Bununla bərabər məqalədə sadəcə Rusiyada yaşayanlar haqqında danışılırdı. Bu ya yerli millionerlərimizə bu iş ilə məşğul olmağın qadağan olmasından, ya da rəsmi olaraq yerli “millioner”lərimiz yoxluğundandır.

Amma iş bunda deyil. Bu məqalədə indiki burjuaziyanı XX əsrin əvvəlində fəaliyyət göstərmiş Azərbaycan burjuaziyası ilə müqayisədə göstərmək istəyi var, və yazılıb ki, “Yalnız öz cibini düşünərək Azərbaycanın maraqları naminə bir sent də xərcləməyən milyarderlər millətin elitası sayıla bilməz”. Beləliklə onlarla müqayisədə XX əsrin əvvəlində yaşamış milyarderlər “xalq üçün qazandıqları” milyonları xərcləməkdə nümunə ola bilərlər. Məlum oldu ki, onları asanlıqla biz milli elita saya bilərik, onların nəcib əməlləri isə Sovet hökuməti tərəfindən gizlədilirdi.

Maraqlıdır, doğrudanmı onlar milli elitaya aiddilər? Və onların “xeyriyyəçiliyi” kiminsə tərəfindən gizlədilirdimi?

Bu məsələni dəqiqləşdirmək üçün, ilk əvvəl, bizim “milli elita” anlayışı haqqında təsəvvürümüz olmalıdır. Milli elita anlayışı çox genişdir, amma çoxsaylı axtarış sistemlərdə buna oxşar məna verir: “ictimai həyatın bütün sahələrinə aktiv şəkildə təsir göstərən millət daxili ziyalı qrupudur. Milli elitanın elm tərəfindən təsviri göstərir ki, hər bir cəmiyyətin ictimai prosesləri, iqtisadiyyatın inkişafı, siyasi həyatın, elmin, mədəniyyətin idarə edilməsi üçün ən dəyərli vasitələrin seçilməsidir. Amma milli elitanın bir neçə üzvünün başqaları üstündə yüksəlmək və başqasının əməyi hesabına zənginləşmək istəyi bu anlayış ilə ziddiyyət yaradır. Belə tendensiyalar millətin birliyini pozur”.

Beləliklə, milli elitaya ictimai həyata aktiv surətdə təsir edən ziyalılar qrupu aiddir. Bildiyimizə görə milli burjuaziya nə ziyalılara, nə də elitaya aid deyil. Çünki “başqanın əməyi hesabına zənginləşmək istəyi” onlar arasında əsasdır və ümumiyyətlə onların pulları və s. məhz başqalarının əməyi nəticəsində qazanılıb. Tağıyev nə özü neft mədənində işləyib, nə də toxuculuq fabrikində toxucu olub. Məhz bu fəaliyyət ilə məşğul olan insanların əməyi nəticəsində gəlir qazanıb.

Onların “xeyriyyəçiliyi”nin Sovet hökuməti tərəfində gizlədilməsi məqamına isə qayıtsaq, qeyd etməliyik ki, tikilmiş binaları gizlətmək müşkün məsələdir. Bunun bir yolu var – binaları sökmək. Amma binaları məhz indi sökməyə başlayıblar, 70 il ərzində isə bu binalar mədəniyyət abidələri kimi qorunurdular.

Bununla bərabər qeyd etmək lazımdır ki, XX əsrin əvvəlində yaşayan milyonerlərin həyatları yavaş-yavaş mifə dönür. Belə bir təəssürat yaranır ki, elə bil əgər onlar olmasaydılar, Azərbaycan milləti indiyənə kimi qalmazdı. Eyni zamanda, yaddan çıxarılır ki, savadlılıq səviyyəsi 10% idi, bu göstəricini 100%-ə isə Sovet hökuməti çatdırmışdı. Eyni zamanda 2 teatr yerinə, onlarla teatr tikilmişdi, 100 məktəb yerinə, minlərlə məktəb tikilmişdi və s.

Məqaləmizə dönsək, biz ayrı-ayrı faktlara görə öz rəyimizi bildirmək istərdik. Məsələn, Tağıyev haqqında danışılanda onun fəaliyyətindən bir çox fakt qeyd edilir. Belə ki, qızlar üçün seminariya tikərək, o, qadın təhsilin inkişafına cüzi töhvəsini verib. Çünki həmin dövrdə qadınlar arasında savadlılıq səviyyəsi çox aşağı idi (kişilərdən 3-4 dəfə az) və bir seminariya (onların sayı bir deyildi və təkcə Tağıyev onları tikmirdi) heç nəyi dəyişdirə bilməzdi. Tələbələrə maliyyə dəstəyinin göstərilməsi isə bir çox dərsliklərdə göstərilmiş N. Nərimanovun hadisəsindən məlumdur (yeri gəlmişkən, məqalədə N. Nərimanov da qeyd edilib).

Digər məqalədə qeyd olunmuş milyoner isə Ağa Musa Nağıyevdir. O, öz vaxtının ən varlı insanlarından idi və eyni zamanda özünəməxsus və maraqlı bir şəxs idi (xalq arasında yayılmış rəvayətlərə  görə o, Tağıyevdən daha məşhurdur). Amma iş bunda deyil. Məqalənin müəllifinə görə, xəsis adlandırılan insan, 98 bina tikdirmişdi. Yəni, bu göstərici müəllif  üçün minimal etalon kimidir. Məqalənin müəllifindən maraqlanmaq istərdik, ümumiyyətlə bu tikilən binaların məqsədini bilirmi? Çünki bu binalar tikilib xalqa təhvil verilmirdi. Onlar gəlirli evlər idi. Gəlirli ev isə – “mənzillərin icarəyə verilməsi üçün tikilmiş çoxmənzilli yaşayış evidir”. Yəni o, bu evləri öz gəliri üçün tikib. Qalan evləri isə ya şəxsi villalardır və ya “İsmailliyə” – Nağıyevdən bizə qalan demək olar ki, yeganə abidədir. Xalq haqqında maraqlı bir qayğı formasıdır. Çünki belə tipli “qayğıkeşlər” bizim vaxtımızda həddindən artıq çoxdur. Bunun üçün sadəcə Bakıda gedən tikinti işlərinə baxmaq kifayətdir.

Daha böyük təəccüb gətirən fakt isə Şollar su kəmərin tikilməsidir. Sənədlərə görə bu su kəməri Bakı meriyasının vəsaitlərinə tikilmişdir. Öz vaxtının “Oğuz” su kəməri idi. Yəni, axırıncı qiyməti layihələndirilmiş qiymətindən bir neçə dəfə çox idi. Onu hətta öz vaxtının ən böyük “fırıldaq”larından hesab edirdilər. Amma məsələ bunda deyil. Bakı meriyasının tikmək niyyətinə gələndə, məlum oldu ki, büdcədə su kəməri üçün pul yoxdur. Bu zaman meriya bir neçə milyonerə müraciət etdi. Onların arasında Tağıyev və Nağıyev də var idi. Onlara sonradan bütün pulları faizlər ilə qaytardılar. Onlar xalq haqqında, xalqdan faiz götürərək qayğı göstərirdilər? Qayğının çox maraqlı formasıdır...

Zərdabi fondu haqqında burada yazmaq heç yerinə düşmədi. Çünki Zərdabinin özü demişdi ki, ermənilərin axırıncı yamçısı gəlib inkişaf üçün pul verər, amma azərbaycanlılar...

XX əsrin əvvəlində yaşamış milyonerlər arasında axırıncı yada salınan isə Murtuza Muxtarovdur. Xüsusən onun şəhərin mərkəzində özünə ev və Vladikavkazda məscid tikməsi demək olar ki hərkəsə məlumdur. Maraqlıdır, nə vaxtdan məscid və özünə ev tikmək xalqa “qayğı”  kimi göstərilir?

Beləliklə, burjuaziyanı milli elitaya aid etdirilməsi tamamilə düzgün deyil. Və bu hansı vaxtda yaşamasında heç də asılı deyil. Çünki burjuaziya bütün vaxtlarda eynidir. Eyni zamanda, hər hansı burjuaziyanı əfsanəyə çevirmək də lazım deyil, çünki “xalq” üçün etdikləri öz gəlirlərinin çoxalması niyyəti ilə edilmiş bir hərəkət idi.

T. Maşallı

Kultura.Az

Yuxarı