post-title

Hacı şarlatanlar

Elşad Abdullayevin son videosu Parisi partladan bomba kimi düşdü. Ədalətin təminatçısı olacaq hakimin reyket-quldur rejimin bir zəngi ilə onlarla adamın taleyini məhv etdiyini öz ağzından eşitdik. Amma videoda bir məqam diqqət çəkdi. Elşadın hakimə tez-tez "Hacı, qardaşımı qaytar" deməsi. Cani hakim həm də hacı imiş.

 

Azərbaycanlıların Həccə gedib, hacı olub qayıtması kimi saxtakar təbiət hadisəsi yoxdur. Türkü, pakistanlısı yox, məhz azərbaycanlı. Taliban talibanlığında mürtəcedir, ancaq mürtəce olduğu qədər səmimidir. Bizimkilərin hacılığı isə ilahi komediyadır. Tırtıl da metamorfoz keçirib kəpənəyə çevrilir, gözəlləşir. Dünən iyrəndiyimiz canlı, bugün arzuedilən olur. Mahiyyət isə tırtıl olaraq qalır. Azərilər də belədir.
 
Türkiyədə, İndoneziyada o adamlar Həccə gedib hacı olurlar ki, həyatını ibadətdə keçirir. Ahıl vaxtında var dövlətindən artıq qalanına ziyarətə gedirlər. Bəs bizdə? Bizdə isə hacı olma prosesi anekdotdur. Bir də baxırsan ki, ömrünü bazlıqda, fırıldaçılıqda keçirən kimsə aldı əlinə təsbehi salavat çevirdi. Ertəsi il başında təsək Məkkədən hacı kimi qayıtdı. 
Adamlar xislətlərini dəyişmirlər. Aktyor tək rollarını dəyişirlər. Bel azca əyilir. Baş aşağı, gözlər yuxarı qalxır. Səs tonu düşür, müştəbehlik isə artır. Həccə gedib gəlmisənsə, mütləq "həci stoykası" almalısan. Yoxsa kimə minnət qoya bilərsən. Kimin gözünə kül üfürərsən.
 
Allahın hikmətindənmi, taleyin ironiyasındanmı son ayı "həcilərin ifşası ayı" adlandırmaq olar. Öncə deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov Məkkədən həci kimi qayıtdı. Bu adam Ramiz Mehdiyevin dili ilə desək dələduz Gülərin düz iki il köməkçisi olub. Kimə vəkillik etdiyini bilə-bilə susurdu. Hətta videonun çıxdığı gün israrla Gülərin günahsızlığını sübut etməyə çalışırdı. Elə ki, deputat mandatı getdi, Şahidov aradan itdi. Sual verəndə ki, "Niyə susurdun?" cavab verib ki, "Deputat köməkçisi idim. Onun öz vəzifələri var". İstər hacı hakim, istər bu hadisədə bir həqiqət məlum oldu. Vəzifə imandan güclüdür. Yoxsa bu iman sahibi işlədiyi qəzetdə mitinqdə "Azadlıq!" qışqıran qızın anası "bar qadını" adlandırıldığı zaman istefasını verərdi.
 
İkinci ifşa Hacı Allahşükür Paşazadənin dilindən gəldi. "Mən 33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm". Məncə artıq şərhə ehtiyac yoxdur. Və nəhayət işlədiyi 15 ildə yüzlərlə adamın həyatını məhv edən, sifarişli qərarla milyonları qarət edən rejim nökəri, "Allaha and olsun" deyən hacı hakim.
 
Video çıxan axşam belə fikir paylaşdım: "Elşad Abdullayevin videosuna baxdınızsa, bilin. Həccə gedib hacı olan hər azərbaycanlının görmədiyimiz bir oğraş üzü vardır". Ağır sözlərdir, ancaq həqiqətdir. Fikrimə mömin kimi tanıdığım gənclərdən də dəstək gəldi. Ancaq qaramat "din keşikçiləri" üstümə tökülüşdülər. Özü də söyüş və təhqirlə. Baxdım ki, əxlaqları küçə fahişəsinin sərhədlərini zorlayır, söhbəti bitirdim.
 
Nədir bu əməli saleh əclafları pozğunluğa vadar edən? Dinmi, imanmı? Xeyr. Gözlərinin qarşısına iman yox, saqqallı qohumları, təsbeh çevirən ataları gəlir. Onların "qeyrət"ini çəkirlər. Əclaflıqlarını özləri də yaxşı bilirlər. Əxlaqsız, kafir gördükləri Əli Əkbər, Seymur Baycanla müqayisədə qat-qat əclafdırlar. Buna görə "yaxşı hacı, pis hacı" oyunu oynayırlar.
 
Din qardaşlıqlarını, icmaları elə də yaxşı tanımıram. Amma siyasətdə, mətbuatda tanıdığım hacılar haqqında deyə bilərəm ki, yuxarıda yazdığım fikir hamısı üçün məqbuldur. Həci təsəyi altında hərəsi bir eybini gizlədir. Kimi pozğun həyatını, o biri hakimiyyətdən aldığı aylıq "haqqı", kimi də KQB keçmişini.  İfşa olunandan, xislətlərini üzlərinə vuranda tək arqumentləri qarşısındakını "kafir", "imansız" adlandırmaq olur. Bu söz də ancaq özləri kimilərə təsir edir.
 
Hacıların bəşər tarixinin qazandığı ali dəyərlərə xüsusi nifrəti var. Biri vicdan azadlığına nifrət edir, digəri sekulyarizmə, o biri humanizmə. Çünki bu dəyərlərin hər biri inanclı insanı belə azad edir. Özü edir. O, imanına, statusuna görə heç kəsin kölgəsində qalmır. Azərbaycanda hacı statusu olub, camaat arasında avtoriteti, hegemonluğu olmayan isə hacı deyil. Bu halda azadlığı təcəssüm edən bəşəri dəyərlərə niyə nifrət etməsinlər ki.
 
Azərbaycanlılar üçün Kəbə ziyarətgah deyil, "paltaryuyan maşın"dır. Ömürləri boyu çirkabda üzənlər gedirlər ora. Yeddi dəfə fırlanıb, tərtəmiz olub çıxırlar. Günah hissi onları təqib etmirsə, nə üçün belə tələsirlər hacı olmağa? Ömründə bir yetimin başına dolanmayanlar yeddi dəfə Kəbənin başına dolanmasını cümlə Azərbaycana haray çəkir. Dünən rahatlıqla üzünə tüpürəcəyimiz adamlar hacı adı ilə nur maskası taxırlar. Hətta bəziləri qayıdandan sonra daha da azğınlaşır. Rüşvəti könül rahatlığı ilə alır. Yalanı hədislə, imanla satır. 
 
Toyda içki içməsin deyə qonağının başı üstünü kəsdirən, "çayı tünd elə" parolu ilə çaynik lüləyindən çaxır içənlər. İşçisinin maaşını kəsib, yeddi dəfə hacı olanlar. Camaata "qul haqqını yemə!" ayələri oxuyub, illərlə seçici haqqı üzərində oturan hacı madərlər deyilmi bunların sifəti?!
 
Çarələri olsa biznes kimi həyatımızı da monopoliyaya alarlar bu hacı şarlatanlar. Hətta BDU da belə dövlət puluna hacıturlar təşkil edilir. Bir də görürdün il boyu rüşvət yığan, YAP üzvlüyü planı dolduran həmkarlar üzvü gedib olub həci. Bu da həci komediya. Qiyamət günü Hacı Möhsün də qurtramayacaq bunların abrını. Zülmə susmadığı üçün ancaq öz üzü ağ olacaq. 
 
Hələ ki, bu hacıların cəmiyyət içində azmaz ağırlığı var. Amma duman dağılır. İnsanlar təsəyin altında kimlərin gizləndiyini görür. 5 il sonra ən hörmətli siyasətçi Həccə getməyən, ən etibarlı jurnalist hacı olmayan bəndə olacaq. Hə, yaddan çıxmamışkən "Ziyarətin qəbul olsun, Hacı Şarlatan".
 
Ramil Qafarov
Yuxarı