Son dəfə 3 il əvvəl oldum Gəncədə. 6 yaşımda gördüklərimlə 18 yaşımda gördüklərim arasında elə də fərq yox idi. Gəncədə İmamzadə türbəsi adında bir ziyarətgah var (inanclara görə İmamzadə ziyarətgahında İmam Məhəmməd Baqirin oğlu Mövlanə İbrahim dəfn olunub). Bu ziyarətgaha hər il Aşura günü ölkənin hər yerindən insanlar gəlir. Gəncə əhalisinin də böyük hissəsi orda olur Aşura günü. Müəllimindən tutmuş sahibkarına kimi. Fəhləsindən tutmuş dövlət qulluqçularna, polis rəislərinə kimi. Hər kəs. Uşaqdan böyüyə, 7dən 77yə.
Səhər saat 6dan etibarən aralarında 13-14 yaşlı yeniyetmələr də olan əlizəncirli gənclər şəhəri özlərini zəncirləməklə dövr etməyə başlayırlar. Şaxsey-vaxsey sözlərini xorla deyərək. Şəhərdə müxtəlif yerlərdə 10-a yaxın, bəlkə də, daha artıq belə qruplar olur. Özlərini zəncirləyərək şəhəri gəzirlər və sonda İmamzadə türbəsinə gedib estafeti yaşca böyük dindar qardaşlarına verirlər. Böyük qardaşlar həm daha qalın, böyük zəncirlərlə “silahlanmış” olurlar, həm də zəncirlərinin uclarına bellərini daha yaxşı kəsməsi üçün bıçaq bağlayırlar.
İmamzadə ziyarətgahına gəlmiş insanlar öncə 5-10 dəqiqə bu tamaşaya baxırlar, “ibadət”lərini yerinə yetirdikdən sonra isə başqa ibadətlərə keçirlər. Öncə gedib qollarına pulla satılan qara parçalardan alıb bağlayırlar, daha sonra türbənin divarlarını öpürlər, arzu tutub kəllə qəndləri divara yapışdırırlar. Çox hallarda qənd böyük olduğundan divara yapışmırdı və bizim “mömin”lər qəndi ağızlarıyla qırıb və ya daha kiçik qəndlər götürüb türbənin divarındakı boşluqlara zornan soxmağa çalışır, bununla da istəklərinə nail olacaqlarını düşünürdülər.
Daha sonra yeyib-içmək mərasimi başlayır, imkanı olanların kəsdiyi qoyunlar bozbaşa çevrilib mədələrdə həzm olunurdu. O yeməklərdən yemək fərz sayılırdı, çünki, “müqəddəs” ət idi. Və beləcə bu ibadətlərdən sonra insanlar 1 illik savab planını yerinə yetirdiklərini düşünüb evlərinə qayıdır,normal həyatlarına davam edirdilər.
Bunları yazmaqda məqsədim kiminsə inancını təhqir etmək deyil. Sadəcə,mükəmməl olmasa da İslamnan az-çox məlumatı olan biri kimi bu insanların inandıqlarının heç İslam da olmadığını çatdırmaqdı bir az. Türklər demiş, müsəlmanların dediyi belə bir “klişe” söz var. “Əsl İslam bu deyil” deyə.
Əsl İslam - qeyri-humanist bir dindi o ayrı. Əsl İslamı Azərbaycanda yaşayan, Səudiyyə Ərəbistanındakı kimi bütün qaydalarına riayət edən, peyğəmbərin yoluyla gedən sələfi icması idi. Əksəriyyəti şiə olan “uca millətimiz” hökümətin verdiyi tırka ilə o insanları cəmiyyətdə nüfuzdan saldı.
Haqqlarında onlarla yalan-böhtan dolu şəhər əfsanələri uydurdu. Məsçidlərinin bağlanmasına hicab etirazının 1/10-i qədər etiraz edilmədi. Mən, İslam tərəfdarı deiləm, ateistəm. Amma 4 il boyunca sələfi icmasının məsçidində cümə namazı qılmış biri kimi deyirəm ki, indi şaxsey-vaxsey deyənlər “vahhabi” deyib lağa qoyduqları insanların 1%-i qədər də səmimi deyillər inancda. Və dinləri də saxtadı. Və onlara Ərəbistandakı din barədə məlumat verəndə cavabları bu olur ki, Ərəbistandakıların hamısı vahhabidi. Noldu, ay rəhmətdiyin nəvəsi, elə bütün dünya vahhabi oldu, bir tək siz əsl müsəlman?!
Əlbəttə, mən əsl İslamı da qəbul etmirəm, amma, adamı yandıran məhz odur ki, əsl dindarlar qalıb qıraqda, Rafiq Tağıya bunlar ölüm hökmü oxuyurlar.
İslamda hal-hazırda onlarla təriqət var. Bu təriqətlər arasında
İslamın “konstitusiya”sına-Qurana ən zidd olan məhz Şiə təriqətidi. Hal-hazırda dünyadakı böyük islam alimlərinin çoxu bu fikirdədi. Siğələrindən tutun da namaz qılma qaydalarına kimi, Kəlmeyi-Şəhadətlərinə kimi. Hamısı əsl İslama görə haramdı, namazları bidətdi.
Azərbaycanın dəyərlərinə girmək fikrindən uzağam, amma, digər dəyərlərinin çoxu kimi dini də saxtadı.
Hal-hazırda Azərbaycanda dinə inanan insanların 90 faizi əsl İslamnan tam kənardadılar. İslamın sadəcə 5 əsas şərtini bilən, namaz qılmayan, əksəriyyəti oruc tutmayan bir kütlə-münafiqlər. Qurandakı Münafiqun surəsi sizə həsr olunub, açıb oxuyun. Orda açıq şəkildə yazılıb ki, namaz qılmayan, oruc tutmayan , zəkat verməyən- bir sözlər İslamın 5 şərtinə əməl etməyən insan münafiqdi. Cənnətə girməsi, yalnız Allahın xüsusi əfvilə mümkündü. Əsl İslam dinində nə pir var, nə ziyarətgah var, nə də siğə! Özünü şallaqlamaq da yoxdu. Bunları edən isə müvafiq olaraq şirk və bidət etmiş olur. Yəni Allaha şərik qoşmuş və dinə dəişiklik gətirmiş. Qısacası kafir. Mən demirəm, İslam deyir. İslam dininə görə zülmə qarşı mübarizə aparmayan insan münafiq sayılır. İnsanların tapdanmasına, qarışqa kimi əzilməsinə göz yuman firqənin "din uğrunda" kiməsə ölüm fətvası verməsi ikiüzlülükdü, Allahnan alver etməkdi.
Bir də,Rafiq Tağıya ölüm fətvası verən, dinsizləri hədələyən, Ağalar Məmmədovu təhdid edən insanlara, sosial şəbəkələrdə təhqirlər yağdıran ərgənbeyinlilərə bəzi şeyləri çatdırım:
İslam dininə görə ən böyük günah Allaha şərik qoşmaqdı. Bu günahın bağışlanması yoxdu. Allaha şərik qoşan insan cəhənnəmlik sayılır. Qurani Kərimdə müxtəlif surələrdə Allaha şərik qoşmanın əlamətləri açıq şəkildə göstərilib. Daşlardan, bütlərdən, ölülərdən kömək istəmək, talisman gəzdirmək, insanı müqəddəsləşdirmək. İslam dininə görə müqəddəs yalnız Allahdı.
Burdan da belə nəticə çıxır ki:
1) Pirə gedən dindarla ateist arasında heç bir fərq yoxdu, hər ikisi cəhənnəmlikdi;
2) Ölmüş birindən(məsələn,Mir Möhsün Ağa) kömək istəyən dindarla ateist arasında heç bir fərq yoxdu, hər ikisi cəhənnəmlikdi;
3) İmamları müqəddəsləşdirən, yardım istəyən insanla ateist arasında heç bir fərq yoxdu.
Yəni ki, mənim əzizlərim ateist, dinsiz kafirlər dediyiniz insanlarla eyni dərəcədə dindarsız demək olar ki. Bu yazıdan sonra təriqət, firqə davası edirsən deyəcək adamlara bir daha çatdırım ki, dinə inanmıram. Təriqətlər vecimə də deyil. İslamı sadəcə Məhəmmədin uydurması sayıram. Mən gördüyümü, oxuduğumu, düzgün saydığımı yazdım.
İlkin Rüstəmzadə