post-title

Biri beyinmi dedi?

Məşhur bir deyim var: “Beyninizi dəyişdirin, həyatınız dəyişsin”. Tək sərmayə olaraq gördüyüm beyinlə bağlı bir çox şey demək olar. İlkin olaraq vurğulamaq olar ki, daha sağlam və yaradıcı düşünə bilmək üçün içki, siqarət və stressdən uzaq durmaq lazımdır. Çünki, bu yollarla beyinə verilən zərəri sonradan heç cür düzəltmək olmur.

 

Fərqində olduğumuz və olmadığımız bütün bilgi prosesləri beyində başlayır, beyində formalaşır və orda da sona çatır. Beyinlə bağlı olan bütün söhbətlər həm elmi, həm də sənətsəl sayılmalıdır. Bunun üzərinə danışmaq üçün beyin mütəxəssisi olmağa ehtiyac yoxdur. Həssas və iti zəkayla gündəlik hərəkət və davranışlarınızı, düşüncələrinizin mahiyyətini və yaranma şəklini müşahidə edib, yanlış vərdişlərinizdən qurtula bilərsiniz. 

Nəzərə alsaq ki, modern dünya həyatı öz qida, elektron informasiya, kitablar və intellektualları ilə beynimizə hər saniyə milyonlarla frekans yeridir, bəlkə bu halda monoton düşüncə şəklimizin səbəblərini anlaya bilərik. Düşünmə şəklimizə baxdığımızda rahatlıqla görə bilərik ki, ilkin şərtlər artıq çoxdan proqramlanıb. Yəni uşaqlıqdan etibarən sürə gələn inkişaf müddətində qərarlarımız və mühakimə qabiliyyətimizi formalaşdıran kodlar bizə soruşulmadan neyronlarımıza yapışıdırlıb. Və aydınlanmağa fürsət tapan insanın ilk işi dərhal bu kodları qırıb yola başlamaq olur. Burda dayanaq… Çünki kodları qırmaq sözünün sinonimi olan  - devrim - sözü həqiqətən də çox cazibəli görsənir. 
 
Düşünürəm ki, burda incə bir nöqtə çox zaman gözdən qaçırılır. Öz şərtlənmişliyini fərq edən beyin, onu qırmadan öncə düşünməlidir ki, əgər mənim  beynim şərtlənibsə, bəs bu şərtlənmələrə qarşı uyqulayacağım metodların özü də əvvəlcədən hazırlanmış qəliblər deyilmi? Bunu elmi dillə ifadə etsək, ortaya çıxır ki,  beynin ona yeridilmiş proqrama qarşı bir seçim şansı yoxdur. Yəni beyin heç bir zaman informasiyaya qarşı fərq qoymur. Onun vəzifəsi sadəcə bilgini qidalandırmaq və genetik koddakı bazaya görə bilgilər arasındakı əlaqəni yaratmaqdır.
 
Soruşsanız ki, “bəs beyindəki çatışma və ziddiyətlər hardan gəlir?”, deyə bilərik ki, bu çatışma, fərqli quruluşa sahib informasiya qrupları arasındadır. Yəni içində olduğumuz ziddiyəti əslində tamamilə informasiya yaradır.  Bu isə stress, sıxılmalar və qorxunun əsas səbəbidir. Diqqət etsəniz görə bilərsiniz ki, gündəlik olaraq, rutin bir döngü şəklində bu informasiya paketlərini qidalandırmaqla məşğuluq. Enerjimizin çoxu onların varlığnı qidalandırmağa gedir. 
 
Beyni öyrənmək istənilən fəlsəfi düşüncəni öyrənməkdən daha vacib olmalıdır. Davranışların və gündəlik reaksiyaların kökünü anlamaq zövqverici bir məşğuliyyət halını almalıdır. Bu mövzunun tibbçilərin diqqət və öyrənməsi lazım olan şey səviyyəsindən çıxıb, fərdi həyata enməsi heç də saçma səslənməməlidir. Çünki diqqət, nə qədər də sənətsal şeylərə yönəlsə də, bizi lokal şüur səviyyəsində saxlayan şeylər, məhz beyinlə bir-başa əlaqədə olan şeylərdir. Yəni qida, musiqi, film, gündəlik yaşadığımız parçalanmış və stress verici hadisələr vəs. 
 
Anladığımız zaman ki, beyin tək sərmayədir, o zaman onun öyrənilməsini, həyatdan qopuq bir hadisə kimi qiymətləndirməyə artıq heç bir səbəb qalmır. Fərdi, dərin və yaradıcı devrim ancaq beyinin işləyiş şəkli anlaşıldığı zaman ortaya çıxa bilər. Beynin potensialı və onu açmaq yolları mənə görə bir fərdin məşğul ola biləcəyi ən dəyərli işdir.
 
Turqut Qaraca
Kultura.az
Yuxarı