post-title

Atalar və oğullar

Turgenev "Atalar və oğullar" əsərini Belinskinin xatirəsinə ithaf etmişdi. Elə adamlar var ki, onlar yaşadıqları ömrü ikiyə, üçə, hətta bəziləri dördə vurub. Tomas Vulf, Lermontov, Puşkin, Yukio Misima, bizim Cəfər Cabbarlı...

 

Belinski də belələrindəndir. Cəmisi otuz yeddi il yaşadı. Amma bu otuz yeddi ilə çox şeylər sığışdırmağı bacardı. 

"Atalar və oğullar" əsərinin Belinskinin xatirəsinə ithaf olunması bu əsərə əlavə bir məna qatır. Əsəri oxuduqca bunu daim xatırlamaq lazımdı və belə olduqda, əsər daha çox öz təsirini göstərir. Əlbəttə, Belinskini tanımaq, onun necə yaşadığını, nələr yazdığını bilmək də öz yerində. 
 
"Atalar və oğullar" bu vaxta qədər oxuduğum əsərlər arasında sonu həqiqi kədərlə bitən ən ağır əsərlərdən biridir. Nə etmək olar, inqilab, barrikada, dəyişiklik etmək üçün yararlı olan insanlar bəzən avtomobil qəzasında ölürlər. Bəzən vulkan kimi püskürən insanlar ən adi xəstəlikdən dünyalarını dəyişirlər. Anadan üsyankar doğulan insanları bəzən dünyanın ən sentimental xəstəliyi olan vərəm o dünyaya aparır. Nə qədər insanlar vaxtsız gələn ölüm nəticəsində öz sözlərini deyə bilmirlər. Bu adsız qəhrəmanların, adsız inqilabçıların qəbiri sonda əlsiz-ayaqsız, sakit qoca qarının və sakit qoca kişinin ziyarətgahına çevrilir. 
 
"Atalar və oğullar" əsərində məni Bazarovun şəxsi faciəsindən daha çox onun valideynlərinin ruhi vəziyyəti ağrıdır. Bazarov barrikadada ölə bilmədi. Amma təsadüfi deyil ki, biz Turgenevin başqa qəhrəmanını - Rudini barrikadada ölən görürük. Həyatı dekorativ bir gül kimi təsəvvür edən balaca bir qız Rudini qorxaqlıqda ittiham edəndə, Rudin onu başa sala bilmir ki, o, məişət qəhrəmanlığı üçün yaranmayıb. Onun başqa missiyası var. Onsuz da sağımız-solumuz məişət qəhrəmanları ilə doludur. Bu məişət qəhrəmanlarından birini tapmaq çox asandır. 
 
Rudin qız qaçırmaq üçün yaranmamışdı. Biz sonda Rudini barrikadada görəndə onun bütün günahlarından keçirik və başa düşürük ki, o, öz sonunu bilirdi. Öz sonunu bildiyinə görə də bu sona heç kimi, məişət qəhrəmanlığı axtaran balaca bir qızı şərik etmək istəmirdi. Çünki şokolad tez qurtarır. Xüsusən əgər bu şokoladı yeyən qadındırsa. Tolstoyun təbirincə desəm, qənd yalnız uşaqlar üçün şirindi, böyüklər üçün isə qənd sadəcə çay içmək üçündür. Qəndin şirin olmasını biz çoxdan unutmuşuq. 
 
xxx 
 
Əvvəllər hegelçilər vardı, indi isə meydana nihilistlər çıxıb... "Atalar və oğullar" əsərində kinayə ilə deyilmiş bu sözdən hiss olunur ki, Rusiya böyük dəyişiklik ərəfəsindədi. Atalar və oğullar yola getmirlər. Onların dünyaya baxışları, dəyərləri dəyişib... 
 
Bizdə necə, atalar və oğullar qarşıdurması varmı? Yoxsa, Elmir Mirzoyevin dediyi kimi, Azərbaycanda atalar oğulların, oğullar isə ataların tayıdı. Bəli, böyük çoxluq belədi. Ataların təsir vasitələri çoxdu. Sən bir az dəyişiklik istəsən maddiyyat, maşın, toy ritualı öz sözünü deyəcək. Dəyişik toy etmək istəyənlər atalarından bu sözü eşidirlər: "Camaat sənin toyuna gəlmir, mənim oğlumun toyuna gəlir". Yəni, köhnə bazara təzə qaydalar gətirmə, mən belə istəyirəm, mənim qonaqlarım da belə tələb edir... 
 
Üstəlik, bir çox övladlar öz atalarını hər şeyə qadir hesab edirlər. Elə bilirlər ki, ataları hamıdan güclüdür. Bəlkə də buna görə Dostoyevskinin "Karamazov qardaşları" əsərində uşağın gözü qarşısında atasının döyülməsi ədəbiyyatda ən ağır səhnələrdən biridi... Gəlin, bu insan təbiətinin üstünə hələ bizim ibtidailiyimizi, ibtidai hislərlə yaşadığımızı da əlavə edək. Azərbaycanlılar asanlıqla öz atalarını ilahiləşdirirlər. Zorakı atanı, övladlarına təxminən işgəncə verən atanı sadəcə və rahatlıqla ciddi adam kimi xarakterizə edirlər. 
 
Siz bizim toylarımızda tamadaların sevərək dediyi və toy əhlinin maraqla qulaq asdıqları ata haqqında şeirin məzmununa baxın: "İstəyirəm yenə səhvim üstə döyəsən məni, əllərinə qurban olum, ay ata..." 
 
Bu şeiri deyənlərin, bu şeirə qulaq asanların böyük əksəriyyəti atadır və onlar özləri də belə bir gələcək arzusundadırlar. Yəni, onların da əlləri yumruqla, təpiklə xatırlansın. 
 
Bir balaca dəyişiklik istəyən gənc, anası tərəfindən süd şantajı ilə üzləşir. Ana övladına süd verməsini tez-tez xatırladır. Elə bil, bunlar sanki ana deyillər, süd kombinatlarıdır. Axı, qoyunun da, inəyin də, keçinin də bacardığı təbii proseslə nə qədər fəxr etmək olar?.. Axı tanrı, yaxud təbiət insanı heyvandan fərqli yaradıb. İnsana şüur verib. Bu şüur insana dəyərlər bəxş edib. Mədəniyyət və davranış qaydaları yaradıb. Bəs, bizim ata və analarımız şüur baxımından bizə nə verib? 
 
Sağ olsunlar, gedib ov ovlayıb, quş quşlayıb, otdan-ələfdən gətirib bizi yemləyiblər. Bizi böyüdüblər. Mağaranı xarici düşməndən bacardıqları qədər qoruyublar. Buna görə onlara minnətdarıq. Bəs, bizə şüurun qazandırdıqları nemətlərdən nə qədər veriblər? Hanı bizim dəftərimiz, kitabımız, qələmimiz... Yoxdu. Bir toya xərclədiyimiz pulun yarısını təhsilə xərcləmək istəmirik. Ölülərin başdaşına xərclədiyimizin yarısını dirilərin dəftər-kitabına xərcləmək niyyətində deyilik. 
 
Bəli, bu basqılara davam gətirmək çətindi. Davam gətirmək bir yana, gənclərin çoxu atalarının hansı işlə məşğul olmaları barədə düşünmək belə istəmirlər. Onların aldıqları maşınları, paltarları həvəslə qəbul edirlər. Rüşvətxor atanın aldığı maşınla hoqqa çıxarırlar. Dostlarının yanında yolu qırmızı işıqda keçməklə fəxr edirlər. Bu, böyük çoxluqdu. Onlar məhz madiyyata görə öz atalarının yolunu davam etdirməyi, hətta onların siyasi baxışını müdafiə etməyi lazım bilirlər. Başqa cür ola biləcəyini düşünmürlər. 
 
Amma bununla belə, indi gənclər var ki, onlar öz atalarının hansı işlə məşğul olduqlarını bilirlər. Dəyişiklik istəyən bu gənclər bilirlər ki, ataları rüşvət alır, yaltaqlıq edir, seçkiyə haram qatır. Belə genclər öz atalarının əməllərindən utanırlar. Onlar açıq müqavimət göstərə bilməsələr də, atalarından aldıqları pulları vicdanla xərcləyə bilmirlər. Bunlar kifayət qədər mədəni, intellektli, prosesləri diqqətlə izləyən və ölkədə müsbətə doğru dəyişiklik istəyən bir gənclikdi. Atalarının dəyərləri onları sıxır. Darıxdırıcı görünür. Toydan ləzzət ala bilmirlər, toyda dava salanları başa düşmürlər. 
 
Hətta bəzən gülürlər. Mollaya diqqətlə qulaq asa bilmirlər. Qısası, qoy bu gənclər atalarından utanmalarını çox da ürəklərinə salmasınlar. Onların öz atalarının əməllərindən utanması o deməkdir ki, onlar artıq köləlik zəncirində halqa olmaq istəmirlər. Bu, köləlik zəncirinin qırılması deməkdi. İndi hər bir gənc öz nəslini bu köləlik zəncirindən xilas edə bilər. İndi hər bir gənc öz nəslini köləlikdən xilas etməlidi. Hər kəs bu missiyanın nə qədər müqəddəs və tarixi missiya olduğunu müəyyən etməlidi.
 
Spinoza deyirdi ki, insanlara köləlikdən deyil, azadlıqdan danışın. Qoy, hər bir gənc başa düşsün ki, o, özü-özünü qəhrəman edə bilər və yəqin ki, qəhrəmanlıq üçün bir də belə şans çətin ələ düşsün. Nəsillər köləlikdən azad olduqca, o zaman biz bir toplum olaraq azadlığa çıxacağıq. Bu gün hətta rəngli geyinən bir gənc belə bu prosesə öz töhfəsini verir. Mitinqə çıxmasa belə, qəzet alır, kitab alır, yazı paylaşır. Qoy, bu gənclər öz atalarının əməllərindən utanmalarını çox da ürəklərinə salmasınlar. Dəyişiklikliyə can atmağa davam etsinlər. Çünki insanı yalnız öz seçiminə görə ittiham etmək mümkündü. Ata, ana, vətən bizim seçimimiz deyil. Seçim mənim olsaydı, mən Azərbaycanda yox, Eldoradoda doğulardım və heç bu yazını yazmağa da ehtiyac olmazdı.
 
Seymur Baycan
Reytinq qəzeti

 

Yuxarı