post-title

Yazıçısını möhtac qoyan xalq

“Xalq yaxşıdır, maarifçilər, yazıçılar pis”. Bu fikri ilk olaraq ortaya atan insanların əksəriyyəti xalqın böyük dəstəyinə ehtiyac duyan, öz arxasına xalqı almaq istəyən siyasətçilər və Ramiz Rövşən demişkən “vicdanını abort elətdirən” yazıçılardır.

 

Maraqlısı budur ki, bu fikri ortaya atan insanlar da öz fikirlərində necə qərəzli olduqlarının fərqindədirlər. Uşaqlarının boğazından kəsib rüşvət verən insanlar xalq sayırlar, amma ağına-bozuna baxmadan, kasıbından varlısına qədər hamıdan rüşvət alan insanlar xalq hesab etmirlər.

Niyə? Onların hər ikisi də bizim al-güllü xalqımızın nümayəndəsi deyilmi?

Beləlikə, xalq niyə tənqid olunmalıdır?

Bütün günü işdə, müdirinin qabağında quyruq bulayıb, yaltaqlıq edib, gecə yatağa uzananda arvadının boynuna sarılıb hakimiyyəti söyən xalq tənqid olunmalıdır.

Benzinin qiymətinin qalxacağını eşidib, etiraz edəcəyinə öz avtomobilinin bakının maksimum doldurmaq üçün saatlarla növbəyə dözən xalq tənqid olunmalıdır.

Evliliyi özünə ən ali dəyər hesab edən xalq tənqid olunmalıdır.

Xaricə ölkəyə çıxan kimi ilk işi, qlamur bacılarımızın da dediyi kimi “shopping”-ə qaçmaq olan xalq tənqid olunmalıdır.

Haqqını tələb etməkdənsə rüşvət verib, işini həll eləməyə çalışan xalq tənqid olunmalıdır.

Bütün günü ağzın açıq, mat-mat evlilik verilişlərinə baxan xalq tənqid olunmalıdır.

Kitaba verəcəyi 5 manata qıymayıb, yüzlərlə manatı telefona xərcləyən tələbəsi olan xalq tənqid olunmalıdır.

Gözünün qabağındakı haqsızlıqları görməyib, bütün günü Amerikanı, İsraili söyən yazıçısı olan xalq tənqid olunmalıdır.

Nəinki tənqid olunmalıdır, hətta çox zaman təhqir belə olunmalıdır.

Kimsə bu xalq adlandırılan toplumu silkələyib özünə gətirməlidir. Kimsə ətrafındakı iyrəncliyə, ürək bulandırıcı muhafizəkarlığa, yekədodaqlılar tərəfindən istimar olunmağa qarşı çıxmalıdır. Əgər bunu yazıçılar etməyəcəksə, kimlər etməlidir? Zatən, indiki dövrdü Azərbaycanda bunu bir neçə yazıçıdan başqa heç kim etmir.

Bir dəfə AFU-da çıxışı vaxtı bəstəkar Firudin Allahverdi buna bənzər bir ifadə işlətmişdi. “Mədəniyyətlər arası fərqlilik onların sadəcə coğrafi müxtəlifliyinə görə yaranmayıb. Əgər biz dünya mədəniyyətini bir təkamül nərdivanı kimi düşünsək, burda müxtəlif pillələr var. Və hər bir cəmiyyətin də mədəniyyəti öz inkişafına görə bu mədəniyyətlər nərdivanında bir pilləni tutur”

Burda haqlı olaraq bir sual meydana çıxır. Bəs Azərbaycan bu nərdivanın harasındadır?

Xarici ğlkələrə bəh-bəhlə sırımağa çalışdığımız qədimlik, Azərixantropluq mədəniyyət deyil. Azərbaycan digər dünya dövlətləri kimi tarix olaraq 2012-ci ili başa vurur. Amma Azərbaycan bir cəmiyyət olaraq Avropadan 3-4 əsr, hətta daha da çox geridədir. Şükür etməliyik ki, hələ minlərlə il geridə deyilik.  Bunun da baş verməsinin qarşısını  son 100 ilin tərərqqipərvər, dünyəvi yazıçı və maarifçilərimizin zəhmətləri hesabına alınıb. Əlbəttə ən əsas amil SSRİ-nin təhsil sistemi olub. Bu xalqını başına silah dirəyib məktəbə, oxumağa məcbur eləməsəydi bəlkə də indi əhalinin 90%-i heç yazıb, oxumağı belə bacarmazdı.

Ancaq xalqın pis olmasının, hətta hələ xalq olaraq tam formalaşa bilməməsinin səbəbləri də vardır: təhsil verilməmişdir, informasiyasız saxlanılmışdır, aldatılmışdır, mühafizəkar olmaq təlqin edilmişdir və s. Bəs yazıçılar hansı səbəbdən pis olmalıdır? Əslində heç bir şey etməməyk edə biləcəyin pisliyin ən ağırıdır. Bəli, yazıçının edə biləcəyi ən böyük pislik, əcləfalıq da bütün bunları görə-görə susmağı ola bilər.

20-ci yüzilliyin ortalarında Fransız əsgərləri və məmurları əlcəzairli vətəndaşlara işgəncə etdiyi zamanlarda Parisdə bir hüquq  professoru universitetdə tələbələrin qarşısında “ əlcəzairli vətəndaşla işgəncə edən belə sistemin universitetinde professorluq etməkdən utanıram” deyərək və bir daha müəllimlik etməyərək tariz qarşısında təkbaşına Fransanın qürurunu xilas etmişdir. Bəzi ölkələrdə tarixin elə bi zaman kəsiyi olur ki, bir professor, bir yazar, bir sənətçi, bir maarifçi ölkənin, xalqın tarix qarşısında, dünya qarşısında xilaskarına çevrilir. Bu professoru düşündükcə insanın küçəyə çıxıb, “Utanan, qorxmayan insan axtarılır” deyə bağırmaq istəyir insan.

Bir tərəfdən də fikirləşirsən ki, axı nə etsin bu yazıqlar. Aşağı tüpürürsən saqqal, yuxarı tüpürürsən bığdır. Çölə tüpürürsən həbs edirlər. Udsalar da mədələri xarab olacaq.

Yanğın və ya dağıntı olan yerlərdə bəlkə görmüşsünüzdür, dağıntıların, xarabalıqların arasından balaca, çiçəkləri rənbərəng bir gül baş qaldırar. Çox gözəl və fərqli biçimdə. Bu gül insanın gözünə möcüzə kimi görsənir. Çünkü, dağıntıların, söküntülərin arasından, yəni, bir gülün yütişə bilməsi üçün heç uyğun olmayan bir şəraitdə özü-özlüyündən böyüyüb, çiçək açmışdır. Nə kimsə onu əkmiş, nə kimsə ona kimsə gübrə vermiş, nə də kimsə onu sulamışdır. Qupquru və daşlı-çınqıllı dağıntıların arasından üzü günəşə doğru boy atmaqdadır. Bu baxımsızlıq, şəraitsizlik bəs etmirmiş kimi də uşaqlar onu qaparar, daşla əzər, avtomobil təkərləri üstündən keçər. Amma o inadla, səbirlə öz gözəlliyini, ətrini ətrafa yaymaqda davam edir. Bəzi zaman isə onu kökündən qoparıb, atarlar. Bu zaman o öz toxumlarının dörd bir tərəfə yaymış olur və bir də görürsüz ki, daşların, dağıntıların arasından onlarla, yüzlərlə gül çıxıb, ətrafa işıq saçarlar.

Bax, hal-hazırda Azərbaycanda vətəndaş mövqeyini ortaya qoyan, hələ də vicdanının səsinə qulaq asa bilən yazçıların vəziyyəti də məhz bu güllər kimidir. Onların varlığı belə bir möcüzədir.

Vüqar Bəhmənzadə

Kultura.Az

Yuxarı