post-title

Gürcüstanda azərbaycanlılar niyə "yoxdurlar"?

Dövlət sərvəti ilə, millət mədəniyyəti ilə tanınar (Valeri Qurbanov)

 

2012 ilin qışını Gürcüstanda, Tiflisdə keçirdim və təsadüfən öyrəndim ki, 64 nömrəli məktəbdə Ceyran xanımın rəhbərliyində bizim milli rəqsləri yaşadan qrup fəaliyyət göstərir. İlk fürsətdə o məktəbə getdim və öz gözlərimlə bu rəqs qrupunu görmək istədim. Onları görüncə həm sevindim,  həm də kədərləndim, çünki qrup dar bir otaqda çox pis şəraitdə məşq edirdi. Qızlar tez evləndiklərinə görə qrupda 17 yaşından yuxarı demək olar ki, rəqqasə yox idi.

Qrupun rəhbəri Ceyran xanımla söhbətimiz zamanı o mənə bildirdi ki, bu qrupun yaradılması və fəaliyyətində ona həyat yoldaşı Valeri Qurbanov çox böyük dəstək olub. Ceyran xanım söhbət zamanı həyat yoldaşına aid bir  ifadə işlətdi və bu mənə çox təsir etdi: "Dövlət sərvəti ilə, millət isə mədəniyyəti ilə tanınar".

Bu yazını yazmaqda məqsədim bir borçalılı olaraq Gürcüstanda bizim durumumuza baxışımı ifadə etmək və əslində reallığın mənə görə necə olduğunu ortaya qoymaqdır.

Bilirsiniz ki, borçalılar həmişə saz, aşıq sənətiylə və ya şairlikləriylə öyünürlər, amma mən Borçalıda bu qədər saz dinləməyimə baxmayaraq, hələ də onun fəlsəfəsini anlaya bilməmişəm. Saz mənə sadəcə yaltaqlıq edən, tərifnamələr yazan və özünü sənət adamı sayan aşıqların aləti kimi görünür. Mən hələ Borçalıda bir aşıq görməmişəm ki, cəmiyyətdəki sosial-iqtisadi və ya adi məişət səviyyəsindəki hansısa problemdən söz açsın və ya ümumən nəyə qarşısa üsyan etsin, etirazını bildirsin. Bu "sazmen"lərin işi-gücü Koroğlu kimi şəxsləri şişirtməkdən, tərifləməkdən, ya da Zəlimxansayağı dağ, bağ, çağ, tığ, bığ və s. ilə qafiyələnmiş qoşma-bayatı oxumaqdan ibarətdir.

Hərdən məsələn, "Baş sariteli" dinləyirəm və özüm üçün müəyyən nəticəyə gəlirəm. Sazda ifa edilən dastan və ya qoşmanın məzmunu təxminən belədir: insan qocalıb, dünyanı görüb gəzib, indi isə dağda quzunu aşırıb yeyərək, dağlara baxıb zövq alır.

Bizim o "sazmen"lərin gəzdikləri yerlər ən çoxu Ermənistan və Azərbaycan yaylalarından, yedikləri isə quzu şaqqasından ibarətdir. Əslində onlar gəzməsələr daha yaxşı olar – dağda, aranda  fırlanıb quzu aşırmaqdansa, universitet oxuyub, elm-bilim sahibi kimi cəmiyyətə töhfə vermək daha mübarək işdir. “Sazmenlik” mədəniyyət deyil, bir məfhumun mədəniyyət adlandırılması üçün o gərək günün tələblərinə cavab versin.  Bu gün Borçalı aşıq sənəti və “sazmenliyi” nə Gürcüstanın mədəni həyatında qəbul olunur, nə də bundan sonra qəbul olunacaq.

Şairlərə gəlincə, mən Borçalıda hələ yaradıcı bir şair görməmişəm, Dostum Oqtay Kazımov deyir: "19 yaşında gənc “şair” yazır ki, “ömrüm vaxtsız hədər getdi”. Gəl bu “şairə” başa sal ki, balam, 19 ildə nə yaşamısan ki, ömrün də  hədər gedib".

Yaşlısını dinləyirsən ya Xəstə Qasımsayaq məhəbbətdən, ya Osman Dərvişsayaq vətəndən, ya da Zəlimxansayaq millətdən, dağdan, bağdan danışırlar və əlbəttə, yaltaqlıq şeirləri gurumbuldadırlar. Az-çox ağlı başında olan bir borçalılı kimi deyim ki, bizim Gürcüstanın ədəbi mühitini qidalandıracaq, ziyalısının marağını cəlb edəcək səviyyədə nə şairimiz var,  nə də şeirimiz. 

Mahnılara gəlincə, burda durum daha vahiməlidir. Dostum Bayram Mamedov demişkən; "İbrahim Borçalı mahnı oxuyur ki "yerişinə quzu kəsim ay qız".  Neynəsin yazıq, bu dağda, bağda gördüyü ancaq quzudur, elə zənn edir ki quzuyla hər şeyi əldə etmək olar və hamının quzulara xususi sevdası var".
Tam əminliklə demək olar ki, hələ də quzu ilə ilhamlanan, qoyun-quzu təfəkküründən uzaqlaşa bilməyən yalançı sənətkarlarla şellənirik. İş repçilerimizə gəldikdə də ürəkaçan deyil, baxıram əhlibeytdən, dindən rep oxuyurlar, yəni Gürcüstanın musiqi və ya müğənni icmasına çıxacaq bir nəfərimiz belə yoxdur, çünki Tiflisdə heç kəsin yerişinə quzu, donuz kəsmirlər.

“Ziyalılarımızın” işi elə bəd gündədir ki, ağlayanı gərəkdir. Bütün qış boyu Borçalıda nə qədər fərqli insanla görüşə bildimsə, adam tanıdımsa, bir nəfər ziyalı görmədim. Bizdə özünə məktəb direktoru və ya Universitet prorektoru və s. deyərək ziyalı deyən kimsələr ən yaxşı halda toyda tamadalıq edə bilirlər, ondan o tərəfi yoxdur. Bəli bizdə insanların əsil üzü toyda və yasda bəlli olur, yəni ziyalı deyəcəyimiz kimsələr toyda bizə tamadalıq, yasda isə mollalıq edərək, əslində realda kim olduqlarını ortaya qoyurlar.
Millət mədəniyyətiylə tanınırsa, deməli ya biz millət deyilik, ya da o nə vaxtsa olub, indi biz onu itirmişik. 

Pomidorumuz, kartofumuz, göy-göyərtimiz, pendirimiz və s. boldur və elə buna görə də bu gün Gürcüstanda bizi göy satan, kartof satan, pomidor satan, pendir satan “tatari” kimi tanıyırlar. Bunda elə günahkar biz özümüzük, çünki bizim mədəniyyətimiz yoxdur (amma Marneulidə mədəniyyət mərkəzi deyə bir təşkilat var).

Bir neçə gün öncə dostum Emil Etirmişli səyyah bir amerikalının marneuli bazarı haqda çəkdiyi videonu paylaşıb hirslənmişdi ki, başqa yerləri çəksəydi barı, bu antisanitar, kirli bazarı niyə çəkib? Mən isə dostuma dedim ki, bəyəm muzeyimiz varıydı ki, Amerikalı gəlib onu çəkmədi? Bizim Gürcüstanda heç nəyimiz yoxdur desəm, Türklər demişkən “abartmış” olaram, ancaq yenə təkrar edirəm - yaşadığımız ölkə olan Gürcüstan mədəniyyətinə demək olar ki, heç bir töhfə vermirik.

Ümumən Gürcüstanın Ədəbi-Mədəni mühitində bizim borçalıları təmsil edəcək bir nəfər bələ yoxdur, amma təkcə bu deyil, biz nə siyasi həyatda, nə vətəndaş cəmiyyətində təmsil olunmuruq. Biz sadəcə yoxuq! İqtisadi həyatda bizi "Lilo bazarı" səviyyəsində tanıyırlar. Saburtalo və Marneulinin uyuşdurucu satanları isə az qala Gürcüstanın “bariqaları” kimi məşhurdurlar. Bəli, bəlkə bu sözüm kimlərəsə ağır gələ bilər, ancaq hansı gürcüdən soruşsanız, onun cavabı bundan ibarət olacaq.

Biz Tiflisdə bir vaxtlar Müsəlman Türk aləminin ilk tarixi teatrını yaratmışdıq, amma indi bizim mədəniyyətə verdiyimiz dəyər burda da özünü göstərir. Teatr indi elə bir gündədir ki, borçalılar demiş “Donuzu içinə buraxsan, hır deyib geri durar”.
Biz bir qrup gənc keçən il qışda teatrımızı dirçəltmək istədik, tamaşaların yenidən səhnələşdirilməsini və fəalliyətin bərpasına çalışdıq, ancaq olmadı, nə yaşlılarımızda, nə gənclərimizdə bizim gözlədiyimiz marağı və dəstəyi oyada bilmədik.

Ümumən Borçalıdakı yaltaq, əqidəsiz yaşlı məmur və dırnaqarası ziyalı nəslin nümayəndələrinin çoxu biz gəncləri qəbul etmirlər, hətta bir dəfə görüşlərin birində mənə dedilər ki, bəs niyə bizə qarşı bu qədər radikalsınız, əksinə, gərək bizimlə əməkdaşlıq edəsiniz, bizim zəngin təcrübəmizdən  istifadə edəsiniz, bizdən yararlanasınız və s. İnanın adamın yaşına hörmətdən özümü güclə saxladım. Bu şəxs haqqında düşündəklərimi sadəcə yazıda istifadə edə bilmirəm...

Problemlər çoxdur, əslində belə də olmalıdır, Sovetlər dağılan kimi öz təbii halına dönən camaatımız həmən kitabları rəflərdən alıb tualet kağız kimi istifadə eləməyə, ya da içinə "semiçka" doldurub satmağa başladı. Axı belə camaatdan bundan artıq nə gözləmək olar...

Biz Borçalıların tək çıxış yolu var, o da təhsil, oxumaq və bilgi sahibi olmaqdır. Biz hər kənddə kitabxanalar açmalıyıq. Biz var olduğumuz bölgədən və təbii üstünlüyümüzdən istifadə edə bilərik. Borçalıda doğulan insan doğuşdan Azərbaycan və Anadolu türkçəsini bilir, Gürcüstan  vətəndaşı olduğu üçün gürcü dilini və ingilis dilini də öyrənə bilər, bir az əlavə əziyyət çəksə, rus dilini də mənimsəyə bilər. Və bütün bunları universitetə qəbul olunmamışdan əvvəl edə bilər. Təsəvürrünüzə gətirin, 18 yaşlı gəncsən və 5 dil bilirsən. Bu, beş fərqli ölkə, beş fərqli mədəniyyət, ədəbiyyat, universitetlər, iş imkanları və s. deməkdir.  Sizcə bu durumda Gürcüstanda bizim gənclərlə rəqabətə girəcək nə qədər gənc olacaq?

Mən sadəcə bir örnək verdim, biz potensialımızdan istifadə etsək, bizə tanınan imkanlardan yaxşı yararlansaq, çox inkişaf etmiş gənclik yetişdirə bilərik.

Amma nə qədər ki gənclərimiz çayxanalarda vaxt öldürəcək, özlərini ya dində, mövhumatda, ya da hansısa "vor" aləminə məxsus anlayışlarda tapacaq, kitaba, bilimə, təhsilə laqeyd yanaşacaq, o zaman da qurtuluşumuz olmayacaq.

Nə qədər ki, borçalılı iş adamları, zənginləri, ümumən valideynləri öz uşaqlarının gələcəyini təhsildə deyil, Azərbaycanda marşrut avtobuslarında konduktor və s. kimi görəcək, kitabxana və mədəniyyət mərkəzləri əvəzinə, H. Əliyev adına idman kompleksləri, parkları yaradılacaq biz də dəyişməyəcəyik.

Borçalının iş adamları Borçalı gəncliyinin inkişafı və irəliləməsi üçün gərəkən maliyyə resursuna sahibdirlər, hətta iş adamları təşkilatlanma təcrübəsinə də sahibdirlər. Sizə bir örnək verim, Rusiyadakı AZERROSS diaspora təşkilatının yaxın zamanlara qədərki sədri, eyni zamanda Rusiya şimal federal və cənub federal dairəsi üzrə təmsilçiləri də Borçalı əsilli iş adamları idi.  Bu insanlar istəsələr Borçalıya, orada təhsilin inkişafına, gəncliyin rəqabətə davamlı, dünya görüşlü olmasına çox böyük dəstək verə bilərlər.

Azərbaycanda Borçalı məsələsini istifadə edən məmur, deputat ve digər bu məsələyə maraq göstərən şəxslərə demək istəyirəm ki, bizi bəhanə edib Gürcüstana xəngəl yeməyə gəlməyin, bir dostum demiş, biz unu da, qurudu da, hətta resepti də sizə göndərərik, əziyyət çəkməyin, evinizdə hazırlayın xəngəli yeyin, bizə sizin real dəstəyiniz lazımdır. Birləşin Borçalıdakı gəncliyi xilas edin, təhsilin səviyyəsi aşağı düşdükçə xurafat artır və inanın özü də çox pis formada. Bu isə irəlidə bizə daha çox problemlər yaradacaq.

Nə qədər ki, biz Ceyran xanımın qrupuna, gördüyü işlərə, Oqtay Kazımov kimi yaradıcı insanlara, ümumən gəncliyə sahib çıxmayacağıq, onlara dəstək olmayacağıq, bizim Gürcüstanda səviyyəmiz və durumumuz dəyişməyəcək. Nə qədər ki, biz pul toplayıb Azərbaycandakı "yeni ulduz" tipli mahnı müsabiqələrinə gedən manıslara "sms" göndərəcəyik, şit-şit əyləncələrə pul xərcləyəcəyik biz bu ağır günümüzü haqq etmiş olacağıq.

Bu yazımla Borçalıdan olan iş adamlarına, məmurlara, aktiv gənclərə ümumən hər kəsə müraciət edirəm: Əgər könlünüzdən o Yurda yardım etmək keçirsə, əgər azda olsa, o yurdu düşünürsünüzsə, yardımı sadəcə təhsilə və gəncliyə yatırın, bizi ancaq və ancaq təhsil və təhsilli, dünyagörüşlü gənclik Gürcüstanda təmsil edə bilər, çünki sadəcə bu halda biz Gürcüstan cəmiyyətinə inteqrasiya edə bilərik.

P.S. Hər dəfə xəngəl yeyib, saz dinləyəndə bilin ki, durumumuz o qədər də xəngəl yeyib, saz dinləyəcək səviyyədə deyil.
Məndən heç kəs yazıya görə inciməsin, göz gördüyünü, könül hiss etdiyini, əl isə düşündüyünü ifadə etməlidir. Bu fikirlər mənim subyektiv fikirlərimdir və müzakirəyə də açıqdır.

Elvin Buntürk (Amrakhov)

Kultura.az

Yuxarı