Ölkədən qaçmaq çıxış yoludurmu?
Mentalitet məsələsinə də gələndə görürsən ki, büt&…
Ötən günlərdə əsgər Ceyhun Qubadovun itkisi bizi, Azərbaycan ordusunda başverən əsgər ölümləri və ümumilikdə əsgərlik sistemi barədə bir daha düşünməyə vadar edir. C.Q- nın ölüm səbəbi rəsmilər tərəfindən ilkin olaraq ürək çatışmazlığı kimi açıqlansa da, tez zamanda internetə yayılan şəkillərdəki aşıq aşkar zorbalıq izləri hadisəni kifayət qədər əks etdirir.
Əsgərimizin vəhşicəsinə döyüldüyü, döyülərək öldürüldüyü göz qabağındadır. Əslində bu hadisə yeni və təəccüblü bir hal deyildir. Təkcə 2012-ci ilin statistikasına nəzər salsaq orduda 73 nəfərin həlak olduğunu və bunun 55-nin qeyri-döyüş itkisi olduğunu görerik. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlinin araşdırmasında, 55 nəfərin 9-u qeyri-nizami hərəkətləri nəticəsində həlak olduğu, 12-sinin isə intihar etdiyi göstərilir. Cəsur Sümərinli eləcə də, bu statistikanın alternativ statistika olduğunu, rəsmi statistikanın işə güc strukturları tərəfindən gizlədildiyini qeyd edir.
Artan müəmmalı əsgər ölümləri bizi mövcud esgerlik sisteminin alternativlərini araşdırmağa sövq edir. Bu alternativlərdən dünya təcrübəsində, müqaviləli əsgərlik, ödənişli əsgərlik, könüllü əsgərlik kimi formaları mövcuddur. Yazımızda, bu formalar dünya dövlətləri təcrübəsindən əsaslanaraq müqayisəli şəkildə müzakirə ediləcəkdir. Amma, öncəliklə əsgərliyin sisteminin yaranma tarixinə nəzər salmaq istəyirik. Əsgərlik sistemi nece yaranmış və Avropada məcburi olmayan əsgərliyə necə keçilmişdir?
Orta əsrlərdə cəngavər adlandırdığımız əsgərlərin həm işi həm əylancəsi əsgərlik idi, çünkü başqa məşğələləri də yox idi. Ov ovlamaq və savaşmaq üçün, balta qılınc, mızrak kimi alətlərdən yaxşı istifadə etməyi öyrənirdilər. Əyləncə anlayışlarında da, cıdır dediyimiz at üstündə oyun şəkilləri formalaşmışdı. Daha sonra, tüfəngin icad olunması ilə məcburi əskərlik sisteminin təməlləri atıldı. Texnologiyanın inkişafı nəticəsində, inkişaf etmiş ölkələr orduda əsgər sayını azaldaraq işində mütəxəssis zabitlər yetişdirməyə üstünlük verməyə başladılar. Çünkü artıq müharibə meydan savaşı xarakterini daşımır, indi texniki təchizata əsaslanan qüvvə iri həcmli orduların yerini almışdır. Beləliklə, ordudaki əsgər ehtiyacı da bu texniki təchizatı istifadə ede bilən mütəxəssis sahəsində yaranır. Texnologiyanın inkişafı, professional orduya keçməyi zəruri edir.
Bəs professional ordu necə qurulur? Professional ordu haqqında müzakirə aparanda, ağla ilk müqaviləli sistem gəlir. Sadə dillə açıqlasaq, müqaviləli sistemdə əsgərlər müqavilə əsasında maaşla işə götürülür və peşəkar səviyyədə yetişdirilir, beləcə orduda kəmiyyətcə ixtisar aparılıb keyfiyyət artırılır. Bu zaman ordunun da səviyyəsi də artır, əsgərlərin həm texniki həm də mənəvi səviyyəsi də. Əsgər artıq dövlətin müqaviləli işçisi olur, bir sayğınlıq qazanır. Zənnimcə, bu əsgər ölümlərinin və eləcə də əsgər intiharlarının sayısını azalmasına təsir göstərəcəkdir.
Bugün Avropa Birliyi ölkələrindən; Fransa, İtalya, İngiltərə, Almaniya, İspaniya, İrlandiya, Hollandiya, Belçika, Çexiya Respublikası, Macaristan, Slovakiya və Sloveniyada məcburi əsgərlik yoxdur. Aralarında Bangladeş, Hindistan, Əfqanıstan və bir sıra Afrika ölkərinin də yer aldığı toplam 103 ölkədə məcburi əsgərlik tətbiq edilmir.
Bu ölkələrdə könüllü əsgərlik sistemi tətbiq olunur və vicdani imtina haqqı tanınır. Vicdani imtina ilk dəfə 18-ci əsrdə İngiltərədə Quaker təriqəti tərəfindən gündəmə gətirilmişdir. Quaker təriqəti üzvləri dini inancları səbəbiylə şiddət tətbiqinə qarşı çıxırdı. İngiltərədə vicdani imtinanın konstitusiyaya daxil edilməsi isə ancaq 1916-cı ildə mümkün oldu. İngiltərəni, Danimarka, İsveç, Hollandiya və Fransa təqib etsə də, bu məfhum bir haq olaraq Avropada kütləvi şəkildə 1970-lərdə tanındı. 1972-də İtaliya, 1974-də Avstriya, 1976-da Portuqaliya, 1978-də İspaniya vətəndaşlarına bu haqqı tanıdı.
Bəzi ölkələrdə vətəndaşlara əsgərlik xidmətini ordudan kənar, yəni mülki xidmət olaraq müxtəlif dövlət qurumlarında və ictimai sektorda könüllü kimi yerinə yetirmək haqqı tanınır. Bu ölkələrə Belarusu, Avstriyanı, Danimarka və Norveçi aid etmək olar.
Əlbəttə Azərbaycanın, xüsusilə müharibə şəraitini nəzərə alsaq, vicdani imtina üçün nə qədər hazır olub olmadığı müzakirələrə açıq məsələdir. Amma ən azından müqaviləli sistemə, peşəkar orduya keçid üçün bütün imkanların mövcud olduğunu düşünürəm. Rəsmilər tərəfindən bu mövzuda verilən açıqlamalarda Azərbaycanın müharibə şəraitində olması və büdcənin bu sistemə keçməyə imkan vermədiyi qeyd olunur. Əlbəttə, sual yarana bilər ki, bəs müharibə şəraitində ordunun sayının ixtisara salınması nə qədər məqsədəuyğundur? Hərbi ekspertlər bu proses zamanı, ixtisarların ehtiyat qüvvələrin forlamalaşdırılması prosesi ilə müşayiət olunmasını zəruriliyini qeyd edirlər. Müqaviləli ordu sistemini seçən ölkələr paralel olaraq ehtiyat qüvvələrin hazırlıq prosesini gücləndirirlər. Bundan əlavə, daha əvvəl də qeyd etdiyim kimi, artıq zaman meydan müharibəsi zamanı deyil, hərbi texnikanın öz sözünü dediyi zamandır. Bu hərbi texnikaya yiyələnən bir müqaviləli əsgər, 10 mükəlləfiyyətli əsgərə bərabərdir. O kiqaldı büdcəyə, 2013-cü il üçün Azərbaycanın müdafiə xərclərinin 3.6 milyard dollar təşkil etdiyini nəzərə alsaq, bu vəsaitin çox az faizi hesabına müqaviləli sistemə keçməyin mümkünlüyünü deyə bilərik. Bu, həm ordunun peşəkarlığına, həm əsgər hüquqlarının yenidən nəzərdən keçirilməsinə, eləcə də orduda şəffaflığa müsbət təsirini göstərəcəkdir.
Şəfiqə Babayeva
Kultura.Az