post-title

Gürcü əsgəri niyə ölmür?

2004-ün soyuq Yanvar günləri idi. Gürcülər Amerika imperialistlərininmi, masonlarınmı, ermənilərinmi - dəqiq deyə bilmərəm - puluyla, amma hər halda, özlərində də qeyrət tapıb ayağa qalxdılar.

 

Sovet qalığı Şevardnadzeni devrilib, yerinə qərb təhsilli və dünyagörüşlü Saakaşvili gələndən sonra bu Qafqaz ölkəsində hər şey dəyişməyə başladı. Gürcüstan NATO-ya inteqrasiya barədə məramını təqribən Azərbaycanla eyni vaxtda, hələ Şevardnadze və ata Əliyev dönəmində elan etmişdi. Amma təbii ki, Şevardnazde zamanında bu istiqamətdə işlər indi bizdə olduğu səviyyədə idi - yəni elə kağız üzərində qalmışdı. Saakaşvilinin vaxtında isə artıq həqiqətən də NATO-ya sürətli inteqrasiya başladı. Əsgərin yeməyindən tutmuş, silahlanmaya qədər, geyim formasından, nizamnaməyədək hər şey qərb, daha dəqiq isə NATO standartlarına uyğunlaşdırılırdı. Nəticə isə bu oldu ki, Gürcüstan NATO-nun qapısını döyəndə ona "Get, işinlə məşqul ol!" yox, "Xoş gəlmisən" dedilər və bu gün artıq Gürcüstan NATO-ya qəbul ediləcək ölkələr sırasındadır.

Saakaşvili bununla yanaşı peşəkar ordu quruculuğu ilə də məşqul idi. O elan etmişdi ki, bu işlərin nəticəsində yaxın zamanda orduya məcburi çağırış ümumiyyətlə ləğv olunacaq və ordu yalnız peşəkar əsgər və zabirlərdən formalaşdırılacaq. Lakin 2008-ci ilin Avqust müharibəsi Mişanın bu planlarına mane oldu. Nəticədə, əksinə, xidmət müddəti 12 aydan 15 aya qədər uzadıldı.

Buna baxmayaraq, Saakaşvilinin qılıncının hər iki tərəfinin kəsən vaxtlarında ölkədə nə müstəqil tele-kanallarda, nə FM- də fəaliyyət göstərən  müxalifət radiosu Maestroda, nə də, ümumiyyətlə, nəzarətdə olmayan sosial şəbəkələrdə Gürcüstan ordusunda qeyri-döyüş itkiləri barədə bir ciddi xəbər getməyib.

Bir neçə gün bundan əvvəl, yəni Yanvarın 8-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniya elan etdi ki, 2016-cı ildə Gürcüstan ordusunda məcburi hərbi xidmət həmişəlik ləğv olunacaq. Həmin vaxta qədər isə bu sahədə peşəkar orduya keçidlə bağlı şəxsi heyyətin hazırlıq və təchizat səviyyəsi qaldırılacaq, xidmət müddəti isə azaldılacaq. İlk addım olaraq da hərbi xidmət müddətinin əsgərlər üçün yenidən 15 aydan 12 aya qədər azaldılması olacaq.

Qeyd edim ki, Gürcüstanın Qarabağ boyda iki böyük dərdi var - suveren ərazisinin hissəsi olan, lakin separatizm nəticəsində de fakto Tbilisinin nəzarətindən çıxmış Abxaziya və Cənubi Osetiya.

Bu şəkli mən 2011-ci ildə Tbilisidə olanda çəkmişdim. Gürcü əsgərlərini Rustaveli kinoteatrına filmə baxmağa gətirirlər. Bu həmin il idi ki, o ildə Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölmüş hərbi qulluqçuların sayı 97-ə çatmışdı.

Hacı Hacıyev

Kultura.Az

Yuxarı