post-title

Azad bir insan haqqında

“Azad düşünə bilən hər kəs, eyni zamanda yaxşı və məhsuldar düşünə bilir” Stefan Sveyq

 

“Rotterdamlı Erazmın qələbəsi və faciəsi” kitabını oxumağı mənə Seymur Baycan məsləhət görmüşdü. Kitabı mənə o qədər tərifləmişdi ki, hiss elədim oxumasam, nəsə biabırçılıq olacaq. Dediyi qədər varıymış, indi bu yazını yazmaq üçün kitabı vərəqləyəndə az qala hər sətirin altından qələmlə xətt çəkdiyimi gördüm.

Əsəri oxuyub bitirdikdən sonra təəssüfləndim. Bu qədər vacib, əhəmiyyətli bir kitabın  Azərbaycanda hələ indi tərcümə edilərək, nəşr olunması ədəbiyyatımız, mədəniyyətimiz adına çox utancverici mənzərədir. Olduqca qıt imkanlarla kitabı tərcümə edib, nəşr edənlərə isə hər halda böyük təşəkkür düşür. Çoxlarının xəbəri olmasa da, Azərbaycanda yaxşı kitablar nəşr edilir, amma bir daha təəssüf ki, bu kitablar çox vaxt diqqətdən kənarda qalırlar…

“Alatoran Yayınları” seriyası çərçivəsində nəşr edilən Stefan Sveyqin “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” kitabı 15-ci əsrin ikinci yarısı, 16-cı əsrin əvvəllərində yaşayan görkəmli mütəfəkkir Rotterdamlı Erazmın həyatı və yaradıcılığından bəhs edir.

Bir məqalədə Sveyqin bu əsərindən bütün təfərrüatları ilə bəhs etmək mümkün deyil, ancaq hər halda bəzi vacib nüansları çatdırmaq heç də pis olmazdı…

Haqqında bəhs edilən mütəfəkkir inkvizisiya qılıncının dalının da, qabağının da kəsdiyi bir dövrdə yaşayıb. Bu elə bir dövrdü ki, vəhşilik, qəddarlıq sərhəd tanımırdı, ən kiçicik bir şübhəyə görə insanlar tonqallarda yandırılırdı, edam cəzalarının sayı-hesabı yox idi. Allahın oğlu belə gəlsə, ona da güzəşt edilməyəcəkdi. Ancaq tarixə baş vuranda, dərinlərə gedib çıxanda məlum olur ki, insan yenə də insandır. O yaşadığı şəraitdən, dövrdən asılı olmayaraq azadlığını qoruyub saxlaya bilər. Sveyqin əsəri də məhz bu barədədir: insan istənilən şəraitdə çıxış yolu tapa bilər…

Erazm cəsarətli insan olmayıb, tam əksinə, olduqca qorxaq, cəsarətsiz birisi olub. Hətta o qədər qorxaq olub ki, təhlükəsizliyini qorumaq üçün nadir hallarda evindən, yuvasından çölə çıxıb. Bununla belə, onun bir insan, fikir adamı kimi unikallığı şübhəsizdir.

Kilsənin bütün rəqiblərini caynaqlarına keçirib, parçaladığı bir dövrdə Erazm din xadimi idi. Ancaq onun ruhani paltarını geydiyini görən olmamışdı. Onun fəaliyyəti əslində Kilsənin hüdudsuz hakimiyyətinə qarşı olsa da, din xadimləri az qala ona pərəstiş edirdilər. Qəribədir, ona sıravi insanlar da, azadlıq uğrunda mübarizə aparan sərkərdələr də pərəstiş edirdilər. Hər kəs onu öz yanına çəkmək istəyirdi. Erazm isə heç vaxt kiminsə tərəfində olmamışdı, son nəfəsinə qədər də olmadı. Cəsarətsizliyinə görə o heç vaxt fikirlərini birbaşa ifadə etməyib, təhlükənin üzərinə inamla addımlamayıb, amansız rəqiblərlə toqquşmalara girməyib. O, bir küncə çəkilərək sakitcə öz işini görüb. Onun bütün həyatı və fəaliyyəti özünü, öz azadlığını qorumaqdan və fikirlərini yaymaqdan ibarət idi. Sonradan bu cəsarətsizliyi Erazma baha başa gəldi və onun ən böyük faciəsi oldu. Onu hər şeydə  – qorxaqlıqda, cəsarətsizlikdə, vacib anlarda ortalıqda görünməməkdə, dostu da, düşməni də sözlə malalamaqda ittiham etmək olardı, ancaq əqidəsizlikdə günahlandırmaq mümkün deyildi. Sveyqin əsərinin girişində Erazm haqqında bu sözlər yazılıb: “Rotterdamlı Erazmın hansı əqidəyə qulluq etdiyini öyrənmək istədim. Ancaq bir dürüst tacir onun haqqında belə dedi: “Erasmus est homo pro se” (“Erazm yalnız öz əqidəsindədir”)

Sveyq əsərinin başqa bir səhifəsində Erazmı belə xarakterizə edir: “Özünü bütün dünyanın vətəndaşı, yer üzünü isə bütövlükdə özünə vətən hesab edən bir mütəfəkkir üçün bundan simvolik nə ola bilərdi, Erazmın nə vətəni, nə də bir ata evi vardı, sanki qeybdən peyda olmuş, harda, necə dünyaya gəldiyi bilinməzdi. Nə vaxtsa dünya çapında tanınacaq Rotterdamlı Erazm adı ona atasından, babasından qalmamış, özü tərəfindən düşünülmüşdü…

…o, nigahdan kənar dünyaya gəlmiş uşaq kimi, daha da pisi bir ruhaninin nigahdan kənar doğulan uşağı kimi, öz soy-kökündən danışmağı heç sevməzdi. Valideynləri Erazm hələ çox kiçikkən dünyasını dəyişmiş, qohumları isə təbii olaraq bu nigahdan kənar uşağa bacardıqca az pul xərcləyərək, özlərindən uzaqlaşdırmağa çalışmışdılar. Xoşbəxtlikdən kilsə olduqca qabiliyyətli olan bu uşağı ortalıqda buraxmamış, hər zaman qanadları altına almışdı…

1487-ci ildə o könüllü olaraq Steyndəki Avqustin Monastrına gəldi, ancaq bura gəlişinin səbəbi heç də dinə olan bağlılığı deyil, ölkənin ən böyük antik klassiklər kitabxanasının burda yerləşməsi idi. Erazm 1488-ci ildə burda rahiblik andını içdi. Monastrda yaşadığı illər ərzində özünü bütünlükdə dinə həsr etdiyi haqda heç bir sübut yoxdur. Məktublarından məlum olduğu kimi, bu dövrdə o, vaxtının çox hissəsini incəsənət, latın ədəbiyyatı və rəsm əsərlərini öyrənməklə keçirmişdir. Bütün bu maraqlarına baxmayaraq, 1492-ci ildə Utrext yepiskopu tərəfindən rahib rütbəsinə yüksəldilmişdir.

Erazmı həyatı boyu ruhani geyimində görən olmamışdı. Belə azad düşüncəli, azad qələmli bir insanın son nəfəsinə qədər dinə bağlı qalması onsuz da inanılası bir şey deyil. Ancaq Erazm iradəsinə zidd olan şeylərdən, ətrafda heç kimə hiss etdirmədən, müdhiş bir itiağıllılıqla qurtulmaq sənətinin, hər geyimdə, hər şəraitdə daxili azadlığını qorumaq işinin nadir ustası idi. O dövrünün hər iki Papasından hərtərəfli düşünülmüş saxta səbəblərlə ruhani qiyafəsini geyinməmək imtiyazını qoparmış, sağlamlığı haqqında həkim arayışı ilə pəhriz saxlamaq məcburiyyətindən özünü azad etdirmiş və monastrdan çıxdıqdan sonra, bütün istəklərə, təzyiqlərə, hətta təhdidlərə baxmayaraq, bir daha oranın ciddi şəraitində yaşamağa qayıtmamışdı.

Bütün yuxarıda bəhs olunanalar bizə onun başlıca cəhətlərinin açıqlamasını verir. Erazm heç bir şeydən, heç kimdən asılı olmağı sevməzdi. O davamlı olaraq nə bir şahzadə, nə bir hökmdar, nə bir kilsə, hətta allahın öz yanında belə bir məsuliyyət sahibi olmağı qəbul etməmişdi. Onun başlıca həyat idealı azad olmaq, heç kimə tabe olmadan yaşamaqdan ibarət idi. Xarici aləmdə nə baş verməsindən asılı olmayaraq, daxili dünyasında o heç kimin onun üzərində ağalığını tanımamış, axıra kimi hansısa bir saraya, bir universitetə, bir məşğuliyyətə, bir kilsəyə, ya da bir şəhərə xidmət etməmiş və bütün həyatı boyu səssiz, amma sərt bir inadla istər düşüncə, istərsə də əxlaq azadlığını qorumuşdu…”

Sveyqin bu tarixi şəxsiyyət haqqındakı portret əsərində vurğulamaq istədiyi budur: İnsan qorxaq, cəsarətsiz, qətiyyətsiz ola bilər, fikirlərini bir başa deməyə bilər, təhlükədən çəkinə bilər, qızğın mübarizə aparmaya bilər. Ancaq bütün bunlarla yanaşı, həm də azadlığını qoruya və fikirlərini dolayı da olsa insanlara çatdıra, ümumi prosesə xeyir verə bilər. Erazm bu barədə ən gözəl nümunədir.

Avropa Birliyi sülhün qorunmasındakı cəhdlərinə və xalqlar dostluğu sahəsindəki xidmətlərinə görə, 2012-ci ildə Nobel Sülh mükafatının qalibi oldu. 1951-ci ildə qurulan Avropa Birliyi ideyasını ilk dəfə səsləndirənlərdən biri elə Rotterdamlı Erazm idi.  Onun bir çox ideyaları ilkin rüşeym rolunu oynamışdı, sonralar bir çox fikir adamları bu ideyalardan yararlanaraq onu vahid konsepsiya halına gətirdilər. Avropanın Qaranlıq Dövrlərdən xilas olaraq inkişaf etməsində tarixi rol oynayan şəxslərdən biri də məhz Erazm idi.

Sveyqin bu əsəri Avropanın necə ağrılı, çətin yol keçdiyi, düşünən insanların azadlıq, bərabərlik, qardaşlıq uğrunda necə mübarizə apardığı, onların xeyir naminə kobud səslənsə də, hansı hoqqalardan çıxdığı barədə mükəmməl kitabdır. Azadlıq mühiti olmayan, ədalətsizliyin, ibtidailiyin hökm sürdüyü Azərbaycan kimi ölkələrdə belə kitablar çox vacibdir. Gərək onlar diqqətdən kənarda qalmasınlar. Bu hətta düşünən, azad olmağa çalışan gəncliyin stolüstü kitabı olmağa layiq əsərdir…

P.S. İnsan üçün dünyada azadlıqdan dəyərli heç nə yoxdur, insan istənilən mühitdə, şəraitdə öz azadlığını qoruya və başqalarına nümunə ola bilər. Əsas olan bunu istəmək və bunun uğrunda çalışmaqdır. Tarix və kitablar hər dəfə bunu bizə sübut edir…

Cavid Ramazanov

ANN.Az

Yuxarı