post-title

"Nəsimi", "Babək" və Rasim Balayev

Düzünü desəm bu mövzu haqqında yazmaq mənim üçün sıxıcıdır. Ciddi bir hadisə kimi də görmürəm bunu. Bu kimi hadisələr çox olub və onlar insanları heç vaxt qarşılarına qoyuğu məqsəd uğrunda mübarizədən çəkindirməyib. Lakin, əksər dostların da məyusluğunun səbəbini anlamağda çətinlik çəkdiyimi desəm, yalan demərəm.

 

 

Tamaşaçı hər zaman haqlıdır

Elenora Duze

 

Rasim Balayevin bir neçə gün öncə məlum hadisəylə bağlı ortaya qoyduğu vətəndaş mövqeyi, bir çoxlarının sevincinə səbəb oldu. Nəzərə alsaq ki, Azərbaycanda insanların böyük əksəriyyəti haqqa və ədalətə həsrət haldadır, bu normal bir haldır. Lakin sonda onların “Nəsimisi” və ya “Babəki”, “ünsür” olmaqdan imtina etdi. 

R. Balayev, ona yönələn təzyiqdən sonra, bir daha sübut etdi ki, o, “ünsür” deyil. Amma ən azından bir neçə gün olsa belə “ünsür” rolunu da məharətlə canlandıra bildi. 

Nəsimi susmadı deyə dərisi soyuldu, Babək isə əqidəsindən dönmədi deyə doğrandı. Lakin, 5 qəpiklik dəyəri olan hakimiyyət, dünən R. Balayevi, yəni bir çoxları üçün hələ də, “Nəsimi”, “Babək” kimi tanınan və elə də sevilən bir insanın nə dərisini soydu, nədə ki, doğradı, sadəcə onun, tarixin yalnış tərəfində rol almasına imkan yaratdı. 

Bəlkə də o, “Babək” filmindəki canlandırdığı obrazda,  Babəklə oğlu arasında keçən dialoqun müqəddəsliyinə ciddi yanaşmayaraq, onu sadəcə Ənvər Məmmədxanlının ssenarisinin sadə bir parçası kimi qəbul edib.

Bəlkə də bir neçə gün öncə R. Balayev, “Arxadan vurulan zərbə” filmində canlandırdığı “Cəbi” rolunda idi və belindən saplandığı bıçaq yarasının qurbanına çevrildi.

Bəlkə də Günel Mövlud  – “R. Balayev ömründə bir dəfə “Babək” ola bilmək şansı qazanmışdı, onu da itirdi” deməsiylə haqlıdır.

Bəlkə də o, sadəcə susdurulub. Və yaxud da bu susqunluğun müqabilində ona nə verəcəkləri haqqında yox, ondan nə alacaqları haqqında xəbərdarlıq edilib.

Bəlkə də insanlar, onu “Babək”, “Nəsimi”, “Cavid ömrü” filmindəki canlandırdığı obrazlar kimi yox, “Yaramaz” filmindəki obrazı kimi qiymətləndirməli idi.

Bəlkə də “Babək” və “Nəsimi” filmi yenidən çəkilməli və onun yerinə bu obrazı İqar Cahangir canlandırmalıdır.

Bəlkə də o, sadəcə düzgün hesab etdiyini etdi.

Lakin, hər bir halda, bir həqiqəti  qəbul etmək lazımdır ki, Rasim Balayev istəsək də, isətəməsək də, Azərbaycan kino tarixində öz izini qoyub. Bu danılmaz faktdır. Son olanlarla bağlı isə, fikrimcə, o özü sınmadı, sadəcə insanların onun haqqında yaratmış olduqları xəyalları sındırdı. 

Nicat Məmmədbəyov

Kultura.Az

Yuxarı