post-title

Rasim Balayevin bəyanatı

Mən Azərbaycan kinosu tarixində Rasim Balayev qədər sağlığında şöhrətin zirvəsinə çatmış aktyor tanımıram. 25 yaşından dünyanın altıda birini tutan ölkədə tanınan, Azərbaycan müstəqil olduqdan sonra bu şöhrətin barını dadmaqda davam edən aktyor tanımıram.

 

 

Gəncliyinin çiçəklənən çağında ən baxımlı filmlərdə, ən vacib qəhramanları oynayan, ölkəsində simasını yedddidən yetmiş yeddiyə hamının tanıdığı adamdı o. Azərbaycanda elə bölgə, elə rayon, elə kənd, elə adam yoxdu ki, Rasim Balayevi tanımasın.

Elə gənc aktyor yoxdu ki, yaradıcı taleyinin Rasim Balayevin aktyor taleyinə oxşamağını istəməsin. Azərbaycanda elə qadın yoxdu ki, cavanlığında Rasim Balayevə vurulmasın.

Elə gənc qız yoxdu ki, ömrünün ahıl çağını yaşyan bu aktyorun cavanlıq illərinn ötməsinə, ya da özünün ölən yeri iyirmi il əvvəl doğulmamağına təəssüflənməsin. Azərbaycanda elə kişi yoxdu ki, arvadını Rasim Balayevə qısqanmasın.

Fransız kinosu üçün Alen Delon, rus kinosu üçün Vyaçeslav Tixonov, gürcü kinosu üçün Vaxtanq Kikabidze, hind kinosu üçün Mithun Çakraborti kim idisə, Rasim Balayev də Azərbaycan kinosu üçün o idi.

Məsələ təkcə onun qəhrəman-sevgililəri uğurla oynamasında, aktyor yaraşığında, bacarığında, uğurlu yaradıcı taleyində deyil. Rasim Balayev həm də  Azərbaycan tarixinin ən vacib adamlarını oynamış adamdı.

O ekranda kimləri canlandırmayıb? Babək, Nəsimi,  Beyrək...Babək olanda boynunu vurublar, Nəsimi olanda dərisini soyublar, Beyrək olanda şirlə güləşib.

O qəhrəmanı, əqidə adamını, cəngavəri oynayıb. Azərbaycan xalqı onu Beyrək olub, yatağına girmək istəyən naməhrəm qadınla arasına qılınc qoyanda da sevib, Babək olub, silahdaşının arvadını alanda da. Çünki bunlar rol idi. Oyun idi, peşəkarlıq idi, aktyor məharəti idi. 

Buna görə də, xalq Babək olanda boynu vurulan, Beyrək olanda şirlər güləşən, Nəsimi olanda söz üstə dərisi soyulan aktyordan gerçək həyatda heç vaxt qəhrəmanlıq, tərki-dünyalıq, gəngavərlik tələb eləmirdi. Biz Nəsimi olanda Teymurlənglə aşıq kimi deyişən Rasim Balayevin rejim qarşısında susmağını həmişə anlayışla qarşılamışıq.

Babək olanda «bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan yaxşıdır» deyən adamın gerçək həyatda qorxularının qulu olmağını anlayışla qarşılamışıq. Onun ömrü boyu susmasını, proseslərə qoşulmamasını, etiraz etməməsini, heç bir taleyüklü məsələdə ziyalı, vətəndaş mövqeyi sərgiləməməsini anlayışla qarşılamışıq. Onsuz da,  biz nadir hallarda azərbaycan ziyalısının, sənət adamının cəsarətinin, prinsipiallığının, dönməzliyinin şahidi olmuşuq.      

Buna görə də, Beyrək olanda xəyanətkarı qılınc altından keçirib bağışlayan aktyorun bu gün özünün qılınc altından keçməyi də bizi heyrətləndirmədi. Amma insan bir addımı atanda, sonradan ya özünün, ya da başqalarının ona bəraət qazandırması üçün balaca bir əl yeri qoymalıdır. Onu müdafiə etmək istəyən insanlara balaca bir şans verməlidir. Cəsarətsizliyi də, xəyanəti də edəndə gərək onu elə vaxta, elə tərzdə eləyəsən ki, bu ikiqat, onqat cəsarətsizlik, xəyanət kimi çıxmasın.

Rasim Balayev məlum bəyanatını elə uyğunsuz vaxtda, elə iyrənc şəkildə verdi ki, bu onqat, yüzqat cəsarətsizlik idi. O istintaqa çağrılanda, təzyiqlə üzləşəndə, yüzlərlə gənc dilə gəldi. Aktyorun müdafiəsinə qalxdı. Onu dəstəkləmək üçün yollar aradı. Aksiyalara başlamaq istədi.

Rasim Balayevdən tələb olunan tək şey, bu müdafiəni sakitcə qəbul etmək idi. Oturduğu yerdə onun əlinə elə bir şans düşmüşdü ki, barmağını tərpətmədən həyatda da Babək, Beyrək, Nəsimi ola biləcəyini isbatlasın. Bu elə bir vəziyyət idi ki, Rasim Balayevin oynadığı bütün qəhrəmanlar onun arxasında dayanmışdı, bütün qəhrəmanlar onun xeyrinə işləyirdi. Babək, Beyrək, Nəsimi sıraya düzülüb, qalınclarının, sözünün kəsərini göstərmək üçün Rasim Balayevin əmrini gözləyirdi.

Amma Rasim Balayev əmr yox, bəyanat verdi. Mən o bəyanatın mətnini yada salmaq istəmirəm. Çünki utanıram. Azəbaycan ziyalısının, sənət adamının yerinə utanıram. Bu adamların bizi həmişə haqlı çıxarmasından utanıram artıq. 

Mən Azərbaycan kinosu tarixində bundan sonra Rasim Balayev qədər oynadığı qəhrəmanları özünün düşməninə çevriləcək, öz əleyhinə işləyəcək bədbəxt aktyor tanımıram.

Günel Mövlud
Kultura.Az

Yuxarı