post-title

Sağçı, solçu, liberal və mərkəzçi iqtidar?!

Sovetlərin dağılmasından sonra keçən 20 il siyasi və ictimai həyatda ciddi transformasiyalarla yadda qalmasa da, hər halda sovetlərin 70 illik “məzarlıq sükutu” ilə müqayisədə azacıq da olsa nailiyyətlər gözə dəyir. Xırdalıqlara getmədən deyim ki, müxtəlif təmayüllü partiyaların, gənclər təşkilatlarının pis-yaxşı mövcudluğu, fəaliyyətləri Azərbaycanı İran, Kuba, Səudiyyə Ərəbistanı, Şimali Koreya kimi dünyadakı tək-tük odioz rejimlərə çevrilməkdən xilas edib. Bəlkə də çoxlarına metafora kimi gələcək, amma bu faktdır. Çox danışmaq olar bu haqda. Məqsədim isə bu deyil.

 

Öncə qeyd edək ki, Azərbaycanda sağ, sol, sağ və ya sol mərkəzçi, liberal təmayüllü partiyalar Avropadakı kimi hələ tam formalaşmayıb. Bir az dərinə getsək bu təmayüllərin Azərbaycandakı partiyaların timsalında harada başlayıb harada qurtardığını müəyyənləşdirmək də çətindir. Lakin çatışmamazlıqlara və fikir ayrılıqlarına rəğmən bu partiyaları ümumi məqsəd - iqtidara gəlmək birləşdirir. Hakimiyyətə gəlmək isə partiyadan bacarıqlı ideoloqlar, cəsur vətəndaşlar, təbliğat üçün maddi dividentlər və s. tələb edir. Yuxarıda sadalanan kriteriyaların nə yazıq ki, heç də hamısı bir yerdə, tam şəkildə partiyalarda yoxdur. Ancaq bunlar ortabab şəkildə olsa belə, hər hansı nailiyyətə ümid bəsləmək olar.

 
Azərbaycandakı mübarizənin (əgər varsa) perspektivindən danışdanda ilk olaraq belə bir sual qəti şəkildə cavablandırılmalıdır: biz kimə qarşı mübarizə aparırıq? Onun mahiyyəti nədir? Opponentlərimiz hansı siyasi dünyagörüşünə xidmət edir? Məhz bu suala verilən cavab siyasi mübarizənin gələcəyini həll edəcək.
 
Təəssüf ki, son 20 il ərzində Azərbaycanda monarxiyaya qarşı mübarizənin effektsizliyi bu sualın hələ də cavabsız qaldığına əyani sübutdur. Məsələn, millətçilər düşünür ki, hazırkı monarxiya keçmiş kommunist nomenklaturasıdır. Ancaq monarxiya onların arqumentlərini əllərindən almasını yaxşı bilir. Koroğluya heykəl qoyulması, tar-kamança-muğamata monarxiyanın hədsiz qayğı göstərməsi, xaricdə təbliği buna çox yaxşı misaldır.
 
Dinçilərın isə monarxiya ilə münasibətləri enişli-yoxuşludur. Ötən illərdə bəzi məscidlərin qapadılması, azanın səsgücləndiricilərlə verilməsinə qadağa artıq dinçi elektorat tərəfindən unudulmuş kimidir. Artıq ölkəni cənginə almış “məscidləşdirmə” kampaniyası, İ.Əliyevin çıxışlarında zamanla islamfobiyanı tənqid etməsi dinçilərin “allahsız,dinsiz” iqtidar haqqındakı təsəvvürlərini xeyli yumşaldıb.
 
Azərbaycanda solçular, sol təmayüllü partiyalar isə iqtidarı birbaşa olmasa da, dolayısı ilə kapitalizmi bərpa etməkdə, liberalizmdə ittiham edirlər. Bu kimi “ittihamların” nə qədər gülünc olduğunu sübut etməyə ehtiyac yoxdur. Əgər hazırkı YAP və onun təmsil etdiyi hökümət doğrudan da liberal olsaydı, sözsüz ki, partiya sıralarına ilk qoşulanlardan biri mən olardım. Üstəgəl, İ.Əliyevin ötən ilki BP-ni tənqid edən çıxışında sonra solçular mühüm arqumentasiya bazalarından məhrum oldular. Və ƏN ƏSASI Azərbaycan AB, NATO üzvü olmaqdan imtina edir. Necə deyərlər, solçular daha nə istəyir?
 
“Müsavat”, “AXCP”-yə gəlincə. Çox da uzağa getməyək. Rafiq Tağının ölümündən sonra və Emin Millinin bloqundakı son paylaşımından sonra bir daha aydın oldu ki, onlar monarxiyaya alternativ deyillər. Onlar da büt eşqi ilə yaşayır, iqtidar da. Onlar da muğamata, dinə, mentalitetə “stavka” edir, iqtidar da. O zaman rəsulzadəçi-əbülfəzçiləri iqtidara gətirməklə  biz nə əldə edirik? Heç nə, əldə var sıfır.
 
Aqşin Kərimli
Kultura.az
Yuxarı