post-title

“Azərbaycansayağı”

Bu nə adət, bu nə xasiyyət? Hardan gəlib, necə gəlib-bilmirəm. Özümüz yaratmışıqmı-yenə bilmirəm. Amma, camaatımın çox möhkəmcə yapışdığı xasiyyəti vardır.

 

Balaca ya böyük bir hadisə oldu, bu xasiyyət işə düşür və camaat  “kateqoriyalara” bölünüb “aidiyyatı” ünvanlara yığışırlar:

 

Yaşlı və ortayaşlı kişilər çayxanalara və kafelərə, dindarlar məscidlərə, arvadlar və qızlar bulaqlara və evlərə, müəllimlər məktəbin koridoruna, uşaqlarsa həyətinə, cavan-cahıllar isə tinlərə yığışıb “gərgin müzakirələrə” başlayırlar. Filan şey belə oldu, filan şey elə olacaq, filankəs belə deyir, bəhmənkəs elə deyir və s. i. Hamısı bir-birinin sözünün kəsərək birinci danışmaq istəyir. Hər kəs də öz dediyinin əsl həqiqət olduğuna möhkəm əmindir və öz dediyini sübut etmək üçün mümkün olan bütün vasitələrdən istifadə edəcək də. Beləcə hay-küy qalxır, dava-qırğın başlayır. Fikirləşirsən ki, camaatın belə mərəkəyə düşməsində, yəqin indilərdə XoşBədxəbər İsrafil öz zurnasını xüsusi bir hava üstündə kökləyib çalacaq, zurnanın ardıyca dünya yaranandan bəri gəlməkdə olan Qiyamət deyilən zad nəhayət ki gəlib çıxacaq və yarandığı gündən bəri dağılan Dünya doğrudan-doğruya dağılacaqdır. Bundan sonra isə uzun əsrlərdir hamının həsrətlə gözlədiyi Allah cənabları gəlib çıxaraq özünün tərifli məhkəməsini quracaq, beləliklə də bütün məsələlər həll olunacaqdır.

“Birdən mənim kimi karlar olar və Allahın təşrif buyurmasından xəbərsiz qalarlar”-deyə elə özüm kimi bixəbərləri axtarmağa başlayıram. Ki, mən də ömrümdə bir dəfə yaxşılıq etməklə savab qazanım. Axı deyirlər ki Allah, əməyi keçənlərin hər birini mükafatlandıracaqdır. Məni bu dünyaya göndərərkən yadından çıxdığımdan heç bir şeyim olmadı, heç olmazsa indi yadına düşüm ki, mənə də o səxavətindən bir pay düşsün. Amma, arzuma çatmıram. Iş orasındadır ki, bu məmləkətdə məndən başqa bixəbər yoxmuş və mən də Allahın yadından çıxacağımı düşünərək savab iş görməkdən vaz keçirəm (bəlkə də ruhdan düşürəm). Amma, həm günlərin bir günündə Allaha Lazımlı olacağı ümidiylə, həm də bir daha bixəbər qalmaq istəmədiyimdən müşahidəçi olmaq qərarına gəlirəm. Görüm bu dəm-dəsgahların axırı necə olacaq.

Adamlar bir-birini qırırdı. Bu onu söyürdüsə, o buna daş atırdı. Öz-özümə deyirdim axı, bu camaata nə olub belə bir-birlərini qırırlar? Fərz edək ki, məsələ sən deyə kimidir-indi, bu o deməkdirmi ki, öz dediyini sübut etmək üçün kimisə söyəsən ya daş atasan? Amma, bunu elə özüm-özümə deyirdim. Adamlar özlərindən başqa heç kimi dinləmək istəmirdilər. Belə məqamlarda fikirləşirdim ki, mən müharibə gedən zonadan reportaj hazırlayan cəsur jurnalistəm. Zarafat deyil, döyüşçülərin arasında dayanıb müşahidə aparırsan və hər an söyüş, şillə, təpik, ağac, daş və s. kimi təhlükəli qüvvələrin “sayəsində” baş-beynin dağıla bilərdi. Bu həngamələrin düz ortasında dayanmaqda yeganə ümidin də bunadır ki, bəlkə yararlı nəsə tapa bildin. Mən də yararlı bir şey tapacağıma ümid edərək müşahidəçi işimi sədaqətlə yerinə yetirirəm...

Və...

Heç gözləməyə dəyməzmiş. Müşahidəçi olmaq ideyam daha əvvəldən iflasa uğrayıbmış. Mənsə bu gic müşahidəçi ideyamla böyük zərərə uğradım. Ara yerdə qızıl kimi qiymətli vaxtımı və beynimin sağlamlığını itirdim. Bilirsiniz yekun nə oldu?

Yekun bax bu oldu:

Azərbaycansayağı-Hay-küylə gəldik, lovğa-lovğa danışdıq, hamı bir-birinin sözünü kəsib birinci danışmağa cəhd etdi, bu onu təhqir etdi, o bunu söydü, hətta, vuruşmağa belə çıxdılar və...

Əlimiz ətəyimizdə, dilimiz qarnımızda sakitcə çıxıb getdik. Sanki, heç bir şey olmayıbmış....

Bəli, “Azərbaycansayağı”nın bu növü də varmış, özü də digər “sayağı”lardan çox üstün, həm də ən çox rast gəlinəni imiş... Təsəvvür edin ki, burda xalqın demək olar bütün xüsusiyyətləri toplanıbdır-qaragüruhçuluq, höcətçilik, yıxılanı baltalamaq, böyük-kiçik tanımazlıq və s. kimi. Belə görünür ki, xalq bu “Azərbaycansayağı”ndan çox möhkəmcə yapışıb heç yerə buraxmaq fikrində də deyildir. Çünki, başqa məziyyətlərindən fərqli olaraq bu xüsusiyyəti saxlamaq üçün doğrudan da əqidə və iradə nümayiş etdirirlər...

Şərqin

Yuxarı