post-title

Stalin və Bulqakov: Onları kim düşmən etdi?

Artıq illərdir ki, mart ayında Rusiya iki ölümü xatırlayır: Stalinin və yazıçı Bulqakovun ölümünü. Rəhbərlə “Master və Marqarita” romanının müəllifi arasındakı münasibətlər çoxlarını maraqlandırır. Lakin bu yaxınlarda dövlət arxivindən elə sənədlər çıxdı ki, bu iki şəxslə maraqlanan hər kəs heyrətləndi.

 

Stalin daim və dayanmadan Mixail Bulqakovun yaradıcılığını izləyirdi. Bunu birləşmiş “Proletar teatr”ın üzvlərinin 1928-ci ilin dekabrında Stalinə göndərdikləri”inqilabi məktub” və 1929-cu ilin 2 fevralında ona verilən cavab bir daha sübut edir. Əvvəlcə “Proletar teatrın” üzvlərini sadalayaq: V. Bill-Beloçerkovskiy (dramaturq), E. Lyubimov- Lanskoy (rejissor), A. Qlebov (dramaturq), B. Reyx (rejissor), F. Vaqramov (dramaturq), B. Vaks (dramaturq, tənqidçi), A. Laçis (nəzəriyyəçi, tənqidçi), Es-Habib Vəfa (dramaturq), H. Semenova (nəzəriyyəçi, tənqidçi), E. Veskiy (tənqidçi), P.Arskiy (dramaturq).

Bulqakovun əzablarına səbəb olmuş bu “əsl incəsənət mübarizləri” yazırdılar : “Hörmətli, yoldaş Stalin! Mürtəce müəllifə yaradılan faktiki köməyi necə qiymətləndirək? (Bulqakov kimi. Bu yazıçı açıq-aydın antisovet xarakterli dörd pyesini səhnələşdirib. Onlardan üçü Moskvanın ən böyük teatrlarında səhnələşdirilib. Bu pyeslər öz keyfiyyətinə görə ən yaxşı halda orta səviyyəlidir.)”

Stalin isə suala belə cavab vermişdi: “Qiymətləndirin. Çünki sizin özünüzün səhnəyə yarayacaq pyesləriniz çatışmır”.

Bununla yanaşı, Stalin Bulqakovun cəza çəkməsi üçün yananlara izahat da vermişdi: “O ki qaldı Bulqakovun “Turbinlər ailəsinin günləri” pyesinə, o qədər də pis deyil, həm də ziyandan çox xeyir verir. Çünki, Bulqakovun sayəsində bu pyesə baxan bütün dünya başa düşür ki, hətta Turbinlər kimi insanlar belə silahı qoyub xalqın iradəsinə tabe olmağa, öz işlərində məğlub olduqlarını etiraf etməyə məcbur olurlar”.

“Mənim “Qaçış” əleyhinə heç bir fikrim yoxdur”

Bundan başqa, Stalin bütün gözləntilərin əksinə olaraq Bulqakovun yeni pyesi “Qaçış”ı da dəstəkləyir: “Mənim “Qaçış” əleyhinə heç bir fikrim yoxdur. Amma kaş ki, Bulqakov öz səkkiz yuxusuna daha ikisini əlavə edəydi. Əlavə etdiyi yuxularda da SSRİ-də vətəndaş müharibəsi zamanı daxili sosial ehtiyaclardan danışaydı ki, izləyici başa düşəydi: bütün o özlərinə görə “doğru” Serafimlər və privat-dosentlər bolşeviklərin kaprizlərinə görə ölkədən çıxarılmayıblar, ona görə çıxarılıblar ki, xalqın boynunda otururdular (dürüstlüklərinə baxmayaraq)”.

Bulqakov kimilərin istedadını ləkələmək istəyənlərin ürəklərini isə Stalin bu sözlərlə yumşaltmağa çalışır: “Əlbəttə, bu o demək deyil ki, bu və ya digər incəsənət nümayəndəsi heç vaxt islah oluna bilməz, öz səhvlərindən qurtula bilməz, onu izləmək lazımdı, səhvlərindən qurtulmağa hazır olan anda zəhərləmək, beləcə də sərhədlərdən kənara yollamaq lazımdı”.

Təbii ki, Stalinin bu sözləri Bulqakovun qulağına çatmaya bilməzdi. Özü də həmin vaxtlar heç vaxt vətəni tərk etməmiş yazıçının qarşısında ölkəni tərk etmək (emiqrasiya) məsələsi dayanırdı.

Niyə Bulqakov Rusiyanı tərk etmək istəyirdi?

Sual yaranır: niyə dünənin uğurlu dramaturq və yazıçısı birdən birə müvəqqəti də olsa, ölkəni tərk etmək istəyir. Cavab isə sadədir: Daha uğursuz yazarlar ədəbiyyat sıralarında kommunizm uğrunda mübarizə ideyası altında gizlənərək əslində Bulqakova qarşı ümumi cəbhə təşkil etmişdilər və elə etmişdilər ki, artıq Bulqakov oxunmurdu, onun pyesləri səhnələşdirilmirdi.

Bulqakov bir müddət mübarizə aparmağı düşündü, lakin bu “yaradıcı qardaşlıq” əleyhinə döyüş meydanında tək heç nə edə bilməzdi. Hətta bu “qardaşlıqla” mübarizə apara bilməyən Mayakovski belə intihar etmişdi. Bulqakov bütün instansiyalara yazmağa başlayır ki, yaradıcılığım SSRİ-yə lazım deyilsə... heç olmasa məni lazım olduğum yerə buraxın!

Lakin sükut davam edir. Sonra  Mayakovskinin intiharından (1930-cu il, 14 aprel) qorxmuş “ideya funksionerləri” Bulqakovun 28 mart, 1930-cu ildə Stalinə yazdığı məktubu rəhbərə çatdırmırlar. 18 apreldə isə Stalin özü yazıçıya zəng edir. Bu zəngdən sonra Bulqakovun taleyi dəyişir. Onun üçün yaxşı iş tapılır, pyeslərini səhnəyə qaytarırlar (o cümlədən şübhəli “Qaçış” pyesini), yeni ədəbi sifarişlər verirlər. Hətta ona sərhədlərdən xaricə çıxmağa da icazə verilir.

Və budur. Gözlənilməz hadisə baş verir! Bu hadisə barədə çox danışılacaq. Amma məhz yeni tapılan sənədlər hər şeyin əslində necə olduğunu göstərir.

Rəhbərin gizli yazışmaları

30-cu illərdə SSRİ haqqında danışılanların əksinə olaraq (aclıq və repressiyalar barədə) ölkəyə bir xeyli emiqrant qayıtmışdı. Avropada, Asiyada, Amerikada uğurlar qazanmış bu insanlar öz ölkələrinə qayıdıb, daim yaşamağa çalışırdılar. Lakin ölkədə elələləri də vardı ki, əksinə xaricə qaçmaq istəyirdi. Onların arasında Bulqakov da vardı. Onları isə xaricə buraxmırdılar. Rəhbərin yazışmalarında isə bu açıq-aydın görünür.

Sovet yazarlarının fəaliyyəti ilə məşğul olan partiya adamı Aleksandr Şerbakov şair İlya Selvinski haqqında Stalinə belə yazırdı:

“Selvinski deyib ki, mənə inanmırlar. Hətta bir aylıq da xaricə çıxmağa icazə verməmələri bunu sübut edir. Xaricə səyahət məsələsini çoxları qaldırır. Məsələn, V.İvanov, Leonov, Slonimskiy və s. Leonov yazır: “Mühəndislər, inşaatçılar, aşpazlar, boksçular, yüngül atletlər və daha kimlər xaricə gedir. Yazıçıların isə getməyi çətindir”. Biz gərək mübarizə aparaq. Yazıçıları buna hazırlamaq lazımdır. Mən bəzi yazıçıların xaricə göndərilməsi məsələsini ona görə qabartmıram ki, onlar bunu istəyirlər (məhz istəyənlər çox güman heç göndərilməyəcəklər), ona görə istəyirəm ki, onlar bizim “qonşularımızı” yaxşı öyrənsinlər. Bu məqsəd üçün gərək diqqətlə 10-15 yazıçı seçək”.

1935-ci ildə Parisdə Beynəlxalq Yazıçılar Konqresi işinə başladı. Hətta ən öndə gedən sovet ədəbiyyatçıları arasında belə mübahisə yarandı: kimin getməsi daha vacibdir.

Çox şeyə Qorki məsul idi, amma son söz Stalinin idi. Bu məsələ ilə bağlı Şerbakovun Qorkiyə ünvanlandığı 15 may 1935-ci il tarixli məktubda yazılıb: “Şoloxov yoldaş Stalindən xahiş etdi ki, onu Paris səfərindən azad edək. Rəhbər razılıq verdi və təklif etdi ki, onun yerinə digər namizəd göndərilsin”.

Bulqakov həmin siyahıya düşmədi. Özünün antisovet “Sakit Don” əsəri ilə Şoloxov Parisə getməkdən imtina etdi, amma Stalinin bəyəndiyi “Turbinlər ailəsinin günləri” pyesinin müəllifi çox istəsə də, siyahıya düşmədi. Bulqakova qarşı niyə haqsızlıq edildiyini anlamaq üçün onun bioqrafiyasında çoxları üçün məlum olmayan epizodlara nəzər yetirək.

Marqaritaya qədər "Master" Kremldə yaşayıb

Kiçik kəşfdən başlayacam: bu yaxınlarda 20-30-cu illərə aid arxiv sənədlərini araşdırarkən öyrəndim ki, Mixail Bulqakov öz əsas romanını “Master və Marqarita” ona görə adlandırıb ki, həmin illərdə Moskvada Stalinə “Master” deyirdilər.

Bununla yanaşı, Bulqakov Stalinin şəxsiyyətindən o qədər təsirlənmişdi ki, şəxsi məktublarının birində yazırdı: “Ən pis vaxtımda mənə rəhbər zəng vurdu... İnanın, o mənimlə güclü, aydın, eleqant söhbət apardı. Yazıçının ürəyində ümid işıqlandı...”

İlk dəfə Stalini kimin “Master” adlandırmasını demək çətindir. Bəlkə Buxarin, bununla “İnqilabın ustadı” demək istəyib? Ya Trotski, gəncliyində “Masonluğun ustadlarının” sirrini açmaq istəyirmiş, buna görə? Və ya başqa biri?! Amma bircə o məlumdur ki, Stalin rəhbər adlandırılana qədər “Master” adlandırılırmış.

Beləcə, 1928-ci ilin payızında (məhz 1928-ci ildə Bulqakov “Master və Marqaritanı” yazmağa başlayıb) Trotski Rakovkiyə yazırdı: “Biz səninlə Masteri kifayət qədər tanıyırıq”. Və ya: Buxarin yazırdı: “Müxalifətlə (Zinovyev və Kamenev) ziddiyyətlər,  üçlüyü (Buxarin, Rıkov və Tomskov) Masterdən ayıran ziddiyyətlərin yanında heç nədir”.

Artıq “Master və Marqaritada” Masterin kim olduğunu öyrənənlər üçün əsər tamam başqa cür açılacaq!

Bulqakovun bu əsəri ilə Stalinə nə demək istədiyini anlamaq çətindir. Özü də rəhbər gəncliyində yazıçı və ya şair olmağı düşünürmüş. Stalin mütaliəsi isə Bulqakovu heyrətləndirir. Elə həmin vaxtlarda əfsanələr gəzirdi ki, Stalin ən çox kitab oxuyanlardan biridir, bəlkə də dünyada ən çox kitab oxuyan adamdır. Bu əfsanələr günümüzdə öz təsdiqlərini tapıblar. Stalinin kitabxanasını tədqiq edən alimlər təxminən 20 min kitab tapıblar ki, əksəriyyətinin səhifələrində rəhbərin qeydləri olub. Bu o deməkdir ki, rəhbər günə ən azı bir kitab oxuyurmuş - sürətli oxuma ilə saatda 60-120 səhifə.

Bütün bunlar onu göstərir ki, Stalin və Bulqakov çox tez dil tapırlar. O qədər mehriban olurlar ki, rəhbər özü təklif edir: “biz gərək görüşək, söhbətləşək”.

Lakin görüş baş tutmur, daha telefon zəngi də olmur! Çox güman Stalinin Bulqakovu öz tərəfdarları sırasına qatmağı düşündüyü böyük görüş təxirə salınır.

Bulqakov heç cür başa düşmür ki, belə səmimi başlayan tanışlığın davam etməsinə nə mane ola bilər? Sonralar (26.07.1931) Veresayevə yazdığı məktubda deyirdi: “Bir il baş sandırdım ki, görən nə baş verib? Axı həmin sözləri eşidəndə məni qara basmırdı ki? Axı o dedi: Ola bilər. Bəlkə həqiqətən sizə xaricə getmək lazımdır?” O bunu dedi! Sonra nə baş verdi? Axı o hətta məni qəbul etmək istəyirdi?..” 

Veresayevə yazdığı məktubdan qabaq isə 30 may 1931-ci ildə o, Stalinə yazırdı: “... deməliyəm ki, İosif Vissarionoviç, mənim yazıçılıq arzum şəxsən qəbulunuzda olmaqdır. İnanın, ona görə yox ki, bunda hansısa xeyir görürəm, ona görə ki, sizinlə 1930-cu ildəki telefon danışığımız yaddaşımda dərin iz buraxıb. Sizin ifadəniz (demişdiniz ki, bəlkə həqiqətən sizə xaricə getmək lazımdır) mənə o qədər təsir edib ki, bir il SSRİ teatrlarında rejissor işlədim”.

Bəs niyə Stalin birdən birə münasibətləri kəsdi? Səbəblər isə sadə idi. Bütün dövrlərdə insanları əzən səbəblər: yalan, pis şaiyələr, böhtan.

Hər şeydən istifadə edirdilər!

Stalinə yazılmış “inqilabi məktubdan” sonra paxıllar ordusu daha da qəddarcasına Bulqaokovun ifşasına çalışdılar. Nəhayət 1929-cu ildə onlar bütün teatrlardan yazıçının pyeslərinin yığışdırılmasına nail olurlar! Stalin Bulqakovun şikayətlərinə cavab verməsin deyə dayanmadan rəhbərə məlumat verirlər ki, Bulqakova inanmaq lazım deyil çünki o, ruhi xəstədir.

Bu məlumatlar öz əksini hətta yazılı sənədlərdə də tapır. Hətta Bulqakova yaxşı münasibət bəsləyən SSRİ incəsənət departamenti rəhbəri İ.Sviderskov belə 30 iyul, 1929-cu ildə Mərkəzi Komitəyə məktubunda yazırdı: “Mən Bulqakovla uzun söhbətlər etdim. O, artıq xəstə və zəhərlənmiş insan təəssüratı bağışlayır. Mən hətta əmin deyiləm ki, onun əsəbləri sağlamdır. Vəziyyəti çıxılmazdır. Ümumi təəssürat belədir ki, bizimlə işləmək istəyir, amma onu qoymurlar, kömək etmirlər...”

Təəssüf ki, Bulqakov özü də bu şaiyənin yayılmasına yardımçı olurdu. Dostlarına, yaxınlarına hətta Stalinə yazdığı məktublarda qeyd edir ki, “ciddi xəstədir”- güclü ruhi nasazlıqdan əziyyət çəkir. 30 may 1931-ci ildə yazır:

“Çox hörmətli İosif Vissarionoviç! 1930-cu ilin sonlarından ağır əsəb gərginliyi, qorxu keçirirəm, ürəyim darıxır. Hazırda isə bitkin vəziyyətdəyəm... Mən təklikdə qorxu qıcolmaları keçirirəm...”

Veresayevə 22.07.1931-ci il tarixli məktubunda isə etiraf edir: əgər gəlib, kefimi düzəltməsəydiniz, intihar edəcəkdim. Özümü güllələməklə nöqtə qoymağa hazır idim...”

6.08.1930-cu ildə isə Stanislavskiyə yazır ki, Krımda xəstə əsəblərini müalicə etdirir.

Qeyd edək ki, Bulqakovun səhhətində problemlər hələ 1923-cü ildə yaranmışdı. Və əlbəttə ki, bunu həmin an Stalinə çatdırmışdılar. Mixail Afanasyeviç özü bu haqda yazır: “Mən əclaf kimi yaşayıram -  xəstəyəm və hamı tərəfindən atılmışam...”

1926 və 1929-cu illərdə də o səhhəti barədə yaxşı yazmır: “İndi başım ağrıyır, çox xəstəyəm... əsəb pozğunluğu həddinə çatmışam...”

Əlbəttə ki, bütün bunlar təqiblərdən sonra daha da ağırlaşdı. Vəziyyət yalnız Stalinin telefon zəngindən sonra dəyişir. Artıq növbəti gün Bulqakov teatra gedəndə onu qucaqlayıb qarşılayırlar. Lakin hiss edilir ki, düşmənləri uyğun zamanı gözləyirlər. Artıq 10 may 1930-cu ildə Moskva Bədii Teatrının rəhbərliyi yarıac yaşayan, borcun içində itib-batan Bulqakova rejissor işləməyi təklif edir. O da bu təklifi qəbul edir.

Lakin Bulqakovun rəhbərliklə əlaqələrini kəsmək üçün onun telefonunu kəsirlər və bütün yollarını bağlayırlar.

Lakin bu hələ hamısı deyildi: ən dəhşətlisi indi başlayırdı. Pis şaiyələr (o cümlədən siyasi) Stalinin qulağına çatmaya bilməzdi. 7 avqust 1930-cu ildə hələ də borclardan qurtula bilməyən Bulqakov Parisdə yaşayan qardaşı Nikolaya yazırdı: “Hətta Moskvada da hansısa əclaflar şaiyə yayıblar ki, mən hər teatrdan aya 500 rubl alıram (həmin vaxt bu böyük pul idi). Artıq bir neçə ildir Moskvada və xaricdə mənim soyadımın ətrafında şaiyələr yayılır. Əksəriyyəti isə pis xarakterlidir”.

Həqiqətən də, Bulqakovla görüşməyi planlaşdıran Stalinin qulağına elə sözlər çatırdı ki, artıq görüşdən söz gedə bilməzdi. Hətta söhbət böyüyüb o həddə çatmışdı ki, deyirdilər Bulqakov yalnız ruhi xəstə deyil, həm də narkomandır. Narkotiksiz yaşaya bilmir! Guya Bulqakovun bircə arzusu var, o da xaricə getməkdir. Guya o, “Zoykinin mənzili” pyesində Qərb məsələsini qabardıb, Stalin və Lenin obrazlarını qaranlıq obrazlar kimi göstərib.

Bulqakov sonra həqiqətən də öyrənir ki, Qərb tərcüməçiləri onun “Zoykinin mənzili” pyesini dəyişdiriblər. Bulqakov 31 iyul, 1934-cü ildə yazırdı:

“Birinci növbədə xahiş edirəm ki, mənim dəyişdirilmiş mətnimi əvvəlki kimi edəsiniz. Mənim pyesimdə “Stalin” adı çəkilmir. Ümumiyyətlə bütün pyesdə SSRİ rəhbərlərindən heç kimin adı çəkilmir. Xahiş edirəm mətndən onların adları çıxarılsın, çünki onların belə səhnələşdirilməsi qeyri-mümkündür və mənim müəllif yazımı tamamilə pozur. Sovet rəhbərliyinin üzvlərinin adlarının komediya mətnində işlənməsi tamamilə yersizdir. Ümid edirəm ki, uzun izahata ehtiyac yoxdur”.

Lakin nəsə tələb etmək üçün artıq çox gec idi. Stalin Bulqakov haqqında eşitdiklərindən dəhşətə gəlmişdi. Şaiyə yaymaq üçün bəzən bir gün bəs edir, onların yığışdırılması üçünsə bəzən bir ömür yetmir! Axı Bulqakovun qarşısında bütün yollar və qapılar açılacaqdı, böhtançılar olmasaydı...

1934-cü il, aprelin sonlarında Bulqakov ərizə yazır xahiş edir ki, ona xanımı Yelena Sergeyevna Nyurenberq-Bulqakova ilə birlikdə xaricə getməyə iki aylıq icazə verilsin. Yeri gəlmişkən, bu xanım sona qədər yazıçıya sadiq qalmaqla bütün dünyaya nümunə olub. 17 mayda yazıçı cavab alır ki, pasport lazım deyil, çünki pasportlar havayı olacaq və istəsələr sabah gedə bilərlər! Lakin gözlənilmədən pasportun verilməsini günbəgün təxirə salırlar. 7 iyunda isə heç bir izahat verilmədən deyilir ki, pasportdan imtina edildi. Bulqakova isə deyirlər: “Özünüz başa düşürsüz, biz deyə bilmərik bu kimin istəyidir”.
 
Beləcə Bulqakovla Stalin arasından qara pişik keçir. Bu məsələdən sonra, Moskva Bədii Teatrında tamaşaya qoyulacaq “Qaçış” pyesi də proqramdan çıxarıldı. Halbuki onun səhnələşdirilməsi üçün bütün yollar açıq idi. 14 sentyabr 1933-cü ildə Bulqakov Parisə, qardaşı Nikolaya yazırdı:

“Mənə təklif etdilər ki, “Qaçış” pyesində bəzi dəyişikliklər edim. Bu dəyişiklik mənim ilk qaralama variantımla üst-üstə düşdüyündən yazıçı vicdanım ağrımadan düzəlişləri etdim”.

Beləcə düşmənlərinin əli və zəhməti ilə Bulqakov Stalindən, ikinci isə yazıçıdan inciyir. Düzdür, həyatının sonlarına doğru Bulqakov Stalinlə bağlı daha bir addım atmağa çalışır. Onun 60 illiyinin şərəfinə 1939-cu ildə “Batum” pyesini yazır. Pyes Stalinin inqilabi gəncliyindən bəhs edir. Amma Stalin onu qəbul etmir. Yeri gəlmişkən, ölümünə az qalmış, Fadeyev Stalindən xəbərsiz ağır xəstə Bulqakovu ziyarət edir və hətta ona “sağalmaq üçün İtaliyanın cənubuna” getməyi məsləhət görür. Amma gec idi...
 
Nikolay Dobryuxa
Tərcümə etdi: Gülər

Publika.az

Yuxarı