post-title

Bəkarət, yoxsa həqarət simvolu?

Qırmızı alma və qanlı mələfə bütün Qafqazda bəkarət simvolu kimi assosiasiya olunur. Bu nədir? Əcdadlarımızın “müqəddəs” ənənəsi, yoxsa narsist kişi eqosunun qidalanması üçün münbit şərait?

 
Əgər ortada ədalətsiz qayda, yəni qadın günahsızlığına nəzarət edən sərt, repressiv idarəetmə varsa, o zaman nigaha qədərki təmizlikdən qaçmaq üçün yollar da tapılacaqdır.
 
Söhbət himenoplastikadan - bəkarətin cərrahi yolla bəpasından gedir. Cərrah-ginekoloqların qəbuluna sonsuz növbələr Azərbaycan, Ermənistan və Gürcüstanın təkcə paytaxtlarında deyil...
 
Nədir himenoplastika? Bu əməliyyat necə keçirilir? Əməliyyat qadın orqanizminə necəsə təsir edə bilərmi? Əməliyyatın hansısa təhlükəsi varmı?
 
Suallarımızı azərbaycanlı ginekoloq Əhməd Namazov cavablandırır:
 
“Himenoplastika – cərrahın qadının bəkarət pərdəsini tikməsidir. Süni bəkarət pərdəsinin iki növü var. Birinci variantda bəkarət pərdəsi qısamüddətli bərpa olunur. Yalnız bir neçə günlük. İkinci variant bəkarəti tam bərpa edir. Hər iki halda əməliyyatdan sonra vaginal qanaxma, yaxud cinsi əlaqə zamanı çətinliklər baş verə bilər. Bu cür əməliyyatdan sonra cinsi akt pasient üçün çox ağrılı ola bilər.”
 
Şimali Qafqazın hər üç respublikasının ginekoloqları “problemə” kommersiya məsələsi kimi soyuqqanlılıqla yanaşırlar – ortada tələb-təklif varsa, hansı vicdan əzabından söhbət gedə bilər?
 
Yerevan xəstəxanalarından birində çalışan, adının çəkilməsini istəmədiyindən Araksi Manvelyan kimi təqdim etdiyimiz həkim-ginekoloq deyir ki, qadın həkimi olaraq həmişə pasientlərinin tərəfini tutur.
 
"Düşünürəm ki, burda ayıb heç nə yoxdur. Fərdi ətrafın sərt təzyiqindən xilas etmək mənim filantropik missiyamdır. Axı, bunun heç kimə dəxli yoxdu".
 
"Əgər varsa, qoy cəmiyyət bir az əvvəl el adətiylə ərə gedib, bəkarəti toy gecəsi pozulan qadınların zöhrəvi xəstəliklə üstümə gəlməyinə də qarışsın. Soruşuruq: qız bakirəydisə, bu xəstəliklər hardandı? Əlbəttə, sual ritorikdir. Odur ki, nəzarət varsa, hər iki tərəfə olunmalıdır. Bundan başqa, bütün məsuliyyətimlə bəyan edirəm ki, bu növ əməliyyatın qadın sağlamlığı üçün heç bir zərəri yoxdur. Yalnız təkrar keçirilərsə, qanaxma daha çox ola bilər”, yerevanlı həkim deyir.
 
 
Gürcüstanda bakirəliyin bərpası
 
Həkim-ginekoloq V. A-nın dediyinə görə qiymətlər klinikanın prestijindən və bərpanın növündən asılı olaraq 200-1000 lari ($84-$422) arasında dəyişir. Toya 2-3 gün qalmış edilən “müvəqqəti” və “daimi” bərpa növləri var.
 
“Pasientlərin çoxu 25-35 yaşlardadı. Yəni yetkin şəxsiyyət olmalarına baxmayaraq, ictimai rəyə qarşı çıxa bilmirlər. Onlar bu absurd-teatrında əsas rolun ifaçısına çevrilirlər. Bu addımı atmaq qərarına gələn hər bir qız, cəmiyyətdə neqativ yanaşma olmasaydı, heç vaxt bəkarətini bərpa etməyə gəlməyəcəyini deyir. Bundan əlavə onlar həkimə valideynləri ilə birgə gəlirlər. Bu valideynlər qızlarını ərə vermək üçün hər şeyə hazırdırlar”.
 
Həkimə sual verdik ki, bəs iki gün əvvəl tikdiyiniz qadını oğlunuz gəlin gətirsə nə deyərsiz? Həkim dedi, oğlumun xoşbəxtliyi naminə susaram.
Himenoplastika hər yerdədir. Ginekoloq kabinetində, gözəllik salonunda. Cərrahı hər yerə dəvət etmək olar. Bəy tərəf də bu biclikləri bildiyi üçün gəlinin davranışına ciddi nəzarət edir.
 
Qıza hər yerdə nəzarət olunur, onu oğlanın əmiuşaqları, dayıuşaqları, dostları izləyir. Birdən toya bir ay qalmış ginekoloqa gedər, ya rəfiqəsinin evinə cərrah çağırar. Qızın işlətdiyi mobil operatordan son altı ayın zəng və sms-lərini “almaq” olar. Ancaq qızlar yenə də bir yolunu tapıb planlarını yerinə yetirirlər.
 
 
\"Gürcüstanda
Gürcüstanda bir cütlüyün toyu (Tbilisi, 2014)
 
Hardasa iki həftə öncə “IMEDI” kanalındakı sujetdə göstərilən Sameqrelo regionundakı ailə Gürcüstanda mübahisə mövzusuna çevrilmişdi. Sujet ərinin döyüb qovduğu qız haqqında idi.
 
O, ərini məhkəməyə verib təmiz adının bərpasını tələb edib. Gürcüstanda bu, ilkdir və presedent ola bilər. Bu qızın işi və həyatı əvvəl bir kəndə məxsus idisə, indi bütün Gürcüstana məxsusdur. Hamı müzakirə açır, ittiham edir, günahlandırır.
 
Milli fikir qoruyucuları hesab edirlər ki, bakirəlik institutunun tənqidi, ümumiyyətlə, bu mövzuda söhbətlər etnik-mədəni irsimiz üçün təhlükədir.
Qızlar bu əməliyyata niyə gedirlər?
 
Bu addımın hansı motivləri var? Bu tələbat hansı şəraitdə ortaya çıxır? Əməliyyatdan keçmiş yalnız bir qız suallarımıza cavab verməyə razı oldu.
 
Keti (ad şərtidir) 27 yaşındadır. Gürcüstandandır. Himenoplastika əməliyyatını iki il əvvəl, toyundan qabaq keçirib.
 
“Ərimdən qabaq sevgilim olmuşdu. Ayrılandan sonra gələcək ərimlə tanış oldum. Ona vurulmuşdum, ancaq ünsiyyətimiz artdıqca gördüm ki, o, ənənələrə sadiq adamdır. Gələcək arvadının, uşaqlarının anasının bakirə olması onun üçün əhəmiyyətlidir. Onu itirmək istəmirdim. Əlbəttə istərdim ki, məni olduğum kimi qəbul etsin. Lakin məcbur olub, toydan qabaq əməliyyat etdirməli oldum”.
 
Keti deyir, əməliyyat üçün həkim tapmaq çətin olmadı - elə öz ginekoloqu cərrah idi. Əməliyyat üçün 500 lari ödəmişdi.
 
“Həmişə məni o müayinə edirdi. Bu dəfə başqa xidmət üçün müraciət etdim. Təəccüblənmədi. Həkim qızların niyə belə etdiyini başa düşür. Hamısı mentalitetimizdəki mənasız adətlərin günahıdı. Neyləyək, həyatımızda kimsə olubsa, ərə getməyək? Nigahdan əvvəlki seksin normal hadisə olduğunu qəbul etsəydilər, yaxşı olardı.”
 
 
Ermənistanda qırmızı alma
 
Ermənistan paytaxtında müsahibə götürdüyümüz Sofi etiraf etdi ki, bu əməliyyatdan keçib və heç nədən də peşman deyil.
 
\"Qırmızı
"Qafqaz qadınları qırmızı alma ənənəsini saxlamaqla razılaşa bilərlər.
Ancaq əks tələbləri olacaq – kişilər üçün də qırmızı almanın ekvivalenti kimi hansısa sədaqət mexanizmi yaradılmalıdır"
 
“Mənim günahım deyil ki, kişilər yüksək mədəniyyətə yiyələndiklərini iddia edib mağara adamı şüuru ilə gəzirlər. Mən heç kimə icazə verə bilmərəm ki, mənim keçmişimi qurdalasın, xüsusən belə intim məsələdə. Hər kəs özünü qorumaq haqqına malikdir, bu, sadəcə özünümüdafiə instinktidir. Yoxsa cadugər ovuna çıxmış inkvizisiyadır elə bil. Yox bir. Hansı zəmanədə yaşayırıq biz?!”
 
Rəfiqəsi də onu dəstəklədi: “Oğlanlar başlarına gələndən özləri günahkardırlar. Vaxtı keçmiş adətlərin həyatlarına soxulmağına etiraz edə bilmirlərsə, biz nə etməliyik? Onların da boynuna qoyurlar. Amma qızlar heç olmasa belə passiv mübarizə yolu ilə buna qarşı çıxa bilirlər”.
 
Yerevanda Zara təxəllüslü möhtəşəm müğənni yaşayır. Onun möhtəşəmliyi cəsur vətəndaş və mədəniyyət mövqeyinin olmasındadır.
 
O, usanmadan cəmiyyətin hər üzvünün daha yaxşı, layiqli həyat yaşaması uğrunda çalışır. Onun “qırmızı alma” mahnısı və mahnıya olan klipi erməni dilini bilməyənlərə də sözünü çatdırır.
 
Klipin ilk kadrı milli geyimli döyüşkən kənd qarılarının “qaniçən” tövrlə bir-birinə pozulmuş bəkarət izləri olan mələfəni nümayiş etdirmələrindən başlayır.
Klipin son kadrında qırmızı almanın dəfni göstərilir – almanın böyüdülmüş şəkli qara, yas lenti ilə çevrələnib.
 
Ancaq məsələ Ermənistanda heç fikir səviyyəsində belə, bu qədər sadə deyil, o ki qaldı, təcrübədə.
 
 
Azərbaycanda yengə
 
Qədim Azərbaycan ənənəsi “qırmızı alma”dan çox da seçilmir, müasir insan üçün daha vulqar və alçaldıcı sayıla bilər. Toy gecəsi bəylə gəlini gərdəyə yaşlı qadın salır. Bu, “yengə” adlanır və qızın yaxın qohumlarından biri olur.
 
Toy günü, yaxud toya bir-iki gün qalmış ərdə olmuş və çox şeylər görmüş yengə qıza ilk gecə nə edəcəyini öyrədir. Əgər oğlan məhəbbət məsələlərində naşıdırsa, oğlanı da öyrədə bilər.
 
Toy gecəsi o, qapı ağzında gözləyir, “imtahandan” sonra qana bulaşmış mələfəni götürür, bəy və gəlinin ailəsinə qızın “üzüağ” çıxdığını xəbər verir (qız bu “imtahanı” uğurla keçsə, “üzü ağ” sayılır). İki gün sonra qonaqlıq olur. Burada yalnız ərli qadınlar iştirak edir. Onlara qızın “üzünün ağlığının” isbatı olan mələfə nümayiş olunur.
 
Yengə - seksual mövzuda hər cür tabu və qadağalardan əziyyət çəkən cəmiyyətin ehtiraslı gözüdür. Əsrlərdən bəri sekslə bağlı hər şeyi gizləyən, ayıb bilən ənənəvi cəmiyyət münasibətlərdə istənilən sərbəstliyi və yeniliyi nifrətlə qarşılayır.
 
Azərbaycanlıların mentaliteti qıza nigahdan əvvəl hər növ münasibəti, flirti qadağan edir.
 
Qadağalara əməl etməyənləri ən alçaldıcı münasibət gözləyə bilər. Hələ keçmiş zamanlardan toy gecəsi bakirə çıxmayan gəlinlərin başlarını keçəl qırxıb, eşşəyin üstündə kənd boyu gəzdirərdilər ki, hamının yanında biabır olsun.
 
Ancaq bu, ən dəhşətlisi deyildi. Bunu bəy tərəfi edirdi. Öz ailəsində onu daha dəhşətli cəza gözləyirdi. “Ailəsinin, nəslinin adını batırmış”, “üzü qara” gəlinləri (toya qədər bəkarətini itirmişləri belə adlandırırdılar) döyər, üzünə tüpürər, əl-qolunu sındırar, çox vaxt da öldürərdilər. Bu işgəncələrdə bütün ailə iştirak edərdi. Ana, bacılar, xalalar, qardaşlar. Öldürməyi kişilər icra edərdilər.
 
Müasir Azərbaycanda məsələ bir az başqadır. Bu şərtləri bəyənməyən, ancaq mübarizə aparmağa taqəti olmayan qızları himenoplastika xilas edir.
Xeyli qadın mental əxlaqa, ənənəyə psixoloji cəhətdən qalib gəlib. Ancaq ictimai rəy hələ azad seksual münasibətləri qəbul etmir. Hətta müasir münasibətləri qəbul edən və bakirə olmayan qadınlarla evlənməyə razılaşan oğlanların da çoxu nadir hallarda qərar verə bilirlər.
 
Belə kişilər dostlarının, qohumlarının, cəmiyyətin alçaldıcı münasibərinə, lağ-lağısına məruz qalır. Hər adam cəmiyyətin ehtiraslı nəzarət gözü olan Yengədən və patriarxal “qeyrətli kişi” statusundan imtina edə bilmir.
 
Nəzarətçinin gözündən yayınmaq mümkün olmayanda, onu aldatmaq lazım gəlir. Qızların seksual azadlığa bütün meyli bu şəxsiyyəti alçaldan əməliyyatla – himenoplastika ilə nəticələnir.
 
Cəmiyyət qızlardan “yalançılıq” tələb edir. Himenoplastika adlanan, hər şeydən əvvəl özləri üçün alçaldıcı olan yalana müraciət etməkdən başqa çarələri qalmır. Müasir qadının ailə-uşaq sahibi olması, cəmiyyətin tamhüquqlu üzvü olması üçün yeganə yol budur.
 
Ancaq hərdən qəzalar da olur.
 
 
Pasientin gəlinin olarsa
 
Bir dəfə Bakıda məşhur ginekoloqu bacısı oğlunun toyuna dəvət edirlər. O bəzənir-düzənir, ürəyində fərəh, dodağında təbəssüm gəlir toya.
 
\"\"
İraq kimi bir çox ölkələrdə qadınlar məhkəmə qərarı ilə "qızlıq testi"ndən keçməli olur.
 
Ancaq bacıoğlunun yanındakı gəlini görəndə, saçından yapışıb söyə-söyə toyxanadan çölə sürütləyir. Sən demə, ikicə həftə əvvəl özü qıza himenoplastik əməliyyat edibmiş.
 
Ən maraqlısı budur ki, oğlan bakirə olmayan qızla evlənməyə razılaşıb, bunu ailəsinə bildirəndə, ən çox etiraz edən ailədəki qadınlar olur.
 
Vaxtında bu qadağalara və alçaldılmalara dözən qadınlar başqalarına edilən güzəştə dözmürlər. Bu, bir az “dedovşina”ya bənzəyir. Qadın “dedovşinası”na.
Əlbəttə, bu qaydaların köhnəldiyini düşünən müasir valideynlər də var. Olur ki, bəyin ailəsi yengə gəlməməsini xahiş edir. Bu zaman qızın ailəsinin narahatlığı ilə üzləşirlər. Necə? Bəs yengə, qanlı mələfənin nümayişi olmasa, sonra necə isbat edəcəklər ki, qızları bakirə idi?
 
Birdən toydan sonra oğlan evinin hansısa iddiası olar. Cəmiyyət bəkarət məsələsinə elə vasvasıdır ki, ənənəni yumşaltmağa yönələn ən yumşaq cəhdlər də həyəcan və şübhəylə qarşılanır.
 
Himenoplastika haqqında daha bir maraqlı məqam
 
Doktor Əhməd Namazov iddia edir ki, qadınlar bu əməliyyatı həmişə gələcək ərlərini, yaxud cəmiyyəti “aldatmaq” üçün etmirlər: “Bizə təcavüz qurbanı olan qızlar da çox müraciət edirlər. Bu cür travmadan sonra onlar bütün “izləri” “silməyə” çalışırlar. “İzlərdən” biri də zədələnmiş qızlıq pərdəsidir. Onlar onu bərpa edib, hər şeyi unutmağa, yaşamağa davam etməyə çalışırlar. Mənim belə pasientim olub, onun bəkarətini bərpa etmişik”.
 
 
Ən böyük dəyər
 
Qafqaz mentaliteti ailəsiz qadına qarşı çox qəddardır. Ərsiz, uşaqsız qadın yarımçıqdır, uğursuzdur, “ayağı ağırdır”, “bədbəxtlik gətirəndir”.
 
Bu düşüncə tərzinin altında nə gizlənir? Patriarxal ideologiya, əsrlərin təcrübəsi, hegemon kişi idealına zombiləşdirilmiş məhəbbət və qadınlar üzərində sosial hakimiyyət?
 
Əksəriyyət ənənələri özünə qalxan edib: bura sizinçün Avropa deyil, orda hər şey olar, amma bizim burda öz qayda-qanunumuz var. Ancaq bu qaydaları və tərbiyə standartlarını kim yaradır, məlum deyil.
 
Cəmiyyətin psevdo-dəyərlərinə qarşı getməmək və təyziqlərə məruz qalmamaqçün qızlar əməlli-başlı çalışmalı olurlar. Ölkənin ginekoloji kabinetlərinin qarşısındakı növbələr tükənmək bilmir. Toya bir neçə gün qalmış qızlar özlərinə “əl gəzdirməyə” gəlirlər ki, heç nə onların gələcək səadətlərinə mane olmasın.
 
Ancaq indi əsas arqumentimizlə: ikili standartlardan danışmaqla kifayətlənəcəyik. Kimsə qırmızı almanın sarsılmazlığına iddialıdırsa, biz ona etiraz etməyəcəyik.
Qafqaz qadınları qırmızı alma ənənəsini saxlamaqla razılaşa bilərlər. Ancaq əks tələbləri olacaq – kişilər üçün də qırmızı almanın ekvivalenti kimi hansısa sədaqət mexanizmi yaradılmalıdır.
 
Bəs niyə heç kim demir ki, ən böyük dəyər –insanın seçim azadlığının olmasıdır. Hər bir şəxs müstəqil qərar qəbul edə bilməlidir, bu qərar başqasına görə yalnış olsa da. Gəlin, ilk növbədə buna hörmət edək, psevdomənəviyyatın altında gizlənməyək.
 
Yazını qafqazlı jurnalistlər - Günel Mövlud, Nona Şahnazaryan və Edita Badasyan hazırlayıb.
 
BBC Azeri
Yuxarı