post-title

50 xilaskar tələbə

Borçalı ilə bağlı ilk yazını yazmağımdan uzun zaman keçsə də, sazla bağlı çoxlu tənqidlər alsam da, indi də təhsil məsələsində daha iki yazı yazmağı düşünürəm. Həmçinin təkcə tənqidlə kifayətlənməyərək, həm təklif, həm də xeyirli bir prosesə dəstək olmaq istəyirəm.

 

Borçalılar yaxşı bilir ki, Sovetlər vaxtı Borçalı kəndlərində ziyalı təbəqəsi ya müəllimlər idi, ya da Tiflisdə, Bakıda, Moksvada, Peterburqda və digər Sovet İttifaqı şəhərlərində təhsil almış kənd sakinləri. Onlar ya geri - kəndə qayıdıb yaşayırdılar, ya da orda yaşasalar da, xeyir və şərdə kənd camaatıyla bərabər olurdular.

Məhz bu müəllim və oxumuş kəsim kənd camatını aydınlatanlar idi, Tiflisdəki, Bakıdakı, Moskvadakı hadisələrdən, kəndliləri maraqlandıran məsələlərdən xəbər verirdilər.

Sovetlər İttifaqı dağıldıqdan sonra, bu oxumuş, ziyalı, az-çox dünyadan baş çıxaran insanlar bu kəndləri tərk etdi. İndi yerdə qalanlar, əksərən müəllimlər Sovet təfəkküründən hələ də çıxa bilməyən yaşlı nəslin nümayəndələridir. Vəziyyət belə olanda da insanlar sanki indiyə qədər alışdıqları o xəbərlərdən, bilgilərdən məhrum oldular, bu xəbərlərin yerini isə xeyir və şərdə ya şou- biznes, ya da cahil söhbətlər tutdu. Nəticə bu günkü Borçalıdır, yəni təhsilsiz, geridə qalmış, ziyalıdan, aydından kasad, Gürcüstana inteqrasiya etmək üçün gərəkən sosial-mədəni kimliyə sahib olmayan bir icma. Bu durumdan biz necə çıxa bilərik deyə düşündükdə ağlımıza bir neçə variant gəlir ki, mən də bu variantlarla sizi tanış etmək istəyirəm.

Demək, Sakaşvili hökumətinin milli azlıqlar üçün yaratdığı ən önəmli imkanlardan birisi, milli azlıq nümayəndəsi olan məktəblilərin məktəbdən sonra öz ana dillərində ümumi bacarıq imtahanı verərək, ən az sayılan 20 balı toplayarq üniversitetə girmələrinə və bir ilə gürcü dilini öyrənərək, sonra üniversitetə davam etmələrinə, yəni  1+4 proqramından istifadə etmələrinə şərait yaratmaqdır. Bu gün bu proqramla və digər yollarla Tiflisdəki üniversitetlərə qəbul olan və oxuyan 500-dən çox tələbə var.

Bu tələbələr müxtəlif ixtisaslarda təhsil alırlar, onlar gələcəkdə Borçalının boşalan ziyalı grupunu əvəz edəcəklər, bəziləri ya kəndlərinə dönəcəklər, ya da Tiflisə yerləşəcəklər, amma istənilən halda mərkəzlə yaxın olan kəndlərlə, kəndlilərlə əlaqədə olacaqlar. Yenə xeyir və şərdə camaatla ünsiyyətdə olacaqlar, amma bu dəfə camaat artıq ağıllı, proqressiv, dünyagörüşlü gənclərdən, ziyalılardan nəsə öyrənib, ən azı yaşadıqları ölkə və onun problemləri, müxtəlif məsələlər haqda bilgi sahibləri olacaqlar.

Biz Borçalılar, xüsusən iş adamları var gücümüzlə Tiflisdə oxuyan gənclərə dəstək olmalıyıq. Bu gənclər zatən Azərbaycan və Türkiyə türkçəsini bilirlər, bəziləri hətta rus və ya ingilis dilini də bilirlər. Onlar təhsil müddətində gürcü dilini də öyrənsələr, ən az 4-5 dil bilən 50 ziyalı yetişsə, demək biz gələcəyə ümidlə baxa bilərik. 50 aydın gənc, ən azı 50 kəndin aydınlanması deməkdir, ən azı Gürcüstanda müəyyən qədər azərbaycanlılarla bağlı fikirlərin müsbətə doğru dəyişməsi, 50 aydının millətin problemlərini görməsi və yayması, bu problemlərə çözüm ürətməsi deməkdir.

Sizə Fransada Şuşanın dahi musiqiçləri haqda kitab tərcümə edən qohumum Elvin Abbasbəylidən eşitdiyim maraqlı bir hadisəni  nəql etmək istərdim, demək tarı dizdən sinəyə qaldıran məşhur tarçı Sadıqcan Peterburqda verdiyi konsertlərdən birindən əldə etdiyi gəliri, o dönəm orda təhsil alan, amma imkansızlıqdan əziyyət çəkən Üzeyir Hacıbəyova bağışlayır ki, o təhsilini davam etdirə bilsin.

Düşünə bilirsiniz, bu yardım sonra Azərbaycana hansı şəxsiyəti bəxş etdi və hansı töhvələri verdi?

Bütün borçalılı iş adamlarına, həmçinin Borçalıyla maraqlanan iş adamlarına, imkanlı adamlara demək istəyirəm ki, Tiflisdə oxuyan qeyd etdiyim 500-dən çox tələbənin əlbəttə bir çox problemləri var, onların çoxlu ehtiyacları var, mən imkansızlıqdan təhsilini yarımçıq qoyanlarını da tanıyıram. Bu ehtiyaclara -, ev kirayəsi, kitab və digər dərs ləvazimatlarının alınmasına gərəkən məbləğ, bilgisayar, xarici dil kurslarına yazılmağa vəsaitin olmaması və s daxildir.

Bu yazını oxuyanda sadəcə düşünün... Əgər siz onlardan heç olmasa birinə kömək etsəz, bəlkə də gələcəkdə Borçalıya, ümumən millətimizə töhfə verə biləcək bir neçə şəxsiyyətə yatırım etmiş olarsınız.

Biz özümüz özümüzə yardım etməsək, dəstək olmasaq, başqalarından dəstək ummağa üzümüz olamayacaq.

Elvin Buntürk

Kultura.az

Yuxarı