post-title

Azərbaycanda mesenatlıq “təhlükəsi”

Ölkəmizdə rəsmi milyonçu yoxdur, pulu olanlar da “xeyriyyəçi» imici qazanmaqdan qorxurlar

 

Bir müddət əvvəl prezident İlham Əliyev müşavirələrin birində sahibkarlara xitabən sosial layihələrə dəstək verilməsinin vacibliyini vurğulamışdı. Ancaq bəyanat səslənsə də, ardınca əməli addımlar atılmadı. Yəni mediada sosial və mədəniyyət, ədəbiyyat layihələrinə mesenatlıq edənlər sezilmədi. Bu biganəliyin səbəbini araşdırmaq üçün musiqi və ədəbiyyat nümayəndələrinə müraciət etdik.

“Bir nəfər də milyonçu yoxdur”

Gənc yazar Seymur Baycan Azərbaycanda mesenatlığın yox dərəcəsində olduğu qənaətindədir. O, bu durumun bir neçə səbəbini göstərdi: “Birinci, ölkədə azad biznes mühiti yoxdur və ümumiyyətlə, bizneslə məşğul olan adamlar hakimiyyətin siyasi iradəsini qəbul etməlidirlər, yaxud qruplaşmalardan birinə yaxın olmalıdırlar. Bircə fakt ölkədə biznes mühitinin hansı vəziyyətdə olduğunu açır, təsəvvür edin ki, bir nəfər də olsun milyoner yoxdur. Əlbəttə, milyonları olan xeyli adam var, amma heç kim demir ki, mən milyonerəm və pulu da filan işi görərək qazanmışam. Bunların fonunda isə oxumuş, mədəniyyətə yaxın olan, xeyriyyəçilik edə biləcək insanlar ölkəni tərk ediblər, öz problemlərinin hayındadırlar. Bəziləri kömək etmək istəyir, ancaq onların da öz arqumentləri var, qorxurlar ki, olan-qalanını da əllərindən alsınlar”.

Yazarın fikrincə, ikinci ən ciddi səbəb odur ki, ölkədə mesenatlıq edə biləcək adamların özləri yaradıcılıqla məşğuldurlar: “Məsələn, biri şeir yazır, başqa biri mahnı bəstələyir, yaxud rəsm çəkir. Ona görə onlar hansısa yazıçıya, şairə, bəstəkara yardım etmək həvəsində deyillər. Hər şey öz əllərindədir, öz şerlərinə mahnı bəstələdirlər, sonra müğənnilər bu mahnıları həvəslə oxuyurlar, televiziyalar da onların kliplərini həvəslə göstərirlər. Teatrlar onların yazdıqları pyesləri həvəslə tamaşaya qoyurlar, bir aktyor demişdi ki, klassiklərin əsərlərində aktyorlar həvəssiz oynayırlar. Çünki onlar ölüblər, yaşayan müəlliflərin əsərini oynayanda yenə heç olmasa tamaşadan sonra onlara restoranda qonaqlıq verirlər”.

“Hansısa məmur filan müğənnini saxlayır”

Bəstəkar Elmir Mirzəyev də Azərbaycanda mesenatlığın olmadığını dedi: “Bəlkə var, ancaq mən görməmişəm. Bilirsiniz, kültür və siyasəti qoyaq kənara, bu ölkədə iqtisadiyyat yoxdur. O mənada ki, liberal iqtisadiyyat olmadığından, leqal biznesmen də yoxdur və bir sözlə, milyonçumuz yoxdur. İndiyə qədər “Forbes” dərgisində bir Azərbaycan vətəndaşının adı çıxmayıb. Əgər rəsmi milyonçu, azad sahibkarlıq, azad biznes yoxdursa, necə mesenatlıq ola bilər? Amma bunun əvəzində eşitmişik ki, hansısa məmur filan müğənnini saxlayır. Bunu mesenatlıq hesab edirlərsə, o zaman onlara afərin! Daha nə demək olar”.

“İstəyi olanlar da qorxurlar ki...”

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov əməkdaşımızla söhbətində əvvəlcə diqqəti qanunvericiliyə yönəltdi. Onun fikrincə, qanunvericilikdə mesenatlara vergi güzəştləri olmalıdır, bunlar olmayınca, heç bir mesenatlıqdan danışmaq olmaz.

Ancaq bununla bərabər, o, hesab edir ki, mədəniyyət və kino sahəsində mesenatlıq yoxdur: “Bunun bir neçə səbəbi var, birinci səbəb “milli burjuaziya”nın mentaliteti ilə bağlıdır, onlar mədəniyyətə, kinoya, elmə meylli insanlar deyil, yalnız gəlirə kökləndiklərindən bu prinsiplə yaşayırlar. Beləliklə, “milli burjuaziya”nın milli maraqlara xidmət etmədiyini düşünə bilərik. İkinci səbəb iqtisadiyyatımızın repressiv, inhisarçılıq xarakteri ilə əlaqəlidir. Buna görə qəlbində mesenatlıq istəyi olan iş adamları xeyriyyəçilik etməkdən qorxurlar. Çünki bilirlər ki, mesenatlıq etsələr, vergi orqanlarında əsassız yoxlamalara məruz qalacaqlar. Ona görə edəndə belə, gizlin edirlər”.

Müsahibiz bir məqama da diqqət çəkdi: “Xatırlayıram ki, Kür çayı daşanda, Prezident “sahibkarlar evlərini itirənlərə maddi dəstək olsa, lap yaxşı olar” deyə səsləndi. Gözlədim ki, Kür qaçqınlarına yardım edənlərin mediada siyahısı olacaq, amma biznesmenlərin də bəlaya biganə olduğunun şahidi oldum. Əslində, iş adamlarının mentaliteti birinci səbəblə bağlıdır, yəni iqtisadiyyatdakı monopoliya burjuaziyanın yalnız pul qazanıb onu qorumağı üstün tutur, nəinki milli maraqlara dəstəyi”.

“Mesenatlıq artıq arxaik anlayışdır...”

Yazıçı Rasim Qaraca isə həmkarlarından fərqli düşünür. Onun fikrincə, mesenatlıq artıq arxaik anlayışdır, nəticə olaraq diktaturaya və ya avtoritarizmə “ok” demək anlamına gəlir.

Onun qənaətincə, bu prinsipin sətiraltı mənası belədir: “Oğrular oğurluqlarına davam etsinlər, ancaq bizə qəpikdən-quruşdan bir şey versinlər... Romalı Qay Mesenatın 2 min il əvvəl imperator Oktavian Avqustun sarayında ədəbiyyata və incəsənətə himayədarlıq etməsi normal idi. Çünki o zaman hələ incəsənəti idarə etməyin qanuni mexanizmləri işlənilməmişdi. Ancaq biz qanunlarla tənzimlənən hüquqi cəmiyyətdə yaşamağı arzu və tələb ediriksə, “mesenatların” hansı yollarla qazandığı məlum olmayan pullarını incəsənətə yatırmasını qəbul etməməliyik”.

Yazıçı hesab edir ki, bu iş dünyada mövcud olan hazır modelləri alıb tətbiq etmək qədər sadədir: “Sənət birimlərinin azad reklam bazarı sayəsində yaşamaları üçün şərait yaradılmalıdır və reklam verən quruluşlar üçün müəyyən vergi güzəştləri olmalıdır”.

Natiq CAVADLI

"Bizimyol" qəzeti

Yuxarı