post-title

Əkrəm Əylislini qınayan saxtakarlara!

Əkrəm Əylislinin yazdığı "Daş yuxular" romanı ətrafında gedən proseslər Elmir Mirzoyevin "Vəziyyət biz düşündüyümüzdən də ağırdır" fikrinin aktuallığını bir daha sübut edir.

 

Romanın müzakirəsi gündəmə çıxarılandan onun ətrafında gedən bütün prosesləri diqqətlə izləyirəm. Və şəxsən məni o əsərdə yazılanlardan daha çox, onun ətrafında baş verənlər heyrətləndirir. Əsərə münasibət bildirənlərin bəzilərinin kimliyi və fikirləri isə məndə yumuşaq desəm, gülüş, bərk desəm, əsəb yaradır. Bəribaşdan deyim ki, sözüm, içində həqiqi Qarabağ ağrısı daşıyan, bu milləti gərçəkdən sevən, düşünən və bu romana sırf millətini sevdiyi üçün etiraz edən insanlara deyil. Hər halda, əsəri oxuyan hər kəsin o əsər haqda fikir bildirmək, onu tənqid etmək (müəllifi təhqir etmək yox) haqqı var. Sözüm Ə.Əylislini linç etməyə çalışan saxtakarlaradır. O saxtakarlara ki, ömürlərində bircə dəfə ortaya vətəndaş mövqeyi qoya bilməyib, indi Ə.Əylislinin icazəli qara PR kompaniyasında canfəşanlıq edirlər. Əsərə münasibət bildirənlərin çoxu əsasən, "Əkrəm Əylisli Azərbaycan xalqının, millətinin heysiyyətinə toxunub" fikrini qabardırlar. Yaxşı, mən də "İfadə azadlığı" məhfumunu, konstitusiyamızda yaradıcı şəxsin azadlığı haqqında qanunu filanı qoyuram bir tərəfə. Və razılaşıram. Ə.Əylisli doğurdan da, Azərbaycan xalqının heysiyyətinə toxunub. Bəs, əgər belədirsə, onda Azərbaycan xalqının heysiyyətinə toxunan yalnız Əkrəm Əylislidirmi? Əvvala, Azərbaycan xalqının heysiyyətinə ilk olaraq Qarabağı satanlar toxunub. İndi isə Ə.Əylislini ittiham edən saxtakarları yaddaşımda ilişib qalan bəzi faktlarla tanış etmək istəyirəm. Görəsən, aşağıda sadalayacağım faktların səbəbkarları Azərbaycan xalqının heysiyyətinə toxunmurmu? 
 
Başlayaq elə nəqliyyat sahəsindən. Yaxınım olan tələbə qız bir gün evə gəlib ağlaya-ağlaya anasına bunları danışdı: "Mən avtobus gözləyirdim. Bir az qabaqda bir taksi sürücüsü taksisinin yanında dayanmışdı. Cavan, arıq bir oğlan idi. Birdən sürücünün yanında Nəqliyyat Nazirliyinin (NN) avtomabili saxladı və içindən 4 nəfər kişi düşdü. Elə düşən kimi ,bir neçə dəqiqənin içində başladılar sürücünün üzərinə hücum etməyə. Sürücü gördü ki, onu döyəcəklər. Qaçmaq üçün maşınına oturdu. NN-in işçilərindən ikisi də cəld tərpənib, maşına mindilər. Biri arxada, o birisi isə qabaqda oturdu. Arxada oturan sürücünün boğazından yapışıb, onu özünə tərəf çəkdi. Az qaldı ki, onu boğsunlar. Sonra nə baş verdisə, əllərini çəkdilər və sürücüyə nəsə dedilər. Onlar maşından düşmədilər, amma sürücünü sürməyə məcbur etdilər. Sürücü də məcburən sürüb yanımızdan uzaqlaşdı. Allah bilir, onu hara apardılar". Bunu gözləri ilə görən qız uzun müddət özünə gələ bilmirdi. O sürücünün sonrakı aqibəti onu çox düşündürürdü. Təxminən 2 həftə əvvəl isə, NN-in işçiləri mənim özümün də olduğum avtobusa hücüm çəkdilər. Avtobusa minib, açarları götürdülər. Sürücüyə "yerə düş" əmri verdilər, sürücü düşəndən sonra, NN-in işçilərindən biri başladı onu təhqir etməyə və az qaldı ki, sürücünü vursun. Bəlkə də bunu qeyd etməyim yersizdir, amma həqiqət naminə deməliyəm ki, yalnız mənim avtobusdan düşüb, nazirliyin əməkdaşlarına VƏTƏNDAŞ MÖVQEYİ göstərməyimdən sonra, avtobusun açarlarını sürücüyə qaytardılar və yolumuza davam etdik. Əslində, müxtəlif vaxtlarda ən az 30-40 tanış-bilişimdən NN-in əməkdaşlarının sürücülərlə bu tip rəftarlarını gözləri ilə gördüklərini eşitmişəm. NN-in işçiləri dəfələrlə millətin gözü önündə sürücüləri döyüblər, təhqir ediblər. Özü də bu əməkdaşların bir devizləri var: "Biz, NN-in işçiləriyik. Get, hara şikayət edirsən, et. Nazirimiz bizə tapşırıb ki, gedin, nə istəyirsiz edin". Bunu, nazirliyin əməkdaşları öz dilləri ilə etiraf edirlər. Bu mənada, nəqliyyat sisteminin bugünki biabırçı vəziyyətini, avtobusların "kimə necə sərf edir" prinsipi ilə xəttə çıxarılmasını, sırf məmur məsuliyyətsizliyi ucbatından eyni həftədə 3 avtobusun aşmasını, içində o qədər adamın ölməsini, yaralanmasını görəndə və bütün bunların üzərindən də nəqliyyat nazirinin Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət ordeni" ilə təltif olunmasını eşidəndə, bir az düşünməyə məcbur olursan. Görəsən, bu, Azərbaycan xalqının heysiyyatına toxunmaq deyilmi? 
 
Təxminən bir həftə əvvəl dövlət xəstəxanalarından birində 4 aylıq bir körpə dünyasını dəyişdi. Valideyn iddia edirdi ki, körpəyə səhv iynə vurublar. Xəstəxananın baş həkimi isə, mətbuata belə açıqlama verdi: "Mən başa düşmürəm ki, 4 aylıq uşağın ölümünü nəyə görə belə şişirdirlər?". Sizcə, bu, Azərbaycan xalqının heysiyatına toxunmaq deyilmi? 
 
Azərbaycan xalqına çatmalı olan neft pullarının hansı məmurların cibinə axdığını araşdıran qadın jurnalistin evinə kamera qoyurlar. Onun intim həyatını çəkib yayaraq sözdə guya, qadını biabır edirlər. Əlsində isə, sadəcə özlərinin nə qədər cılız, ucuz olduqlarını sübut edirlər. Sizcə, bunu edən "kişilər" Azərbaycan xalqının heysiyyatına toxunmurlarmı? 
 
Qardaşı həbsdə olan, atası vəfat etmiş bir qız tanıyıram. Dayəlik edib anasına baxır, qardaşı üçün həbsxanaya pul göndərir. Bütün bunlarla yanaşı, kollecdə müəlliməlik təhsili alır. Mən bu yazıda o qızın hansı çətin şərtlər altında hazırlaşıb o kollecə qəbul olduğunu ifadə etməkdə, sadəcə acizəm. Bir şeyi deyim ki, bu qız bütün imtahanlarını öz beyninin zəhməti ilə verməyə çalışır. Amma qiymət yazılma məqamında bu qızın həyatının bütün çətinliyini bilən direktor müavini ona belə deyir: "Mənlik deyil, vallah, yuxarıdan istəyirlər. Oxudun, oxumadın, pul verməlisən". Şəxsən mənim üçün azərbaycanlı müəllimin belə əzab-əziyyət içində dərsini oxuyan o qıza verdiyi bu cavab, əslində, erməni kişisi tərəfindən o qıza yönələcək fiziki təcavüzündən daha ağrılıdır. Sizcə, bu, Azərbaycan xalqının heysiyyatına toxunmaq deyil?
 
Gözünüzün önündə hər gün bir əsgərimizi döyə-döyə öldürürlər. Sosial şəbəkələrdə ordudakı özbaşınalıqlarla, komandirlərin, zabitlərin əsgərlərli ələ salması ilə bağlı müxtəlif videolar yayılır. Bu vəziyyətə dözə bilməyən gənclər, ziyalılar, orduda öldürülmüş əsgərlərin valideynləri əllərində övladlarının şəkilləri ilə aksiyaya çıxırlar. Min bir əziyyətlə böyütdükləri övladlarının ölümünün baiskarlarının cəzalandırılmasını istəyirlər. Axırda isə aksiyada iştirak edən və əksəriyyətinin kirayədə yaşadığı gəncləri ödəyə bilməyəcəkləri məbləğlərlə cərimələyirlər. Üstəlik, öldürülən əsgərlərin valideynləri də daxil aksiya iştirakçılarını anti-milli ünsür adlandırırlar. Sizcə, bu Azərbaycan xalqının heysiyyətinə toxunmaq deyilmi?
 
Azərbaycan ordusuna 5 əsgər vermiş ananın sırf məmur məsuliyyətsizliyi ucbatından əlinə yanacaq maddəsi və ağ bayraq alıb Ermənistan tərəfə keçəcək həddə çatdırılması, sizcə, bu, Azərbaycan xalqının heysiyyatına toxunmaq deyilmi? 
 
İsmayıllıda XALQIN etiraz aksiyası oldu. Amma bir neçə gün əvvəl XALQIN etdiyi həmin bu etirazının günahkarı kimi iki müxlifətçini-İlqar Məmmədov və Tofiq Yaqublunu həbs etdilər. Sizcə, elə bu faktın özü Azərbaycan xalqının heysiyyatına toxunmaq deyilmi? 
 
Gülər Əhmədovanın məlum videosu yayıldı. İndi Ə.Əylislini qınayanların əksəriyyətinin səsi də çıxmadı. Görəsən, nəyə görə bu gün yazıçının evinin önünə gedib, ona "rədd ol ölkədən" deyənlər G.Əhmədovanın və ya videoda adı keçən başqa şəxslərin evi önündə toplaşıb onlara "rədd ol bu ölkədən" demədilər? İndi bütün günü televiziyalarda Ə.Əylislinin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb edən "ziyalılar" nəyə görə bircə dəfə bu videoda adı keçən şəxslərin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb etmədilər? Üstəlik də bu qədər olaylardan sonra G.Əhmədova yenidən Bakı Dövlət Universitetinə qayıdıb tələbələrə "mühazirə" oxudu. Nəyə görə bu gün Ə,Əylislini qınayan bir tələbə, valideyn, professor, ziyalı buna etiraz etmədi? Sizcə, bu, Azərbaycan xalqının heysiyyatına toxunmaq deyildimi? Yox, bu, sadəcə Azərbaycan xalqı ilə məzələnmək idi. 
 
Siyahı uzundur, hər şeyi sadalamaq isə çətindir. Amma bir şey aydındır. Əslində, bu ölkədə hər bir məmur Azərbaycan xalqının heysiyyətinə toxunur. Sadəcə fərq budur ki, nazir bunu nazir səviyyəsində, rektor, rektor səviyyəsində, millət vəkili, millət vəkili səviyyəsində, həkim, həkim səviyyəsində, müəllim, müəllim səviyyəsində edir. Belə olan təqdirdə isə sual yaranır. Nəyə görə cəzalandırılan yalnız yazıçı olmalıdır? Nəyə görə yuxarıda sadalığım faktlarla bağlı "İTV"də məhkəmə qurub, ədalətli qərar tələb edilmir? 
 
P.S.Bu günə qədər bütün olanlara göz yumanların bu gün Ə.Əylislini qınamağa sadəcə mənəvi haqqı yoxdur.Gözlərinizi bir az geniş açın və baxın. Əslində, bu gün də analarımızı ağlar qoyublar. Əslində bu gün də qız-gəlinimizə təcavüz edirlər. Əslində bu gün də atalarımızın namus-qeyrətlərinə toxunurlar. Əslində, bu gün də körpələrimizi, onların gələcəyini, təkcə körpələrimizin yox, elə hamımızın gələcəyini, təhsilini, azadlığını dəmir çənlərə yığıb, çənlərin ağzını da qaynaqlayırlar. Amma bircə fərqlə. Bu gün bunları edənlər ermənilər yox, məhz, öz həmyerlilərimiz-azərbaycanlılardır. Və bütün bunlara səssiz seyirçi qalan hər kəs də bu qətliamda iştirak etmiş olur.
 
İzolda Ağayeva
Kultura.Az
Yuxarı