O əjdahadan hər yerdə var...
Fridrix Nitsşenin “Xeyir və şərin o biri üzündə&r…
"Yol boyunca" (“On the Road” 2012) filmi yazıçı Cek Keruakın eyniadlı romanı əsasında çəkilmiş, “sındırılmış nəsil” (ing. Beat-generation) dövrünün ruhunu, fəlsəfəsini təsvir edən və özünəməxsus atmosferi olan amerikansayağı filmdir.
40-cı illərin sonunun Amerikası: gənc və enerjili insanlar bütün qaydaları pozub, həyatda özlərini tapmağa çalışırlar və yeni həyəncan axtarışındadırlar. Gənc yazıçı Sel Paradayz və onun dostu, şair Karlo həbsxanadan yeni çıxmış dəliqanlı Din Moriati və onun dəlisov sevgilisi Marilu ilə tanış olub, onlara qoşularaq yeni macəralar və ilham mənbəyi axtarışına çıxırlar.
Qarşımızda həmin dövrün Amerikasının panoraması yaranır, film boyu yol bizi bir-birindən kəskin fərqlənən yerlərə aparır, müxtəlif insanları və adətləri göstərir. Qəhramanlar yaşadıqları macəralar boyunca bir çox orijinal personajlar ilə tanış olurlar, getdikləri yerlərdə adi fəhlələrin həyatını yaşamağa cəhd göstərirlər, təsadüfən qarşılaşdıqları insanları öz hərəkətləri ilə təəccübləndirirlər.
Bütün film boyu qırmızı xətt kimi “sındırılmış nəsil”in obrazları əks olunur: bu günü yaşamaları, məsuliyyət hissinin tamamilə olmaması, içki məclisləri, seks və sayı hesabı olmayan əyləncə gecələri. Seks mövzusuna filmdə geniş yer verilib: çılpaq səhnələr, qrup seks, homoseksuallıq, sving - hamısı orada var. Nadir hallarda geniş prokata buraxılan filmlərdə belə səhnələrə yer verilir.
Filmin qəhramanlarının simasında biz “sındırılmış nəslin” simvollarının cəmini görürük. Bütün bu personajlar Keruakın avtobioqrafik kitabından götürülmüş və amerikanın mədəniyyət həyatını dəyişdirən real insanlardan təsirlənərək yaradılmışdır: Nil Kessidi (Din Moriarti), Allen Qinzberq (Karlo Marks), Vilyam Berrouz (Qoca Öküz Li) və Cek Keruakın özü (Sel Paradays).
Müxtəlif ştatlarda təbiətin gözəl təsviri, tamaşacı üçün heyrətamiz mənzərələrin bir-birini əvəzləməsi, havanın dəyişkənliyi peşəkar operator işinin sayəsində filmi daha dolğun və rəngli edib.
Bir az da aktyorlar haqda:
Sem Rayli (Sel Paradayz) yazmağa yeni başlayan gənc yazıçı obrazını tam yarada bilib - o özünə əmin olmayan, spontan macəralar burulğanında öz yolunu tapmağa çalışan, ətrafındakı yeni tanışlardan ilhamlanan gənc yazıçıdır.
Qarret Xedlund (Din Moriarti) üsyançı rolunu mükəmməl oynayır. Sevincli, kədərli, uğursuz və məyus olmuş səhnələrdə obrazla tam harmoniya yaradıb. Onun obrazı əlvan rəngli kəpənəkdir - başqalarının həyatı üzərindən çəkilmiş xəttlə uçaraq, orda qısa lakin həmişəlik yadda qalan əlvan iz buraxır. Hamı tərəfindən qəbul olunmuş normal həyatı yaşaya bilməyən, çoxluq tərəfindən qoyulmuş qaydaları qəbul eləmək istəməyən gənc, sabahkı gününü, dostlarını düşünmədən var gücü ilə emosiya “tonqalında” özünü yandırmağı, yeni və tanımadığı hissləri yaşamağa can atır.
Kristen Stüart (Marilu) mənim üçün filmin ən yadda qalan obrazı oldu. Ədabaz və dəlisov qız filmdə iştirak etdiyi bütün səhnələrdə - yataqda qrup seksi səhnəsindən tutmuş, yoldakı xuliqanlıq və ya əyləncəli parti səhnələrinin hamısında parıldamağı, yadda qalmağı bacarır. Marilunun emosiyaları, ehtirası, bitmək bilməyən əyləncələri eqoist Dini belə maraqlandırıb həyəcanlandırır. Onların yadda qalan rəqsləri ətrafa xoş emosiya bəxş edir.
İkinci dərəcəli personajlarda əsas rolların kölgəsində itmir və filmə uyğun rəngli ştrixlər əlavə edirlər: Dinlə münasibətlərdə katastrofik dərəcədə bəxti gətirməyən tərbiyəli, düzgün qız Kamilla (Kirsten Danst), Selin müvəqəti əyləncəsi olan xoş simalı Terri (Alisiya Braqa), xarizmatik Qoca Öküz Li (Viqqo Mortensen) və onun dəli arvadı Ceyn (Emi Adams). Yəqin ki, filmdə ən yadda qalan epizod Stiv Buşeminin ifasında qoca homoseksualist olan səhnədir.
Filmin musiqisi epizodlara uyğunluq təşkil edir - caz, kantri, bluz-qəhrəmanların düşdükləri məkanları, situasiyaları və ümumi atmosferi tamamlayır.
Əgər siz emosional kinonu, dəlisov atmosferi, “Beat generation” mədəniyyətini sevirsinizsə, açıq səhnələr sizi çaşdırmırsa, o zaman bu film sizin üçün çox maraqlı olacaq.
Rüstəm Hüseynov
http://tamganet.com
Rus dilindən tərcümə etdi: Leyla
Kultura.az