post-title

“Yuxu” yoxsa “Daş yuxu”?

“Yuxu” adlı Azərbaycan filmi var idi. Baş qəhrəmanı Əliabbas idi. Onu gördüyü yuxuya görə cəzalandırmaq istəyirlər. Təbii ki, Əliabbasın yuxuya görə cəzalanmasında kənd camaatının da əməyi az olmur. Sonda Əliabbas canını qutarmağın yolunu qaçmaqda görür. Yaşadığı yerdən qaçmaqda.

 

 
 
O filmdə idi, həyatda isə adamı “Daş yuxular”a görə linçləyirlər. Bu linçi quranlar həmin filmə baxıb gülənlərdir. Ə.Əylisli də beynəlxalq səviyyəli cinayətkar Zori Balayanla qohum edilməmiş başını götürüb qaçmalıdır.
 
XX əsrin dərin zəkalarından britaniyalı tarixçi Toynbi deyirdi ki, demokratiya sırf xristian-protestant mədəniyyətinə aiddir. Buna görə də müsəlmanlar heç zaman demokratik quruluş qura bilməz. Söz haqqı isə demokratiyanın əlifbasıdır. Həmişə avtoritar rejimdə yaşamış bir kütlə fərqli düşüncələrə qarşı necə olmalıydi ki?
 
İndi məktəblərdə müdürlər hamısı əmr alıbmış kimi Ə. Əylislini “vətən xaini” təbliğatı aparmaq üçün iclaslar keçirir. Deyirlər, Stalinin dövründə də “büro iclasları” olurmuş. Kommunistlər “vətən xainini” cəzalandırmağı tələb edirmiş. Bizdə isə bu iclasları 250 manat maaş alıb 25 min manatlıq maşın sürən məktəb direktorları keçirir. Deyirlər ki, müəllimlərdən Koroğlunun yaradıcılıq gecəsini keçirməyi tələb etmiş bir müdür Ə. Əylislini iclasda savadsızlıqda ittiham edib, ona “vicdansız”deyib. 
 
Sadə camaatdan isə kanalların birində bir ağsaqqal danışırdı. Ağsaqqal tələb edirdi ki, Ə. Əylislinin mülkləri, evləri əlindən alınıb qaçqınlara, hərbçilərə verilsin. Belə başa düşdüm ki, kasıb camaat ev, torpaq problemlərinin Ə.Əylislinin hesabına həll olunacağına ümüd edir. 
 
Kamal Abdulla Nobel mükafatına namizəd olanda belə dəstək aksiyaları olsa idi, Qarabağı olmasa da çoxdan Nobeli almışdıq. 
 
İndi belə hadisələrin təkrarlanmaması üçün cəmi iki yol var. Birinci yol budur ki, ədəbiyyatımızda fərqli düşünən, bizi tənqid etməyə cürət edən bütün qüvvələri məhv etməliyik. Erməniləri müsbət, oğuz “igidləri”ni mənfi qəhrəman edənləri tarixdən silməliyik.
 
Sabir azərbaycanlılar haqqında nə yazırdı? “Harda müsəlman görürəm qorxuram!” Fikir verin, ermənidən yox, müsəlmandan qorxur. Şairin ölümündən sonra isə şeirlərinin çapı üçün ermənilər ianə yığıb verirlər. Gördüyünüz kimi, xaricilərdən qrant, ianə almanın tarixi də qədimdir. Oguz igidlərinin məntiqi ilə “Hophopnamə”ni yandırmaq lazım idi. Bizdə isə onu tədris edirlər.
 
M. F.Axundzadəni də tariximizdən silməyi unutmayaq. “Hacı Qara” komediyasının əvvəlində naçalnik işsiz-gücsüz gəzən Heydər bəyə deyir ki, quldurluq etməsin. Əvəzində cüt əksin, bağ becərsin, alış-veriş etsin. Heydər bəy isə belə cavab verir: “Guya ki, mən Barnazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya da ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm!”
 
Axundzadə bu komediyasında azərbaycan türklərini qaçaqçı, quldur kimi təqdim edib. Ohan, Sərkis kimi erməniləri isə yasavul, qanun keşikçiləri kimi verib. Axundzadənin də digər dram əsərlərini tabuta qoyub basdırmaq lazımdır? Yaxşı olardı, əvəzində ancaq İlyas və Elçin Əfəndiyevlər səhnələşdirilərdi. 
 
İndi diqqətlə oxusaq C. Məmmədquluzadənin də, Haqverdiyevin də mili maraqlarımızı məhv etdiyini görərik. Biz ya bu ədiblərimizi də Ə.Əylisli kimi biabır etməliyik, ya da ikinci yolu seçməliyik.
 
Bu vəziyyətdən ikinci çıxış yolu budur ki, iqtisadi gücümüz olsa da dünyanın niyə bizi saymadığını başa düşək. Niyə bu gün azərbaycanlıları mağara adamı kimi tanıyırlar, heç düşünmüşük? Bizi dünya mədəniyyətinə tanıdan nəsil ölüb gedir. Həmişə yaşayacaq deyillər ki? 
 
Yerlərinə isə bizi dünyaya məhlə musiqisi, balta, kartof-soğan alveri ilə tanıdan nəsil gəlir. 
 
Nə etməli? Balta ətrafında sıx birləşərək ədiblərimizi məhv edək ya ədiblərimizin söz azadlığına hörmətlə yanaşıb özümüzü sivil xalq kimi tanıtmasını bilək?
 
Lalə İsmayılzadə
 
Kultura.Az
Yuxarı