post-title

Tahirə Qürrət`ül-eyn və Qadın haqları

XIX əsrin ortalarında İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir cavan tacir elan etdi ki, O İlahi Vəhyin daşıyıcısıdır və bəşəriyyət yeni eranın Astanasında dayanmışdır.

 

 
O, ərəb dilində mənası “Qapı” olan Bab ləqəbini götürdü.  Babın çağırışları İranda babilər hərəkatına səbəb oldu. Ona ilk öncə 18 nəfər iman gətirdi.Onların on yeddisi kişi və biri  tarixdə müxtəlif adlarla tanınan qadın idi.
 
Həmin qadının əsil adı Fatimə idi. Qəzvin şəhərində 1817-ci ildə azərbaycanlı ailəsində anadan olmuşdu. Atası hacı Saleh Qəzvini və əmisi hacı molla Tağı böyük din alimlərindən sayılırdılar. “Qürrətüleyn” (yəni, “gözün bəbəyi”) adını ona Seyid Kazım Rəşti, “Tahirə” (yəni “pak”) adını isə Bab vermişdi. Ona Zərrintac da deyirdilər. Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyurdu. 
 
Tahirənin ictimai statusu, Onun babilər hərəkatında tutduğu rəhbər mövqe (18 şagiridindən biri idi) ilə məhdudlaşmırdı. Onun fəaliyyətində ictimai təlatüm doğurmuş və bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Tahirə İslam Şərqində çadrasını nümayişkanə atmış ilk müsəlman qadın idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında iştirak edən 81 nümayəndənin (Tahirə onların arasında yeganə qadın idi) gözü qarşısında baş vermişdi. 
 
Tahirə İslam Şərqində qadınlara kişilərlə bərabər ictimai, siyasi, iqtisadi haqların verilməsi məsələsini qaldırmış ilk şəxsdir. Onun bu çağırışları həmin Bədəşt konfransında (1848) irəli sürülmüşdür. Beləliklə, dünya miqyasında qadın haqları uğrunda mübarizəni ilk dəfə şərq qadını, milliyyətcə türk (azərbaycanlı) Tahirə Qürrətüleyn  başlatmışdır. 
 
Tahirə təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi olmuşdur.
 
Tahirə XIX əsrin 40-cı illərində Azərbaycanın və İranın ən görkəmli şairəsi idi. İranda babilər hərəkatı yatırılan zaman xüsusi fitva ilə lənətləndiyinə və öldürüldüyünə (1852-ci ildə) görə şeirlərinin böyük hissəsi toplanmış və məhv edilmişdir. Lakin bizim dövrə kimi gəlib çatmış bəzi şeirləri özünün dərin məzmunu və azadlıq ruhu ilə seçilir. Müstəbid şahın, cahil və lovğa ruhanilərin Tahirənin əleyhinə çıxmalarına baxmayaraq, o, həqiqəti söyləməkdə bir an da olsa tərəddüd etmədi və bu yolda həyatını qurban verdi. Ölümə məhkum edildiyini eşidəndə, deyilənə görə Tahirə onu tutana deyib: “Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz”.
 
Azərbaycanda Tahirənin həyatı və ictimai fəaliyyəti çox məhdud şəkildə tədqiq edilmişdır. Əsas diqqət onun şairəlik fəaliyyətinə verilmişdir. Bu sahədə Sabir Gəncəli, Əzizə Cəfərzadə və digər tədqiqatçıların böyük rolu olmuşdur. Lakin Onun əsas ictimai fəaliyyəti XIX əsrdə İranda babilər dini hərəkatı ilə bağlı olduğundan tarixçilərimiz tərəfindən kifayət qədər işıqlandırılmamışdır. Onun irəli sürdüyü sosial ideyaların üzərindən səthi keçilmişdir və bu haqda bu gün də danışılmır.
 
Azərbaycanla müqayisədə qərb ölkələrində, xüsusilə, ABŞ-da Tahirənin həyatı və mübarizəsi daha ətraflı tədqiq edilmiş, onun haqqında xeyli miqdarda bədii, elmi, elmi-populyar əsərlər yazılmış, rəsm əsərləri və kinokliplər çəkilmişdir. Bunlar içərisində daha məşhurları aşağıdakılardır:
 
Amin Banani:       Tahirih: A Portrait in Poetry  (Tahirə- Poetik Portreti)
Martha Root:        Tahirih the Pure  (Tahirə- Pak)
Sabir Afaqi:          Tahirih in History ( Tahirə tarixdə)
Abbas Amanat:     Resurrection and Renewal  (Yenidən dirilmə və canlanma)
E.G. Browne:        A Traveller's Narrative   (Bir səyyahın hekayəti)
Tahirə Assosiasiyası: A woman and her words (Bir qadın və onun sözləri) - klip
Qərb ölkələrində Tahirənin adını daşıyan onlarca cəmiyyət, assosiasiya, qadın və qeyri-qadın təşkilatları fəaliyyət göstərir. Bunlar arasında ikisi daha məşhurdur:
“Tahirih Justice Centre(Tahirə Ədalət Mərkəzi, ABŞ);
“Tahirih Association (Tahirə Assosiasiyası, ABŞ);
 
Hazırda qlobal miqyasda dini təməlçiliyin baş qaldırdığı və qadın azadlıqlarına qarşı hücumların gücləndiyi dövrdə Tahirə kimi şəxsiyyətin Azərbaycan xalqına, xüsusən də gənc qızlarımıza  tanıtdırılması böyük əhəmiyyət kəsb edir. 
 
Böyük Türk şairi Süleyman Nazif Tahirə haqqında demişdir:
 
“O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül`eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə!”
 
Azər Cəfərov
Bəhai Dini icmasının sədri

 

Yuxarı