post-title

Vətənə əks vətənpərvərlik

Ermənistanlı hüquq müdafiəçisinin "Patriotism versus Patria" adlı yazısı

 

 
Bizim vətənpərvərliyimiz Türkə nifrət olmadan heç bir şeydir və ən vətənpərvər Erməni, ən Türk düşməni Ermənidir. Ümumiyyətlə bir Erməni üçün Türk düşmənliyi və vətənpərvərlik düz mütənasibdir. Bizim bütün Sovet ədəbiyyatımıza və sənətimizə, tamamilə mədəniyyətimizə Türk düşmənliyi damğasını vurmuşdur. İztirab və gözyaşı var, Ararat, Sübhan, Qars, Ərzurum və kim bilir haralar üçün əzab dolu istəklər və zəfər arzusu var, hər şey zəngin keçmişimizin təsvirləriylə doludur.
 
Biz mübahisə, sorğusuz-sualsız şərəfli bir məğlubiyyətlə başlamış və bitmiş bir keçmişi təmsil etməkdəyik. Sahib olduğumuz əsl var-dövləti unutmuşuq və ya anlamamışıq. Bizim əsl var-dövlətimiz, kiçik hesab etdiyimiz, məhdud imkanlarımıza və dünyanın ümumi dünyagörüşünə adaptasiya etməyə çalışdığımız lakin bütün dünyaya təqdim etməkdə çox müvəffəqiyyətsiz olduğumuz, çox rəngsiz, solğun görünən və ya heç fərqinə varılmayan ədəbiyyat və incəsənətdəki müvəffəqiyyətlərimizdir. Biz bunlardan bəhs etmək yerinə lovğalanaraq danışırıq, itkilərimizdən belə qürurla danışırıq, o itkilərimizin səbəbkarını qonşularımızda və bütün dünyada tapmağa çalışırıq. Avropa bizim istəklərimizi ifşa edəndir, qonşularımız isə düşməndir. Biz dostu olmadan, müttəfiqi olmadan dünyaya qarşı olanıq. Sanki dünyadakı bütün digər ölkələrin ancaq dostları varmış kimi… Sanki ancaq bizim bəxtimiz yoxmuş kimi... Bax bütün bunlar bizim XX əsr mədəniyyətimizin əsasıdır, bax bu bizim üzərində yüksəldiyimiz bünövrədir... Bütün dünyanın və qonşularımızın haqsızlığına uğramışıq və yalnız tələb edirik. Biz məzlum olanıq, haqsızlığa uğramış olanıq, şikayətlənlərimiz və tələblərimiz üçün yaşayırıq.
 
Sovet diktatorluğu altında olan bütün xalqlar öz-özlərini təmsil etmə və müstəqilliklərini və suverenliklərini istəyə biləcəklərini düşünməyə başladıqları vaxt biz müstəqilliyi deyil, qonşularımızı qarşımıza alaraq, problemləri necə olsa gələcəkdə iki müstəqil dövlət olaraq sülh yoluyla həll edərik düşüncəsindən yola çıxaraq Qarabağı istəməyə başladıq.
 
Və indi silahlanan iki ölkənin iqtisadiyyatını və siyasi inkişafını geriyə aparan həll edilə bilməz bir problemimiz var.
 
Heç düşünmədən, özümüzü heç düşünmədən müstəqilliklə əlaqədar hər hansı bir ifadəni təxribat olaraq görərək Qarabağı tələb etdik. Qarabağ Komitəsini meydana gətirdik və bu komitənin içində bütlər yaratdıq, bunlardan heç birinin siyasətlə əlaqəsi yox idi, korluğumuzu mütləq etdik və insanları gurultulu izdihamlara çevirdik. Bu günə qədər düşünmədən gerilədik və geriləməyə davam edəcəyik çünki Qarabağ problemini həll etmədən, milli ziyalılarımız tam bir məsuliyyətsizliklə, xarakteristik kölə zehniyyətiylə xarici siyasətimizin ən əhəmiyyətli dayağı olan soyqırımdan şikayətlənməyi təlqin etməyə davam edəcəklər. Və bunun nəticəsi, yenə məzlumluq görünüşüdür..
 
İndi heç kim "bir dəqiqəliyinə dayanaq, qarşılığında yenə sevgi və hörmət görməyi ümid edərək qonşularımıza göstərə biləcəyimiz sevgini, hörməti təlqin edək" deməz. Xeyr! Ancaq Zeytun, Ərdahan, Van, Naxçıvan… Ölkənin bu ankı və gələcəkdəki potensialını düşünmədən, 2,5-3 milyonluq məzlum, kədərli və qonşularıyla davamlı müharibə halında olan bir ölkə olmaqdansa kiçik amma özünə bəs edən bir ölkə olmanın daha yaxşı ola biləcəyini qavraya bilməzlər. Yalnız məqsədsiz iddialar, tələblər, Erməni milliyyətçiliyi (bütün digər millətçiliklərdən fərqli), ağlamaq, sızlanmaq, lənətləmək, şikayətlənmək. Şikayətlənmək, mazoxist bir şəkildə son 100-200 ildir Erməni dünyagörüşünün iki əsasından biri olmuşdur, digəri isə soyqırımdır.
 
Bütün əsrlərdə diktatorları sonuna qədər sədaqətlə qorumuş, hər növ qeyri-insani fikir və şüara sədaqət andı içmiş olanlar bu gün, müharibə bitmədən bizi yeni bir müharibəyə itələməyə çalışırlar. Bu vətənpərvər intellektuallara "Sən bu vətənin azadlığı üçün nə etdin? Nələri qurban etdin? Nələri fəda etdin? Neçə damla qan, neçə damla tər tökdün? Neçə döyüşdə vuruşdun? Neçə dəfə yaralandın? Neçə dənə oğlunu fəda etdin?" deyə soruşacaq biri olsun.
 
Bütün bu öldürülən övladlar bizim uşaqlarımız idi deməyin. Onlar hər şənbə Yerablurdakı şəhidlər qəbirstanlığına gedən, gözyaşları heç qurumayan anaların övladlarıdır. Siz heç Yerablurda olmusunuz? Neçə dəfə getmisiniz? Çiynimizdə bir Pancuni (satirik bir siyasətçi obraz) böyütdük, böyük imperiyanın südü ilə bəslədik və indi o bizi sırf özü istəyir deyə bir müharibəyə göndərir.
 
Sovet dövründə bizlərin türk düşmənliyi və zərər çəkmişlik psixologiyasına təhrik edilməyimiz təsadüf deyil; bu bizi torpaqsız qoymaq istəyiylə düz mütənasibdir. Müstəqil bir dövlət olma haqqındakı yazılı və ya şifahi hər cür şərh - hətta düşüncə - qınanmağa dəyər olmuşdu və heç bir "milli" intellektual, şair, tarixçi bunu düşünməzdi hətta düşünməyi istəməzdi belə. Əksinə onların hamısı müstəqilliyə qarşı idilər. Onlar liderlərinə qəlbən bağlı idilər və bir gün Moskvaya hər hansı böyük bir vəzifə ilə gedə bilməyin dərdinə düşmüşdülər. Bu böyük birləşmiş ölkələri və sevimli partiyalarının doğru yolu haqqında boşboğazlıq edərdilər. Sonra da vətənpərvərlik vəzifələrini ifşa etdiklərini göstərmək üçün Van, Masis, Ani xarabalıqarı haqqında bir neçə sətir yazı yazardılar.
 
Gələcəyimizi keçmişimizdə axtaran bu vətənpərvərlik atalarımızın, babalarımızın səhvlərini görmür! Bu səhvlər haqqında yüksək səslə danışmağı qəbul edilməz sayır. Bax bu bizim böyük babalarımızın bu ölkəni sevmə tərzidir və onların sevgilərinin nəticəsi olaraq ölkəmiz dünya xəritəsində ayırd edilə bilməyən bir ləkədir. Babalarımızdan məğlubiyyət və sürgündən başqa bir şey miras qalmadı. Bütün olan bitən bax budur. Ana qatilliyi və ata qatilliyi heç vaxt vətənpərvərlik ola bilməz. Samveli ayıblamamıza icazə verin (Raffinin romanının, anasını vətəni uğruna öldürən qəhrəmanı). Uşaqlarımıza icazə verək ki, bizim, babalarımızın qanmaz vətənpərvərliyinə azad, tənqidi şəkildə hətta lağ edərək belə baxa bilsinlər. Uşaqlarımızı XXI əsr vətəndaşları olaraq ölkəmizi öz düşüncələriylə azadca yarada bilmələri üçün müstəqil buraxaq.
 
Nəticə olaraq, mətbuatımız və televiziyalar insan haqqlarını məhdudlaşdırmadan intiqamçı təbliğata icazə verməməli və uşaqlarımızın başlarına qonşu ölkələr və xalqlar haqqında nifrət toxumu əkilməsinə mane olmalıdır.
 
Vartan Harutiunyan
"Hetq Online"
Tərcümə: Cavid Ağa
Yuxarı