post-title

Martın 10-u aksiya var. Əsgər ölümlərinə etiraz aksiyası.

Aksiyaya xüsusilə kimlər çıxmalıdır? “Prezidentin ölkədə baş verənlərdən xəbəri yoxdur” deyənlər. Bilirik, prezidentin işi-gücü var, hər şeydən də xəbər tuta bilmir. Başı qarışıqdır. Həm də ətrafındakılar xəbərləri ona çatdırmır. Bilərəkdən gizlədirlər. Ona görə gəlin, aksiya yaxşı alınsın, böyük bir şey olsun ki, prezident bundan xəbər tutsun.

 

“Pivə içib, siqaret çəkmək azadlıq deyil” deyən qardaş və bacılar. Düz deyirsiniz. Siqaret çəkmək, pivə içmək azadlıq deyil. Siz gəlib azadlığın siqaret çəkmək, pivə içmək yox, etiraz etmək olduğunu göstərməlisiniz. Sərbəst toplaşma azadlığının olduğunu göstərin.

Parisdə Xocalı aksiyasında iştirak edən azərbaycanlıları döyən fransızlara etiraz edən, cənablar və cənabələr. Çox həssassınız, humanistsiniz. İnsanları döyülməsi sizi bu qədər təsirləndirdiyinə, əsəbiləşdirdiyinə görə, insan ölümlərinə reaksiyanızın necə olduğunu təsəvvür etmək olar.

Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı müharibə yolu ilə azad edə biləcəklərini bəyan edənlər. Yük ən çox sizin üstünüzə düşür. İndi aksiyaya gəlməsəniz Ali Baş Komandan döyüş əmri verəndə iki nəfər qaldığınızı görəcəksiniz, Ali Baş Komandan və siz özünüz.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin işçiləri. Gedişatı görürsünüz. Bu gedişlə orduda əsgər qalmayacaq. Belə olan halda istehsal etdiyiniz İstiqlal snayperini istifadə edə biləcək heç kim olmadığı üçün işsiz qalacaqsınız. Gəlin.

Müxalifət liderləri. Gəlsəniz deyəcəklər ki, əsgər ölümlərindən siyasi məqsədlərlə istifadə edirlər. Onu deyənlər qələt edir. Gəlməsəniz elə həminki adamlar “gördünüz, əsgərlər öldürülür, xalq etiraz edir, amma müxalifət liderləri xalqın yanında olmur” deyəcəklər.

“Bir aksiya ilə düzələn deyil” deyənlər. Hər dəfə dediniz bir aksiya ilə düzələn deyil, amma biz sizə qulaq asmayıb aksiya etdik. Ancaq indi sizi ciddiyə alacağıq. Təşkilatçıların sizin üçün nümayəndələr ayırmaq fikri var. Qollarına qırmızı lent bağlayacaqlar. Gəlin, nümayəndələrə fikirlərinizi, çıxış yolunu deyin, qeydə alsınlar. Sonra o qeydlər toplanıb kitab halında buraxılacaq. Hər kəsə paylanacaq və xalq oxuyub bəladan qurtulacaq. Beləliklə, xalqın xilası sizin əlinizdədir.

“Siyasiləşdirilməsə gələrəm” deyənlər. Qətiyyən narahat olmayın. Aksiya siyasi aksiya deyil, dini aksiyadır. Allaha etiraz edəcəyik, allaha istefa deyəcəyik. Səfər Əbiyevin nə günahı var?! Alın yazısıdır. Allah düz eləməyib, o öldürülən insanların alnına “əsgərlikdə öləcək” yazıb. Ona görə allaha etiraz edəcəyik.

http://sakitoglu.wordpress.com

Yuxarı