post-title

İlahiyyatçılığın qlobal böhranı

İlahiyyatçılığın məqsədi yalnız bir dinin “səmavi” din olduğunu, qalan dinlərin haqq din olmadığını, yaxud “haqq dinin” gəlişi ilə öz “səmavi”liyini itirdiyini insanlara inandırmaqdır.

“Haqq dinin” “sonuncu ilahi həqiqət” kimi göstərilməsi ilahiyyatçılıq üçün səciyyəvidir. İlahiyyatçılıq təbiət və cəmiyyət hadisələrinin rasional və ya mistik izahı  əsasında insanlara yalnız bir dini təlimin digər dini etiqadlardan üstün olduğunu sübut etməyə çalışır. Hər dinin, məzhəb və ya təriqətin öz ilahiyyat sistemi vardır. Bura Allah haqqında təlim və Müqəddəs Yazıların şərhi daxildir. Burada  hüquq məsələləri, təsərrüfat həyatı, ayin və mərasimlər, həmçinin əlamətdar günləri tənzim edən göstərişlər vahid sistemdə birləşdirilmişdir. İstənilən dində gündəlik dünyəvi və dini məsələlər ilahiyyat sisteminə uyğun olaraq həll edilir.

Din və ilahiyyat sistemləri eyni vaxtda yaranmamışlar. Peyğəmbərlər və Onların təyin etdiyi canişinlər  dünyanı tərk etdikdən sonra ruhanilər Müqəddəs Yazıların şərh məsələlərini öz əllərinə alaraq ilahiyyat məktəblərini yaratmışlar. Vaxt keçdikcə, ruhanilər böyük dinlər daxilində onun əsaslandığı  təlimlərə paralel, hətta bəzən ruhuna zidd  hakimiyyət qurmuşlar. Bir çox dinlərdə məzhəb və təriqətlərə ayrılmalar ilahiyyat məktəbləri arasındakı fikir ayrılıqlarından törəmişdir. Yəhudilikdə ortodoksal yəhudilik, karaimlik, islahedilmiş yəhudilik, Xristianlıqda katolisizm, pravoslavlıq, protestantlıq (protestantlıqda daha 28 məzhəbin ilahiyyat məktəbləri), İslamda şiəlik, sünnilik, ismailiyin (bu məzhəblər də çoxsaylı ilahiyyat məktəblərinə parçalanmışdır) ilahiyyatçılığı bir-birindən fərqlənir.

 

İlahiyyat sistemləri arasında mövcud ziddiyyətlər müasir dövrdə Dinlərin Əzəli Birliyinin tanınması  və son nəticədə Bəşəri Birliyin yaranması yolunda olduqca çətin keçilən maneəyə çevrilmişdir. Şövqi Əfəndi yazır: “Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənarda qalmalıdır?... ayrı-ayrı qanun və ya ehkamların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir”.

 

İlahiyyat sistemlərinin insanlar arasında münaqişə səddi kimi oynadığı rol hələ qədimlərdən insanları bu haqda düşünməyə məcbur etmişdir. Zaman-zaman ayrı-ayrı müstəqil dinlərdən “Vahid Din” yaratmaq və yaxud din daxilində təriqətləri  birləşdirmək cəhdləri uğursuzluqla nəticələnmişdir; İranda V əsrdə zərdüşti və xristian təlimləri əsasında manilik təlimini yaratmaq istəyi, XVI əsrdə Hindistanda İslam, brahmanizm, sufilik, xristianlıq, zərdüştilik əsasında Əkbərin sinkretizmi, XVI əsrdə Ukraynada pravoslav və katolik kilsələrinin birləşdirilməsi, XVIII əsrdə Nadir şahın İranda şiəliklə sünniliyi birləşdirmək cəhdi, XX əsrin əvvələrində protestantlıqda xristian kilsələrinin birləşdirilməsi uğrunda meydana gəlmiş hərəkat - ekumenikçilik ilahiyyat sistemlərinin yaratdığı sədləri uçurmaq üçün edilmiş uğursuz cəhdlər silsiləsi idi.

 

Qloballaşmanın təsiri altında ilahiyyat sistemləri dərin böhran keçirməkdədir. Özü ilə dəyişən dünya arasında getdikcə yüksəlməkdə “yadlaşma divarını” aşmaqdan ötrü ilahiyyat sistemləri şəraitə uyğunlaşmağa, sosial və etik doktirinalarında, təşkilatı quruluşunda  dəyişiklilklər etməyə məcburdur. Bu özünü külli miqdarda ziddiyətli teoloji konsepsiyaların meydana gəlməsində, bəzi ənənəvi təsəvvürlərdən imtina edilməsində, müasir elmi nəzəriyyələri və kəşfləri Müqəddəs Yazılara uyğunlaşdırmaq və ya bu yazılarda elmi həqiqətləri axtarmaq cəhdlərində göstərir. Buna dində modernizm hərəkatı deyilir. Yeni dövrdə bütün ortodoks dinlərdə modernizm təzahürlərini görmək mümkündür.

 

Qloballaşan dünyaya uyğunlaşdırmaq bəzən özünü dinin müasir dövr ilə uzlaşmayan hökmlərinin dirçəldilməsində və cəmiyyətə zorla qəbul etdirilməsi yollarının axtarılmasında da göstərir. Bu cür yanaşma ilahiyyatçılıqda təməlçilik olub, bəzən dini fanatizm və onun daha ağır forması olan dini qəddarlıqterrorizm üçün ideoloji zəmin yaradır. Bu özünü “həqiqi dinin” ətrafdakı insanlara zorla qəbul etdirilməsində, başqa dinlərin nümayəndələrinə nifrətin qızışdırılmasında, “dini müharibələrə” hazırlıqda, “kafirlərə”, “mürtədlərə”, ateistlərə, dünyəvi cəmiyyətin adamlarına divan tutulmasında göstərir.

 

Azər Cəfərov

Kultura.Az

Yuxarı