post-title

Azərbaycan gözlənilməzliklər ölkəsidir

Bu yaxınlarda erməni mənşəli bir gənc isveçrəli qonağım oldu. Valideynləri Ardahan, Şərqi Anadoludan olan ermənilərdir, özü Zürichdə doğulub, türk, alman və erməni dillərində danışır. Görün necə maraqlı məhsuldur! Bəs o mənim üçün kimdir? Hansı milləti təmsil edir? Avropa belə insanlarla doludur. Millilik anlayışı burda çoxdan başqa bir şeyə, daha maraqlı və insani bir şeyə çevrilib.

 

 
Yazıçı Mark Verxovskinin (ABŞ),
yazıçı Əli Əkbərlə (İsveçrə) skype-müsahibəsi
 
M.V.: Əli, suallarım çoxdur və əlbəttə ki, onlardan ən aktualı ilə başlamaq istəyirəm. Güman edirəm ki, ədəbi yaradıcılığınızla əlaqədar olaraq Bakıda həyatınız müəyyən neqativ hadisə ilə qarşılaşmaq riski altında idi. Bəs ölkəni tərk etmək kimi kəskin qərarın qəbuluna səbəb olan son damla nə oldu?
 
Ə.Ə.: Əslində konkret olaraq bir yox, bir neçə damladan söhbət gedir. Bəli, bunlar damlalar idi və artıq onlardan hansının bu mürəkkəb qərarı verməkdə həlledici olduğunu müəyyənləşdirmək çətindir. Əlbəttə ki, tək mənim yox, Azərbaycanda yaşayan bir çox insanın həyatı və fəaliyyəti risk altındadır. Buna görə də mən vətəndə yaşamağa və mübarizə aparmağa davam edən Azərbaycan vətəndaşlarının cəsarətini yüksək qiymətləndirirəm.
 
M.V.: Bəs siz niyə onların yanında ola bilmirsiniz?
 
Ə.Ə.: Sual gözlənilən və ədalətlidir. Mənim bu məsələyə yanaşmam bir qədər fəlsəfidir. 
 
“Amneziya”nı yazarkən psixiatriya ilə bağlı bir çox ensiklopediyaları, vəsaitləri araşdırmalı olmuşdum, psixiatrlarla konsultasiyalar etmişdim. O vaxtdan bəri, bir xəstəliyin adı yadımda qalıb – angedoniya. Bu, həyatdan artıq həzz ala bilməməkdir. Təxminən gedonizmin antonimi kimi bir şey. Bilmirəm. Mənim situasiyamda qaranlıq blok qorxusu, təşviş, narahatlıq.
 
Məni düzgün başa düşün, təsəvvür belə edə bilmirəm ki, bir insan Azərbaycan hakimiyyəti, onun repressiv mexanizmi ilə necə təmasda ola bilər? Mənə görə bu, rəzillikdir. Onlara sənin əllərini burmağa, qandallamağa, döyməyə, suallar verməyə, təlqinlər etməyə, şantaj etməyə imkan verirsən. Və hələ məlum deyil ki, boynuna nə qoyacaqlar – narkotika, zorlama yoxsa silah saxlama? Son dövrlərdə isə bu siyahıya artıq Molotov kokteyli də əlavə olunub. Baxın görün, onlar ölkədə nə oyunlardan çıxırlar. Həm də onların Rafiq Tağıya etdiklərini xatırlayın. Sonra isə Əylislinin başına açılan ikrahoyadıcı karnavalı.
 
Buna görə də mənim üçün bütün bu məhrumiyyətlərə sinə gərən vətəndaşlar həqiqi qəhrəmanlardır.
 
M.V.: Və siz qərara gəldiniz ki, gedəsiniz.
 
Ə.Ə.: Bəli, aşkar siqnallar gələn kimi prioritetləri gözdən keçirməli oldum. Soruşa bilərsiniz ki, bəs ideallarınız necə oldu? Sizə düzünü deyim ki, heç vaxt düşünməmişəm ki, bu ideallar uğruna rejimin işgəncələrinə, təhqirlərinə, böhtanlarına dözməliyəm. “Artuş və Zau”un nəşrindən sonra ünvanıma deyilən “ermənipərəsəst” və “pederast”a dözmək olardı. Nəhayətində erməni irqini düşmən görməmək və homoseksuallarla insan kimi yanaşmaq fikrimcə hər bir əxlaqlı adamın mövqeyi olmalıdır. Lakin həbsxana – özü də son zamanlar sağına-soluna baxmadan, kimi gəldi basırlar içəri – mənlik deyil. Həbsaxana artıq sistemlə birbaşa və məvburi kontaktdır. Mən isə hətta JEK-ə arayış dalıyca da getmirdim, gedə bilmirdim. Yaxınlarıma yalvarırdım ki, mənim yerimə onlar getsinlər. Sadəcə bu sistemdən uzaq dura bilmək üçün. Bu ki stress, əsəbdir.
 
Həmçinin mən görürəm ki, bəzi vicdan məhbusları həbsxanadan sınmış vəziyyətdə çıxırlar. Adətən bundan sonra həyatları sakit, səssiz davam edir, bəziləri isə fətullayevlərə çevrilir. Mən, Əliyevin bu adamlara daxil etdiyi sərt ya da mayeli hər nədirsə, mənə daxil etməsinə imkan verə bilmərəm.
 
Prezident adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dəfələrlə şəxsi söhbətlər zamanı özündən çıxıb əsəblə deyib ki, “Bəs narazı insanlar niyə çıxıb getmirlər? Axı bizim sərhədlərimiz açıqdır və hər kəsə pasport veririk!”
 
Onlar Həsənovun dili ilə bizi öz planlarından agah edirlər. Baş verən də məhz budur. Sistem əlindən gələni edir ki, narazılar ölkəni tərk etsin. İnsanları emmiqrasiyaya təhrik etmək, daha doğrusu ümidsizliyə salmaq hakimiyyətin repressiv siyasətinin prioritet istiqamətlərindəndir. Bu qaniçən mexanizm mükəmməl, heç bir problemsiz çalışır. İndi son 20 ildə ölkədən olan beyin axınının həcmini təsəvvür edə bilirsiniz?
 
Təxminən bir il əvvəl Bakıda gənclərin mitinqində reper Camal Əli hamının qarşısında prezident İlham Əliyevin anasını söydü. Onu bölmənin zirzəmisinə aparıb başına torba keçirdilər və on gün dubinka ilə dabanlarına döydülər. Cəzalandırma mərasiminin rəhbəri olan rəis ona yaxın gələcəklə bağlı ciddi təlimat vermişdi: “Burdan çıxan kimi sikdir Avropaya. Ölkədən rədd ol. Belə məsləhətdi, yoxsa daha pis olacaq.”
 
Və indi Camal Berlində yaşayır. Əla şəhərdir, mənim ona paxıllığım da tutur. Başqa neynəməli idi axı? Oturub bir dalanda güllələnməyini gözləməli idi?
 
M.V.: Bəs yaradıcı insanların emmiqrasiya qərarına dostları, həmkarları necə yanaşır?
 
Ə.Ə.: Aydın məsələdir ki, fərəh və sevinclə yanaşmırlar. Hətta “Get, bura sənin yerin deyil” deyən dostlar belə artıq etiraf edirlər ki, orda yerim görünür, darıxırlar. Və əmin olun ki, bu qarşılıqlıdır, mən də onlar üçün çox darıxıram. İllər boyunca çiyin-çiyinə ol və bir də görürsən ki, artıq onlarla deyilsən.
 
Həm də ki, yaradıcı çevrədən başqa da mənim həmkar çevrəm var idi. İxtisasca PR mütəxəssisi olduğum üçün uzun müddət reklam agentlikləri və maliyyə strukturlarında müxtəlif vəzifələrdə işləmişəm. Yeri gəlmişkən, məhz bunun sayəsində özümü qaragüruhdan uzaq tutmağı bacarmışam, onunla əlaqəmi minimuma endirmişəm. Ətrafımda adekvat insanlar, xoş həmsöhbətlər olurdu. Apolitik adamlar, bəzən isə latent müxalifətçilər. Pelevinin sözü ilə desək onların arasında qaramal da olurdu (müasir ofislərdəki arakəsmələr bu qaramallar üçün axırdır). Amma heç olmasa onlar adamın üzünə gəyirmirdilər. Bura heç də ancaq rusdilli kontingent daxil deyil, həm də azərbaycandilli menecer heyəti də aiddir.
 
Lakin hər bir roman bu və ya digər şəkildə siyasi kontekstə malik idi. Başqa cür alınmırdı. Ətrafımda yanğın varkən şeir qoşa bilmərəm. Xeyirxah insanlar xeyirxah məqsədlərlə xəbərdarlıq edirdilər ki, “Sən onların zəhləsini tökürsən. Tezliklə səninlə məşğul olacaqlar”. “Sarı gəlin”dən sonra belə xəbərdarlıqların tezliyi artdı və qərar qəbul etməli oldum.
 
Buna görə də mən bir neçə ay əvvəl ölkədən gedən və geri qayıtmağa qorxan Rüstəm İbrahimbəyovu yaxşı başa düşürəm. Bu qorxuda alçaldıcı heç bir şey yoxdur. Onlar hər şeyə qadirdilər. Boynuna iş qoydular və alçaldıcı dindirmə proseslərindən keçirtməyi gözləyirlər. Sizcə bu yaşlı insan, festival adamı paqonlu alçaqlarla ünsiyyətə dözə bilərmi? Hakimiyyət satqınlara çox kəskin reaksiya verir. O, özününkülərinin yada çevrilməsini sevmir. Çox ağır cəzalandırır. Bu gün İbrahimbəyovun səmimi müxalifətçiliyinə bir çoxları şübhə edir, lakin fakt faktlığında qalır – o, hakimiyyəti qıcıqlandırır. Və inanın ki, neftin təmin etdiyi qüdrət və cəzasızlıqdan sərxoş olmuş hakimiyyət rejisorun titulları və məşhurluğunu qətiyyən nəzərə almayacaq. 
 
M.V.: Əziz Əli Əkbər, məndə belə bir sual yarandı. Siz nəyə görə məhz İsveçrəni seçdiniz? Çox güman ki, iqlimini bəyəndiniz? Yoxsa prestijli pasportunu?
 
Ə.Ə.: Bu seçim haqqında danışmaq istəməməyimin bir neçə səbəbi var. İnanmıram ki, bu prosesin digər iştirakçılarına bu söhbətlər lazımlı olsun.
 
İqlim məndə xüsusi heyranlıq oyatmır, eyni zamanda qıcıqlandırmır da. Hələ ki. Hələ ki, ona indefferentəm.
 
O ki qaldı prestijə... İsveçrəni seçərkən bu faktor ümumiyyətlə mənim səbəblərimin arasında olmayıb. Məni hətta Leninin burdan inqilabı idarə etməsi belə ilhamlandıra bilər, amma bu klişe prestij yox. Qətiyyən heç bir prestij yoxdur. Güclü sosial təminatları olan, iqtisadi cəhətdən güclü, təhlükəsiz ölkədir. Bu kiçik, konservativ ölkə yalnız özünün bürokratik, ciddi qanunları və müəyyən qapalılığı sayəsində idarə edə bilər.
 
M.V.: Şişkinin İsveçrəsini xatırladım...
 
Ə.Ə.: Bəli, bəli, Mark məhz! Şişkinin retrospeksiyası, onun rus İsveçrəsi, sevimli Karamzin. Əsasən də Zürich onun təsvirində çox qürurlu və gözəldir. Şişkinin İsveçrəsini sevməmək olmur.
 
M.V.: Necə düşünürsünüz, yaşadığınız iqlimin dəyişməsi ilə əlaqədar olaraq yaradıcılığınızda yeni istiqamətlərin meydana çıxması kimi gözlənilməz bir hal baş verə bilərmi?
 
Ə.Ə.: İstisna etmirəm. Mən heç vaxt uzunmüddətli planlar qurmuram. Hər hansı bir sarsıntı baş verməlidir. Nəsə çox ciddi surətdə qanımı qaraltmalıdı, mənə təsir etməlidir ki, sürətlə plan cızım, onu vərəqə köçürdüm, süjeti və personajları, onların keyfiyyətlərini müəyyənləşdirim və s. İsveçrədə məni hansı sarsıntı gözləyə bilər ki?
 
M.V.: Demək istəyirsiz ki, İsveçrə əslində darıxdırıcılığın sinonimidir?
 
Ə.Ə.: Bu, sizin həyatdan hansı gözləntiləriniz olmasından asılıdır.
 
Öz təcrübəmdən danışım. Zürichdə mənzil axtarardığım müddətdə bizə yataqxanada bir otaq vermişdilər. Bu, xalqların konqlomeratı idi. Bir cavan isveçrəli yataqxanada yaşayan qaraçı qızına vurulmuşdu. Elə güclü vurulmuşdu ki, rəqibini, bir ərəbi konqlomeratın gözləri önündə güllələməli oldu. Öldürdü və gedib polisə təslim oldu. Ərəbi basdırdılar, oğlan həbsxanada yatır. Məhv olmuş həyatlar, onlarla şok yaşamış şahid. İsveçrədə belə şey görməyi heç gözləmədiyin halda, budur, düz qulağımın dibində faciə baş verir. Əgər nə vaxtsa İsveçrə haqqında avtobioqrafik bir şey yazsam bu hekayəni mütləq ora daxil edəcəm.
 
Amma əvvəlcə gərək alman dilini mükəmməl öyrənim və bu dildə düşünməyə başlayım, həmçinin yuxular görüm. Yalnız bundan sonra kifayət qədər konservativ olan İsveçrə cəmiyyətinə inteqrasiya edə bilərəm. Düzünü desəm, bu mühit mənim üçün çox məhsuldar deyil. İsveçrə ilə tam toqquşmadan sonra bəlkə nəsə əldə edə bildim. Lakin yaxın beş ildə belə bir şey gözlənilmir.
 
M.V.: Bəs Azərbaycan diasporası necə? Onlar ilham verə bilər?
 
Ə.Ə.: Bizim Avropadakı diasporamızın üstün cəhəti odur ki, arxasında kriminal yoxdur. Bizi az tanıyırlar, tanıyanlar üçün də biz normal, problemsiz insanlarıq. Avropada Azərbaycandan müxalifətə mənsubluq (məsələn, Müsavat partiyasına) bəhanəsilə gəlmiş və bu gün hər vəchlə bunu gizlətməyə çalışan, bundan utanan və hakimiyyətlə əməkdaşlıq etməyə hazır olan maraqlı kontingent var. Onlar qəribə və yazıq görsənirlər. Lakin bəxtləri onda gətirir ki, bu, yerli əhalinin gözündə onların reputasiyasına demək olar ki, təsir göstərmir. Onlar qanunlara riayət edirlər (məcburdurlar), işləyirlər, vergiləri ödəyirlər. Həmçinin biznes emmiqrantlar da var – bir qayda olaraq, apolitikdirlər, heç nəyə müdaxilə etmədən öz işləri ilə məşğul olurlar. Onlar da maraqlı təbəqədir. Qısa vaxt ərzində diasporamızın bir çox qəribəliklərini görməyə nail olmuşam. Lakin hələ bu haqda danışmaq tezdir. Mən hələ ki, hər şeyi mənimsəməyə çalışıram.
 
M.V.: Bəs Azərbaycan İsveçrədə nə dərəcədə tanınır? Bizim ölkəmiz onlarda hansı əlamətlərlə assosasiya olunur?
 
Ə.Ə.: Ümumiyyətlə tanınmır. On isveçrəlidən bəlkə biri Azərbaycan haqqında eşidib. Lakin Azərbaycan Neft Şirkətinin (SOCAR) sayəsində menecerlər pis tanımır. SOCAR burda təxminən 170 yanacaq doldurma məntəqəsi əldə edib. Artıq rebrendinq başlayıb, lövhələr, bannerlər dəyişdirilir. Milli üçrəngli elementlər yaranır. Belə baxanda burda gözlənilməz nə var ki? Heç kim üçün sirr deyil ki, İsveçrə bank və biznes xidmətlərində diktatorlara qarşı çox qonaqpərvərdir. Belə məsələlərdə İsveçrədən Skandinaviya prinsipiallığını gözləmək lazım gəlmir. Lakin bu şirkətə İsveçrə mətbuatına təsir göstərməyə imkan vermək? Bu biabırçılıqdır. Hətta İsveçrə üçün belə biabırçılıqdır.
 
Bir misal. İsveçrədəki rus qəzeti “Наша газета” (“Bizim qəzet”) adlanır. Nəşrin sponsorlarından biri SOCAR-dır. Bu qəzetdə Azərbaycan hakimiyyətinin ünvanına tənqid qadağan olunub. Bəs birdən sabah Əliyev rejiminin “Neue Zürcher Zeitung”da da tənqid etmək mümkün olmasa? Nə bilmək olar?
 
M.V.: Sizin nə vaxtsa Azərbaycana qayıtmaq və ya başqa ölkəyə köçmək kimi fikriniz var?
 
Ə.Ə.: Bu yaxınlarda bizim portalın müəllifi və Эхо-Москвы-nın bloggeri dostum Yalçın Nəsirov mənə İsrailə emmiqrasiya edən və sonra yenidən SSRİ-ə qayıdan yəhudi haqqında lətifə danışdı. Ondan soruşurlar ki, harda daha yaxşı idi, burda ya orda? O da qayıdır ki, yolda.
 
M.V.: Görünür ki, yaradıcılığınızı qəbul etməyən Azərbaycan intelligensiyasından böyük incikliklə ölkəni tərk etmisiniz. Eyni zamanda tələbə gənclik açıq-aydın şəkildə sizin kitabların nəşrinə böyük maraq göstərir. Bəs indi soyuq ölkədə oxucularınızın isti iştirakı olmadan keçinmək çətin deyil ki? 
 
Ə.Ə.: Bu intelligensiya sözünü sevmirəm. Başqa heç bir söz də calamaq olmur. Anaxronizmlərlə keçinməli olacağıq. Bəs siz əminsiniz ki, mən Azərbaycan intelligensiyasından incimişəm? Bu və ya digər şəkildə bütün intelligensiya mənim ətrafımdakı insanlardır, hansılarla ki, mən sıx bağlıyam. Biz həmişə və hər şeydə bir-birimizi dəstəkləyirik və başa düşürük. Yəni intelligensiya elə bizik.
 
Həmçinin də tələbə gənclik. Çox sağ olsunlar ki, varlar. Onların bir hissəsi bugün həbsxanadadır. Nakimiyyət demək olar ki, hər gün bir və ya iki gənci əldəqayırma ittihamlarla həbs edir. Amma mən sevinirəm ki, bizim gəncliyimiz öz inkişafı ilə məşğul olur – dəyirmi masalar keçirilir, kitablar yazılır, saytlar düzəldilir, kitablar tərcümə edilir, jurnallar nəşr edilir. Bütün bunlar qəpik-quruş, gənclərin cib xərclikləri, cüzi ianələr hesabına baş verir. Lakin biz nəticəni görürük – hər kitabla, hər yeni sözlə gənclərin kəmiyyəti və keyfiyyəti gün-gündən artır. Hakimiyyəti də bu qorxudur.
 
M.V.: Siz portalın Azərbaycan dilində səhifəsini açdınız, ümumiyyətlə bunu çoxdan etmək lazım idi. Lakin rus dilində yazmağı dayandırdınız və bununla da rusdilli oxucularınızı itirdiniz. Rus dilindən uzaqlaşmağınız üçün təkan nə oldu? Bəlkə yazılarınızı hər iki dildə dərc etməyə davam etsəydiniz daha yaxşı olardı?
 
Ə.Ə.: Başa düşəndə ki, artıq yazmağa, yəni sistematik yazmağa heç bir şeyin yoxdu sadəcə yazmağı dayandırırsan. Mən əhval-ruhiyyə insanıyam və əgər birdən nəsə yazmaq istəsəm bunu edəcəm. Buna görə də heç yerə getməmişəm.
 
Portal – bizim hamımızın zaman-zaman özümüzü ifadə etdiyimiz meydandır. Bir il əvvəl mən bu meydanı Azərbaycan gəncliyinə, deməyə sözü olan müəlliflərə verdim. Mən sadəcə onları dinləmək istəyirdim.  Özlərini ifadə etməyə imkan vermək istəyirdim. Rusdilli versiyada bu missiya yerinə yetirilmişdi. Sayt hələ də bizim ümumi evimizdir. Bir sıra səbəblərdən məqaləni heç yerdə nəşr etdirə bilmirsən? Buyur, bizdə nəşr elətdir. Yeganə şərt – hakimiyyət haqqında heç bir müsbət şey olmaz! Mənim intellektimi təhqir etmək lazım deyil.
 
M.V.: Yeri gəlmişkən, siz bugünki gənc müəlliflər arasında yaxın gələcəkdə Azərbaycanda istedadlı yazıçıların olması ilə bağlı hansı perspektivləri görürsünüz?
 
Ə.Ə.: Azərbaycan gözlənilməzliklər ölkəsidir. Əgər söhbət bədii ədəbiyyatdan gedirsə belə yazıçı hər an meydana çıxa bilər. Məncə onu dərhal görəcəm və ona pərəstiş edəcəm. Gənc yazarların yaradıcılığını izləməyə çalışıram. İstedadlılar var, amma hələ ki, heç nə məni təəccübləndirməyib.
 
M.V.: 2012-ci ilin dekabrında maliyyə çatışmamazlığına görə ən fəal rusdilli forum “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosasiyası özünü buraxdı. Portalımızın səhifəsində mənim “Luçun müdafiəsi üçün” adlı yazım dərc olundu.
Respublika administrasiyasının “Luç”un problemlərinə etinasız qalması məni təəccübləndirmir, lakin heç bir mədəniyyət xadiminin Assosasiyanı nəinki ictimai dəstəkləməməsi, hətta üzüntüsünü bildirməməsi çox ciddi narahat edir. Necə düşünürsüz, bu, problemə etinasızlıqdır, konfliktdən qorxmaqdır yoxsa sadəcə yaranmış situasiyadan gizli də olsa məmnunluq duymaqdır?
 
Ə.Ə.: Düzünü desəm bu haqda danışdığım insanların əksəriyyəti belə fikirdədir ki, bu Rusiyanın layihəsidir və əgər lazım olsaydı Rusiya onu qoruyardı. Şəxsən mənim “Luç”un əleyhinə deyə biləcək heç bir şeyim yoxdur, çünki onun haqqında heç nə bilmirəm. Məqaləniz isə ona görə çap olunmuşdu ki, siz portalın müəllifisiniz və istədiyiniz şeydən yaza bilərsiniz.
 
Amma gəlin düz danışaq. Siz çox güman ki, rusdilli auditoriyadan reaksiya gözləyirdiniz və onu görmədiniz. Elə deyil? Axı bu auditoriya ölkənin bütün problemləri ilə bağlı susur. Bəs niyə görə indi “Luç”a görə səslərini çıxarmalıdırlar? Siz sahib olduğunuza sahibsiniz. Sizin rusdilliliyiniz elə budur.
 
M.V.: Sizin Azərbaycan mədəniyyəti və incəsənətini anlama fəlsəfəniz ənənəvi adminstrativ yanaşmadan bir qədər fərqlənir. Uzaqdan baxdıqda isə hər şey bir qədər başqa görsənir. Siz bu başqanı artıq görmüsüz?
 
Ə.Ə.: Razıyam, görünməyən "başqa", bizi əvvəlki hər şeyə yenidən baxmağa məcbur edir. Bir formatlama və ya cache-in təmizlənməsi, necə istəsəniz adlandırmaq olar. Lakin bu qayda mənim üçün hələ ki işləmir.
 
Azərbaycanda adminstrativ yanaşma yoxdur. Bu yanaşmanın bütün mümkün təsir kanalları vasitəsilə kütləyə zorla yeridilməsi var. Və mən heç vaxt Azərbaycan mədəniyyəti kimi təqdim olunan bu zibilə, o, həqiqətən mədəniyyət olsa belə, müsbət yanaşmayacam.
 
M.V.: İstərdinizmi ki, yaradıcılığınız sizinlə Azərbaycan millətinin bir nümayəndəsi kimi assosasiya olunsun?
 
Ə.Ə.: Qarşıma bayraq qaldırmaq və ya vətən naminə hər hansısa başqa bir şey etmək vəzifəsi qoymamışam. Əgər şöhrət məni Qərbdə yaxalasa, bu zaman mənim heç bir təşəbbüsüm olmasa da ölkənin adı hallanacaq. Azərbaycan üçün isə bu əlbəttə ki, qazancdır. Mən də hadisələrin bu cür inkişafının əleyhinə deyiləm.
 
Bu yaxınlarda erməni mənşəli bir gənc isveçrəli qonağım oldu. Valideynləri Ardahan, Şərqi Anadoludan olan ermənilərdir, özü Zürichdə doğulub, türk, alman və erməni dillərində danışır. Görün necə maraqlı məhsuldur! Bəs o mənim üçün kimdir? Hansı milləti təmsil edir? Avropa belə insanlarla doludur. Millilik anlayışı burda çoxdan başqa bir şeyə, daha maraqlı və insani bir şeyə çevrilib.
 
M.V.: Necə düşünürsünüz, müxalifətin bu il hakimiyyət strukturlarını dəyişməsi ümidi nə dərəcədə realdır?
 
Ə.Ə.: Çeynənmiş ifadədir, amma mən ondan yenə istifadə edəcəm – Qərbin dəstəyi olmadan mümkün deyil. Daha doğrusu bu, ikisifət Qərb bizə mane olmağı dayandıranda baş verəcək. Məsələn, hakimiyyət KİV-ləri və QHT-lərinə milyonlarla qrantları verməklə bizə mane olurlar. Buna görə də bu yaxınlarda etiraz edən gəncliyə böyük dövlətlərin səfirliklərinə NDİ, SOROS, USAİD və digər super-təşkilatları boykot etmələri ilə bağlı tövsiyədə bulundum. Bu alçaqlar onsuz da neft dollarlarından şişmiş uzurpator hakimiyyəti yemləyirlər.
 
Bu yaxınlarda çox hörmətli bir adamla söhbət etdim. Ondan Qərbin Azərbaycandakı real müxalifətə münasibətini soruşdum. Cavab verdi: Qərb bizim müxalifətə etimad etmir. Bizim müxalifətin imkanları çox məhduddur. Daha doğrusu güclü müxalifət Qərbə heç lazım da deyil. Çünki müxalif partiyaların çoxu hakimiyyətin təsiri altındadır, real müxalifət isə heç cür idealizmdən uzaqlaşa bilmir. Və məlum deyil ki, onlar hakimiyyətə gəlsələr özlərini necə aparacaqlar. Yəqin ki, daha çox müstəqillik istəyəcəklər.
 
Mən bu insanın proqnozlarına inanıram. Və başa düşə bilmirəm ki, bu şərtlər altında necə dəyişiklik gözləmək olar?
 
M.V.: Ümumilikdə mənim suallarım bitdi. Məni maraqlandıran bütün sualları sizə ünvanladım.
 
Ə.Ə.: Təşəbbüsünüz üçün sizə təşəkkür edirəm, Mark. 
 
Kultura.Az
 
Ruscadan tərcümə: Əfsanə Şahmurad
Yuxarı