İran: inqilab öncəsi
İran İslam inqilabından 40 il ötdü. Dünyada gedən proseslərə olduqca əhəmiyyətl…
İnsanlar özlərini pulla qiymətləndirməyə meylli olduqlarına görə inflyasiya artanda həmin cəmiyyətdə dəyərlər də ölür. Stefan Svayq (Stefan Zweig) "Dünənin dünyası" kitabında bu barədə yazır.
Qeyd edir ki, 1920-ci illərin əvvəllərində Almaniyada hiperinflyasiya başlayır. Məsələn, səhər çörək bir torba puladırsa, həmin gün axşam 2 torba pula ola bilər. Elə vaxt gəlmişdi ki, 1 ABŞ dolları 4 milyard alman markasına bərabər idi. Svayq qeyd edir ki, bu dəhşətli inflyasiya vaxtı Berlində birdən-birə pritonlar, pablar, meyxanalar artdı. İnsanlar sürətlə mənəvi, əxlaqi dəyərlərini itirməyə başladılar. 15 yaşlı qızın bakirə olması gülüş obyektinə çevrildi. Uşaqlar bədənlərini satırdılar. Təxminən 1 il belə davam etdi. 1 ilin sonunda hökumət denominasiya tətbiq etdi və pul dəyərə mindi. Dərhal, gözlənilməz bir sürətlə pritonlar azaldı, o qədər azaldı ki, bir neçə ay əvvəl bu şəhərin doğrudan da həmin Berlin olduğu inanılmaz gəldi, çünki şəhər kafelərlə dolmuşdu. İnsanlar mühafizəkarlaşdılar, əxlaqi dəyərləri bərpa etdilər. Qəfil hər şey düzəlməyə başladı.
Çox təəccüblüdür? Gərək ki, azərbaycanlılar üçün təəccüblü olmasın. 90-cı illərdə biz də eyni vəziyyətdə idik. Pul dəyərdən qəfil düşdü, nəticədə ölkədəki mənəvi dəyərlər də "dəbdən" düşdü. Qadınları Dubaya öz ataları, qardaşları satırdı. Kişilər arvadları ilə öpüşüb-görüşüb biri Dubaya, biri Rusiyaya gedirdi. Dəhşətli müharibə cinayətlərinin baş verdiyi Laçın dəhlizinin adı Bakı-Sumqayıt yoluna qoyuldu və bu söz ("Laçın dəhlizi") pritonlar şəbəkəsinin xalq arasında kod adı oldu. Sonra inflyasiyada bir az sabitləşmə oldu və Dubaydakılar qınanmağa başladı.
"Dünənin dünyası" kitabında o qədər dəyərli fikirlər var ki, onları paralellər əsasında müzakirə etmək üçün 10 o boyda kitab yazmaq lazımdır. Məsələn, müharibə təbliğatı haqqında gözəl təsvirlər, xatirələr var. İtaliya I Dünya müharibəsində əvvəl Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları tərəfdə çıxış edir. Sonra Antanta tərəfdən işğal edilir və cəbhəsini dəyişib almanlara və osmanlılara düşmən olur. Svayq deyir ki, əvvəl bizə Vyanada təbliğ edirdilər ki, italyanlar almanlarla qardaş xalqdır. Hər kəs öz sahəsində sübut etməli idi ki, italyanlar qardaşdır. Hətta genetika alimləri italyanlarla almanlar arasında bioloji oxşarlıqlar tapan "kəşflər" edir, tarixçilər tarixdən italyanlarla almanların daim qardaş xalq olmaları barədə "faktlar" tapıb çıxarırdılar. Amma 1916-cı ildə İtaliya “Antanta” tərəfindən işğal edildi və ölkə cəbhə dəyişib “Dördlər İttifaqı”nın (Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstan) düşməninə çevrildi. Bu tarixdən başlayaraq, dərhal “Dördlər İttifaqı”ndakı alman dövlətlərində İtaliya əleyhinə müharibə antitəbliğatı başladı. İndi hər şey tərsinə təbliğ edilirdi.
“Məlum oldu” ki, almanlarla italyanlar tarixən düşmən olublar, genetika alimləri italyanların genində alman geni ilə uyuşmaz hüceyrələr “tapdılar”. Politoloqlar “sübut etməyə” başladılar ki, italyan siyasət elmi alman milliyəti əleyhinə tezislər üzərində qurulub və s.. İnsanlar bir neçə gün əvvəl qardaş, dost, özlərinə dayaq saydıqları xalqın nümayəndələrinə düşmən gözü ilə baxmağa başladılar. İtalyanlarla mədəni, incəsənət əlaqələri də kəsildi. Bir neçə gün öncə “La Skala”da operasının səhnəyə qoyulması ilə fəxr edən alman bəstəkar indi italyanların qətiyyən sivilizasiyadan xəbəri olmadığını iddia edir və “La Skala”nı özü üçün təhqir hesab edirdi.
Tanışdır? Azərbaycanlılar və ermənilər bir az yaddaşlarını eşələsələr, bu mənzərəni yaşadıqlarının fərqinə vararlar. 1988-ci ildə "Kür-Araz, Ararat, Qardaş olub Hayastan, Azərbaycan" oxuyan insanlar bir neçə ay sonra ermənilərlə heç vaxt əlaqlərinin olmadığına namusları üzərinə and içirdilər və özləri də buna inanırdılar.
Svayq sadəcə xatirələrini yazaraq, möhtəşəm əsər yaradıb. Dünyanın dünya müharibələri nəticəsində (baxmayaraq ki, əsər 1940-cı ildə yazılıb) düşdüyü vəziyyəti elə təsvir edib ki, bəşəriyyətin 180 dərəcə dəyişməsini elə gözəl görüb ki, bu əsərə bir yazıda resenziya vermək mümkün deyil sadəcə. Sərhədsiz, yalnız mədəniyyətlərin ağalıq etdiyi, pasportlarsız, inamla dolu bir dünyadan müharibələrlə, dəhşətlərlə dolu bir dünyaya keçidi gözlərinizlə görmək istəyirsinizsə, bu əsəri mütləq oxuyun. Əsərdə həmçinin Azərbaycanın 100-150 il Avropadan necə geri qaldığını, bizim mentalitetin əslində heç də milli olmadığını, sadəcə bəşəryyətin növbə ilə keçdiyi gerizəkalıq olduğunu da görə biləcəksiniz.
Svayq intihar edib. Bu əsəri oxuyandan sonra onun intihar etməsinə haqq qazandırdım. Fikirləşdim ki, intihar etməsə idi, çox məntiqsiz olardı. Bu adam ölümü ilə də əsər yaradıb. "Dünənin dünyası" isə onun nəhəng irsindən sadəcə biridir. Amma bu bir əsərin oxucuya qazandırdığını neçə-neçə irs qazandıra bilməz.
Zaur Qurbanlı
Kultura.az