post-title

Azərbaycanda "kompraçikos" mafiyası

("Kitablar və insanlar" silsiləsindən 1-ci yazı)

 
 
 
Viktor Hüqonun məşhur əsərlərindən biri – "Gülən adam” romanından söz açmaq istərdim. Daha doğrusu, bu romanda rastlaşdığım məfhumdan – "Kompraçikos”lardan.
 
XVII əsrdə bütün Avropaya yayılmış quldur dəstələri idi. Onların əsas peşəsi və qazanc yeri uşaq oğurluğu və ticarəti idi. Amma uşaqları eləcə alıb-satmırdılar. Hüqo qeyd edirdi ki, "kompraçikos”ların məşğuliyyəti mütəşəkkil bir sənayeni xatırladır.
 
Azyaşlı körpələri müxtəlif yollarla ələ keçirir, onları cürbəcür cərrahiyyə və işgəncə üsulları ilə eybəcər hala salırdılar. İngiltərədə "kompraçikos”ların təqibinə başlanıldıqdan sonra xeyli sayda avara və yiyəsiz uşaqlar peyda olmuşdu. Amma əsl dəhşət bu uşaqların şikəstə çevrilməsi, zorakı şəkildə cüllüt, qozbel və əyriayaq vəziyyətə salınmasında idi.
 
Bir çox uşaqların üz cizgiləri dəyişdirilir, boğaz tellərinə müdaxilə olunur, potensial təlxəklər hazırlanırdı. Eybəcər hala salınmış uşaqlar yalnız sirklərdə, küçə məzhəkələrində işə yaramırdı. Onlar kral və zadəgan saraylarında öz sahiblərini əyləndirmək üçün həyat peşəsi "qazanırdılar”. Hətta uzun illər İngiltərə kralının sarayında xoruzu əvəzləyən insanlar xidmət göstərirdi. Əlbəttə ki, "kompraçikos”ların əsərləri. 
 
İndiki "kloun” peşəsi də, məhz o zamanların qalığıdır. Günümüzdə klounlar qrimlənir, amma o zaman qulağa qədər dartılan və daim gülüş ifadəsini xatırladan ağızlar insanların "orijinal” mimikası idi. Bu da gözəl-göyçək uşaqların üzərində aparılmış əməliyyatla olmuşdu.
 
Orta əsrlər İngiltərəsindən bu tərəfə gələk, Viktor Hüqonun ruhunu rahat buraxaq. XXI əsr Azərbaycanında, həqiqətlərin vedrə-vedrə xaricə daşındığı zamanda gördüklərimizi çək-çevir edək.
 
Metroda, avtobusda, küçədə qarşımıza çıxan dilənçi uşaqlar... Əldən, qoldan, gözdən zəlil insanlar... Həm həyatı, həm psixikası, həm də fiziki varlığı korlanmış bu insanlar müasir "kompraçikos”ların "əsər”ləridir.
 
Və bu "sənaye” heç də himayəsiz inkişaf eləmir. İrili-xırdalı məmurların əlində oyuncağa çevrilən gələcəyimiz dilənçi, oğru, təlxək kimliyi ilə formalaşır.  Yaxın günlərdə internatda uşaq döyülməsi faktı aşkarlandı. 
 
Qalmaqal qalxdı, amma tez də yatdı. Belə hallar siftə deyil, sonuncu da deyil. 1990-lardan bəri, yetim-yesir uşaqlar pul qazanmaq və harınları doyurmaqla məşğuldur. Qız uşaqlarının taleyi də sual altındadır... Belə mühitdən normal və travmasız insanın çıxması möcüzəli haldır – milyonda bir hadisə!
 
Düzdür, o dilənçi və qul uşaqlar cəmiyyətdə bütün uşaqları təmsil etmirlər...
 
Amma əqli şikəst olan, eybəcərlikləri görə-görə yetişən gəncliyin gələcək üçün ən yaxşı arzusu elə bu "kompraçikos” mafiyasının üzvü olmaqdır. Buna şübhə etmirəm.
 
Azadlıq ruhdan gələn duyğudur. Amma gərək ruhdan intizam deyilən şey də gəlsin. Yoxsa, insan övladı qovuşduğu azadlıqla nə edəcəyini düşünməkdə çətinlik çəkər. Azadlığı yaşamaq və dadını çıxarmaq nəyə bənzəyir? Əlbəttə ki, külli miqdarda pulu qənaətlə xərcləməyə. 
 
Azadlıq sərvətdir. Sərvəti, azadlığı əlindən alınmış cəmiyyətdə insanların intizam yoxsulluğu da aydın hiss olunar. Və zamanla mənəvi cəhətdən əlil uşaqlar yetişər. Onlar da travmalı şəxsiyyət ilə yeni-yeni əlil vətəndaşlar böyüdər.
 
Bunda isə yalnız hökumət və onun formalaşdırdığı təhsil sistemi, KİV-lər günahkar deyil. Uşağa azadlığı verəndə qənaəti öyrətməyən, qənaəti öyrədəndə isə azadlığa qıymayan valideylərin az günahı yoxdur. 
 
Bəli, belə insanların hər biri "kompraçikos"dur. Hər yerdə, hər evdə ola bilər. Kim bilir, bəlkə bu yazını da bir "kompraçikos" yazır, başqa "kompraçikos"lar oxuyur? Axı, intizam bizə yad duyğudur... Azacıq ifadə azadlığımız olsa belə.
 
İnsanların azadlığı yoxdursa, intizamı yoxdursa... Deməli, öz həyatları da yoxdur. Bəs necə yaşasınlar? Əlbəttə ki, özgələrinin həyatı ilə. 
 
Siyasətə, iqtisadiyyata, nəqliyyata qarışmayan insanlar özgələrinin həyatına qarışmaq üçün növbəyə durublar. Acınacaqlıdır... Həyatsız canlılar üçün ədəbiyyat yaratmaq isə daha ağrılı, daha dəhşətli şeydir.
 
Rüfət Əhmədzadə
 
Kult.az
Yuxarı