post-title

Şəhərin məhkum rəngləri

Keçən gün bərk yağışa tutuldum. Yağışın altında avtobus gözləyərkən, ətrafdakı insanlara baxırdım. Sağımda gözəl bir xanım var idi, ən azından kənardan gözəl görünürdü - üzünü görə bilmirdim. Sonra gələn avtobusa baxırmışam kimi sağa dönüb xanıma daha diqqətlə baxdım, doğrudan da gözəl imiş.

 

 
Qırmızı dodaq boyası sürtmüşdü dodağına, pudra və krem ilə üzünü daha da ağartmışdı. Ağ üzünə gözəl yaraşırdı qırmızı dodaq boyası. Sonra fikir verdim ki, tamamilə qara geyinib. Ola bilər, nə var ki burda, yaraşırsa qara geyinsin. Sonra dönüb soluma baxdım: solumdaki oğlan da qara geyinib. Amma ona heç yaraşmırdı qara. Onsuz da qaraşın idi. Özü də saqqalı da var idi,təbii ki o da qara idi.Yetərincə kirli görünməyi bəs deyilmiş kimi üstünə də qara geyinmişdi. Kirli görünən biri başqa hansı rəngdə geyinə bilərdi ki, guya?
 
Sonra ətrafa baxdım. Palçıq içində olan dayanacaqda on-on beş nəfər avtobus gözləyirdi. Qara ayyaqabı, qara gödəkcə, qara papaq,tünd rəngdə şalvarlar, qara bığ və qara camaat. Bircə qara olmayan qırmızı dodaq boyalı xanım idi. Onun da sadəcə dodaqları qırmızı idi… Sonra avtobus gəldi hamı atıldı irəli mən qaldım geridə gördüm ki girə bilməyəcəm başladım tamaşa etməyə. Qara geyimli qara insanlar birbirini itələyə-itələyə dalaşa-dalaşa bir təhər özlərini palçıq içindəki avtobusa soxmağa çalışır. Sonra üzümü göy üzünə çevirdim ,göy üzündə qara buludlar gəzirdi, buludlardan aşağı tökülən yağış suyu isə kirli idi. 
 
Bu qədər qara rəng görəndən sonra özümə şükr ettim.Mən ki qara geyinmirəm.Sevimli gödəkçəmə göz gəzdirdim. Qara idi.” Yox-yox mən 2 ildir ki, bunu geyinirəm. Məndə xatirələri var ona görə. İstəsəm lap qırmızı da geyinərdim” .Sonra ayaqqabıma baxdım o da qara idi. O ki yeni idi. O niyə qara idi ? Jaketim niyə qara idi ? Axı mən fərqliyəm. Başımı aşağı əydim - ayyaqabımın ucuna toxunan palçıqlı suya tamaşa etməyə başladım. Palçıqlu su içərisində özümə tamaşa etməyə davam etdim.
 
Bu kiçik hadisənin üzərindən çox keçməmişdi ki yeni paltar almaq vaxtı gəlib çatdı- fəsl dəyişirdi. Bu dəfə cəsarətimi topladım daha əvvəl geyinmədiyim , soyunub-geyinmə otağında belə yoxlamağa cəsarət etmədiyim rəngli paltarlarla bəxtimi sınamalı idim. Artıq tünd rənglərdən bezmişdim. Başladım sarı , qırmızı , hətta çəhrayı zolaqları olan paltarları ard-arda geyinib yoxlamağa. Kiçik inqilab baş vermək üzərə idi. 
 
Rəngli paltarlar içimdəki rəngliliyi gözlə görünən etmişdi. Öz seçimim öz rənglərim öz geyimim. Artıq özümü daha çox fərd kimi hissetməyə başladım. O gün attığım kiçik addım əslində kiçik bir inqilab idi mənim üçün.Qara və ağ rəngdən başqa rəngləri də sevdiyimi görmüşdüm. Qara rəngin içinə həbs olmuş rənglər azadlığa çıxmışdı nəhayət.
 
Elvir Nizamoğlu
Yuxarı