post-title

Biz üç kişi idik

Bilmədi ki, əziz dostunu, əqidə yoldaşını Nizami kinoteatrının yanındakı qala divarlarına “Rədd olsun AXC-Müsavat” yazarkən tutdular, döydülər, yumruqladılar, təpiklədilər. Sonra isə bığlarına qarmaq keçirərək Nizaminin heykəlindən asdılar.

 

 
Biz üç kişi idik. Səyavuş, Fəzail və mən. Üç ürək, üç fədai, üç el aşiqi.. 
 
Dumanlı havalarda dəniz kənarında gəzməyi sevərdi Səyavuş. Bulvarın köhnə daşlarına çırpılan dalğalara baxmaqdan doymazdı, danışardı onlarla, pıçıldaşardı. Dənizi, küləyi, siqareti, bir də “Paytaxt” arağını sevərdi.
 
Ürəyi yurd sevgisi ilə çırpınardı Səyavuşun. 92-93ün qanlı qadalı günlərində ölən vətən övladlarının yasını tutardı. Gecələr qaranlıqlarla dolu küçələrdə gəzər, əli avtomatlı cəbhəçilərin yanından laqeyd halda ötər, sönmüş dirəklərə, işıq gəlməyən evlərin balkonlarına, qapqara pəncərələrinə baxardı. Gecə saat 9-dan sonra küçəyə çıxa bilməyən qız-gəlinlərin ağaran, solğun və bitkin üzlərini, sönmüş gözlərini görərdi o balkonlardan. Gündüz küçəyə çıxmağa qorxan uşaqların çığırtılarını duyardı, küçə həsrətinin yanğısını yaşayardı Səyavuş. Utanardı. Bir ağacın dibinə qısılıb hönkür-hönkür ağlayardı. Göz yaşları köynəyini, şalvarının qabağını isladardı. Evə qayıdarkən anarxiya tərəfdarlarının “əəə Səyavuş yenə qorxub şalvarını islatmısan?” kimi iynəli cümlələrini gülümsəyərək qarşılayardı. Böyük ürəyi vardı Səyavuşun.
 
Dələngəvaz kəlləsi, geniş sifəti, yekə burnu vardı Səyavuşun. Ona lağ edərdilər, gülərdilər, “Hakimiyyətə gəlsəniz, qulağınızın dibini görərsiniz” sözləri ilə bərabər ağır bir yük ələrdilər Səyavuşun kədərli gözlərinə. Amma o ümidini itirməzdi sınmazdı, dözərdi, axşam evə qayıdanda kədəri əzərdi, yeni ümidlə girərdi yatağa.
 
Lakin gecə qulaqlarına gələn səslər onu yatmağa qoymazdı. Nizami küçəsində kirayədə yaşadığı evin zirzəmisində, bəzən də elə küçədəcə işgəncə görən, əlləri kəsilən, dəriləri soyulan, yandırılan azərbaycanlıların hayqırtıları ona rahatlıq verməzdi. Səhər açılar və silah səsləri onu yuxudan oyadardı. Elçibəyin şəxsi qvardiyasının əsgərləri tərəfindən Rus Dram Teatrının binası önünə düzülüb güllələnən yapçıları, onların gözlərindəki həyat sevgisini, küçə ilə axan qırmızı qan çayını gördükcə həyata, zülmə və zülmkarlara lənət oxuyardı. Az sonra isə elə həmin yerdə, prezidenti tənqid etdiklərinə görə onun əmri ilə asılan jurnalistlərin titrəyən yalın ayaqlarına zillənərdi gözləri. Qara bəbəkləri, göz qapaqlarının içi saf göz yaşları ilə dolardı. Yerə qapanıb ağlayardı Səyavuş. 
 
Binalara, yol qıraqlarına, hasarların üstünə yazılmış
 
“Hərəmiz çiynimizdə bir avtomat gəzdirək!”, 
“İndi 92-ci ildir, küçəyə çıxa bilməyəcəksiniz!”, 
“Nə olsun prezidentimiz siyasətçi deyil, zato yaxşı insandır” 
dövlət şüarları onu dəli edərdi.
 
Dəniz kənarına gedib qağayılardan, onlara atdığı çörək qırıntısından, sadəcə onlara edə bildiyi yaxşılıqdan həzz alardı Səyavuş. Gücü öz soydaşlarına deyil, yalnızca qağayılara kömək etməyə çatardı. 
 
Elə həbs olunduğu vaxt da qağayıları yemləyirmiş. Amma polis onu qağayılara çörək verib ictimai asayişi pozmaqda ittiham edibmiş. Peyğəmbər kimi nurlu simasına bir təbəssüm qonubmuş Səyavuşun.
 
-Axı mən onlara yaxşılıq edirəm...
 
Lakin ölkəni anarxiyaya sürükləmiş hökumətin sözdən anlamayan bu anarxist polisi onu döyərək maşına atıbmış.. 
 
Həbsxanada hər cür işgəncə görməsinə baxmayaraq Elçibəydən əfv diləmədi Səyavuş. Ona uzadılan əfv ərizəsindən üz çevirdi. İradəsi ilə silahlanıb əqidəsindən dönmədi, sınmadı. Əfv ərizəsinə tüpürəndə ona işgəncə verdirən müstəntiq öz yoldaşlarına dönərək, təəccüblə Hüseyn Cavidin “Səyavuş” faciəsindəki son misralardan birini dedi
 
-Heyhat, Elçibəyə etmədi imdad.
Səyavuşsa qana bulaşmış üzünü yuxarı qaldıraraq
-Elçibəy bir cəllad, sən də bir cəllad! –deyə cavab verdi.
Öldü Səyavuş. Fəzailin ölümünü görmədən öldü.
 
Bilmədi ki, əziz dostunu, əqidə yoldaşını Nizami kinoteatrının yanındakı qala divarlarına “Rədd olsun AXC-Müsavat” yazarkən tutdular, döydülər, yumruqladılar, təpiklədilər. Sonra isə bığlarına qarmaq keçirərək Nizaminin heykəlindən asdılar. Bir bahar çiçəyinin ləçəklərindəki şehdən, havada uçan, hələ yerə düşüb əriməmiş qar dənəsindən də az idi Fəzailin günahı. Amma onu ən pis günah işləmiş adamlara edilən işgəncələrlə edam etdilər. O dar ağacında hələ boy atmamış, lakin torpaqdan ayrılmış bir fidan kimi soldu, saraldı, can verdi. 
 
Ah, ilahi, axı bir insanın vətənin dar günündə onun ağır dərdini çiyninə götürməsi, edilən zülmlərə qarşı sinə gərməsi, yox deməsi günahmıdır? Haqsızlığa üsyan etmək, həmin illərdə küçəyə çıxa bilmədi deyə evdə qalan yüzlərlə bığlı qızların dərdini çəkmək günahmıdır? 
 
Bəs sən ey Nizami? Sən niyə susdun bu cinayətə? Sən niyə dinmədin bu dəhşətli qətlə? 
Nizami! Ey nizamı dağılan! 
Ey qala divarlarının önündə izzü-ehtişamı dağılan
Olmayıbdır cahanda Fəzaillə Səyavuş tək,
Partiyası, dələngəvaz kəlləsi, bir də lopa bığı dağılan.
 
Araz Bayramov
Yuxarı